Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   15°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
İRAN VƏ TERROR -1 Küçült Büyüt
İRAN  VƏ  TERROR -1

2011-ci ilin sonlarında region və dünya gündəmində yer alan iki mövzu İran baxımından terrorizmdən vasitə kimi istifadəni yenə gündəmə gətirdi. Bunlardan biri İran-ABŞ-Səudiyyə münasibətləri fonunda ortaya çıxan sui-qəsd iddiası, digəri isə İran din xadimlərinin haqqında ölüm fətvası verdikləri Azərbaycanlı bir jurnalistin bıçaqlanaraq öldürülməsi hadisəsi idi.

 

Xatırlandığı kimi, oktyabrın 11-də Nyu Yorkdakı federal məhkəmə İran əsilli ABŞ vətəndaşları Mənsur Ərbabsiar və Qolam Şakurini, Səudiyyə Ərəbistanının Vaşinqtondakı Səfirinə sui-qəsd və Səudiyyə Ərəbistanı ilə İsrail səfirliklərini bombalamaq planı hazırlamaqla ittiham edərək cinayət işi açdığını elan etmişdi. İran iddiaları rədd etsə də mövzu İran ilə ABŞ, eləcə də Avropa Birliyi dövlətləri və Ərəb dövlətləri arasında gərginliyin artmasına səbəb olmuş, İran hətta BMT tərəfindən də qınanmışdı.

 

Rafiq Tağı adlı Azərbaycanlı jurnalist isə bundan bir neçə il əvvəl yazdıqlarına görə İran dini xadimlərinin hədəfinə çevrilmiş, Ayətullah Fazil Lənkəraninin onun haqqında ölüm fitvası verdiyi iddia olunmuşdu. Rafiq Tağı bu il noyabrın 19-da hücuma məruz qaldı və aldığı yaralar nəticəsində noyabrın 23-də xəstəxanada vəfat etdi. Onun vəfatından sonra bu dəfə Fazil Lənkəraninin oğlu Cavad Lənkərani noyabrın 27-də Azərbaycan Respublikası əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsindən və atasının fitvasından danışıb. Xatırladaq ki, Cavad Lənkəraninin mətbuatda da dərc olunan müraciətində belə deyilirdi: “İntiqam alan Allaha şükürlərimizi bildiririk ki, onun intiqamı qeyrətli müsəlman kişilərin əli ilə gerçəkləşdirildi və islam peyğəmbərini, eləcə də islam müqəddəslərini təhqir edən bir xəbis şəxsi cəhənnəmə yolladı. Şübhə yoxdur ki, bu ilahi hökmü yerinə yetirib müsəlmanların ürəyini sevindirənin Allah yanında böyük qiyməti və töhfəsi olacaq. İslam düşmənləri bilməlidir ki, qeyrətli gənclər və alicənab müsəlmanlar dünya zülmkarlarının və beynəlxalq sionizmin İslam müqəddəslərini təhqir etməklə bağlı fitnələrinin həyata keçirilməsinə imkan verməyəcək, satqın və din satan ünsürləri iyrənc əməllərinə görə cəzalandıracaqlar. Mən bu münasibətlə dünya müsəlmanlarını, eləcə də qeyrətli Azərbaycan xalqını təbrik edir, bu kafir və mürtədin qanının halal olması ilə bağlı fitva verən ayətullah Məhəmməd Fazil Lənkəraninin xatirəsini əzizləyərək Allahdan ona mərhəmət və ülvi məqam istəyirəm”.  Mövzu Azərbaycan ictimai rəyində və içtimai-siyasi qurumlarda İrana qarşı etirazlara səbəb oldu.

 

Əslində isə “İran və terror” mövzusu yeni deyil. Aşağıda bu barədə daha geniş danışılacaqdır. Amma son illərə damğasını vuran İranın nüvə proqramı, İranda insan hüquqları problemi və xüsusilə qalmaqallı prezident seçkisindən sonra gedən sərt rejimdaxili mübarizə fonunda rejim-terror əlaqəsi bir qədər kölgədə qalmışdı. ABŞ-da və Azərbaycanda son baş verənlər isə göstərir ki, mövzu heç vaxt kənarda qoyulacaq xarakterdə deyil. 

 

İran rejiminin terrordan vasitə kimi istifadə etməsi barədə müxtəlif variantlardan danışılmaqdadır. Bunlar dövlətin rəsmi orqanlarının birbaşa terror aksiyaları təşkil etməsi, “dövlət terroru”nun (bu kifayət qədər geniş bir mövzu və terrorun təsnifatında xüsusi kateqoriyadır) tətbiqi, ölkə xaricində İranın rəsmi kəşfiyyat orqanının və İslam İnqilabının Mühafizəçiləri Korpusunun birbaşa terror aksiyaları təşkil etmələri, müxtəlif ölkələrdə özünə dolaylı  bağlı olan yerli görüntüsünə malik təşkilatlar saxlaması, dünyanın müxtəlif ölkələrindəki mövcud terrorçu təşkilatlara maddi, texniki, hərbi və kəşfiyyat dəstəyi verilməsi və s. formalarda həyata keçirilir. 

 

Beləliklə, rejim-terror əlaqəsinin tarixçəsinə qısa nəzər salaq. Hələ inqilab ərəfəsində baş vermiş məşhur “Reks yanğını” hadisəsi İranda terrordan siyasi məqsədlərlə istifadənin yaxın dövrdəki ən böyük nümunələrindən biri sayılır. Belə ki, 1978-ci il avqustun 19-da Abadan şəhərindəki Reks (Rex) kinateatrında baş verən yanğın hadisəsi nəticəsində 400 nəfərdən (müxtəlif mənbələrdə fərqli rəqəmlər mövcuddur. Bəzi mənbələrdə bu rəqəm 600, bəzilərində isə 800 kimi qeyd olunur) çox adam ölmüşdü. Bu hadisə ilə bağlı olaraq tam həqiqət hələ də ortaya çıxmasa da hadisə ilə bağlı Şah rejiminin nümayəndələri indiki rejimin liderlərini, indikilər isə Şah rejimini günahlandırmışdır. Şah tərəfdarları iddialarını inqilab tərəfdarlarının kinoya “imperializmin oyunu və metodu” kimi baxmaları, digər çox sayıda kinoteatra da hücum təşkil etmələri (ölkə üzrə 29 kinoteatrda yanğın törədilmişdi) və eyni zamanda xalqı şah əleyhinə qaldıraraq inqilaba şərait yaratmaq məqsədləri ilə əsaslandırırdılar. İnqilab tərəfdarları isə Şahın ölkədə hərbi vəziyyət yaratmaq üçün qəsdən bu yanğını törətdiyini, əməliyyatın birbaşa Şahın xüsusi xidmət (kəşfiyyat) orqanı olan SAVAK tərəfindən həyata keçirildiyini iddia edirdilər.

 

Maraqlıdır ki, 2001-ci ildə Söbhe Emruz adlı qəzet bu hadisə ilə bağlı məsuliyət daşıyanlar arasında indiki dini lider Xameneinin də olduğunu yazmış, daha sonra bu qəzet bağlanmışdır. Xatırladaq ki, hadisə ilə bağlı günahlandırılan Monir Taheri adlı şəxs də 1979-cu il inqilabından dərhal sonra, şübhələr tam aydınlığa qovuşdurulmadan edam edilmişdir.

 

İnqilabdan sonra ölkə daxilində liderlərin bir-birlərinə, Xalqın Mücahidləri başda olmaqla müftəlif düşüncəli müxaliflərə qarşı terror aksiyaları bir-birini izləmişdir. Bu terror hadisələrinin mütləq mənada kimlər tərəfindən təşkil edildiyini tam aydınlaşdırmaq mümkün olmamışdır. Belə ki, dövrün inqilab liderləri də inqilabın ilk illərində liderlərə qarşı həyata keçirilən terror aksiyalarının tamamilə xarici qüvvələrin, “İslam düşmənlərinin” işi olduğunu iddia etmişdir. Bu səbəblə də, günahkarların hamısının İranın daxilində olmaması da ehtimallar daxilindədir. Ancaq hadisələrlə bağlı şübhələr, xüsusilə də bəzi liderlərin bu terror hadisələrindən həmişə sağ xilas olmaları onlarla bağlı şübhələrin artmasına səbəb olmuşdur. 

 

İnqilabdan sonrakı ilk beynəlxalq xarakterli skandal ABŞ səfirliyinə hücum edilməsi və 52 nəfərin girov götürülməsi idi. Bu hadisə ABŞ-İran münasibətlərinin kəsilməsinə və İranın beynəlxalq aləmin sərt qınaq hədəfinə çevrilməsinə səbəb olmuşdu. Girovlar 444 gün sonra azad edilsə də problemin izləri qalır.

 

İnqilabdan sonra qurulmuş İnqilab Məhkəmələrinin rəhbəri olan Sadiq Xalxalinin birbaşa əmri ilə (hansı ki, sadəcə 1979-cu ildə ən az 2000, ümumilikdə isə təxminən 8000 nəfərlə bağlı edam qərarı verdiyi, bunların da demək olar ki, hamısının icra edildiyi bildirilir. Eyni zamanda öz xatirələrində inqilabın ilk illərində azacıq şübhələndiyi az yaşlı uşaqları necə vurduğunu yazır) Parisdə 1979-cu ilin dekabrın 7-də şahın qohumu Şəhriyar Şəfiqə qarşı terror aksiyası həyata keçirilmişdi.

 

1981-ci il iyunun 28-də isə İslam Cumhuriyeti Partiyası binasındakı partlayış nəticəsində partiyanın sədri və İran Məhkəmə Sisteminin rəhbəri Məhəmməd Hüseyin Beheşti (əlavə olaraq 72 nəfər) öldürülmüşdü. Hadisə ilə bağlı Xalqın Mücahidləri və Tudə də günahlandırılmışdı. İki ay sonra baş vermiş terror hadisəsi nəticəsində isə bu dəfə prezident Rəcai və Baş Nazir Məhəmməd Cavad Bənohər də daxil olmaqla çox sayıda insan öldürüldü.

 

1983-cü il aprelin 18-də ABŞ-ın bu dəfə Livandakı səfirliyi terrora hədəf oldu. Səfirlik binasına bomba yüklü maşınla həyata keçirilən terror aksiyası nəticəsində  17 Amerikalı və 32 Livanlı həyatını itirdi. ABŞ hadisəyə görə İran tərəfindən dəstəklənən Livandakı terror təşkilatlarını günahlandırdı.

 

Həmin ilin oktyabrında Livanda növbəti terror aksiyası baş verdi. Oktyabrın 23-də Beyrutdakı ABŞ Hərbi Dəniz Piyadalarına ait qərargaha bu dəfə də bomba ilə yüklənmiş maşın vasitəsilə həyata keçirilən terror aksiyası nəticəsində 241 nəfər öldü. ABŞ rəsmiləri hadisəyə görə İran və Suriyanı günahlandırdılar.

 

Davam edəcək...

 
Araz Aslanlı, GünAzTv Ekspert Qrupunun üzvü | 21-Dekabr-2011, 11:12
Fikrini Yaz »   Dostuna göndər »   Çap et »  
Share | |

   
Məqalələr
ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS
İŞĞAL VƏ ATƏŞKƏS AYI
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Güney Azərbaycanı savunan savunmasız milli vəkil Musa BƏRZİN XƏLFƏLİ
ƏRDOĞANIN İRAN SƏFƏRİ - 2
İSTANBULDAKI NÜVƏ DANIŞIQLARI: ÜMUMİ MƏNZƏRƏ
NÜVƏ DANIŞIQLARI: İSTANBULDAN SONRA, BAĞDADDAN ÖNCƏ
ƏRDOĞANIN İRAN SƏFƏRİ-1
Bütöv Azərbaycanın tərkib hissəsi olan BATI AZƏRBAYCANA AZADLIQ
İranın nüvə fəaliyyətləri və ABŞ -2
İRANIN NÜVƏ FƏALİYYƏTLƏRİ və ABŞ - 1
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 1
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 2
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 3
İran ilə "5 +1" arasındakı müzakirələr: Sonun başlanğıcı
SULTAN MAHMUD, ŞÜUBİYYƏ VƏ ŞAHNAMƏ
Gürcüstan Türklərində Milli Kimlik Sorunu
Bəxtiyar Tuncay AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI
M.R.YENGİ - Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi
Dr.İŞIQ SÖNMƏZ: ANA DİLİNİN ÖNƏMİ VƏ İSTEMAR
AZƏRBAYCANIN BÖLÜNMƏSİ: Osmanlının susqunluğu
GÜNEYDƏ MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ və İRAN: Mövcud durum və gələcək
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ -2
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ - 1
Ana Dilinin Önəmi və İstemar
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 2
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 1
Fars şovinisminin piyonlarına cavab: Aran Ərdəbilli
Xanədanlıq məsələsi və Quzey Azərbaycan
XIX əsr milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq-Həsən bəy Zərdabi
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış
2800 il öncə türk izi !
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi -1
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 2
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 1

12345678910..16