Qadın boksçularımız mayın 24-dən 30-a kimi Lənkəran Olimpiya Kompleksində Rusiya milli komandası ilə birgə təlim-məşq toplanışı keçəcəklər. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, şimal qonşumuzun baş məşqçisi Viktor Lisitsin Azərbaycana 5 boksçu gətirəcək.
Bunlar Avropa çempionu, Dünya çempionatının gümüş mükafatçısı Yelena Saveleva (51kq), iki qat Dünya və Avropa çempionu Sofya Oçiqava (60 kq), Avropa çempionu Nadejda Torlopova (75 kq) və İrina Poteyevadır. Qeyd edək ki, adı çəkilən boksçular bu günlərdə Novosibirskdə başa çatan Rusiya çempionatında da uğurla çıxış ediblər. Toplanışda milli komandamızı baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında 3 idmançı – Ayzanat Hacıyeva (60 kq), Əzizə Abbasova (51 kq) və Yelena Vıstropova (75 kq) təmsil edəcək.
Qeyd edək ki, Vıstropova bu günlərdə Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə qızıl medala layiq görülüb. Hacıyeva isə həmin yarışı 3-cü yerdə başa vurub. Olimpiya oyunlarında qadın boksunda yarışlar 3 çəki dərəcəsində - 51, 60 və 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.