iranda “Azəri” konsepti
Bəllidir ki, pan-İranizmin Azərbaycana baxışının formalaşmasında tarixçi Seyid Əhməd Kəsrəvi-Təbrizinin “Azəri,ya zəbane bastane Azərbayqan” adlı kitabının mühüm rolu oldu.[1] Bu kitabda Kəsrəvi Fars şovinizmi ideyalarını əsaslandırmaq üçün ixtiyari seçdiyi bəzi Ərəb mənbələrinə müraciət etmiş, yanlış nəticələr çıxarmışdır.[2] Bu kitabın ana ideyası aşağıdakılardır: İranın başqa əyalətləri kimi Azərbaycanın da qədin avtoxton əhalisi Arilər olmuşdur; Azərbaycan əhalisi İran dillərindən birində - “Azəricə” danışmışdır; İranın bu bölgəsinə Türk tayfalarının Səlçuqlularla başlanan yürüşləri nəticəsində Türk dili zorla 70 il ərzində yerli əhaliyə qəbul etdirilib. Bu tezisin məqsədi Azərbaycan Türklərində öz kökləri ilə bağlı şübhə, aşağılıq kompleksi yaratmaq, Azərbaycan əhalisini Farslaşdırmaq “gərəkliyini” əsaslandırmaq olmuşdur.
Maraqlıdır ki, İranda Türkləri etnik varlığından qopardıb, “əsil İranlı” yapmaq siyasəti ilə paralel olaraq Sovet Azərbaycanında da xarakter baxımından eyni siyasət yürüdüldü.
Sovetlərin “Azərbaycanlı” konsepti
1937-ci ildə Stalinin əmri ilə etnosun (Türklərin) və onun dilinin (Türkcənin) adı dəyişdirildi. Türklər özlərini artıq “Azərbaycanlı” adlandırmalı, danışdıqları dili də “Azərbaycan dili, Azərbaycanca” saymalı idilər. Təkcə “Türk” adı yasaqlanmırdı, yəni bu, mexaniki addəyişmə deyildi. Həm də Türkləri öz keçmişindən qopartmaq, onları buradakı “yerli” etnoslarla qarışdırıb, onların içində əritmək, yeni bir xəlitə düzəltmək lazım idi. Bu yeni xəlitə öz ata-babalarını əski və orta çağlar Türk yurdlarında deyil, Midiyada axtarmalı idilər.[3] Başqa sözlə, yenicə yaranmış bu “Azərbaycanlılar” keçmişlərini ümumtürk tarixində deyil, məhdud bir coğrafiyanın (Azərbaycanın) tarixində axtarmalı idilər.Bu məqsədə uyğun olaraq yeni etnik konsept – “Azərbaycanlı” konsepti quraşdırıldı. Bu konseptə görə, miladdan öncə IV yüzildə İran tayfalarından ibarət “Atropaten xalqı” (Güneydə) və miladdan öncə III yüzil-miladdan sonra VI yüzillərdə Qafqaz tayfalarından ibarət “Alban xalqı” (Quzeydə ) adlı formalaşmış etno-sosial birliklər mövcud imiş; XI yüzildən buralara yerləşmiş Oğuzlar (Səlçuqlar) və başqa Türk tayfaları onların dillərini dəyişmişlər; bu “sploşnaya tyurkizasiya” (başdan-başa Türkləşmə) sürəci XIV-XV yüzillərə qədər davam etmişdir.[4] Tam cəfəngiyyat və paniranizmin dəyişik formasından ibarət olan bu konsept Quzey Azərbaycanın rəsmi tarixçiliyində indi də yer almaqdadır.[5]
Sovet hakimiyyətinin tarix elmi üzərində tam nəzarətinin olduğu, Türklük üzərinə tabu qoyulduğu bir şəraitdə milli ziyalıların seçim imkanları məhdud idi. Bu zor şərtlərdə tarixçi və dilçilərin milli hissəsi Azərbaycan coğrafiyasında çeşidli qaynaqlarda adı keçən boyların etnik kimliyini müəyyən etmək üçün mücadilə apardılar. Bu mücadilə özəlliklə 1980-ci illərdə inadlı xarakter aldı. Şumer, Kimmer, Lullubi, Kuti, Massaget, Skif, Buntürk, Bulqar, Kəngər, Barsil, Hun, Sabir, Xəzər kimi soy və soy birləşmələrinin miladdan öncəki yüzillər də daxil olmaqla çeşidli zamanlarda indiki Azərbaycan coğrafiyasında görünmələri, ya yerləşmələri haqqında onlarla monoqrafiya və məqalə işıq üzü gördü.[6] Son 20-30-il Azərbaycan Türklərinin etnogenezinin öyrənilməsində mühüm bir mərhələni təşkil edir. Müsbət tərəfləri ilə yanaşı, onu vurğulamağa məcburuq ki, bu araşdırmalar coğragiyaya ifrat bağlılıq və “əzəlçilik” (primordial) bəlasından qurtula bilməmişdir. Bu, fövqəladə önəmli elmi problemin tam həlli haqqında danışmaq hələ mümkün deyildir.
Güneydə Türkçülər arasında iki cərəyan
Azərbaycan Türklüyünün etnogenezi məsələsi Güney Azərbaycan milli fikrini məşğul edən əsas məsələlərdəndir. Bu məsələdə iki yanaşma – populyar-təbliğati və obyektiv-elmi baxış öz əksini tapmışdır. Birincilər Azərbaycan Türklüyünün tarixini elmə məlum olan, ancaq etnik mənsubiyyəti hələ tam müəyyənləşdirilməmiş ən qədim tayfalar – Kutlar, Lulubeylər, Madlar (Madaylar) və başqaları ilə bağlayır, bu yolla paniranizm və Fars irqçiliyinin əsas tezislərindən birini çürütməyə çalışırlar.[7]
Türklərin etnogenezi və tarixi haqqında obyektiv-elmi yazılarda göstərilir ki, mütləq mənada avtoxton əhali/xalq yoxdur, çağdaş xalqların hamısı etnik tarixlərinin müəyyən mərhələsində bir yerdən başqa yerə köçmüş, həmin yerlərdə özlərinə vətən qurmuşlar. Bugünkü İran ərazisində yaşayan başqa xalqlar, bu sıradan elə Farsların özü də, Türklər kimi buraya başqa yerlərdən köçmüşlər. Bu da nəinki mütəxəssis tarixçilərə, hətta Türklərin “yad və gəlmə” olmalarını iddia edən şovinistlərə belə bəllidir. Bir sıra maraqlı məqalələr müəllifi mərhum Dr. Həmid Nitqi Türkiyə tarixçisi Doğan Avcıoğluya istinadən yazırdı: “Dünya millətlərinin çox cüzi hissəsi öz ilkin ərazilərində yaşamaqdadır və hazırda sakin olduqları ərazilərin etnos adlandırdığımız yerli əhalisinə nadir hallarda rast gəlmək olar. Etnosların çoxu miqrasiyalar, hazırkı ərazinin – bugünkü vətənlərinin əhalisi ilə qarışma nəticəsində formalaşmışdır.”[8]
Azərbaycanın qədim “Farsdilli” sakinləri ilə bugünkü Türkdilli əhalisi arasında iki min ildən çox keçməsinə baxmayaraq, onlar arasında bərabərlik işarəsi qoyan elmdən uzaq tezisə cavab olaraq Varlıq dərgisinin naşiri və baş redaktoru Dr. Cavad Heyət yazır ki, Əhməd Kəsrəvinin “Azəri dili” haqqında kəşfi doğru olsa belə, o bugünkü Azərbaycan əhalisinin varlığına kölgə sala bilməz. Çünki “İranın çağdaş Türkdilli əhalisi elm tərəfindən kimliyi (etnik mənsubiyyəti) dəqiq müəyyən edilməmiş tayfa və qəbilələrin tarixi deyil, Mərkəzi Asiya və qonşu regionlarda böyük dövlətlər qurmuş, mədəniyyətlər yaratmış qədim Türklərin (Hunlar, Savirlər, Xəzərlər, Göytürklər, Uyğurlar və b.) tarixini nəzərdə tutur.” Başqa sözlə, Dr. Cavad Heyətə görə, ərazinin deyil, bu regionun çağdaş əhalisinin tarixinin araşdırılıb, izlənməsi gərəkli sayılır. Mərhum Əli Kamali yazırdı: “Türkün babaları və iyidləri keçən qərinələrdə Xanbalığından [Pekindən] girib, Dehlidən çıxıblar, Rusiyada vurub, Otrişdə [Avstriyada] tutublar, Hindistanda bütləri sındırıb, Bağdada göndəriblər, Macarıstana ayaq qoyub, Xarəzmdə qurultay qurub, Qəznədə, Dehlidə, Carcaniyədə, Pekində, Marağada, Sultaniyyədə, Bağdadda, Şirazda, Kirmanda, Təbrizdə, İstanbulda, Pənahabadda, İsfahanda, Ankarada, Qahirədə taxta oturublar.”[9]
Çağdaş Azərbaycan Türklüyünün etnogenezi məsələsinə toxunan yazıların əksəriyyətində doğru olaraq göstərilir ki, bu problemi ancaq ümumtürk etnogenezi çərçivəsində həll etmək mümkündür. Problemin araşdırılması əsasən qədim Türklərin ilkin vətəninin (oykumeninin) lokalizasiyası məsələsi ilə başlanır və Türk oykumeninin Altay dağları, Altay-Ural hövzəsi olduğu təxmin edilir. Bu bölgədə Hun boylarının miladın ilk yüzillərində böyük imperatorluq qurması, İslamın zühuruna qədərki dövrdə onların Mərkəzi Asiyada hakim siyasi qüvvə olduqları, 552-ci ildə əsası qoyulmuş Göytürklər dövləti, bu dövlət birləşməsində başqa Türk boyları – Uyğurların (744-cü ildə) və Qırğızların (840-cı ildə) hakimiyyəti ələ keçirməsi, 925-ci ildə Moğolların hücumları, yerli Türklərlə onların etnik yaxınlığı və Türk boy bəylərinin yeni dövlətin ali hakimiyyətində iştirakından bəhs edilir.
“Azərbaycanın Türk yurduna çevrilməsi” deyilən məsələdə dünya Türkologiyasındakı fikir ayrılığı və mübahisələr Güney aydınları üçün də səciyyəvidir. Xüsusən bu, Azərbaycanda Türklüyün aparıcı elementə çevrilməsi dövrünə aiddir. Məsələn, Dr. Həmid Nitqi “Qafqaza və İrana Oğuz, Qıpçaq tayfalarının kütləvi surətdə gəlmələri və bu ərazidə əsrlər boyu yaşayan Türkdilli tayfalarla qaynayıb-qarışmaları” nəticəsində miladın VII-X yüzillərində Azərbaycanda Türklərin əsas elementə çevrildiyini və Azərbaycanda Türk dilinin formalaşdığını göstərir. Mərhum Dr. Məmmədtağı Zehtabi yazır ki, “miladdan əvvəl Xəzərin şimalından Qafqazın cənubuna axıb yerləşmiş Qıpçaq Türkləri ilə təzə Azərbaycana gəlmiş Oğuz Türkləri qarışır və Azərbaycanda tədriclə əksəriyyət təşkil edib, hökumətlər qurmağa başlamışlar”, ancaq “X əsrə qədər Türklər Azərbaycan torpaqlarında əksəriyyət təşkil etməmişlər.” Dr. Cavad Heyət isə hesab edir ki, “Azərbaycan çox qədimdən Türk el-tayfalarının yurdu olmuş, şimal hissəsi miladın yeddinci əsrində və cənub hissəsi də 11-13 miladi əsrlərdə, yeni gələn Türk ellərinin bu ölkədə yerləşmələrilə bütövlüklə Türkləşmiş və Türk dili ümumxalq dili halına gəlmişdir.”
Türklərin kütləvi axınının İrana “bədbəxtliklər gətirdiyini” iddia edən irqçi müəlliflərə cavab olaraq Dr. Cavad Heyət, Dr. Həmid Nitqi və b. IX yüzilin sonlarından etibarən 900 il hakimiyyət başında olan Türk hökmdarlarının 270 il hakim olan Fars hökmdarları müqabilində İran tarixində böyük yeri olduğunu qeyd edirlər. Cavad Heyət göstərir ki, Oğuz Türklərinin İrana gəlişi “İslam aləmini Bizanslıların hücumlarından qurtardı, üstəlik, onlar Kiçik Asiyanı Bizanslılardan aldılar və özləri üçün İslam vətənini yaratdılar.” Başqa bir məqaləsində isə Cavad Heyət Səfəvilərin İran tarixində oynadığı roldan bəhs edərək yazır ki, “Şah İsmayıl Türk olmasına və Türkcə şeir yazmasına baxmayaraq, İranın istiqlaliyyəti uğrunda Osmanlı Türkləri ilə vuruşurdu, özü də ətrafdakılar ona mane olmasaydılar canını belə bu yolda qurban verəcəkdi.”
İrqçı müəlliflərə cavab olaraq tarixi mövzulara həsr olunmuş yazılarda göstərilir ki, Türklərin, eləcə də Moğolların İrana kütləvi köçündən sonra siyasi hakimiyyəti ələ almış Türk hökmdarları nəinki Fars dilini sıxışdırmamış, əksinə, bu dilin dövlət idarələrində işlənməsinə, ədəbi əsərlərin Ərəbcə deyil, məhz bu dildə yazılmasına şərait yaratmış, hətta onlardan bəziləri (Məlikşah, Sultan Səncər və b.) Farsca şeir yazmışlar. Dr. Cavad Heyət yazır: “Heç kəs Fars dilinin İrana xaricdən, yəni Ceyhunun o tərəfindən Qəznəvi və Səlçuq Türkləri vasitəsilə gəldiyini, Türk sultanlarının qüdrəti ilə İranın, Kiçik Asiyanın və Hindistanın rəsmi və ədəbi dilinə çevrildiyini və sonralar Türkdilli klassik şairlərin həmkarlığı ilə ədəbi dil səviyyəsinə yüksəldiyi faktını inkar edə bilməz.”
Bir sözlə, İslam inqilabından sonra Türkçü yazarlar milli fikirdə tarixi keçmiş konseptinin formalaşmasında mühüm rol oynamışlar. Bu konseptin əsas müddəaları bunlardır: Qədim Türklər kimi Farslar və b. da tarixin bəlli dövrlərində İran coğrafiyasına köçmüşlər; Türklərin etnogenezinin hələ yaxşı öyrənilməməsi onların Azərbaycanda ilk dəfə nə vaxt məskunlaşması haqda tutarlı fikir söyləməyə imkan vermir, ancaq rahatlıqla iddia etmək olar ki, Türklər miladın başlarından çağdaş Azərbaycan ərazisində yerləşməyə başlamışlar; Türklərin Mərkəzi Asiyada başlanan qüdrətli və köləlik tanımayan tarixi ilə bu tarixi yaradanların varisləri fəxr etməlidirlər; Ərəb hakimiyyətindən sonra İranın ali hakimləri olan Türk hökmdarları Fars dilinin dövlət idarələri və mədəni həyatda işlədilməsini təmin etmişlər.
Son söz
Tarixi keçmiş, özəlliklə əski tarix məsələlərini siyasiləşdirmək doğru deyildir. Bu, elmi məsələ olaraq öyrənilməli, hər bir vətəndaşın təbii istəyini qarşılamalıdır. Azərbaycanda, ya başqa ölkədə hansı etnik birliyin birinci yerləşməsi, yaxud onun “avtoxton” olmasının heş bir siyasi anlamı yoxdur. Əslində “avtoxton”luq deyilən, ən əski yerli əhali anlamı nisbidir, çünki bu “avtoxton”dan öncə də həmin coğrafiyada başqa fərqli etnik birlik məskunlaşmışdır, ya məskunlaşa bilər. Türklüyə “əzəlçilik” konseptini sırımış Fars və Erməni etnoslarının özləri də bu coğrafiyaya başqa yerlərdən köçmüşlər və onlar da eyni məntiqlə buralarda “yad element” sayıla bilər.
Quzey Azərbaycandakı “Azərbaycanlı”, Güneydə isə “Azəri” konseptləri elmi konseptlər deyil, burada Türklüyün milli şüura sahib olması qarşısına dikilmiş hələlik keçilməz sədlərdir.
Azərbaycanda Türk varlığı haqda Türkçülüyün hər iki yanaşmasının – elmi-obyektiv və elmi-təbliğati yaşamaq haqqı var. Özəlliklə Fars irqçiliyinə dirəniş forması kimi ikincinin Güneydə böyük önəmi vardır.
[1] [Seyyid Əhməd] Kəsrəvi-Təbrizi, Azəri, ya zəbane bastane Azərbayqan, çape dovvom, Tehran: Taban, 1317.
[2] Kəsrəvinin yanlış araşdırma metodu və nəticələri haqqında, məsələn, baxın: Seyidağa Onullahi, İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılması və M. Azərli, Azərbaycan dili haqqında ərəbdilli mənbələrdə verilən məlumatların bəzi İran alimləri tərəfindən saxtalaşdırılması, Ə. Sumbatzadə (red.), Azərbaycan ın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, Bakı: Elm, 1978, s.141-158, 168.
[3] Çox sonralar Prof. Süleyman Əliyarlı Stalinin “sizin ulu babalarınız midiyalılardır” göstərişi haqqında yazacaqdı: “Bununla sanki ağzımızı dağa dirədilər, get, ara görüm, ulu babalarını indi necə və harada tapacaqsan!” Süleyman Əliyarov, Bizim sorğu: tariximiz, abidələrimiz, dərsliklərimiz, Azərbaycan, N 7, 1988, s. 175.
[4] Məsələn, baxın: Играр Алиев, Очерк истории Атропатены, Баку: Азербайджанское Государственное Издательство, 1989; Fəridə Məmmədova, Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993.
[5] Bu konseptlərin tənqidi haqqında baxın: Saleh Muhammedoğlu (Aliev), Azerbaycan Türklerinin Etnik Menşeine Dair Üç Ana Görüşün Eleştirisi, Türk Dünyası Araştırmaları, sayı 116, Ekim 1998, s. 91-104.
[6] Məsələn, baxın: Azərbaycan filologiyası məsələləri, Bakı: Elm, 1983 (I buraxılış), 19984 (II buraxılış), 1991 (III buraxılış;); М. Исмаилов (ред.), К проблеме этногенеза азербайджанского народа, Баку: Элм, 1984; Mahmud İsmayıl, Azərbaycan tarixi, Bakı: Azərnəşr, 1993; Süleyman Əliyarlı (red.), Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər, Bakı: Azərbaycan nəşriyyatı, 1996.
[7] Baxın: http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2326-DR-ZEHTABININ-CURUTMESI.html/inner/1
[8] http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2315-VARLIQ-MEKTEBI.html/inner/1