Avropanın səhvi, yaxud bəşəri dəyərlərimizi yox edəcək... xeyrxahlıq?!

Avropanın səhvi, yaxud bəşəri dəyərlərimizi yox edəcək... xeyrxahlıq?!
“Qonşunu iki inəkli istə ki,özünün də biri olsun” Azərbaycan xalq məsəli. Bu gün, Yaxın Şərqdən, Ərəbistan yarmadasından, Afrikanın  şimalından milyonlarca  insan müharibə və çox pis yaşam  tərzindən qurtulub, yaxın qonşulara,Türkiyəyə, Avropaya sığınırlar...Baxmayaraq ki, az qala yarısı dəniz suiarında batır, ama ardı kəsilmir, çünki, real ölümdən... bəxtəbəxt ölümə və yaxşı həyat ümüdünə doğru axınla gedilir, ac, qılınca çapan kimi...Bu hal, özünü mədəni sayan bütün insanlar üçün ağır dərd, yük, böhran və ayıb olsa da... Maraqlıdır ki, Türkiyə (3 milyonadək), və bir neçə Avropa ölkələri (on minlərlə) humanist hüquqa və düşüncəyə  uyğun qaçqınları qəbul edib, onların qayğısına qalmağı özlərinin mənəvi borcları saydıqları halda, bu qaragünlülərin, vətəndaşı olduğu ölkələrin hökumətlərinin bu barədə heç tükləri də tərpənmir. Sanki, öz vətəndaşlarını qorumaq, onların qayğısına qalmaq onların vəzifə borcu deyil, əksinə,  öz üstün məqamlarını saxlamaq uğrunda vuruşmaqdadırlar... Elə bil, faciələri yaşatdıqları insanlar, onların soyundan, vətəndaşlarından, nəhayət, dinindən deyil... Çünki, öz hakimiyyət hərisliklərindən geri dura bilmirlər, elə buna görə də öz xalqını veclərinə də almadan qırğına verir, onlara məhrumiyyətlər yaşadırlar. Söz yox ki, möhtac  insanlara imkan daxilində yardım etmək... insanlıqdandır. Ama, bu şərtlə ki, yardım etdiyin də ən azı... səni aşağılamasın (məsələn, kafir, murdar hesab etməsin), insanlığa töhfə verməyə çalışsın və bu yardım israfçılığa çevrilib...yardımçının özünü çökdürməsin.  Yoxsa, Türkiyənin 405 milyard xarici borcu,   10.9%, yəni, 3 milyon 145 min (bu ilin mart ayına) işsizi, saysız, hesabsız sosial çatışmazlıqları  olduğu halda, öz millətinin boğazından kəsib özgə millətə - birinci dünya savaşında Osmanl türklərinə  xəyanət, düşmən ingilislərə xidmət etmişlərin sələfləri, 3 milyonadək Suriya vətəndaşı olan ərəbə, artıq 8 milyard dollar niyə xərcləmişidir və bu boğaz ortaqlığı nə qədər davam edəcək, bilinmir?  Bu, artıq beynəlxalq hüquqda ənənə  həddini aşan, miqrasiya təcrübəsində görünməyən qaçqın miqdarıdır. Görünən odur ki, Bəşər Əsəd reyimi məsuliyyətini daşımalı olduğu vətəndaşların qayğılarından özünü təcrid etməklə...öz yükünü  sadəlövh, humanist Türkiyəyə yükləyir... Sabah, bu qaçqınlar Türkiyəyə nə yaşadacaqlar, o da məlum deyil... Bəs, öz taleyinə sahib çıxmaq istəməyən aciz ərəbləri Türk millətinə boğaz ortağı etməkdə  AKP iqtidarının məqsədi, amacı nədir, görən? Əlbəttə ki, sonuncu sultanlarının cahilliyi üzündən elmi inkişafdan saxlanılmış “xəstə qoca” (ifadə,XVIII-XIX əsr ingilis hakim dairələrinə aiddir,”Mister Hemferin xatirələri” səh.8,”Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı-2008) Osmanlı imperiyasının varisi olmaq, onun yerişini yerimək kimi, ucuz,  bu gün türk xalqına tam gərəksiz, ictimai əhəmiyyətsiz fikir, ad “şərəfinə” nail olmaq... Görünür, kiminsə könlündən qalstuklu sultan, xəlifə olmaq keçir. XXI-ci - elmi tərəqqi əsrində, orta əsrləri xatırladan, belə gerizəkalı nümunəli tamaşa Türk millətinə  lazımdırmı? Məncə, yox! Bu ziyanlı fikir, əslində  türk düşmənlərinin, Türk nillətini geri salmaq, zəiflətmək  məqsədini güdür. Atalarımızın çox gözəl məsəli var, deyir, “Məndən sənə öyüd...dənini özün üyüd.” Bu, ərəblərə də aiddir. Odur ki, ərəblər “öz dənlərini, özləri üyütməlidirlər”. Əgər, onlar öz problemlərini çözməyi bacarmır, yaxud istəmirlərsə...deməli, idarəçiliyi altında yaşadıqları hakimiyyətə layiqdirlər. Yox, Avropa kimi yaxşı yaşamaq istəyirlərsə, onda zəhmət çəkib yaxşını öyrənsinlər və öz ölkələrində tətbiq etsinlər.  Digər xalqlar isə, yalnız, imkanları daxilində onlara yaxşı nümunə ola, humanitar yardım edə və mənəvi dəstək verə bilərlər, nə az, nə çox. Çünki, kimsə... başqasının əməlinə, o cümlədən bir ucdan doğub, törətdiyinə məsuliyyət daşımır və daşımamalıdır da!.. Qaçqınların mütləq əksəriyyəti mağmın müsəlmanlardır. O da məlum ki, bu müsəlmanlar, əli yanan ağzına təpən kimi, bu gün güvənc yeri olaraq... kafir hesab etdikləri - Avropalılara  sığınırlar. Halbuki,  islam  dininin ehkamlarına, tələblərinə görə ağır gündə öz qonşularına - müsəlman dövlətlərə, yəni din qardaşlarına sığınmalıydılar... Məsələn, dünyada ən zəngin ərəb dövlətlərinə, İran İslam Respublikasına və sair bu kimi müsəlman ölkələrinə... ama yox, sığınmadılar. Niyə? Çünki, onlara güvənmirlər. Öz aramızdır, Türkiyədən başqa, bu islam dövlətlərindən heç biri, gündə 3-5 dəfə səcdəyə gəldikləri İslam dəyərləri naminə də olsa müsəlman qaçqınlara dəvət  səsləndirmədi. Sanki, onlar Quranın göstərdiyi müsəlman qardaşları, öz milləti, öz qonşusu deyil.  Qonşu müsəlman ölkələri, əksinə, vətəndaş qarşıdurması yaşanan müsəlman ölkələrdə ziddiyyətləri körükləyirlər. Paradoksdur, ama, reallıqdır. Əziz oxucu, səncə, bütün müsəlman qaçqınların Avropada qəbulu, yoxsa, əksinə, qəbul olunmaması  düzgün olardı?   Məncə, bütün qaçqınların Avropada qəbulu çox təhlükəlidir. Avropa, yaxud kimsə, bu gün göstərdiyi aşırı humanizmin badına... sabah gedə bilər.Belə ki, heç bir ölkə qaçqınların getdikcə artan ehtiyaclarını ödəmək imkanında deyil və ola da bilməz. Digər baxımdan, yuxarıda anlatdığım kimi, kimsə, yaxud, istər bir millət, bir xalq olsun, başqasının hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımır, heç daşımamalıdır da...hərəyə, öz qayğısı yetər, fikrindəyəm! Ağlı olan, öz hesabını bilməli, olmayansa, çəkməlidir... Digər tərəfdən, Avropanı, sosial bataqlığa göməcək bir yükün altına vermək...bu gün, öz üstün dəyərlərilə bəşərin inkişaf bələdçisi sayılan bir ünvanı... batırmaqdan başqa bir şey deyil. Avropanı batırmaq, kimə lazımdır? ...Bəlkə də kimlərəsə lazımdır, ama, bütün mədəni dünyaya, o cümlədən qaçqınlara da lazım deyi.Əksinə, Avropa, hamımızçün yaşamalıdır. Bir az sonra, bu qaçqınlar Avropaya nə yaşadacaqlar, o da məlumdur... Bəs, nə etməli? Bu cür nəhəng insanlıq dramına etinasız da qalmaq olmaz?!.. Məncə, Avropa ölkələri, özlərinə lazım olan qədər qaçqın qəbul etdikdən sonra, qalanlarını öz ölkələrinə qaytarmaq, BMT-nin təşkilatçılığı ilə döyüş gedən ölkələrdə neytral zonalar yaratmaq, təhlükəsizliyini, təchizatını təmin etməklə, hər ölkənin qaçqınını, öz ölkəsinin  ərazisində  yerləşdirmək, düzgün və mümkün olardı. Beləliklə, biz, həm məsələni mahiyyətcə həll edər, həm də digər xoşniyyət ölkələri “humanizm bataqlığına”  sürükləməkdən yan keçə bilərdik.  Belədə, ayrıca bir ölkə də (məsələn,Türkiyə) təkcə, çəkə biləcəyi mümkün olmayan çətinliyə düşməzdi. Türkiyəyə sığınmış qaçqınları isə təcili və tamamilə BMT-nin himayəsinə keçirmək lazımdır ki, bu qaçqınlar ordusu Türkiyəni çökdürməsin. Çünki, qaçqınlara qayğı göstərmək təkcə Türkiyənin deyil, BMT simasında bütün dünya dövlətlərinin börcudur. Bir sözlə, dünyəvi qaçqın böhranı adlı dərdimizi bölüşməklə, azaltmalıyıq. Məmmədxan   Əzizxanlı,               Bakı, 19.10.2015-ci il Yazı “Hürriyyət ” qəzetinin 23-25 oktyabr tarixli, 26.10.2015-ci il tarixdə “Müxalifət.az” saytında yayımlanmışdır. N.S    

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN