İrana qarşı BMT və AB tərəfindən qəbul edilmiş sanksiyalar bu ölkənin nüvə texnologiyalarının inkişaf etdirilməsi adı altında Kütləvi Qırğın Silahlarına çıxışını önləmək məqsədi ilə elan edilib. Eyni zamanda İranla nüvə silahını əldə etməyə xidmət edə biləcək mallar və texnologiyaların tədarükünü həyata keçirmiş qurumlara qarşı sankisyaların tətbiqi yeni bir addım deyil. Bununla bağlı ABŞ Dövlət Departamentinin dəfələrlə yayımladığı siyahılarda başqa ölkələrlə yanaşı Rusiyanın və Ermənistanın da iqtisadi strukturlarının adları keçmişdir. Ancaq yeni beynəlxalq hüquqi-normativ aktların qəbul edilməsi bu mərhələdə İranın strateji tərəfdaşlar kimi uzun müddət manipulyasiya etdiyi Rusiyanın ona müxalif mövqeyi, Çinin isə daha çox bitərəf mövqe göstərməsi ilə daha ciddi və İran üçün ağır nəticələrə gətirib çıxaran perspektivlər vəd edir.
İran ətrafında cərəyan edən proseslər bu ölkəyə hakim olan rejimin ideoloji bir platformanı və istiqaməti (administrativ anlamda vilayəti-fəqih rejimi, ideoloji baxımdan islam inqilabı və onun bayrağı altında ekspansiya) elan edərək öz milli maraqlarını təmin etmək üçün Yaxın Şərq və digər subregionlar, o cümlədən Qafqaz, Mərkəzi Asiya, Cənubi Asiya kimi bölgələrə nüfuz etmə istəklərini həyata keçirmə strategiyası və taktikasının, o cümlədən soyuq müharibədən sonrakı mərhələdə ortaya atılan Yeni Dünya Düzəninin memarlarının maraqları ilə toqquşmasının nəticəsidir. Bu anlamda İran mühüm regional və daha geniş anlamda beynəlxalq bir oyunçu kimi çıxış etməyə çalışsa da siyasi və ideoloji kursunun məzmununun istər daxili siyasət, istərsə də xarici siyasət müstəvilərində itələyici (repulsiv), dağıdıcı və konsolidasiya etməkdən uzaq olmasına görə ciddi bir faktora çevrilə bilmir. İran siyasətinin bu itələyici yönü xarakterinə görə Rusiyanın öz maraqlarını təmin etmək üçün zor tətbiqinə əl atma taktikası ilə bənzərdir.
İran daha çox narazı və protest güclərinin, Amerikanın Yaxın Şərq və dünyanın başqa regionlarındakı siyasətindən narazıların himayəsini qazanmağa, onların narazılıqlarını öz maraqlarına xidmət etdirməyə yönəlmiş bir kurs tutub. Bu kurs digər regional qüvvələr, o cümlədən Rusiya ilə də ortaq xətt yürütmə mənzərəsi yaratsa da, gerçəklikdə bu siyasət iflasa uğramaqdadır. Bu xəttin iflasa uğraması isə Rusiyanın da İran kimi sabit xətt yürütmək ənənəsindən uzaq olması, eləcə də Rusiyanın özünün də yaxınlığında nüvə silahına yiyələnmiş bir qonşunun olmasını istəməməsindən irəli gəlir.
Eyni zamanda bu kurs elan olunmuş islam birliyi kimi ideyalardan da reallıq müstəvisində çox uzaqdır. Bu, özünü Pakistana münasibətdə, Livanın siyasi arenasında özünün protejeləri ilə daxili siyasi mühiti dözülməz dayanıqsız hala gətirməsində, İraq səhnəsində şiə qruplaşmaları vasitəsilə məzhəbçiliyin kəskinləşməsinə öz töhfələrini verməsində, Ərəb körfəzində Birləşmiş Ərəb Əmirlikləri ilə ərazi mübahisələrində, Körfəz ölkələrindəki şiə əhali arasında siyasi dayaqlar əldə etmə cəhdlərində, Yəməndə zeydilərin mərkəzi hakimiyyətlə toqquşmalarında rəsmi Tehranın qurumlarının adının hallanmasında büruzə verir.
İranın Qafqazda islam adı altında fəaliyyətinin sırf dövlət siyasətinin və milli maraqların vasitəsi və aləti olmasının ən aydın nümunəsi isə bu ölkənin Qarabağ münaqişəsi fonunda Azərbaycan və Ermənistanla münasibətlərinin müqayisəsi əsasında ortaya çıxır. İran rəsmi şəkildə, kağız üzərində Ermənistanın Azərbaycan ərazisinə təcavüzü və işğal faktını pisləsə də, real siyasi addımlarında bu, heç bir formada özünü büruzə vermir. İranın 2009-cu ildə BMT-də Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı qətnamədə davranışı da bunun, İran siyasətinin qeyri-ciddiliyini və mövqesizliyiniu, daha doğrusu Azərbaycana qarşı Ermənistanla ortaq çalışdığının göstəricisi idi. İran faktiki olaraq Ermənistanın iqtisadi baxımdan dirçəldilməsinin əsas memarı rolunda çıxış edir. Heç kimə sirr olmayan bu gerçəkliyin digər bir maraqlı tərəfi “iki qardaş” arasındakı bu əməkdaşlığın Qərbin İrana qarşı mövqeyi və ona qarşı tətbiq etdiyi sanksiyalar fonunda dəyərləndirilməsidir.
Məlumat üçün bildirilməlidir ki, İranla Ermənistan arasında əməkdaşlığın iqtisadi komponenti yalnız ilkin istehlak malları sahəsində ticarətlə məhdudlaşmır. Bu eyni zamanda ölkələr arasında əməkdaşlığın yeni formatı və perspektivə hesablanmış yeni təşəbbüslər şəklində təzahür edir. İqtisadi sahədə ölkələr arasında mal dövriyyəsinin həcmi 2009-cu ildə 153,4 milyon dollar olduğu halda, 2010-cu ilin ilk 10 ayına olan məlumatlara əsasən, 113 milyon təşkil etmişdir. Bu həcmdə Ermənistandan ixracın həcmi təxminən 13 milyon, İrandan ixrac olunan mallar isə 100 milyon dəyərində olmuşdur. Lakin bunlar rəsmi açıqlanmış rəqəmlərdir. İranla Ermənistanın arasında real mal dövriyyəsində Ermənistan ərazisindən gizli, məxfiləşdirilmiş şirkətlər vasitəsilə İrana kütləvi qırğın silahlarının istehsalında istifadə olunan malların tədarük olunduğu məlumdur. Belə ki, hələ 2002-ci ildə ABŞ Dövlət departamentinin açıqlamasında qadağan olunmuş malları və texnologiyaları İrana ixrac edən ölkələr arasında Ermənistan şirkətlərinin də olduğu qeyd edilirdi. Bu prosesin davam etdiyi istisna olunmur. Ermənistan ərazisində, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarında bu sahədə gizli fəaliyyət göstərən qurumların fəaliyyətinin qurulduğu da dəfələrlə rəsmi çevrələr tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ermənistanın o zamankı prezidenti R.Köçəryan ABŞ Dövlət departamentinin 2002-ci ildəki məlum açıqlamasından sonra erməni şirkətlərinin İranla əlaqələrini təkzib edə bilməmiş, bunun araşdırılacağını qeyd etmişdir. Bu cür fəaliyyət, yəni kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının hazırlanmasında tətbiq olunan texnologiyalar və materialların Ermənistan kimi bir ölkədə nə rəsmi Yerevanın, nə də Moskvanın məlumatı olmadan həyata keçirilə biləcəyini düşünmək absurd olardı. Bu əlaqələr İrana qarşı Avropa Birliyi və ABŞ tərəfindən sərtləşdirilən yeni sanksiyalar fonunda çoxşaxəli xarakter almaqdadır. İran-Ermənistan birgə komissiyası ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Ermənistana energetika, nəqliyyat sahəsində kapital qoyuluşlarının həcminin artırılması istiqamətində davam edən layihələrin tamamlanması və yenilərinin başlanılması üçün tədbirlər nəzərdə tutulur. İran-Ermənistan dəmir yolu magistralının həyata keçirilməsi ilə yanaşı İranın SUNİR və MAPNA kimi, İslam İnqilabının Keşikçiləri Korpusunun idarəçiliyində olan şirkətlərinin vasitəsilə geniş kapital qoyuluşu həyata keçirilir. İran Ermənistanda layihələrə adətən birbaşa investitiyalar yatırmaqla yanaşı, bu layihələrin gerçəkləşdirilməsinin əsas səbəbkarı və müəllifidir. İran Təbrizdən Ermənistanın Yerasx (türkcə adı – Arazdəyəndir) məntəqəsinə neft məhsullarının daşıyacaq neft borusunun çəkiləməsi layihəsinə 350 milyon dollar həcmində investisiya yatırmağı öhdəsinə götürüb, eyni zamanda Mərənddən başlayıb Zəngəzurdan keçən dəmir yoluna əsas kapital qoyuluşu bilavasitə İran tərəfindən həyata keçirilməlidir. Bu layihəyə nəzərdə tutulan investisiyanın həcmi 2 milyard dollara bərabərdir. Layihənin maliyyələşdməsində Dünya Bankı və Asiya İnkişaf Bankının maraq göstərdiyi vurğulansa da, əsas investorun İran olacağı bildirilir. Bu layihələrdə Rusiyanın da marağı ümumilikdə Cənub-Şimal strateji nəqliyyat dəhlizinin inkişaf etdirməklə bağlıdır.
Ermənistan – İran əlaqələri qeyd etdiyimiz kimi yalnız iqtisadi əməkdaşlıq, o cümlədən İrana qarşı beynəlxalq sanksiyaların pozulmasında Ermənistan mövqeyindən istifadə halları ilə məhdudlaşmır. Bu əlaqələr eyni zamanda ideoloji-siyasi, təhsil və elm sahəsində də strateji müttəfiqlik təsiri bağışlayır. Ermənistanın 26 yanvar 2007-ci ildə təsdiq edilmiş “Ermənistan Respublikasının Milli Təhlükəsizlik strategiyası”nda İranın Ermənistanın milli təhlükəsizliyi üçün əhəmiyyəti ayrıca qeyd edilmişdir. Həmin sənədə əsasən, “İranla mehriban qonşuluq münasibətləri bir sıra amillər, o cümlədən qonşuluq, tarixi-mədəni əlaqələr, qarşlılqıl iqtisadi maraqlarla şərtlənir”. Eyni zamanda İranın Qarabağ münaqişəsinə balanslaşdırılmış münasibəti xüsusi qeyd edilir, İranın Cənubi Qafqazdakı müxtəlif proseslərə qarışmasının Ermənistan tərəfindən sabitlik və tarazlığın saxlanması faktorlarından biri hesab edildiyi sənəddə öz əksini tapmışdır. Bundan əlavə, beynəlxalq ictimaiyyət tərəfindən İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyaların tətbiqi də Ermənistanın milli maraqlarına birbaşa təhdid kimi nəzərdən keçirilir.
Bu fonda İranın Ermənistanla hərbi sahədə əlaqələri də diqqəti çəkir. İki ölkənin həm siyasi rəhbərliyi, həm də hərbi qurumlarının başçıları arasında əlaqələr intensiv xarakter daşıyır. Ötən illər ərzində dəfələrlə qarşılıqlı səfərlər həyata keşirilmiş, 2010-cu ilin iyulunda İranın müdafiə naziri Əhməd Vəhidinin dəvəti ilə Ermənistanın müdafiə nazirinin İrana iki günlük səfəri çərçivəsində ölkənin hərbi-siyasi rəhbərliyi ilə iki ölkə arasında əməkdaşlıq barədə danışıqlar aparılmışdır. İranın Ermənistanla hərbi əməkdaşlığı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılmasında verdiyi bilavasitə dəstəkdə də özünü büruzə verir. İran Ermənistanı müxtəlif iqtisadi layihələrə cəlb edir, o cümlədən işğal altındakı Qarabağ ərazilərində iqtisadi və digər sahələrdə ortaq çalışmalar yürütməklə işğalçı dövlətin dəstəklənməsinə öz əvəzolunmaz töhfəsini verir.
Digər tərəfdən İran ermənilərlə Yerevanda yaradılmış Qafqaz İranistika Mərkəzinin xətti ilə Azərbaycana qarşı ortaq təxribat-pozuculuq fəaliyyətini həyata keçirir, bu kanalla hər iki ölkənin xüsus xidmət orqanlarının birgə planlaşdırdığı fəal tədbirləri gerçəkləşdirirlər. 2005-ci ildə Dərəçiçəkdə (ermənilər adını Tsaxkadzor qoyublar) keçirilən, İrandan və Ermənistandan olan “talışşünas” və iranşünaslar, eləcə də talış separatçılarından olan, uzun müddət Rusiyada yaşamış Fəxrəddin Abbaszadənin də qatıldığı bu tədbirdə elmə yad tezislərin gündəmə gətirilməsi rusdilli, İran və erməni KİV-lərinin dəstəyi və dezinformasiyası ilə müşayiət olunur. Saxta məlumatlar, heç bir həqiqətə söykənməyən, məqsədi Azərbaycanda birgə İran-erməni əməkdaşlığı ilə süni gündəm yaratmağa yönəlmiş, uğursuzluğu, planın dəst-xəttinin kimə məxsusluğu əvvəlcədən məlum olan səylər ortaya qoyulur (2011-ci ildə keçirilən konfransda isə Əlikram Hümbətov iştirak etmişdi). Burada diqqəti cəlb edən başqa bir məqam İran rəsmilərinin ermənilərlə ortaq, mifik keçmiş axtarmaları, bu saxta “ata-baba” axtarışına Azərbaycandakı xalqları da şərik etmək istəyidir.
Sadalananlar İranın Ermənistanla əlaqələrinin çeşidli spektrlər üzrə geniş mahiyyətindən xəbər verir. Bu münasibətlə hər iki ölkənin ortaq hədəflərinin Azərbaycan və Türkiyə olması nəzərə çarpmaqla yanaşı onların özlərinin arasındakı işbirliyi də onları beynəlxalq ictimaiyyətin hədəfinə çevirə bilər.
Bu fonda İrana qarşı Qərbin niyyətlərinin bu qədər ciddi xarakter aldığı bir vaxtda Ermənistanın İranla əlaqələrinin mahiyyəti onun da beynəlxalq sanksiyaların obyektinə çevrilmə ehtimallarını gücləndirir. Ermənistanın da Qafqazda baş verən proseslərin qaçılmaz iştirakçısı kimi İranı görməsinin milli təhlükəsizlik strategiyasının əsas amilinə çevirməsi diqqətdən yayınmamalıdır. Ermənistanın İranla bağlı bu cür strateji əhəmiyyətli yanaşma sərgiləməsinin İranın bölgədə kənar qüvvələrin, yəni Qərbin iştirakına qarşı yürütdüyü siyasi xəttlə tamamlandığı nəzərə çarpır. Bu məqam Ermənistanın özünün Qərblə münasibətlərdə İranla yaxın ilişkiləri həyati zərurətlə izah etməsinin əsassız olduğunu isbat etmək üçün yetərli ola bilər. Ermənistanın bu fonda eyni zamanda İrana qarşı sanksiyaların da qatı əleyhdarı kimi çıxış etməsi gündəmdə saxlanılmalıdır.
Sadalananlar, o cümlədən Ermənistanın xarici və bölgə siyasətinə yönəlmiş kursunda opportunist və qeyri-sabit yanaşmanı ortaya qoyması onun etibarsız tərəfdaş kimi səciyyələndirir. Praqmatizmə prinsipsizlik kimi sığınmaq milli maraqların təminatında son nəticədə Ermənistan kimi başqalarının yardımını istəmək və başqalarından şikayətlənməyə gətirir. Bu hal Ermənistanın milli siyasətinin məzmununda da özünü açıq şəkildə büruzə verir. Etnik-milli siyasəti ariyaçılıqla xristianlığın, əslində bir-birini təkzib edən iki ünsürün tandemində yeritməyə çalışan Ermənistan bu iki elementi (ariyaçılıq və xristianlıq) həm Qərb, həm də İran kontekstində müttəfiq arayışları üçün ikili platforma kimi istifadə etməyə çalışır. İranla münasibətlər kontekstində ariyaçılıq, Qaregin Njdenin əsasını qoyduğu Tsegakron (etnos-din) ideyası irəli sürülür. Bu yanaşma Ermənistanın siyasi spektrində də geniş şəkildə təmsil olunur. “Erməni-Ariya ordeni”, “Maştots Birliyi”, “Erməni-Ariya yumruğu”, “Abovyan birləşmiş qüvvələri”, “Tək millət”, “Ermənistan Millətçi Partiyası”, “Gənclərin Hərbi-vətənpərvər İttifaqı” “Erməni Millətçiləri Cəbhəsi”ndə birləşmişlər (bu cəbhədə son dövrlər parçalanma meyilləri də hiss olunur), ariyaçılığı siyasi gündəmlərinin əsas elementi kimi götürən bu qüvvələrin anti-semit baxışları dövlət siyasətində də istifadə olunsa da, bu, İsraillə münasibətlərdə büruzə verilmir, İsrail dövləti ilə artıq başqa istiqamətlər qabardılır.
İsrail – Ermənistan münasibətləri əslində təkcə beynəlxalq hüququn iki subyekti arasındakı münasibətlər kimi deyil, yüzillərcə dövlətsiz yaşamış və dövlət quruculuğu iddialarını xüsusilə xristian auditoriyası üçün hesablanmış “Bibliya nağılları” ilə əsaslandırmağa çalışan iki toplumun və iki diasporanın münasinbətləri kimi dəyərləndirmək gərəkir. Yəhudi – erməni münasibətləri bu baxımdan hər iki toplumun maraqlarının zəruri etdiyi müxtəlif yanaşmalarla əlamətdardır. Bu münasibətlərdə də İsrailin mövqelərinin möhkəmləndirilməsi üçün regional əlaqələrdə paradiqma dəyişikliyi təşəbbüsünün məhz yəhudi tərəfindən ortaya atıldığı nəzərə çarpır. Bu anlamda Ermənistanın prioritetləri arasında yaranmaqda olan yeni mənzərədə İsrailin planları çərçivəsində özünün maraqlarını təmin etmək istəkləri dayanır. Ermənistan təmasda olduğu hər bir həmsöhbətinin ona olan ehtiyacını qabardaraq özünün “yararlılığına” inandırmaq xəttinə sadiqdir. Bu baxımdan İsrail və Ermənistanın “Böyük Yaxın Şərq” bölgəsində meydana çıxan yeni münasibətlər sistemində ermənilərin boyuna yeni rol biçildiyini və bu yeni konfiqurasiyada onların yararlı olacaqları ilə bağlı İsrail və onun Qərbdəki lobbisinin inandırıcı addımları ölkələr və icmalar arasında münasibətləri yaxınlaşdırmaqdadır. “Böyük Yaxın Şərq” layihəsi eyni zamanda İsrail üçün yeni strateji müttəfiqlərin seçilməsi və ya yaradılması deməkdir. Müşahidələr göstərir ki, yaradılmaqda olan müttəfiq qismində Yaxın Şərqdə yaşayan və hər vəchlə mövqeləri gücləndirilən kürdlər seçilmişdir. Bu fonda Türkiyə ilə güclənən konfrontasiya şəraitində Ermənistanın istəklərinin yerinə yetirilməsi üçün erməni-yəhudi qüvvlələri həm diaspora, həm də dövlətlər formatında birgə addımlar atır. Bu qondarma “erməni soyqırımı”nın tanınmasının ABŞ Konqresindən tutmuş İsrail Knessetinə qədər bir sıra dövlətlərin qanunverici orqanlarında tanınmasında ortaq fəaliyyət, eyni zamanda digər beynəlxalq qurumlarda bu istiqamətdə ermənilərə dəstək şəklində üzə çıxır. Bu məqam ermənilərin İranla münasibətlərdə bir, Qərblə isə başqa bir gündəmlə çıxış etdiyini, hər iki istiqamətə özünün gərəkliliyini çatdırmağa çalışdığını göstərir. Eyni zamanda bu, ermənilərin hər iki istiqamətdəki dəlillərinin əsassızlığını ictimailəşdirmək üçün həm Azərbaycan, həm də Türkiyəyə geniş imkanlar verir.