GünAzTv: Rusiya prezidenti Dmitri Medvedyev sentyabrın 2-3-də Azərbaycana səfərində ikitərəfli ticari-iqtisadi əməkdaşlığı, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə edəcək.
Rusiya prezidentinin köməkçisi Sergey Prixodko belə deyib. Onun sözlərinə görə, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq.
GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə,Rusiya prezidenti Bakıya bu gün gələcək. O, Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Axşam dövlət başçısının şərəfinə şam yeməyi veriləcək.
Sentyabrın 3-də Azərbaycan və Rusiya prezidentləri əvvəlcə təkbətək, sonra geniş tərkibdə danışıqlar aparacaqlar. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq.
Dmitri Medvedyev Bakı Dövlət Universitetində olacaq. Ona bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu veriləcək.
Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bəzi regionların, o cümlədən Dağıstan və İnquşetiyanın rəhbərləri, iş adamları, o cümlədən, “Qazprom”un başçısı Aleksey Miller müşayiət edəcək.