Pəhləvilər dövründə biçimlənmiş İranın rəsmi ideologiyası tarixə pərçimləndi, tarixçilk özü isə ifrat şəkildə siyasiləşdirildi. İndi də bu, davam etməkdədir. Fars olmayanları yox sayan bu ideologiya onları irqçi metodlarla Farslaşdırmaq məqsədi daşdı, bu irqçi mahiyyətini də heç gizlətmədi. Onillərlə bu siyasət dövlət büdcəsi hesabına beyinlərə yerləşdirildi, insanların tarix şüuru zəhərləndi. Nəticədə Farslar başqalarının haqqını tanımayan xəstə hala gətirildi, Fars olmayanların da bəlli kəsimi manqurtlaşdırıldı.
Bu irqçi siyasətə Türklər arasında çeşidli şəxsiyyətlər dirəniş göstərmiş, rəsmi tarixçiliyin qeyri-obyektivliyi, rəsmi ideologiyanın isə irqçi mahiyyəti çeşidli yönlərdən tənqid edilmişdir. Rəhmətlik Dr. Məhəmməd Tağı Zehtabi-Kirişçinin (1302/1923-1377/1998) ikicildlik “İran Türklərinin əski tarixi” adlı əsərinin rəsmi tarixçiliyin təkzibi (çürüdülməsi) sahəsində önəmli rolu vardır. Əsərin birinci cildi əski Azərbaycan əhalisinin etnik tərkibi, buradakı dövlətlər və mədəniyyətlər, İskəndərə qədərki dövrün siyasi və kültür hadisələri haqqındadır.[1] İkinci cild isə İskəndər dövründən İslamaqədərki siyasi, etnik-kültürəl proseslərə həsr edilmişdir.[2] Güneyli gənclər arasında bu kitabın inanılmaz yayğın və məşhur olması çoxdan insanları bezdirmiş rəsmi tarixçiliyə arternativ istəyindən doğmuşdur. Yazarın ilkin məqsədi də məhz elmi məsələlərə aydınlıq gətirməkdən daha çox, rəsmi tarixçiliyin yalanlarını çürütmək olmuşdur. Diqqəti çəkən əsas mövzular - Əhəmənilərdən (Həxamənişlərdən) öncə indiki İran coğrafiyasında diqqətədəyər dövlətlər və mədəniyyətlər yoxdumu, Həxaməniş dövləti həqiqətən rəsmi tarixçiliyin iddia etdiyi kimi möhtəşəm dövlət qurumu idimı, Partların (Əşkanilərin) etnik mənsubiyyəti nə idi, Sasani dövləti deyildiyi kimi model dövlətmi idi - kimi suallara aydınlıq gətirməkdir.
Həxamənişlərdən öncəki tarix
Rəsmi İran tarixşünaslığı, özəlliklə məktəblərdə öyrədilən tarix dərslikləri indiki İran coğrafiyasında tarixin Həxamənişlərlə başlandığını iddia edir, onun dışında burada diqqətçəkən dövlətlərin və mədəniyyətlərin olmadığını bildirir. İranın ilk, avtaxton əhalisinin Farsların babaları olduğu, Fars olmayan xalqların buralarda “gəlmə element” olduğu bildirilir. Dr. Zehtabinin əsərinin birinci məqsədi bu yalanı isbatlamaqdır. Yazar bugünkü tarix elminin tapıntılarına dayanaraq Pars tayfalarının gəlişinədək bu bölgədə 3500 illik möhtəşəm mədəniyyətlərin və dövlətlərin olduğunu incələyir. O yazır ki, “bu mədəniyyəti yaradanlar [indiki] İraqda Sumerlər, [indiki] İranın qərbi, mərkəzi, bütün [indiki] Azərbaycan və Xəzərin cənubunda Arattalar, İlamlar, Kassilər, Hurrilər, Quttilər, Lullubilər, Gilzanlar, Amerdlər, Kaspilər, Mannalar, Urartular olmuşlar.”[3] Əski tarix üzrə uzmanların böyük bir qrupu bu boyların (tayfaların) iltisaqi dillərdə danışdığını, onların Orta Asiyadan gəldiklərini təsbit etmişdir. Onların qonşuluğunda Sami xalqlar yaşamış, amma “Samilər tarix boyu İraq ərazilərindən şərq tərəflərinə irəliləyə bilməmişlər.”[4] Yazar iltisaqı dilləri “bugünkü Türk dilinin babası” adlandırır. Bu coğrafiyadakı əski tayfaların hamısının ilqisaqi dillərdə danışmağı, iltisaqi dillərin mütləq Türk dili olması haqqında dünya elmində bir-birindən fərqli fikirlər var. Amma Pars tayfalarının gəlişinədək burada Hind-Avropa dillər qrupuna aid olan xalqların yaşaması dünya elminə məlum deyil. Dr. Zehtabi burada mövcud olmuş Sumer, Akkad, İlam, Hit, Kassi, Hurri, Urartu, Assur mədəniyyətləri haqqında geniş elmi bilgi vermiş, əski dövr Azərbaycan ərazisində yaranmış mədəniyyət və dövlətləri, bu dövlətlərin qonşularla münasibətlərini incələmişdir.
Həxaməniş hakimiyyətinin xarakteri
Parsların miladdan təxminən 900 il qabaq indiki İran coğrafiyasına yerləşmələri, yəni buranın “avtaxton əhalisi” olmaması tarix elmi üçün bəlli bir hadisədir. Dr. Zehtabi yazır ki, Pasarqad qəbiləsinin başçılığı altında on Pars qəbiləsi şərqdən İran platosuna gəlmiş, onlardan oturaq həyat keçirən üçü indiki Fars əyalətində, qalan yeddisi Kirmanda yerləşmişdir. “Bu on Hind-Avropa dilli el, Firdovsinin “Şahnamə”də göstərdiyi kimi, İran filatına [platosuna] gəldikdə, tam ibtidai həyat keçirmiş və sakin olduqları İran yerlərində yüksək mədəniyyətə malik olmuş yerli iltisaği dilli xalqların: İlamlar, Kassilər, Ellipilərin neçə əsr rəhbərliyi altında yaşayaraq, onlardan mədəniyyət, qabaqcıl həyat və yaşayış, əlifba, yazı və sairə öyrənmişlər.”[5]
Rəsmi İran tarixçiliyi, ələcə də Avrosentrizm mövqeyində duran Avropa yazarları Həxaməniş dövlətinin yaranması, onun başında duran şahənşahlar haqqında həqiqətə uyğun olmayan əfsanələr uydurmuş, onu ilk dünya imperatorluğu kimi təqdim etmiş, Kuruş, Daryuş və başqa şahənşahları gücün, ədalətin simvolu kimi vəsf etmişlər. Dr. Zehtabi tarixi qaynaqlara dayanaraq Həxaməniş hakimiyyətinin yaranması hadisəsini, bu dövlətin qurucusu Kuruşun hakimiyyəti ələ almasını detalları ilə təsvir edir. Kuruşun sonuncu Mad (Midiya) imperatoru olmuş babası Astiyaqa xəyanəti və qiyamı, eləcə də özünün sonu - Massagetlərin qadın böyüyü Tomrisin qılıcının qurbanına çevrilməsi haqqında bölüm özəlliklə çağdaş oxucunun diqqətini çəkir. Zehtabinin kitabı Həxamənişlər haqqında yazılmış nağılların tarixi həqiqətlərdən uzaq olduğunu göstərir və İran rəsmi tarixçiliyinin bu yalançı tezisini alt-üst edir.
Partların etnik mənsubiyyəti
“İran Türklərinin Əski Tarixi”nin ikinci cildinin əsas mövzularından biri Partların etnik kimliyi məsələsidir. Yeni İran tarixçiliyinin banisi Həsən Pirniyanın Partları Arya irqindən sayması və onların Pəhləvi dilində danışdıqları tezisi ilə razılaşmayan Dr. Zehtabi, Yunan tarixçilərinin fikirlərini misal gətirir. Firdovsinin “Şahnamə”sində Əşkanilərə gərəkən diqqətin verilməməsi də sual doğuran məsələlərdən biridir. Yazar fikirlərinin sübutu üçün XIX yüzil tarixçisi Məhəmməd Həsən Xan Etimadüssəltənənin kitabındakı tezislərdən istifadə edir.
Dr. Zehtabi yazır ki, Əşkani hakimiyyətinin özəyini təşkil edən Dahi boyu Sakaların bir qolu idi və onların Türklüyü şübhə doğurmur. Dr. Zehtabinin İranda 477 il hakim olmuş Əşkanilərin etnik kimliyi barədə gətirdiyi dəlillər məntiqə dayanır. Onun Əşkani imperatorluğu (Parfiya) haqqında konsepti rəsmi tarixçiliyin baxışlarını ən azından şübhə altına alır və bu konseptə ciddi yanaşma tələb edir.
Sasanilərin “model dövləti”
Dr. Zehtabiyə görə, Sasanilər imperatorluğu (220-622) Əşkani dövlətindən fərqli olaraq zora dayanan hakimiyyət idi. Pars olmayan xalqların və tayfaların hüquqlarına hörmət edilmirdi.
Yazar Ərdəşirdən başlayaraq Sasanilərin Əşkani irsini məhv etmələri haqqında cürətli tezis irəli sürür. Bu faktı bəzi İran tarixçiləri də qeyd edirlər. Amma nə Dr. Zehtabi, nə də başqa tarixçilər, təəssüf ki, bu tezisin isbatı üçün dəlillər gətirmirlər.
Əsərdə Sasani dövründə bu coğrafiyaya yeni köçən Türk boyları haqqında qiymətli bilgilər var.
Kitabda Sasani hökmdarlarının Azərbaycana köçürdükləri Farsdillilər haqqında da geniş məlumat verilmişdir.
Dr. Zehtabi Həxamənişlər kimi Sasanilər dövlətinin də ləyaqətsizliklə sonuclandığını bildirir. O yazır: “Eyş-işrət, fitnə, əxlaqsızlıq, xəyanət, özündən başqa heç kimi görməmək, məqampərəstlik, millətləri hər cür milli hüquqdan məhrum etməkdən başqa bir şey bilməyən və düşünməyən hakimə heyətinin sonu bundan başqa cür ola bilməzdi. Əski İran tarixində bu ikinci dəfədir ki, daxili qüvvələrin əlindən, millətlərin əlindən hakimiyyəti alan Parslar, xarici düşmənlərin müqabilində müqavimət göstərmədən, müftəzehanə [biyabırçılıqla] və bi-abrucasına [abırsızcasına] özləri və məşuqələrini götürüb qaçmış və vətəni, xalqı və hakimiyyəti düşmənlərə təslim etmişlər.”[6]
Son söz
Dr. Zehtabi əsərinin ikinci cildini özü redaktə edə bilmədi, qələm dostları onun ölümündən sonra bu cildi çapa verdilər. Təbii, sağ olsaydı, bu kitab başqa şəkildə işıq üzü görəcəkdi. Bununla belə hər iki cild elmi cürətə və vətəndaş qeyrətinə sahib insanın yaratdığı əsərdir. Onun bu və ya başqa tezislərini şübhə altına almaq olar. Fəqət nə qədər ki, milli hərəkatımız məqsədinə çatmayıb, bu əsərin Fars irqçiliyinə zidd mahiyyəti bizim üçün daha önəmli sayılmalıdır.
Rəhmətlik Dr. Zehtabi özündən sonra Fars irqçiliyinin əsas tarix tezislərini çürüdən (təkzib edən) möhtəşəm abidə qoyub getdi. Bizim fikrimizcə, bu əsər gerçək, obyektiv yeni Azərbaycan tarixi konseptinin yaranmasına da önəmli töhfə verə biləcək nitəlikdədir.
[1] Məhəmməd Tağı Zehtabi (Kirişçi), İran Türklərinin Əski Tarixi, Birinci cild, Təbriz: Nəşre Əxtər, 1377, 880 s.
[2] Məhəmməd Tağı Zehtabi (Kirişçi), İran Türklərinin Əski Tarixi, İkinci cild, Təbriz: Nəşre Əxtər, 1379, 696 s.
[3] Məhəmməd Tağı Zehtabi (Kirişçi), İran Türklərinin Əski Tarixi, Birinci cild, s. 2.
[6] Məhəmməd Tağı Zehtabi (Kirişçi), İran Türklərinin Əski Tarixi, İkinci cild, s. 569.
Prof. Nəsib Nəsibli, nnassibli@yahoo.com