Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   15°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
İRAN və TERROR - 2 Küçült Büyüt
İRAN və TERROR - 2

İlk yazımızda İran və terror əlaqəsi barədə ümumi fikirlərimizi sizinlə bölüşmüş və inqilab dövründə rejim tərəfindən həyata keçirilmiş terror aksiyalarından nümunələr də vermişdik. İnqilabdan sonrakı illərdə İran daxilində və xaricində müxaliflərə, Şah dövrünün vəzifəli şəxslərinə, eləcə də xarici ölkələrə qarşı terror aksiyaları davam etmişdir. Ümumilikdə 1980-ci və 1990-cı illərdə İran dövləti tərəfindən həyata keçirildiyi iddia olunan təxminən 200 terror hadisəsi nəticəsində 800-dən çox insan öldürülmüşdür. Bunlardan bəzilərini nəzərənizə çatdırırıq.

 

18 iyul 1991-ci il tarixdə Parisdə keçmiş Baş Nazir Şahpur Bəxtiyar öldürülmüşdür. 1992-ci ilin sentyabrın 17-də isə məşhur Mikonos terroru həyata keçirilmişdir. İranın rəsmi razılığı ilə Berlində Kürt müxalif liderlərlə görüş planlaşdırılmışdır. Berlindəki Mikonos restoranında planlaşdırılan görüş vaxtı Livan əsilli terrorçu avtomat silahla müxalifətçiləri öldürmüşdür. Məhkəmə prosesində şahid kimi İranın inqilabdan sonrakı ilk prezidentlərindən biri olan Bənisədr də ifadə vermişdir. İran məhkəmənin dayandırılması üçün Almaniyaya sərt təzyiq göstərsə də məhkəmə çox sayda gizli şahidlərin ifadələrindən də istifadə edərək dövrün prezidenti Rəfsəncani, Dini Lideri Xamenei, Xarici İşlər Naziri Vilayəti, ETTELAAT Naziri Fallahiyan müttəhimlər arasında saymışdı. Bu hadisə İran ilə Almaniya, daha sonra isə ümumilikdə Avropa Birliyi arasındakı münasibətlərin ciddi dərəcədə pisləşməsinə səbəb olmuşdur. 1997-ci ildəki məhkəmə qərarından sonra isə Avropa ölkələrinin bəziləri İrandan səfirlərini (eləcə də İran Almaniyadakı səfirini) geri çağırmışdır. Bu hadisə İran-AB münasibətlərində elə dərin iz qoymuşdur ki, münasibətlərin yaxşılaşması üçün 2000-ci ili gözləmək lazım gəlmişdir. “İslahatçı lider Xatəmiyə ümidlər bağlayan Almaniya “tənqidi dialoq” prosesini yenidən başlatmış və Xatəmi də həmin ilin iyulunda Almaniyaya səfər etmişdir.

 

Bu dövrdə İranla bağlı daha böyük rezonans yaradan hadisələr isə Argentinada baş verdi. Əvvəlcə 1992-ci ildə Buenos-Ayresdəki İsrail Konsulluğuna terror hücumu oldu. Terror nəticəsində 32 nəfər öldürüldü. 1994-cü ildə isə yenə Buenos-Ayresdə Argentina-İsrail Dostluq və Əməkdaşlıq Cəmiyyətinin ofisində partlayış töredildi. 85 nəfərin ölümü və 200-dən artıq insanın yaralanması ilə nəticələnən partlayışla bağlı aparılan təhqiqatlardan sonra Argentina hökuməti bəyan etdi ki, terror hadisəsi İran tərəfindən planlaşdırılıb və Hizbullahın İran tərəfdarı olan üzvləri tərəfindən həyata keçirilib.

 

Terror hadisəsilə bağlı keçirilən məhkəmə prosesində İranın bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən dövrün prezidenti Haşimi Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti, təhlükəsizlik naziri Əli Fəllahiyan, Sepah komandanı Möhsün Rezai, İranın Buenos-Ayresdəki səfiri Hadi Süleymani və səfirliyin əməkdaşları Möhsün Rəbbani ilə Əhməd Rza Əsğəri barəsində ciddi ittihamlar irəli sürülmüş və onlar məhkəməyə çağırılmışdılar. 2007-ci ildə isə İnterpol xəttilə İmad Mugniyə, Əli Fəllahiyan, Möhsün Rəbbani, Əhməd Rza Əsğəri, Möhsün Rəzai və Əhməd Vahidi haqqında axtarış elan edilmişdir. İran ittihamları uzun müddət rədd etmişdir. Hətta maraqlıdır ki, bu hadisədə bir başa günahkar bilinərək “qırmızı bülletenlə” axtarışa verilən Əhməd Vahidi 2009-cu ildə Əhmədinejad tərəfindən Müdafiə Naziri təyin edilmişdir. 

 

İranın terror fəaliyyətindən zərbə alan ölkələr arasında qonşu Türkiyə də var. 1993-cü ilin fevral ayının 4-də Türkiyənin Daxili İşlər naziri İsmət Sezgin İranda təlim keçmiş agentlərin Türkiyədə törətdikləri digər siyasi terrorları da açıqlamışdır. O, Ə.Qurbani ilə birlikdə Türk jurnalisti Çetin Emecin və yazıçı Turan Dursunun qətllərinin; Yəhudi iş adamı Jak Kamhiyə sui-qəsdin; 24 yanvar 1993-cü ildə partlayış nəticəsində jurnalist Uğur Mumcunun öldürülməsinin; akademik Bəhriyə Uçokun və hüquq professoru Muammər Aksoyun qətllərinin adını çəkmişdir. Nazir son illərdə həyata keçirilən qətllər və sui-qəsdlərdə şübhəli bilinən, İranla əlaqəsi olan radikal qrupların 19 üzvünün tutulduğunu da bildirmişdir.

 

Venesuala da İranın dövlət terrorundan kənarda qalmamışdır. Bu ölkə 1994-cü ilin iyul aymm 15-də 4 İran diplomatını İİR-dən olan siyasi mühacir Manuçehr Mutamar və onun ailəsinin oğurlanmasına cəhd etməkdə təqsirli bilərək ölkədən qovmuşdur.

 

1996-cı ildə Səudiyyə Ərəbistanındakı Xobar Qüllələrində həyata keçirilən terror (bombalama) aksiyası nəticəsində 19 ABŞ hərbçisi öldürülmüşdür.  

 

1996-cı ilin fevral ayının 20-də Milli Müqavimət Şurasının üzvləri Zəhra Rəcəbi və Əli Muradi İstanbulda qətlə yetirilmişdir. Terrorçular Rəcəbinin evinə daxil olaraq başına 5 güllə vuruş, sonra isə Əbdül Əli Muradini qətlə yetirmişlər. Paris şəhərində yaşayan Rəcəbi Türkiyəyə İranlı qaçqınlara kömək etmək üçün Milli Müqavimət Şurasının nümayəndə heyətinin rəhbəri kimi gəlmişdir. Onun bacısı və həyat yoldaşı 1992-ci ildə Almaniyada İran dövləti tərəfindən qətlə yetirilmişdir.

 

Türkiyənin “Hürriyyət” qəzetində terror aktı ilə bağlı yazı çap olunmuşdur. Məqalədə Z.Rəcəbi və Ə.Ə.Muradinin qatillərinin tutulduğu, təhqiqatın Anti-Teror Departamenti tərəfindən aparıldığı qeyd olunmuşdur. Həbs olunanlardan 3 nəfərin İran, 3 nəfərin isə Türkiyə vətəndaşı olduqları bildirilmişdir. Qətlin İstanbuldakı Konsulluqda işləyən Mohsen Karqar Azad və Məhəmməd Reza Bəhruz-Maneş adlı diplomatlar tərəfindən sifarişinin verildiyi vurğulanmışdır. Terrorçular İranın Xarici İşlər naziri Vilayətinin Türkiyənin o vaxtkı Baş Naziri Məsut Yılmaz ilə görüşü zamanı həbs edilmişdir. Buna baxmayaraq həbs məxfi saxlanılmışdır. Cinayət hadisəsinə görə İranın agenti Reza Məsumi Barzegar həbs olunmuşdur. O, istintaq zamanı terrorçuların ilkin olaraq Zəhra Rəcəbini qaçırmaq istədiklərini bildirmişdir. Bundan əlavə, ETTELAAT-ın agentləri Mortəza Mohsinzadə (əsl adı Səid Çub-Taraş) və Səid Karamaiyanın (əsl adı Rəhim Afşar) əməliyyata başçılıq etmək üçün İstanbula gəldiyini və Berr otelində yerləşdiyi də müəyyən olunmuşdur. İranlı diplomatlar isə əməliyyatı həyata keçirmək üçün sonradan onlara qoşulmuşlar. Əməliyyat rəhbəri Nasir Sərmadi Nia (əsl adı Həc Haşim Zərgari-Pənah) fevral aymm 20-də İstanbula gəlmiş və Böyük Sahzed otelində qalmışdır. Terrorçular arasında əlaqə yalnız mobil telefon vasitəsilə qurulmuşdur. Qətl günü üç terrorçu evin kənarında dayanmış, dördüncü isə maşında qalmışdır. Digər üç nəfər isə evə daxil olmuşdur. Qrupa İstanbul Konsulluğunun katibi Mohsen Karqar Azad başçılıq etmişdir. Binaya daxil olduqdan sonra onlar lift vasitəsilə beşinci mərtəbəyə qalxmışlar. Sonra isə mənzilə daxil olaraq Zəhra Rəcəbini və Əli Muradini qətlə yetirmişlər. Səhəri gün fevral aynıın 21-də Sərmadi Nia təyyarə ilə Karaçiyə uçmuşdur. Konsulluğun əməkdaşı Mohsen Karqar Azadın İstanbulda olmağına baxmayaraq diplomatik toxunulmazlığına görə həbs edilməmişdir.

 

1996-cı ilin may aymın 28-də Bonn şəhərində Tehran Universitetinin keçmiş professoru və Şah dövründə  Nazir  müavini işləmiş Reza Mazluman öz evində qətlə yetirilmişdir. Qatillərə qapını professor Mazlumanın rejimin qurbanı kimi təqdim etmiş dostu açmışdır. Cani professorun dostunun getməsini gözləmiş sonra isə Mazlumanın başına iki güllə vurmuşdur. Dostunun Bonn şəhərində video mağazası olan Əhməd Ceyhuni adlı şəxs olması müəyyənləşdirilmişdir. Almaniya polisi Fransalı həmkarlarının xahişi ilə Ceyhunini saxlamış və onun cinayət baş verən günü Parisə professor Mazluniyə baş çəkməyə gəldiyini müəyyənləşdirilmişdir. Ceyhuni isə cinayətdən xəbərsiz olduğunu bildirmişdir. Təhqiqat nəticəsində Ceyhuninin İnformasiya və Təhlükəsizlik Nazirliyinin (İran kəşfiyyatının) yüksək vəzifəli əməkdaşı və nazirliyin Almaniyadakı qərargahı kimi fəaliyyət göstərən Bonndakı səfırliyi ilə sıx əlaqədar olduğu aşkarlanmışdır.

 

İran daxilində həyata keçirilən dövlət terrorunun qurbanları arasında Təbriz Universitetinin müəllimi Dr. Məhəmməd Tağı Zehtabi də var. Qeyd edək ki, başda Cənubi Azərbaycanlılar olmaqla İrandakı Türk əhalinin maariflənməsi istiqamətində ciddi səylər göstərən Zehtabi 1998-ci il dekabrın 20-də evində ölmüş vəziyyətdə tapılmış, əvvəlcə onun “təbii səbəblərdən” öldüyü barədə rəsmi açıqlama verilsə də, sonradan bu “təbii səbəblərin” ağır işgəncələr olduğu ortaya çıxmışdı. Ağır işgəncələri sübut edən Zehtabinin fotoları internetdə də yayılmış və beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında da yer almışdır. İranda yaşayan əksər Azərbaycanlı milli fəallar bu qətlin də məhz zəncirvari qətllərin bir parçası olduğunu qeyd etmişdilər. 

 

2004-cü ildə milli fəal və musiqiçi Mirkazım Musəvi, 2005-ci ildə isə milli fəal və gənc şair Səhənd Əfşari müəmmalı avtomobil qəzalarında ölmüşdülər. Səttar Səlimi, Məhəmmədrza Səbuhi, Qadir Sədiqi, Fərhad Möhsini, Məcid Xudayi, Əfşin İrfan Xosrovşahi və digər 20-yə yaxın milli fəal ETTELAAT tərəfindən dəhşətli işgəncəyə məruz qalıb, öldürülmüşdürlər. 2008-ci il oktyabrın 23-dən 24-ə keçən gecə Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Qulamrza Əmani iki qardaşı ilə birlikdə Əhər-Təbriz yolunda Təbrizin girişində şəxsi maşınlarında İranın Sepah Pasdaranına məxsus yük maşını vasitəsilə ağır yol qəzasında qətlə yetiriliblər. Hadisə zamanı iki qardaşı dərhal həlak olmuş Qulamrza Əmani ağır bədən xəsarətı alaraq Təbrizdə İmam xəstəxanasına aparılıb, lakin xəsarətləri ağır olduğundan (bəzi iddialara görə lazımı tibbi müdaxilə edilmədiyindən) xəstəxanada vəfat edib. Xatırladaq ki, Qulamrza Əmani 1997-ci illərdən İranda Azərbaycan milli hərəkatının fəal iştirakçılardan olmuşdur. Milli fəaliyyətinə görə Təbriz ETTELAATI tərəfində dəfələrlə həbs edilmiş, 5 il həbsdə qalmış, ağır fiziki və ruhi işgəncələrə məruz qalmışdır.

 

Xüsusilə 2009-cu ildəki qalmaqallı prezident seçkisindən sonra İranda həyata keçirilən dövlət terrorunun birbaşa Xamenei ailəsi ilə bağlı olduğuna dair iddialar gündəmə gəlmişdir. Bu barədə faktiki olarak İnqilab Korpusuna nəzarəti həyata keçirən Moctəbanın rolu xüsusi qeyd olunmuşdur. Bu mərhələdən sonra haqqında daha çox danışılan və “silsilə qətllər” (1988-1998-ci illəri əhatə edən) adlandırılan cinayət seriyaları nəticəsində İran dövləti tərəfindən 80-nə yaxın (bəzi mənbələrdə bu rəqəm qat-qat daha çox qeyd olunur) ziyalının və siyasi fəalın öldürüldüyü bildirilir.

 

2011-ci ilin sonlarında isə əvvəlcə oktyabrın 11-də Nyu Yorkdakı federal məhkəmə İran əsilli ABŞ vətəndaşları Mənsur Ərbabsiar və Qolam Şakurini, Səudiyyə Ərəbistanının Vaşinqtondakı Səfirinə sui-qəsd və Səudiyyə Ərəbistanı ilə İsrail səfirliklərini bombalamaq planı hazırlamaqla ittiham edərək cinayət işi açdığını elan etmişdir. Dekabr ayında isə ABŞ Məhkəmələrindən biri İranın 11 sentyabr hadisələri ilə birbaşa əlaqəsi olduğuna dair hökm vermişdir. İran tərəfindən haqqında “ölüm fətvası” çıxarılan Azərbaycanlı jurnalist Rafiq Tağının ölümününü ardındakı müəmma da davam edir.

 

Göründüyü kimi İran-terror əlaqəsi ilə bağlı faktlar kifayət qədər çoxdur. Onların sayısı isə təəsüf ki, rejimin ömrünə paralel olaraq artmaqda davam edir.

 
Araz Aslanlı, GünAz Tv Ekspert Qrupunun üzvü | 29-Dekabr-2011, 11:30
Fikrini Yaz »   Dostuna göndər »   Çap et »  
Share | |

   
Məqalələr
ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS
İŞĞAL VƏ ATƏŞKƏS AYI
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Güney Azərbaycanı savunan savunmasız milli vəkil Musa BƏRZİN XƏLFƏLİ
ƏRDOĞANIN İRAN SƏFƏRİ - 2
İSTANBULDAKI NÜVƏ DANIŞIQLARI: ÜMUMİ MƏNZƏRƏ
NÜVƏ DANIŞIQLARI: İSTANBULDAN SONRA, BAĞDADDAN ÖNCƏ
ƏRDOĞANIN İRAN SƏFƏRİ-1
Bütöv Azərbaycanın tərkib hissəsi olan BATI AZƏRBAYCANA AZADLIQ
İranın nüvə fəaliyyətləri və ABŞ -2
İRANIN NÜVƏ FƏALİYYƏTLƏRİ və ABŞ - 1
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 1
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 2
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 3
İran ilə "5 +1" arasındakı müzakirələr: Sonun başlanğıcı
SULTAN MAHMUD, ŞÜUBİYYƏ VƏ ŞAHNAMƏ
Gürcüstan Türklərində Milli Kimlik Sorunu
Bəxtiyar Tuncay AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI
M.R.YENGİ - Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi
Dr.İŞIQ SÖNMƏZ: ANA DİLİNİN ÖNƏMİ VƏ İSTEMAR
AZƏRBAYCANIN BÖLÜNMƏSİ: Osmanlının susqunluğu
GÜNEYDƏ MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ və İRAN: Mövcud durum və gələcək
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ -2
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ - 1
Ana Dilinin Önəmi və İstemar
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 2
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 1
Fars şovinisminin piyonlarına cavab: Aran Ərdəbilli
Xanədanlıq məsələsi və Quzey Azərbaycan
XIX əsr milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq-Həsən bəy Zərdabi
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış
2800 il öncə türk izi !
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi -1
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 2
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 1

12345678910..16