Zəngin tarixi və ənənələri olan, bir aydan sonra 100 yaşını qeyd edəcək futbolumuz dünya səviyyəli oyunçular, məşqçilər və hakimlər yetişdirib. Onlardan biri də SSRİ-nin əməkdar idman ustası, dördqat SSRİ çempionu, veteran futbolçu Ələkbər Məmmədovdur. Bu gün ömrünün 81-ci baharına qədəm qoyan dünya şöhrətli futbolçu həyatının 31 ilini bu böyük oyuna həsr edib.
17 yaşından Bakının “Neftçi” klubunda debüt edən Ələkbər Məmmədov ötən müddət ərzində paytaxt təmsilçisi ilə yanaşı, Moskva “Dinamo”su və SSRİ yığma komandasının da şərəfini qoruyub. Ələkbər Məmmədov həyatının “Milan” dövrünü çox yaxşı xatırlayır. Ələlxsus o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş İvan Serovun sözlərini. Söhbət 1955-ci ilin 4 sentrabr tarixində baş tutmuş tarixi İtaliya səfərindən gedir.
“Beriya ondan qabaq DTN sədri işləyirdi. O, bizə demişdi ki, mütləq səfərdə “Milan”la oyunda qələbə qazanmaq lazımdır. İndi belə demirlər, belə şey başa düşürəm ki, yoxdur. Amma SSRİ də belə məsələlər var idi. Bütün bunlara görə də qorxu var idi. “Milan”la oyunda birinci qolu onlar vurdular. Həmin oyunu 100 mindən çox tamaşaçı izləyirdi. İş elə gətirdi ki, mən 4 qol vurdum. Bu bir tərəfdən sensasiya idi”, - deyə Ələkbər Məmmədov xatırlayır.
Ələkbər Məmmədov Moskva “Dinamo”sunun şərəfini qoruduğu 1954-59-cu illərdə heç vaxt özünü moskvalı kimi hiss etməyib. O həmişə “Neftçi” klubunun, Respublika yığmasının çıxışlarını izləmək imkanına malik olub. “Dinamo” heyətində yerini tapan Ələkbər Məmmədovu azərbaycanlılar da daim diqqət mərkəzində saxlayıblar. Xalq şairi Səməd Vurğun, yazıçı İmran Qasımov, bəstəkar Qara Qarayev və Azərbaycanın digər görkəmli xadimləri futbolçuya dəstək olublar. İşinin peşəkarı olan futbolçu məşqçilik fəaliyyətinə də erkən başlayıb. 32 yaşında ikən Ələkbər Məmmədov “Neftçi” komandasını çempionata hazırlayıb. Hücum futbolu oynayan komandamız 1963-cü ildə onun rəhbərliyi altında çempionatı 5-ci yerdə başa vurub. Məmmədov 1966 -cı ili qızıl hərflərlə Azərbaycan futbolu tarixinə yazdıran flaqmanımızın canlı şahidi olub. Həmin il “ağ-qaralar” mövsümün son matçında Moskva “Spatak”ını məğlub edərək, tariximizdə ilk dəfə SSRİ çempionatının bürünc medalını qazanıblar. Bəs görəsən müstəqillik dövrünü yaşayan futbolumuza daha irəli getmək üçün nə çatışmır? Komandamızın məğlub durumunu görəndə Ələkbər Məmmədov hansı hissləri yaşıyır?
“Yığmamızda stabillik yoxdur. Bizim yığma komanda çox güclü Türkiyə komandası ilə oyunda qələbə qazandı. Ondan sonrakı oyunlarda həmin istəyi nümayiş etdirə bilmədi. Futbolçularla işləmək, onların arasında olmaq lazımdır”, - deyə Ələkbər Məmmədov qeyd edib.
Ümumiyyətlə, ulduz futbolçular yetişdirmək, Azərbaycan futboluna istedadlar bəxş etmək flaqman üçün adət-ənənə halını alıb. “Neftçi”də 60-cı illərdə Anatoli Banişevski, Kazbek Tuayev və Eduard Markarovdan ibarət “üçlük” mövcud idi. 80-ci illərdə “Neftçi” digər triosu ilə rəqiblərini lərzəyə salıb. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio bütün SSRİ-də məşhur olub. Bu möhtəşəm “üçlük” istənilən oyunun taleyini həll etməyə qadir idi. İndiki nəsildə barmaqla göstəriləsi triolar olmasa da, hər halda oyunu xoş təsir bağışlayan futbolçular var.
“3-4 nəfər yaxşı oynayanlar var. Bunlar Əfran İsmayılov, Rauf Əliyev, Kamran Ağayev və Rəşad Sadıqovdur. Bizim uşaqlar ayrı komandalara dəvət almırlar, güclü komandalarda oynamırlar. “Neftçi”ni təbrik edirəm, çempion olublar. Çempion da olsa, baxmaq lazımdır neçə nəfər verirlər yığma komandaya”, - deyə Ələkbər Məmmədov bildirib.
Azərbaycan futbolunun ağsaqqalı bu gün də aktiv fəaliyyətdədir. Azərbaycan Dövlət Neft Akademiyasının idman kafedrasının müdiri gənc nəslin asudə vaxtını mənalı keçirməsi üçün bacardığı köməkliyi göstərir. Ələkbər müəllimin əməli işini mini-futbol meydançasının nümunəsində görmək olar. Cavanların gecə-gündüz top qovacağı bu meydançanı isə veteranımız dost-tanışa güvənərək yaratmaqadır. İşin avand olsun ağsaqqal!