İranı modernləşdirmək və onun varlığını qorumaq adı altında bu ölkədə Türklük XX yüzil boyu hədəfə alındı. Türklərin dirənişini qırmaq və onlarda aşağılıq kompleksi yaratmaq üçün paniranistlər və Fars şovinistləri irqçi konseptlər quraşdırdılar. Bu konseptlərə görə, İranda nə keçmişdə, nə də indi Fars dili və kültürü xaricində heç bir dil və kültürə yer yoxdur, Türklüyü xatırladan hər şey məhv edilməlidir. Türk varlığını yox etmək işində qurama tarix konseptinə mühüm yer verilir. Ona görə,
- İran coğrafiyasında tarix Əhəmənilərin (Həxamənişlərin) hakimiyyətinin qurulmasından sonra başlanır; Əhəməni və Sasani dövlətləri bəşər mədəniyyətinin beşiyi hesab edilir;
- Türklərin İran coğrafiyasına köçü İran mədəniyyətinin çökməsinin başlanğıcı sayılır;
- Guya “Türk və Moğol sülalələri yerli “Azərilərin” dilini zorla dəyişdirmişlər”;
- “Tarixi ədaləti” bərpa etmək və İranın bütövlüyünü qorumaq üçün İrandakı Türklüyü Farslaşdırmaq lazımdır və s.
Çoxmilyonlu bir milləti (Türklüyü) yox etməyə yönəlmiş bu zehniyyət və dövlət siyasəti zamanla çeşidli formalarda dirənişlə qarşılaşdı. Fars irqçiliyinin simvoluna çevrilmiş Pəhləvi hakimiyyətinin dağılmasından sonra bu dirəniş özəlliklə ideoloji sahədə xeyli gücləndi. Varlıq məktəbi dirəniş hərəkatının mərkəzində yer aldı. Ayrı-ayrı şəxsiyyətlərin çalışmaları ilə Fars irqçilyinin qarşısında Türk millətçiliyi dikəlməyə başladı. İranda Türk millətçiliyinin biçimlənməsində Həsən Raşidi şəxsiyyətinin və onun “Türklər və İranda onların tarix, dil və kimlikləri haqqında araşdırma”[1] adlı kitabının mühüm rolu var. Yazar təmkinlə, mühəndis dəqiqliyi ilə, bir-bir paniranist tezislərin üstünə gedir, onların ədalətsiz, insanlığa, çağa zidd, irqçi mahiyyətini ortaya qoyur. Həsən Raşidi kitabın ərsəyə gəlməsi nədənləri haqqında yazır: “... çiynimizdə olan vəzifənin ağırlığını hiss edərək 85 il öncədən indiyə qədər, yəni Rza Xan hakimiyyətə gələn gündən, tarixi təhrif olan, şəxsiyyəti tapdalanan, dili və varlığı danılan, gəncləri hüviyyət [kimlik] böhranına düçar olan və İran adlı ölkədə cəmiyyət baxımından nisbi əksəriyyətə malik olaraq hətta ibtidai qədəri öz dilində məktəbi olmayan Türklərin keçmiş tarixi və hüviyyəti haqda tədqiqat aparmağı və bu sahədə kitab hazırlamağı özümə borc sandım.”[2] Bu kitab paniranizmin əsas tezislərini və Fars irqçiliyini soruşdurmaya (istintaqa) çəkir, sonda onun üzünə ittihamnamə oxuyur. Bu soruşdurmanın əsas maddələrini qısaca ələ alaq.
İndiki İran coğrafiyasında tarix nə vaxt başlanır?
Kitaba başlarkən yazar məktəblərdə oxudulan tarix kitablarındakı bir sıra saxtakarlığa diqqəti çəkir. Bu da təbiidir. Çünki tarix kitabları, ümumiyyətlə tarix şüuru milli kimliyin biçimlənməsində mühüm rol oynayır. Müəllif yazır ki, bu tarix kitablarında İran tarixi Həxaməniş dövründən başlanır, sankı ondan əvvəl burada heş bir xalq, heç bir mədəniyyət olmamışdır. Halbuki Həxamənişlərdən 4000-4500 il öncə indiki İran coğrafiyasında qüdrətli mədəniyyətlər olmuşdur. Burada yaranmış Şumer (Sumer) mədəniyyətinin varlığı dünya elmində mübahisəsiz tarixi həqiqət hesab edilir. Şumerlərin dünya mədəniyyətinə töhfələri, bu sıradan ilk dəfə ili 12 aya, ayı 30 günə, günü 24 saata, saatı 60 dəqiqəyə bölmələri, ‘ilk romanın’ (“Qılqamış”) məhz burada ortaya çıxması bəllidir.[3] Bu coğrafiyada Şumerlərdən başqa Elamlıların, Lulubeylərin, Kutilərin, Urartuların, Mannalıların dövlət həyatı yaşamaları da dünyanın tarix kitablarında yazılıb. Həxamənişlərin miladdan 550 il öncə burada dövlət qurduqları vaxt rəsmi dil olaraq Elam dilindən istifadə etdikləri də məlum məsələdir. Həsən Raşidinin üstündə durduğu əsas məsələlərdən birisi də adı çəkilən qədim tarfaların dillərinin qədim Farscadan kökündən fərqli, iltisaqi (aqqlünativ) dillər qrupuna aid olmasıdır.[4] Yazar bu fikrini əsaslandırmaq üçün bir sıra mütəxəssis tarixçinin əsərlərinə istinad edir. İranda yeni, irqçı tarixçiliyin banilərindən olan Həsən Pirniyanın belə Şumer dilinin Ural-Altay dil qrupuna məxsus olması fikrini də əlavə edir. Yazar bu məlum həqiqətləri oxucunun ixtiyarına qoyduqdan sonra adi məntiqin tələb etdiyi sorğunu irəli sürür: Bir halda ki, indiki İran coğrafiyasında dövlət və mədəniyyətlər tarixinin ən azı 7000 il yaşı var, niyə Həxamənişlərdən əvvəlki tarix öyrədilmir?
Çünki bu tarix irqçilərin işinə yaramır. Əks təqdirdə Türkləri “gəlmə” deyə aşağılayan rəsmi İran tarixçiliyi, Farsların da bu coğrafiyaya başqa yerlərdən (Güney Sibir steplərindən) gəldiklərini etiraf etmək məcburiyyətində qalacaq. Sonra Həsən Raşidi soruşdurmanın ikinci sualına keçir.
Farslar bu coğrafiyaya nə vaxt və necə yerləşmişlər?
Fars irqçiliyi Həxaməniş və Sasani dövrləri, eləcə də dövrün Parsları ilə fəxr edir. Ancaq tarixi qaynaqlar Parsların bu coğrafiyaya yerləşdikləri vaxt ( miladdan 900 il əvvəl) onların yüksək mədəniyyətə sahib olduqları fikrini rədd edir. Həsən Raşidi haqlı olaraq yazır ki, onlar buraları işğal edərkən qarşılarına çıxan mədəniyyətləri yıxdılar. Həxaməniş şahlarının qəddarlığı da tarixi qaynaqlarda əksini tapıb. Həxamənişlər Elam imperatorluğunu işğal edərkən yazıları (əlifbaları) belə yox idi, dövlət işlərində Elam dilindən və yazısından istifadə edirdilər. Həxamənişlərin yazını Elamlılardan öyrənmələrini Firdovsi belə “Şahnamə”sində göstərib.[5]
Tarixi qaynaqlar Parsların dini görüşlərinin və əxlaqlarının da bərbad olmasını bildirirlər. Yunanlar Parslara barbar deyib, onları vəhşi tayfalar saymışlar. Yunan tarixçiləri Parsların adətləri haqqında yazıb, onları ələ salmışlar. İzdivac məsələlərində Parsların əxlaqı xüsusilə bərbad olub.[6]
Parslardan fərqli olaraq, məsələn, Elamlılar arasında qadının yüksək sosial statusa malik olması tarixi qaynaqlarda əksini tapıb. Yazar tarixi araşdırmalara dayanaraq, Türklər və Moğollar arasında qadının yüksək rolunu müqayisəli şəkildə ortaya qoyur. Eləcə də Parslardan fərqli olaraq Türklərin həm orta yüzillərdə, eləcə də yeni dövrdə musiqiyə verdikləri önəm kitabda təsvir edilmişdir.[7]
Həsən Raşidinin bu kitabında diqqət çəkdiyi əsas məsələlərdən biri də Türklərin bu coğrafiyada yerləşmələri probleminə aydınlıq gətirməkdir.
Türklər indiki İran coğrafiyasında yaddırlarmı?
Rəsmi İran tarixçiliyinə görə, XI yüzildə Azərbaycanı işğal edən Oğuz-Səlçuqlular 70 il ərzində yerli “Azərilərin” dillərini zorla dəyişdirmişlər. Müxtəlif tarixçilər Kəsrəvinin bu tezisini[8] müxtəlif formalarda təkrar etmiş, dövlətin Farslaşdırmaq siyasətinə haqq qazandırmaq üçün əsas tutarqa kimi istifadə etmişlər. Halbuki bu tezisin hüquqi və siyasi baxımdan heç bir əsası yoxdur. Həsən Raşidi yazır ki, “hər bir bölgənin əhalisi gəldikləri yerdən asılı olmayaraq, sakin olduqları ölkədə bir-iki nəsildən sonra həmin ölkəyə və bölgəyə, dilləri və kültürləri də həmin ölkə və bölgəyə aid hesab edilir.”[9] Yazar paniranizmin saçma-sapan tezisinin adi məntiqlə də uyuşmadığını bildirərək Amerikanı örnək göstərir. Deyir ki, Avropalı mühacirlərin Amerika qitəsinə köçündən 400 il belə keçmir, Qırmızıdərilər isə yerli xalqdır və güman ki, bir neçə min ildir burada yaşayırlar. Məsələyə İran irqçilərinin məntiqi ilə yanaşmış olsaq, “indi deyə bilərikmi ki, bu qitənin yerli dili Qırmızıdərilərin dili olduğu və Avropadan bu qitəyə köçmüş və burada yerləşmiş Amerikalılar indi İngiliscəni, Fransızcanı və İspan dillərini buraxıb, Amerikanın əsil və yerli sakinləri olan Qırmızıdərilərin dillərində danışmalı və Qırmızıdərilərin nəslindən gəldiklərini iddia etməlidirlər!?”[10]
Paniranizmin Türkləri “gəlmə” elan etmələrinin tarixi gerçəkliyə də uyğun olmadığını bildirən Həsən Raşidi fikrini buranı işğal etmiş Parslardan 4500-4000 il əvvəl sakin olmuş iltisaqi dilli xalqların varlığı ilə əsaslandırır. Zamanla Sakalar, İşğuzlar, Eşkanilər, Xəzərlər, Hunlar, Peçeneqlər, Qıpçaqlar və başqaları da bu coğrafiyada yerləşmiş, sonra gələn Oğuzlarla qaynayıb-qarışmışlar. Raşidi kitabının xeyli hissəsini məhz bu məsələyə həsr etmiş, müxtəlif qaynaqlardan, özəlliklə Ərəb tarixçiləri və səyyahlarının əsərlərindən gətirdiyi misallarla paniranizmin bu əsassız tezisini çürütməyə nail olmuşdur.[11] Bəzi tarixçilərin “Moğollar Azərilərin dilini zorla dəyişdirdilər” tezisi də Həsən Raşidinin məntiqə dayalı tənqidinə tuş gəlmişdir.[12] Yazar “ağdərili indiki Azərbaycan əhalisi ilə Şərqdəki Türklərin üzləri fərqlidir, deməli, Azərbaycan əhalisinin yalnız dili dəyişmişdir” tezisini də məntiqlə yalanlayır.[13]
Həsən Raşidi kitabında Türklərin indiki İran coğrafiyasında yad element olmadığı bir yana, onların Farslara və Fars kültürünə önəmli xidmətləri keçdiyini tarixə və məntiqə dayanaraq sübut edir.
Bəs Türk sülalələrinin Farslığa xidmətləri?
Hakim Türk sülalələrinin Farscanı dövlət dili səviyyəsinə qaldırmaları və Fars ədəbiyyatına xüsusi qayğı göstərmələri tarixi faktı Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Təbrizli Əli, Cavad Heyət kimi görkəmli fikir adamlarımız tərəfindən Türk tarixinin dramatik yanlışlığı kimi qiymətləndirilmiş,[14] bunun milli tariximizdə sonralar faciələrə nədən olması göstərilmişdir. Həsən Raşidi də özündən əvvəlki ustadların yana-yana təsvir etdikləri bu hadisənin üstündə geniş durur. İran coğrafiyasında aşağı-yuxarı 1000 il hakim olmuş Türk sülalələrini qarətçi, mədəniyyət düşməni kimi aşağılayan Fars irqçisi, ya Türk manqurdu deyil, əslində bu sülalələrdən özünü dərk etmiş Türklük narazı olmalıdır. Həsən Raşidi bu sülalələri qınamaqdan özünü saxlaya bilmir və haqlıdır: ”Keçən min il ərzində Türk sülalələrinin yanlışlarından birisi də şayəd odur ki, onlar öz dillərinə xüsusilə də rəsmi və dövlət məktublaşmalarında az önəm verdilər.”[15]
Paniranizmin ideoloji əsaslarının çürüklüyünə misal olaraq Həsən Raşidi kitabında Fars-Dəri dili məsələsinə aydınlıq gətirir. İranın dilçi alimləri bu dilin Sasanilərdən qalma Pəhləvi (Fəhləvi) dilindən əsaslı şəkildə fərqləndiyini, Fars şeirinin Sədi kimi görkəmli nümayəndələrinin bu dili mədrəsələrdə öyrəndiklərini etiraf etmişlər. Raşidi yazır ki, Səlçuqlu sarayına yol axtaran hər bir kəs əvvəlcə Əfqanıstan və Tacikistandan buralara gətirilmiş Dəri dilini öyrənmiş, sarayın şeir dilində (Dəri) Türk hökmdarların şan-şövkətini tərifləməyə, onların fəthlərini vəsf etməyə, əvəzində ənam almağa çalışmışlar.Bu tarixi gerçəklik də göstərir ki, Türklər öz dillərini yerlilərə təhmil etmədilər, əksinə yerli Parslar Türk hökmdarlarının Əfqanıstan və Tacikistandan gətirdikləri Fars-Dəri dilini qəbul etdilər. Bu dil də ucsuz-bucaqsız Türk imperatorluğunda elm və din dili olan Ərəbcənin yanında kargüzarlıq və şeir dili oldu. Türk dili isə sarayın və ordunun danışıq dili funksiyasını yerinə yetirdi. Bir sözlə, paniranistlərin iddialarının əksinə, özünün yerli dilini dəyişənlər Azərbaycanın “Azəricə” danışan əhalisi deyil, indiki İranın mərkəzi əyalətinin (Farsistanın) Pəhləvi dilində danışan Pars əhalisi idi. Onlara da bu “gəlmə dili” (“zəbane mohacer”) - Farscanı Türk hökmdarları gətirmişdilər.
İki Azərbaycanın birliyi nədən inkar edilir?
Həsən Raşidi əsərinin son bölümlərində irqçilərin daha bir məntiqə zidd yanaşmasını sorğuya çəkir. O yazır ki, nədən Əfqanıstan və Tacikistanı qardaş ölkələr və əhalisini qardaş millətlər bildikləri halda, Arazın şimalındakı Azərbaycan Respublikasını İrana yad ölkə sayırlar; halbuki Arazın hər iki tərəfi eyni millətdən ibarətdir və eyni coğrafi ad daşıyır. Bu sorğunun cavabı yazara görə odur ki, irqçilər “İranlılığı Farslığa bərabər tuturlar, Fars olmayanı İranlı saymırlar.”[16]
Arazın quzeyində “Azərbaycan” adlı dövlətin olmasını İrandakı irqçilər təhlükə qaynağı hesab edirlər. Halbuki, Raşidiyə görə, İran əhalisinin (70 milyon) nisbi çoxluğuna (30 milyondan artıq) bərabər olan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, qismən Gilan və İranın başqa ostanlarında sakin olan Türklüyün milli-mədəni problemləri həll edilsə, Quzey Azərbaycanın varlığı nəinki İran üçün problem yaradar, əksinə, Azərbaycan Türklərinin əksəriyyətinin yaşadığı Güney Azərbaycan cazibə mərkəzinə çevrilər.[17] Çoxmillətli İranda Fars olmayanların milli haqlarını təmin etmək əvəzində irqçilər ağılalmaz yollarla Quzey Azərbaycanın Güneyə təsirini aradan qaldırmağa, ya azaltmağa çalışırlar. Kəsrəvinin tezisini daha da bayağılaşdıraraq İnayətulla Rza kimi şovinistlər Arazın şimalındakı dövlətin “Azərbaycan” adlanmasının tarixə “uyğun olmadığını” ictimai şüura yeritməyə çalışırlar. Onların iddialarına görə, Arazın quzeyi guya həmişə “Aran” adlanmışdır. Həsən Raşidi bu yanaşmanın tarix elmi baxımından tamamilə əsassız olduğunu geniş araşdırması ilə sübut etməklə yanaşı, onun siyasi məqsədlərlə irəli sürüldüyünü qətiyyətlə ifşa edir.[18]
Son söz yerinə
Həsən Raşidi kitabında İran Türklüyünün başqa önəmli məsələlərinə də yer ayırmışdır. Biz yazarın yalnız İran irqçiliyinin milli tariximizlə bağlı əsas tezislərinin tənqidini ələ ala bildik. Həsən Raşidinin bu kitabı İranda Türkçülüyə önəmli bir qatqıdır və bu münasibətlə onu qutlar, yeni əsərlər ortaya qoymasını arzu edirik.
[1] Həsən Raşedi, Torkan və bərrəsiye tarix, zəban və hoviyyəte anha dər İran, Çape dovvom, Tehran: Əndişeyi nou, 1387, 315 s. Bu kitab yazarın 1383-cü (2004) ildə çıxmış nisbətən kiçik həcmli, 36 səhifəlik “Türk dili, İranda onun keçmişdəki və indiki durumu (Kimlik böhranı)” (“Zəbane Torki və mouqiyyəte qozəşte və konuniye an dər İran (Bohrane hoviyyət)” əsərinin geniş variantıdır.
[2] Həsən Raşedi, Torkan və bərrəsiye tarix, zəban və hoviyyəte anha dər İran, s. 11-12. Bu alıntı (iqtibas) Türkcədir. Yazar kitabına Türkcə “Başlanış” adlı kiçik bölüm və xeyli alıntı artırmışdır.
[4] Yenə orada, s. 70. Adı çəkilən tayfaların hamısının dillərinin iltisaqi dillər olması hələ də mübahisə mövzusudur. Amma onların qədim Farscanın da daxil olduğu təhlili (analitik) dillər qrupuna aid olmaması oturuşmuş fikirdir.
[5] Yenə orada, s. 100-101.
[6] Yenə orada, s. 19-23.
[7] Yenə orada, s. 236-240.
[8] Kəsrəvinin “Azəri dili” nəzəriyyəsi və başqa təhrifləri üçün baxın: Həsən Raşedi, Zəbane Azəri və təhrifate tarixiye Kəsrəvi, Varlıq, yaz 1353, sayı 132-1, s. 60-71.
[9] Həsən Raşedi, Torkan və bərrəsiye tarix, zəban və hoviyyəte anha dər İran, s. 115.
[11] Yenə orada, s. 75-117.
[14]Ayrıntılı bilgi üçün GünAzTv-nin İnternet səhifəsindəki “Məqalələr” bölümündə bu qeydlərin müəllifinin “Əhməd Ağaoğlu İran haqqında”, “Rəsulzadənin çağdaş “İran Türkləri”, “Rəsulzadənin çağdaş “Nizami”si”, “Təbrizli Əlinin harayı”, “Varlıq məktəbi” adlı məqalələrinə baxmaq olar.
[15] Həsən Raşedi, Torkan və bərrəsiye tarix, zəban və hoviyyəte anha dər İran, s. 36-37.
[18] Yenə orada, s. 275-306.