Azərbaycanda 2010/2011 futbol mövsümü başa çatır. Komandalar bir müddət istirahətdən sonra yeni mövsümün və Avropa kuboklarının hazırlıqlarına başlayacaq. Klublarda dəyişikliklər də istisna deyil. Kimi heyətində islahatlar aparacaq, kimi baş məşqçisini dəyişəcək.
Ötən yazıların birində istefaya göndərilə biləcək məşqçilərlə bağlı yazı yazmışdıq. Və onlardan artıq biri öz təsdiqini tapıb. Belə ki, «Turan» türk baş məşqçisi Naci Şensoyla yollarını ayırıb.
Budəfəki yazıda isə uzun müdətdi işsiz olan yerli mütəxəssislərlə bağlı gözlənilən dəyişiklikləri qələmə alacağıq. «Bu fasilədə kimlər özünə iş yeri tapa bilər» sualına cavab tapmağa çalışacağıq.
Əsgər Abdullayev autsayder klubda
Hələlik yenidən fəaliyyətə başlaması ən çox gözlənilən mütəxəssis Əsgər Abdullayevdir. Azərbaycan milli komandasına başçılıq etmiş Abdullayevin son iş yeri «Olimpik-Şüvəlan» (indiki AZAL) olub. Bu komandadan istefaya göndərilən 51 yaşlı mütəxəssisin adı həmin vaxtdan bir çox klubla yanaşı çəkilsə də, hələ də işsizdir.
Amma Abdullayevin işsiz günləri bitir. Belə ki, o, Naci Şensoy və Asim İbrahimovun gedişindən sonra başsız qalan «Turan»dan təklif alıb. Artıq tərəflərin razılığa gəldiyi və Abdullayevin yaxın günlərdə Tovuz klubu ilə rəsmi müqaviləyə imza atacağı deyilir.
Böyükağa Hacıyev debütantı çalışdıracaq?
Yaxınlarda yeni iş yeri tapması gözlənilən mütəxəssislərdən biri də Böyükağa Hacıyevdir. «Bakı» ilə Azərbaycan çempionu olmuş məşqçinin son iş yeri «Standard» olub. Artıq tarixin arxivinə qovuşmuş klubda adı bir sıra qalmaqallara qarışan və komandanı Premyer Liqada saxlaya bilməyən Hacıyev bir ildir ki, işsiz qalıb.
Azərbaycan çempionun yaxın günlərdə fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar var. Belə ki, onun bu mövsüm I divizionda 2-ci pilləni tutub, Premyer Liqaya vəsiqə qazanmış «Rəvan»a başçılıq edəcəyi deyilir. «Rəvan»ı Premyer Liqaya çıxaran Vladislav Qədirovla yollarını ayırmağa hazırlaşan klub rəhbərliyinin artıq Hacıyevlə razılığa gəldiyi deyilir.
Ağasəlim Mircavadov «Abşeron»da?
İşsiz mütəxəssislərimizdən biri də Ağasəlim Mircavadovdur. Öləkənin ən titulu məşqçisi, «Qarabağ», «Şəmkir», «Neftçi» və «Xəzər Lənkəran»la 5 dəfə Azərbaycan çempionu olmuş, 2 dəfə «Birlik Kuboku»nu qazanmış 64 yaşlı mütəxəssis ötən yay «Xəzər Lənkəran»dan istefaya göndərilib və həmin vaxtdan heç bir yerdə fəaliyyət göstərmir.
Mircavadovun adı bu günə qədər bir çox klublarla yanaşı çəkilib. Onun «Bakı» və «İnter»ə baş məşqçi təyin olunacağı barədə xəbərlər yayılsa da, sonradan təsdiqlənməyib.
Bu dəfə isə Ağasəlim bəyin «Abşeron»u çalışdırmaq istədiyi deyilir. Düzdü, klub rəhbərliyi komandanı I divizionun qalibi edən və Premyer Liqaya çıxaran Mirbağır İsayevdən razı olduğunu dəfələrlə açıqlayıb. Lakin gənc mütəxəssisin tezliklə istefaya göndəriləcəyi və «Abşeron»un Mircavadova tapşırılacağı ilə bağlı iddialar var.
Hüseynovdan Diniyevə qədər…
İşsiz olan mütəxəssislərin sırasında ən tanınmışlarından biri də Yunis Hüseynovdur. «Karvan» və «Standard»dakı işi ilə diqqətləri çəkən gənc mütəxəssis ötən mövsüm «Karvan»ı elitada saxlaya bilmədi və postundan ayrıldı. Həmin vaxtdan işsiz olan Yunis bəyin bu yay yeni iş yeri tapması istisna deyil. «Turan»la anlaşa bilməyən mütəxəssisin Premyer Liqa klublarıdan birinin başına keçməsi, hətta xaricə üz tutması gözlənilir. Hər halda, bir müddət əvvəl Hüseynov xaricdə işləməyə yaxın olduğunu bildirib.
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev də işsizlər sırasındadır. Rusiyanın «Terek» klubundan ayrıldıqdan sonra işsiz qalan mütəxəssis vaxtı ilə Premyer Liqada «Gəncə» və «Qarabağ» kimi klubları çalışdırıb. Onun adı bir müddət əvvəl «Neftçi» ilə yanaşı çəkilsə də, Diniyevin Azərbaycan çempionuna başçılıq etməsi gözlənilən deyil. Amma Şahin bəyin yaxın vaxtlarda özünə yeni iş yeri tapması da istisna edilmir.
İşsizlərin sırasında müxtəlif klublara başçılıq etmiş Nadir Qasımov, Əfqan Talıbov, Sabir Əliyev, Vaqif Paşayev və başqalarının da adı var. Amma bu mütəxəssislərin ən yaxşı halda I divizionda özünə iş tapacağı gözləniləndir.