"Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirsə də, son turlar oynamaq şansı qazandı. 26 yaşlı futbolçu verilən şansdan səmərəli istifadə etdi və yenə milli komandaya dəvət aldı. “Neftçi” ilə müqaviləsi bitən Ruslan Əmircanov arxada qalan mövsümü dəyərləndirməklə yanaşı, gələcək planları ilə bağlı Premyerliqa.az saytına müsahibə verib.
Ruslan, son turlar şans qazandın və oyunun yaxşı alındı...
Uzun müddət idi ki, oynamaq şansı qazanmırdım. Amma çempionluq rəsmiləşəndən sonra Arif Əsədov oynamağım üçün şərait yaradacağını demişdi. “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran”la oyunlarda meydanda oldum. Əlimdən gələni etdim və ciddi səhvlərə yol vermədim. Bəzi mövqe səhvləri var idi. Bu da oyun təcrübəmin az olması ilə əlaqədardı.
Milli komandaya namizədlərin açıqlandığı ilkin siyahıda adın yox idi. Sonradan bəzi futbolçuların zədəli vəziyyətə düşməsi sənin yığmaya çağırılmağınla nəticələndi. Buna münasibətin necə oldu?
Foqts oyunlarımızı izlədiyindən düşünürdüm ki, dəvət alanlar arasında mənim də adım olacaq. Yəqin ki, oyun təcrübəm az olduğundan çağırılmamışdım. Təbii ki, başqa futbolçuların yerinə dəvət almağım mənə xoş deyil. Amma digər tərəfdən, bu, mənim üçün fürsətdi. Toplanışda özümü yaxşı tərəfdən göstərib, Qazaxıstanla oyunda əsas heyətdə yer almağa çalışacağam.
Razılaş ki, “Karvan”da, “Standard”da gördüyümüz Ruslanı “Neftçi”də görmürük...
Razıyam. Hərdən uşaqlar da deyirlər ki, əvvəlki Ruslan deyilsən. Lakin düşünürəm ki, özümə inam hissimi qaytaracağam.
“Neftçi” ilə müqavilən sona çatır. Gələcək planların necədi?
Hazırda milli komandanın düşərgəsindəyəm. Yığmanın heyətindən qayıdan kimi, rəhbərliklə görüşüb, söhbət edəcəyəm. “Neftçi”də oynamaq həmişə arzum olub. Rəhbərlik çempion heyəti saxlamaq istəyir. Mən də “flaqman”da qalmaq istəyirəm və yeni müqavilə imzalamağa hazırlaşıram. Son 3 oyundakı çıxışımla sübut etdim ki, “Neftçi”yə layiqəm.
Bu mövsüm meydana nadir hallarda çıxırdın. Gələn mövsüm də belə vəziyyətə düşə biləcəyin səni narahat etmir?
Özümə inanıram. Axırıncı oyunlardan sonra gördüm ki, Arif Əsədov mənə inanır. Növbəti mövsüm mütləq mütəmadi oynamağa çalışacağam.
Azərbaycanlı futbolçulara az etimad göstərilir və bəzi mütəxəssislər yerli futbolçuların öz üzərində işləmədiyini deyirlər, əcnəbilərə üstünlük verirlər. Bu məsələyə münasibətin necədi?
Yerli futbolçulara güvənin az olması barədə dəqiq heç nə deyə bilmərəm. Ola bilər ki, bəzi yerli futbolçular şans qazandığı məqamda etimadı doğrultmurlar və ona görə məşqçilər əcnəbilərə üstünlük verir. Mən öz üzərimdə çox çalışıram. Rusan Abışov, Tərlan Quliyev, Amit Quluzadə, Araz Abdullayev, Mirhüseyn Seyidov və digər futbolçularla birlikdə məşqdən sonra qalıb əlavə çalışırıq. Sadəcə, futbolçular fərqli olurlar. Elələri var ki, məşqdə Ronaldo, Messi kimi oynayırlar, amma oyuna çıxanda heç nə edə bilmirlər. Amma eşitdiyimə görə, Yunis Hüseynov, Vidadi Rzayev kimi futbolçular məşqlərdə az çalışırdılar. Lakin oyunlarda qarşısıalınmaz idilər.
Ruslan, uzun məsafəyə yaxşı diaqonal ötürmələr vermək bacarığına maliksən. Bu oyun komponenti üzərində məşqlərdə işləyirsən?
Bəli. Hər məşqdən sonra müxtəlif təmrinlər üzərində işləyirəm. Həftənin bir günü sırf cinahdan-cinaha üzün ötürmələri yerinə yetirmək üçün çalışıram.