1979-cu ilin fevralındakı İslam inqilabından sonra İranda İslami əsaslara dayandığını elan edən yeni rejim quruldu. Qurulan yeni siyasi sistemin xarici siyasəti də dini konsepti əsas alaraq yenidən formalaşdırıldı. Yeni formalaşdırılan İran xarici siyasətinin hazırda da davam edən dört əsas xarakterik xüsusiyyəti vardı.
Əvvəla, İran xarici syasəti inqilabi xarakterə malik idi.[1] Xarici siyasətdə inqilabilik özünü mövcud beynəlxalq sistemə qarşı çıxma və yeni bir sistem qurma iddiasını ortaya qoymada göstərirdi. İran xarci siyasəti “Nə Şərq, nə Qərb” şuarı ilə həm SSRİ-yə, həm də ABŞ-a meydan oxuyurdu.[2] İran xarici siyasətinin inqilabi xarakterinin əsasını isə İslam dəyərlərini əsas ideoloji konsept olaraq mənimsəməsi təşkil edirdi.[3] İran mövcud beynəlxalq sistemə ədalətsiz və basqıcı (repressiv) olduğu üçün qarşı çıxdığını elan edir və bu sistemin sadə, adil və səxavətli olaraq xarakterizə etdiyi İslami sistemlə dəyişdirilməsini zəruri sayırdı.[4] Bu konseptə görə, İslami sistemin həyata keçirilməsi prosesində dünya “Xeyir-Şər” və ya “İşıq-Qaranlıq” olaraq iki əsas cəbhəyə ayrılıb.[5] Bu çərçivədə “Allahin partisi” (Hizbullah) “Böyük Şeytan”a (Şeytani Bozorg) qalib gələrək yeni sistemi quracaq. Bu konseptdə “Xeyir”i təmsil edən İranın xarici siyasətində İslam mədəniyyəti, dini ənənə, qayda və prinsiplərlə yanaşı, digər ölkələrə “inqilab ixracı” xüsusi önəmə malikdir.[6]
Xarici siyasətin inqilabi xarakteri İran İslam Respublikası Konstitusiyasında da özünü açıqca göstərir. Konstitusiya bu çərçivədə “inqilab ixracı” konseptini dövlətin əsas doktrinası kimi müəyyənləşdirərək, İslam inqilabının ölkə daxilində və xaricdə davamlılığının təmini və beynəlxalq münasibətlərdə İslami hərəkatların dəstəklənməsini əsas vəzifələr kimi elan edib.[7] Bu anlayış İran xarici siyasətinin əsas hədəflərini konstitusiyanın 152-155-ci maddələrində inqilab ixracı; siyasi, sosyal və iqtisadi müstəqilliyin təmini; azadlıq döyüşçülərinin ədalətli mübarizəsini dəstəkləmə, vahid İslam cəmiyyətinin formalaşdırılması və İslam dünyasına liderlik şəklində müəyyənləşdirib.[8]
Məlum olduğu üzrə, İran İslam Respublikasının hazırkı dini-ideoloji konsepti imam Ruhullah Əli Xomeyni tərəfindən işlənib hazırlanmış İslam respublikası sisteminin prinsiplərinə əsaslanır. Bu konseptin əsas müddəaları onun 1969-cu ildə “Velayət-i Fəqih – İslam idarəetmə sistemı” adı altında çap edilmiş mühazirələr toplusuna daxil edilmiş və sonradan qismən dəyişdirilmiş şəkildə İran konstitusiyasında yer verilmişdir. Velayət-i Fəqih konseptinin əsas məzmununu müsəlman icmasının (ümmətdə, dövlətdə) siyasi idarəetməsində dini rəhbərliyin əsas amil kimi qəbul olunması təşkil edir. Yəni müvafiq səviyyəyə çatmış, icmanın siyasi və ideoloji baxımdan idarə edilməsi üçün zəruri keyfiyyətlərə malik nüfuzlu din xadimi xalq və ya səlahiyyətli şəxslər tərəfindən İslam lideri, rəhbəri yəni “Veliyəti-i Fəqih”i seçilir. Bu şəkildə idarəetmə “sonuncu imam” Mehdinin zühur edəcəyi günədək davam etdirilir. Bu isə dünyanın əksər dinlərində işlənib hazırlanmış “Axirət Günü” konseptinə uyğun gəlir.
Xomeyninin konsepti müvafiq olaraq, dini lider şiə iyerarxiyasında nəzərdə tutulmuş ən ali mərtəbəyə, yəni “Mərcə-i təqlid” dini dərəcəsinə və cəmiyyətdə qeyd-şərtsiz nüfuza malik olmalıdır. Bu dərəcəyə sahib olan şəxslərin öz dini-mənəvi, ideoloji, təşkilatçılıq keyfiyyətlərinə görə nəinki vətəndaşların dini-maariflənmə həyatına, hətta dövlətin siyasi və iqtisadi qurumlarına da rəhbərlik etmək iqtidarında olduqları iddia edilir. Xomeyninin konsepti İslam hüququnun (şəriətin) digər hüquq sistemləri üzərində üstünlüyünü və cəmiyyətdə İslamın müəyyənedici rolunu elan edir. Bu nəzəriyyənin siyasi rejimi kimi respublikanı seçməsi isə cəmiyyətdə demokratik hakimiyyətin bütün atributlarının mövcudluğunu, o cümlədən hakimiyyətin üç müstəqil qola bölünməsini, dövlət orqanlarının tərkibinin və siyasi liderlərin seçkili olmasını təmin etmək məqsədini daşıyır. Bununla yanaşı, dini rəhbər hakimiyyətin bütün strukturlarından üstündür, həmçinin zəruri hallarda o, dövlət orqanlarının işinə müdaxilə edib, onların fəaliyyətini istiqamətləndirmə və son qərar qəbul etmə hüququna malikdir.
Xomeyninin konseptinin ən əsas müddəalarından birini də bu cür sistemin, hətta zərurət yarandıqda güc tətbiq etmək yolu ilə olsa belə bütün müsəlman dövlətlərində qurulmasına çağırış təşkil edir. Bu yanaşma çərçivəsində dinin dövlətdən ayrılması tənqid edilir və “Velayət-i Fəqih” konseptində sonuncu prinsip kimi xüsusi olaraq əsaslandırılır.
Belə ki, Xomeyninin nəzəriyyəsinə əsasən, respublika tipli hakimiyyətlər və monarxiya rejimləri ( burada Xomeyni İrandakı Pəhləvi rejimini nəzərdə tuturdu) öz xalqlarına rəhbərliyi qeyri-legitim yolla həyata keçirərək çox vaxt Qərbin qeyri-müsəlman dövlətlərinin diqtəsi altında dini və dünyəvi hakimiyyətin ayrı olduğunu elan edir, tanınmış din xadimlərinin mövqelərinə əhəmiyyət vermirlər. Bu da öz növbəsində əhalinin əsas hissəsinin İslamdan üz döndərməsi, mənəvi və ideoloji baxımdan İslam dəyərlərinin itirilməsinə səbəb olur. Xomeyninin fikrincə, İslam cəmiyyətlərinə rəhbərlik zamanı dinin və nüfuzlu din xadimlərinin rolunun zəifləməsi diktatura və despotizmin güclənməsinə, İslam ənənələrinin unudulmasına, İslama xas olmayan istehsal münasibətlərinin yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində dövlətin zəifləməsi və müstəqilliyin itirilməsi ilə nəticələnir. Bununla əlaqədar olaraq, bütün müsəlman ölkələrində İran tipli İslam dövlətinin qurulması müasir iranşünaslıqda İslam inqilabının “ixrac”ı kimi qəbul edilmişdir.
1979-cu ildə şah əleyhinə inqilabın qələbəsindən sonra imam Xomeyninin rəhbərliyi altında İranda məhz bu konsept əsasında dövlət quruluşunun formalaşdırılmasına başlanmışdır. Qeyd edək ki, İran rejimi tərəfindən “İslam inqlabının ixrac”ı konseptinin həyata keçirilməsinin başlanğıcı həmin dövrə təsadüf edir. İran emissarları çoxsaylı şiə müsəlmanların yaşadığı və vətəndaş müharibəsi nəticəsində talan edilmiş Livanda müəyyən uğurlar əldə etməyə nail olmuşlar. Livanın bu vəziyyəti isə xüsusən bu ölkədəki şiə icmasında İran təcrübəsinin müvəffəqiyyətlə tətbiq edilməsinə münasib şərait yaratmışdır. Mütəxəssislərin fikrincə, dini-məzhəbi yaxınlıq faktoru və Livanda mövcud əlverişli şərait (məsələn, vətəndaş müharibəsi, güclü mərkəzi hakimiyyətin olmaması, nüfuzlu din xadimlərinin mövcudluğu, ərazinin bir hissəsinin İsrail tərəfindən işğal edilməsi, kəskin sosial problemlər) qısa bir müddətdə rəsmi Tehran tərəfindən İranyönümlü “Hizbullah” hərbi-siyasi qruplaşmasının yaradılmasına imkan vermişdir. Hal-hazırda bu qrup Livan hakimiyyətinin siyasi kursuna təsir edə biləcək çox nüfuzlu siyasi qüvvələrdən birinə çevrilmişdir. Analoji strukturların digər müsəlman dövlətlərində, xüsusilə də şiə icmalarının olduğu İraq, Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrdə qurulması cəhdləri müşahidə olunmuşdur. Bu cür strukturların yaradılmasında əsas məqsəd dövlət hakimiyyət qurumlarına nüfuz etmək üçün İranyönümlü təsir mərkəzlərinin formalaşdırılmasıdır.
İlk dövrlərdə Tehran rejiminin Yaxın Şərq ölkələrindəki İranyönümlü təşkilatları dəstəklədiyini açıq-aşkar bəyan etməsinə, “inqilab ixracı” siyasətinin təcavüzkar və fəal xarakter daşımasına baxmayaraq Əli Xameneyi və Əliəkbər Haşimi Rəfsəncani hakimiyyətə gəldikdən sonra ölkənin beynəlxalq imicinə xələl gətirmiş bu cür fəaliyyətin pərdələnməsinə yönəlmiş tədbirlər həyata keçirilmişdir. Bir çox mütəxəssisin fikrincə, yeni taktika maliyyə və hərbi köməyin həcmini azaltmadan xarici İranyönümlü strukturlarla işin gizli formalarına keçilməsini nəzərdə tuturdu. Məhz Rəfsəncaninin rəhbərliyi dövründə “inqilab ixracı”nın və bununla əlaqədar tədbirlərin dəqiq təşkili sxeminin formalaşdırılmasına başlanmışdır. Bu dövrdə əvvəllər İslam İnqilabının Mühafizləri Korpusunun “Əl-Qüds” Xidmətinin nəzarətində olan “inqilabın “ixrac”ı üzrə fəaliyyətin idarə edilməsi və koordinasiyası məsələlərində İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (İTN) daha mühüm rol oynamağa başlamışdır. Xaricdə aparılan ideoloji fəaliyyətin mərkəzləşdirilməsi üzrə bir sıra addımlar atılmış, bu isə müvafiq təbliğat materiallarının keyfiyyətinin artırılmasına və onların maraq dairəsində olan dövlətlərdə işlək yayılma mexanizminin yaradılmasına imkan vermişdir.
[1] Mehdi Mozaffari, “İranian İdeological Foreign Policy”, Mehdi Mozaffari, İslamist Policy, Denimark, Aarhus University, CIR, Aprel 2009, s.10.
[2] Mohammad Reza Dehshiri və Mohammad Reza Majidi, “Iran’s Foreign Policy in Post-Revolution Era: A Holistic Approach”, The Iranian Journal of International Affairs, Cild 21, Sayı 1-2, Qış-Bahar 2008, s.101.
[3]Ahmad Sadeghi, “Genealogy of Iranian Foreign Policy: İdentity, Culture and History”, The Iranian Journal of International Affairs, Cild 20, Sayı 4, Payız 2008, s.3.
[4] Mozaffari, “İranian İdeologial Foreign Policy”, s.10.
[5] Mozaffari, “İranian İdeologial Foreign Policy”, s.10.
[6] Sadeghi, “Genealogy of Iranian Foreign Policy: İdentity, Culture and History”, s..3.
[8] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.3.