Azərbaycan etnogenezi, kimlik şüuru və tarix konsepsiyaları haqqında mülahizələr

Azərbaycan etnogenezi, kimlik şüuru və tarix konsepsiyaları haqqında mülahizələr
  Tarixçilikdə “Azərbaycan tarixi” adlı ilk əsər XII yüzilliyin birinci yarısında təbrizli alim Fəxrəddin Ebu l-Fəzl İsmail b. El-Müsenna tərəfindən 1145-46-cı illərdə fars dilindəyazılmışdır. “Azərbaycan tarixi” bir elm sahəsi kimi A. Bakıxanovun “Gülüstani İrəm” adlı  tədqiqatı ilə başlanmışdır və 1920-ci ildə müsavatçı olan Cahangir Zeynaloglu tərəfindən qısa tarixi icmal şəklində yazılmış, “Müxtəsər Azərbaycan tarixi” adı ilə İstanbulda çap edilmiş əsərlə Azərbaycan tarixi haqqında sistemli baxış formalaşdırılmışdır.   Azərbaycan Xalq Cümhuriyyəti dönəmində (1918-1920) Adil xan Ziyadxanovun “Azərbaycan”, E.Şeyxülislamovun “Qafqaz Azərbaycan Cümhuriyyəti”, M.Ə.Rəsulzadənin “Qafqaz Türkləri”, “İran Türkləri”, “Azərbaycan Cümhuriyyətinin təşəkkülü” və “Quruluş tarixi” kimi kitabları çap olunmuş, Azərbaycan tarix şüurunun formalaşmasında əhəmiyyətli rol oynamışdır. XIX-XX əsrin əvvəllərində Azərbaycanda gedən millətləşmə prosesinin təsiri ilə Azərbaycan turklərinin tarixi C.Əfqani, H.Zərdabi, Ə.Agaoglu, Ə.Hüseynzadə, M.Baharlı, M.B.Məmmədzadə, H.Bammat, F.Köçərli, M.Ə.Rəsulzadə öndərliyində Ümumitürk tarixinin bir parçası kimi öyrənilməyə başlamışdır. Bu müddət 30-38-ci illərə qədər davam etmiş, Azərbaycanın kimlik, dil və kültürəl tarixi Türk kimliyi və tarixinin uzantısı kimi, bütünün parçası kimi öyrənilməyə başlanmışdır. Bu sahədə Z.V.Togan, A.Ubaydullin, B.Çobanzadə, V.V.Bartold, V.Xuluflu, A.Sübhanverdizadə, R.İsmayılov kimi elm adamlarının önəmli xidmətləri olmuşdur. Azərbaycan tarixinin bir bölgə və və cografiya mərkəzli baxışı əsasında qaynaqlar işıgında öyrənilməsinə Sovet Rusiyasının işgalı dönəmində başlanmışdır. Sovet dönəmində Azərbaycan tarixçiliyi türk etnik kimliyindən arındırılmış, Sovet tarix konsepsiyası olan “millətləri cografi kimlik içində tanıtmaq”la Azərbaycan və Azərbaycanlı kimliyini biçimləndirən türk etno–sosyal quruluşu inkar edilmiş, Azərbaycan və Azərbaycanlı kimliyi ətrafında qurulan tarix anlayışı “çox millətli” cografi bir kimlik içinə həbs edilmiş, tarixi inkişaf prosesləri və dinamikası Marksist-Leninist ideologiyası əsasında “siniflər mübarizəsi”, ”xalq üsyanları”, “əzilən sinif”, “burjua cəmiyyətinin sömürgəçiliyi”, “zəhmətkeş kütlələr”, ”proletar diktaturası” olaraq dəyərləndirilmiş, Azərbaycan tarixi cografiyaya baglı bölgəsəl bir tarix kimi “Böyük Rus tarixinin kölgəsində” təqdim edilməyə başlamışdır. Sovet tarixçiliyi Orta dogunun mərkəz bölgəsi olan türk kimliyinə baglı Azərbaycan cografiyasını və tarix şüurunu, kültürəl kimliyini məqsədyönlü  imperiya siyasəti əsasında Türk kimliyindən qoparmış, Azərbaycan türklərinin Orta Asiya, İran, Türkiyə və Quzey Qafqazdakı türk kimliyi ilə olan bagları, kültürəl bütünlüyü inkar edilmiş, Azərbaycandakı türk milləti və dilinin yaranmasını Səlcuqlu işgalı nəticəsində yerli İranlı xalqın öz dilinin və etnik kimliyinin zorla dəyişdirilməsi nəticəsində yarandıgı iddia edilmişdir. Azərbaycan tarixində bəlirləyici güc olan köçəri mədəniyyət, boy və dövlət anlayışı işgalçı türklərin mədəniyyəti kimi təqdim olunmuş, bunun qarşısında “yerlilərin” oturaq mədəniyyəti yüksək dəyər kimi təblig olunaraq işgalçı köçərilərlə (türklər nəzərdə tutulmuşdur), “yerli”,  “oturaq” “iran qurupları” qarşı-qarşıya qoyulmuşdur. Bu dövrdən etibarən Qərb tarix düşüncəsi olan “köçərilik bərabərdir barbarlıq” anlayısı tarix şüuruna hakim olmuş, Azərbaycan türk kimliyindən qoparılaraq iranlı kimliyinin uzantısı kimi öyrənilməyə başlanılmışdır.Azərbaycan və Azərbaycanlı kimliyi ideyasını Rus–Sovet tarixçisi V.M.Sosıyev “Azərbaycan (Quzey)Tarixi” (1925) kitabında  irəli sürmüş, bu tezis Rus-Sovet imperiyası dağılanadək (hətta indi də) rəsmi siyasət kimi Azərbaycan elmində “müdafiə” edilmiş, çox millətli Azərbaycanlı kimliyi elmlərin və kimlik şüurunun təməl prinsipi kimi qəbul edilmisdir. Bu tezislər əsasında ilk dəfə 1950-1970-ci illər arasında üç cilddən ibarət Azərbaycan tarixi yazılmışdır. Kitabın birinci cildi ən əski caglardan 1800-cü ilə qədərki dönəmi, ikinci cildi 1800-1917-ci illər arası dövrü, üçüncü cildi 1917-1930-cu illəri əhatə etməkdədir. Kitab sovet ideologiyası tarix şüuru əsasında yazılmışdır və azərbaycan vətəndaşının kimlik şüurunu zədələməkdədir. 1990-cı ildə İqrar Əliyevin rəhbərliyi ilə çap olunmuş Azərbaycan tarixi kitabı da Azərbaycanı İranlı kimliyinin bir hissəsi kimi tanıtmaga xidmət etməkdədir. 1994-cü ildə Z.Bünyadov və Y.Yusifov tərəfindən yazılmış Azərbaycan tarixi, S.Əliyarlı tərəfindən yazılmış Azərbaycan tarixi (Əski çaglardan 1870-ci ilə qədər) Türk kimliyi əsas alınaraq yazılmışdır. 1997-2003-cü illərdə çap olunmuş yeddi cildlik Azərbaycan tarixi ən qədim çaglardan 2003-cü ilə qədərki dönəmi əhatə etməkdədir. Bu əsərin ilk üç cildi sovet dönəmindəki tarix konsepsiyası əsasında yazıldıgı üçün qüsurludur və Azərbaycan etnogenezi və kimlik şüuru haqqındakı Paniranist tezisi müdafiə etməkdədir. Son dörd cildi isə (IV-VII cildlər 1800-2003-cü illər arası) Sovet dövründə qadagan edilmiş Türk-erməni müharibələri, ermənilər tərəfindən Qafqaz, Osmanlı və Qacar imperatorlugunda törədilmiş türk soyqırımları, Azərbaycan Xalq Cümhuriyəti, Türkiyə-Azərbaycan əlaqələri, Azərbaycan türklərinin milli mücadiləsi, Çar Rusiyasının və Sovet Rusiyasının Azərbaycanı işgal etməsi və sömürgə siyasətləri qaynaqlarla və bəlgələrlə işıqlandırıldıgı üçün çox təqdirəlayiqdir. Lakin bu kitablar başlıca problemi - Etnogenez və kimlik problemini həll etməmiş, yanlış konsepsiyaları təkrar etmişdir. Beləliklə, 1920-1990-cı illər arasında Azərbaycan tarixi haqqında yazılmış monoqrafiya, dərslik və akademik nəşrlər Azərbaycanda qurulan dövlətlərin tarixini Aazərbaycan xalqının deyil, ayrı-ayrı sülalələrin və bölgələrin tarixi kimi təqdim etmişdir. Bu kitablarda türk enosunun Azərbaycana gəlmə xalq olmasının qabardılması əsas konsepsiya idi. Hətta, bu “gəlmə türklər” də vəhşi köçəri simasında təqdim olunurdu. Stalindən sonra komunist rejimində milli məsələlərə qoyulan senzura azacıq yumşalsa da, bundan tarixçilər deyil, yazarlar istifadə etdi və 60-cı illərdə Azərbaycan ədəbiyyatı komunist ideologiyasından nisbətən uzaqlaşa bildi. Tarixşünaslıqda bu durum 1980-ci illərə qədər davam etmişdir. Yalnız bu illərdə mifoloq Mirəli Seyidov, elamşünas Yusif Yusifov, tarixçi Süleyman Əliyarov, tarixçi Mahmud İsmayılov, N.Nəsibli, etnoqraf Qiyasəddin Qeybullayev və dilçi alimlərdən Fərhad Zeynalov, Tofiq Hacıyev, Elməddin Əlibəyzadə, Aydın Məmmədov, Firidun Ağasıoğlu (Cəlilov), Ədalət Tahirzadə, Arif Rəhimov, yazıçı Teymur Məmmədov və başqa ziyalıların tədqiqatları Azərbaycanda türk dilinin qədim nümunələrini ortaya çıxardı. Lakin ilk dönəmdə bu nümunələrın az olması və şumer, het, siriya, yunan-latın, hay, gürcü, ərəb və fars qaynaqlarından pərakəndə halda seçilməsi yeni konsepsiyanın sistem şəklində qurulmasına kifayət etmirdi. Azərbaycanın qədim tarixini tədqiq edən tarixçilərin türkologiyadan və bu mövzuya baş vuran türkoloqların da tarix elmindən uzaq düşməsi, üstəlik mifoloq, dilçi və etnoqrafların həmin tarixdə yalnız öz sahələrinə aid mövzuları araşdırması eyni durumun müxtəlif yozumuna və ziddiyətli şərhlərinə səbəb olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan tarixşünaslığında dərin kök salan belə bir yanlış fikir yaranmışdı ki, guya qeyri-müəyyən dillərdə danışan Azərbaycan əhalisi türk dilində XI əsrdə səlcuqların gəlişindən sonra danışmağa başlamışlar. Bu elmdən uzaq fikri irəli sürənlər son illərdəki araşdırmalarda Azərbaycanda qədim türklərlə bağlı faktlar ortaya çıxdıqca “türkləşmə” tarixini addım-addım geri - öncə IX, sonra VII, daha sonra isə II əsrə qədər qədimə çəkməli oldular. Daha ayıqları isə m.ö. VII-II əsrlər arasında da burada turkcə danışan boyların olduğunu qəbul etdi. Lakin daha qədim qaynaqlardakı bəlgələr tez-tez fikrini dəyişən tarixçilərin hələ də yanlış yolda olduğunu göstərir. İlk dəfə bu məsələlərdən geniş danışan Həsən Həsənov “Türkşünaslığın bəzi problemləri” adlı məqaləsində yazır ki, Azərbaycanda türk boylarının məskunlaşması probleminə aid tarix elmində 5 versiya vardır. Azərbaycan tarixinə aid kitablarda arxeoloji, antropoloji, etnoqrafik, iqtisadi və siyasi hakimiyət məsələləri nisbətən obyektiv tədqiq olunmuşdur. Lakin bu kitablarda xalqın tarixi deyil, regional hökumətlərin və hakim sülalələrin tarixi verilmişdir, halbuki, dövlət xalqdan, bu xalqın ərazisindən və bu ərazidə iqtisadi-mədəni, sosial və hüquqi məsələləri tənzimləyən siyasi hakimiyətdən ibarətdir. Ona görə də, tarix kitabları “Azər xalqının tarixi” və ya “Azərbaycan xalqının tarixi” adı ilə deyil, “Azərbaycan tarixi” adı ilə çap olunur. Azərbaycan dövlətlərinin qurulmasında əsas yükü daşıyan xalqın tarixi həmişə kölgədə qalmış, əksər hallarda Azərbaycan türklərinin qurduğu tarix ayrı millətlərin adı ilə verilmişdir. Ona görə də, “Azərbaycan tarixi” kitablarında əsas mübahisə doğuran məsələ məhz Azərbaycan xalqının etnogenezi ilə bağlı ortaya çıxmış və müxtəlif elmi konsepsiyaların yaranmasına səbəb olmuşdur. Beləliklə, bir əsr yaşı olan Azərbaycan tarixşünaslıq elmində formalaşmış bir neçə elmi konsepsiyanı üç əsas qrupda birləşdirmək olar: 1-ci konsepsiya: Ön Asiya nəzəriyyəsi Ön Asiya nəzəriyyəsini Azərbaycanda Yusif Yusifov, Firudun Agasıoglu,Aydın Məmmədov,Mahmud İsmayılov,İsmayıl Mahmudov,Elməddin Əlibəyzadə, M.T.Zehtabi, Sabir Rüstəmxanlı,Əbülfəz Elçibəy, Arif Rəhimoglu,Türkiyə alimlərindən Səlahi Dikər,Osman Nədim Tuna,Hilmiyə Çıg,Əli Qafqasiyalı,Rəcəb Albayraq kimi alimlər, həmçinin məşhur Qazax alimi Oljas Süleymanov   müdafiə edirlər. “Urmu nəzəriyyəsi”ilə Ön Asiya konsepsiyasını sistemli hala salan alim isə Firudun Agasıoglu olmuşdur. Birinci konsepsiyaya görə  Azərbaycan ən qədim çağlardan Azərbaycan türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli Azərbaycan tayfaları ilə qayıdan türk boylarının konsolidasiyası Azərbaycan xalqının yaranması ilə nəticələnmişdir. Birinci konsepsiya Azərbaycan tarixşünaslığında deyil, ümumiyətlə, Türkologiya və Türk tarixi elmində yenidir. Birinci konsepsiyanı dil, mifologiya və tarixi coğrafiya baxımından tədqiq edən prof. F.Ağasıoğlu “Azərbaycan dilinin morfonologiyası” (1988) adlı kitabında və “Proto-azər teonimləri” (1988), “Dil ailəsi və dil ittifaqı” (1989), “Qədim alınmalarda etnolinqvistik məlumat” (1989) adlı məqalələrində türk etnosunun Ata yurdunun Ön Asiyada olduğunu yazmış, “Azər xalqı” (2000) adlı kitabında bu məsələlər daha ətraflı verilmişdir. Birinci konsepsiya onun Azərbaycan türklərinin İslamaqədərki tarixinə aid yazıb tamamladığı və artıq 9 cilddə çap üçün hazır olan “Doqquz bitik” (2002) adlı kitabında Türkologiya və Türk tarixçiliyi elmində ilk dəfə elmi sistemə salınmışdır. Burada qədim türk tarixi arxeologiya, antropologiya və tarixi qaynaqlar üzrə verilmiş, tarixi çoğrafiya, İslamaqədər Azərbaycanda qurulan qədim dövlətlər, tarixi etnoqrafiya, tarixi onomastika, mifologiya və folklorda tarix, dilin tarixi, Azərbaycan  xalqının etnogenezi məsələləri tədqiq olunmuşdur. Azərbaycanda m.ö. III-I minillərdə Subar eli, Subar bəyliyi, Kuman bəyliyi kimi bir neçə qədim türk dövlətinin tarixi ilk dəfə bu kitabda verilmiş, Lulu, Quti, Turuk dövlətlərinin etnik əsası geniş şərh olunmuşdur. Firudun Agasıoglunun yazdıgına görə,birinci konsepsiya “Doqquz bitik” əsərində belə görünür: Avropoid irqin Aralıq dənizi tipinə aid olub, Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd və Kür-Araz arxeoloji kulturunun daşıyıcıları kimi Ön Asiyada formalaşmış Prototürk etnosunun prototürk dili (və dialektləri) m.ö. IV minilin ortalarında dağılmağa başlayır. Elə bu çağlardan prototürk dialektlərində danışan tayfaların miqrasiyası başlanır. Onların böyük bir hissəsi Azərbaycandan Orta Asiya, Güney-Sibir və Altay istiqamətində doğuya, Quzey-Qafqaz istiqamətində isə quzeyə miqrasiyası edirlər. Arxeoloji bəlgələr, kurqan kulturu, sənət əsərləri bu miqrasiyaları təsdiq edir. Doğuya getmiş türklər orada monqollarla uzun müddət iç-içə yaşadığından bəzi türk boylarında antropoloji tipində monqoloid cizgilər yaranır. Protoazər boylarının yayıldığı Dərbənd-Tiflis-Ərzurum-Mosul-Kərkük-Həmədan-Bakı-Dərbənd xətti ilə əhatə olunan ərazilər Azərbaycan xalqının etnik tarixi coğrafiyasıdır. Doğu və quzey yönlərə getmiş türklərin müəyən qismi saqa-qamər (skit-kimmer), hun, avar, suvar, qıpçaq, oğuz və sair adlarla Azərbaycana və Anadoluya qayıdır. Azərbaycana qayıdan soydaşları ilə qovuşan azər boyları artıq yeni eraya formalaşmış Azərbaycan xalqı kimi daxil olur. Son dövrün araşdırmaları nəticəsində əldə edilən fonetik, morfoloji, sintaktik və xüsusilə leksik materiallar göstərir ki, Azərbaycan ərazisində türk tayfaları türklərin Ön Asiyada başqa dillərə məxsus protodillərdən ayrıldığı gündən mövcud olmuş və Uzaq Sibirə, Mərkəzi Asiyaya, Altaya da buradan getmişlər. Azərbaycan ərazisinə bütün bizə məlum olan miqrasiyalar sonrakı əks miqrasiyalardır. Türk alimi Osman Nədim Tuna Şumer və Türk dillərinin müqayisəli təhlilini apararaq beş min il öncə Proto türk dilinin Ön Asiyada parçalanaraq Şərq və Qərb qollarına ayrıldıgını,Şumer və Türk dilinin eyni qaynaga malik oldugunu yazmaqla Ön Asiya konsepsiyasını müdafiə etmişdir.Bu da Türklərin Ön Asiyadan yayıldığı hipotezini gücləndirməkdədir. Yusif Yusifov “Qədim Şərq Tarixi”adlı fundamental əsərində, Dr.Zehtabi “İran Türkləri” əsərində Elamların və şumerlərin iltisaqi dilli xalqlar oldugunu və türklərin ulu babaları olduqlarını irəli sürməkdədirlər.Türk alimi Oqtay Bəlli Urartu mədəniyyəti və tarixi ilə baglı araştırmalarında Urartuluların da İltisaqi dilli xalq oldugu və Şumerlərlə baglı oldugunu yazmaqdadır. F.Agasıoglunun yazdıgına görə,Ön Asiya  konsepsiyanın üstün cəhətlərindən biri də budur ki, indiyəcən cavabını tapmayan bir sıra haqlı suallar burada məntiqi cavabını tapır. Belə ki, həm batıda, həm də doğuda qədim dil əlaqələri ilə ortaq sözlərın yaranma səbəbi, doğuya olan miqrasiyanı əks etdirən arxeoloji, antropoloji bəlgələr elmi cəhətdən izah oluna bilmək imkanı qazanır.  Azərbaycanın arxeoloji kulturu Avropa, Misir, Şumer, Monqolustan kültürundan qədim olduğu kimi, türk dilinin tarixi də şumer, asur, monqol dillərindən qədimdir. Başqa dil ailələrindən fərqli olaraq, Türk dil ailəsində protodil çağı inkişaf və təkmilləşmə dövrünü tam başa vurandan, dilin quruluşunda yaranan mükəmməl mexanizm tam sistemə oturandan sonra ilk böyük miqrasiyalarla ayrı-ayrı bölgələrə dağılmışdır. Qlottogenez metodikası ilə əldə olunan bilgi geologiya elmi ilə də təsdiqini tapır. Şumer ərazisində əvvəllər insan yaşamadığı kimi, Latviyada da ilk insan izinin tarixi 10 min ildən o yana keçmir. Azərbaycan arxeoloju kulturu çiçəklənəndə Avropa hələ buzlaqlaşma dövrünü yaşayırdı. Türkoloqların bizi aparıb bağlamaq istədiyi Altayın paleoltit çağı isə Azərbaycandakı analoji çağdan azı 4-5 min il geri qalır. Ağasıoglunun fikrincə  Türklərin ilkin yaranma arealı kimi Aralıq dənizi sahələri oldugunu ilk dəfə  akad. N.Marr söyləmişdir,. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan Marr bu fikrini irəli sürdüyü “Yafəs dilləri” nəzəriyəsi və “dörd ünsür” metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan “Günəş” nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, Yusif  Yusifovun “Qədim Şərq tarixi” və İsmayıl Mahmudovun “Türk Qafqazında siyasi və etnik yapı. Eski çagdan günümüze Azərbaycan tarixi” kitablarında  yazdıqlarına görə,  miladdan öncə Azərbaycan Ön Asiya və İkiçayarası bölgələri ilə birlikdə ilk prototürklərin (subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak ) məskəni olmuşdur. Bu tarixçilər mixi yazılarda mühafizə olunmuş kuti, lullubi, kas, turukki xüsusi adlarının İran və Qafqaz dilləri ilə izah olunmadığını (bunu çox hallarda türk mənşəyi əleyhinə olanlar da etiraf etmişlər), uydurma Zaqr-elam dil qrupuna daxil olmadığını əsaslandırmaqla etnonim, toponim və antroponimlərin əksəriyyət etibarilə Türk-Azərbaycan dili bazasında izah olunduğunu sübut etmişlər. Bu sahədə, Q.Ə.Qeybullayev daha çox iş görmüşdür, B.Landsberqer tərəfindən kutilərin türk etnosu olması fikri irəli sürülmüşdür.  Kuti dilindən şumer hökmdar siyahılarında və bəzi başqa mənbələrdə bir sıra şəxs adları qalmışdır. Bunlar Kamal Balkan tərəfindən türk dilləri bazasında izah olunmuşdur. Aratta, kuti, lullubi, turukki, kassi, subi tayfalarının türk mənşəli olduğunu üzə çıxaran mühüm dəlillər sırasında şübhəsiz dil faktları - bu tayfalarla bağlı etnonim, toponim və antroponimlər mühüm yer tutur. İ.M.Dyakonovun fikrincə, kuti dili «hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın» ola bilərdi. O, kuti dilinin hurri dili ilə yaxınlığı imkanını da istisna etməmişdir.Beləliklə aydın olur ki,Kutilər,Elamlar,Şumerlər,Urartulular,hürritlər iltisaqi dilli xalqlar olmuşlar və bu faktora əsaslanan və İsmayıl Mahmudov “Türk Qafqazında siyasi və etnik yapı. Eski çagdan günümüze Azərbaycan tarixi” əsərində bu xalqların yaratdıgı mədəniyyəti Turani mədəniyyət hesab etmişdir. İ.M.Dyakonovun son tədqiqatlarında  Kuti dilini Şərqi Qafqaz dilləri ailəsinə aid etməyi daha düzgün saymışdır. İ.H.Əliyev kuti dilini «Qafqaz-hurri» Q.A. Melikişvili isə «zaqroş-elam» dil qrupuna aid etmişdir. Bəzi fikirlərə görə, kutilər sonrakı utilərdir (k səsinin düşməsi ilə - Z.İ.Yampolski). Sovet-İran tarixsünaslıgı İkiçayarasına gəlmə xalq olan şumerlərin türk olmadıgını, Azərbaycanda Kür-Araz mədəniyyətini, Ön Asiyada mitanni hetit və urartu dövlətini quran hurriləri doğu-qafqazdilli, hetləri isə hind-avropa dilli kimi təqdim etmişlər. Yuxarıdakıların əksinə olaraq - Məhəmməd Tagi Zehtabi “İran türklərinin eski tarixi” əsərində İran və rus tarixçiliyinin irəli sürdüyü saxta «Qafqaz-hurri», «Zaqroş-elam», hind-avropa dil qrupu nəzəriyyələrini inkar etmisdir. Zehtabiyə görə e.ə. 4-2-ci minillıklərdə Yaxın Şərq və Misirdə yaşamış xalqlar etnik, dil və kök baxımından iki qrupdan ibarət olmuşdur:  1 - İltisaqi dillilər: Şümerler, Elamlar, Urartular, Kassilər, Hurrilər, Hititlər, Guttilər, Lullubilər, Mannalar v.s.). 2 - Sami dillilər: Asurilər, Keldanilər, Akkadlar, Misir Fir¬onlarının nəsilləri, Yəhudilər, Finikiyalılar. və s.).  Bugünkü İraq, İranın qərbi, mərkəzi, Zaqros dağları və bütün Azərbaycan, eramızdan 4500 il öncədən dilləri çeşidli ləhçələrdə iltisaqi dilli (bugünkü Türk dilinin sələfi) boylar, ellər və xalqların yurdu olmuş və təxminən min il sonra Sami tayfaları (Akkad, Assur, Babil) da bu cografiyaya köç edərək, birlikdə Yaxın Şərq  mədəniyyətini yaratmışlar.M.T.Zehtabinin bu fikirləri Yusif Yusifovun və İsmayıl Mahmudovun əsərlərində də təsdiq edilməkdə,dəstəklənməkdədir.F.Agasıoglunun yazdıgına görə, M.T.Zehtabinin iltisaqi dillilər nəzəriyyəsi ilə akademik Marrın Yafetik Dillilər nəzəriyyəsi üst üstə düsməkdədir.Beləliklə qeyd etməliyik ki, Sovet konsepsiyası olan uydurma Zaqros-Elam,Qafqaz-hürrit kimi konsepsiyalar Ön Asiya konsepsiyası qarşısında “əriməkdədir”. 2-ci konsepsiya: İran və Sovet Rusiyası konsepsiyası Bu konsepsiya Hind-Avropa Konsepsiyasının “Ariya hipotezi” və “Slavyanofil” ideologiyasının “yaradıcılıgıdır”. Bu konsepsiyaya görə,bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarıda məskunlaşmış qafqazdilli, Araz çayından aşağıda məskunlaşmış irandilli (fars,tat,talış,gilək və s.) xalqın simbiozudur.  Bir qrup türk (oğuz) tayfası gəlib, XI-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir. Həmin çağlardan bugünəcən həm Quzey Azərbaycanda, həm də Güney Azərbaycanda “Azərbaycan dili” (Türk dili nəzərdə tutulur) işlənir. Bu konsepsiyanın iki əsas tezisi vardır: 1. Azərbaycanlılar Qafqazdilli və iran dilli  yerli xalqların etnik konsolidasiyası əsasında  təşəkkül etmişdır; 2. Azərbaycanlıların danışdığı dil (Türk dili) gəlmə dildir. Avropa, Sovet və İran tarixşünaslığında formalaşan ikinci konsepsiyanın Azərbaycandakı tərəfdarlarının həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “məktəbi” yaranmışdır. Güneydə bu məktəbin başında Azərbaycan türklərindən olan Kəsrəvi,Mahmud Avşar,Tagı Arani və s.Panfarsistlər, quzeydə isə etnik soykökü etibarı ilə özünü  İranlı sayan və İran ideologiyasına (Fars) xidmət edən prof. İqrar Əliyev durmuşdur. İkinci konsepsiyanın birinci tezisinə gorə azərbaycanlılar yerli avtoxton Qafqaz-hürri dilli xalqlardan ibarətdir. Azərbaycanın quzeyində Qafqazdilli xalqlar yaşamışlar. Quzey Azərbaycan əhalisinin etnik tərkibi də eyni metodoloji nöqsanla şərh olunur. Guya Aran, Alban adları ilə tanınan Arazdan yuxarı ərazilərin əhalisi qafqazdilli imiş, sonradan türkləşib. Yəni biz türk yox, qafqazdilli xalq olmuşuq. İkinci tezisə görə, Arazdan aşağıda yaşayanlar irandilli olmuşlar. Orta Asiyadan gələn səlcuqlar XI əsrdə bunların dilini dəyişdirmiş və bu irandilli tayfalar dönüb azərilər olmuşlar. Lakin İranşünaslıq elmi irandilli boyların Güney Azərbaycana gəlişini m.ö. VIII əsrdən sonra başlanmasını artıq elmi konsepsiya kimi qəbul etmişdir. Bu elmi fakt qarşısında qalan ikinci konsepsiya tərəfdarları oz hipotezlerini belə əsaslandırırlar: vaxtilə “naməlum” dillərdə danışan əhali irandilli tayfaların gəlişindən sonra “irandilli” oldular, Səlcuqilərin öndərliyində Oguz türklərinin bölgəyə gəlişindən sonra isə dönüb “türkdilli” oldular. F.Agasıogluna görə, bir xalqın iki dəfə dilini dəyişməsi nadir haldır. Məsələn, mazandaranlılar, talışlar, lurlar, bəzi kürd tayfaları və bəlucların farslaşması gerçək faktdır, lakin onların dönüb türk olması faktı yoxdur. Həm də, ikinci konsepsiya tərəfdarları “türkləşmə” olayını o çağa aid edirlər ki, onda Azərbaycanda din və elm sahəsində ərəb dili üstün mövqedə idi və ədəbiyatda fars dili təkcə farsların deyil, türklərin də içində çiçəklənmə dövrünü yaşayırdı, hakimiyətdə olan səlcuqlar türk dilini deyil, fars dilini yayırdılar. Bu durumda irandilli əhali necə türkləşə bilərdi?  Lakin elmi faktlar bu saxta baxışı inkar edir. Bu, qafqazdilli olub türkləşən Azərbaycan xalqının dili musiqisi, folkloru, mifologiyası, etnoqrafiyası quzey bölgələrdə iç-içə yaşadığı qafqazdilli xalqlarla deyil, Arazdan aşağıda yaşayan “türkləşmiş irandilli” “azərlərlə” eyni olması  faktı bu nəzəriyyəni təkzib edir. İkinci konsepsiyanın tərəfdarları oz hipotezlərini isbat etmek üçün Alban dövlətinin tarixini həmin çağda Azərbaycanda yaşayan saqa, qamər, azər//xəzər, subar, alban, qarqar, kəngər, gögər, maskut, hun və sair türk boylarının deyil, bir ovuc qafqazdilli udi boynun tarixi kimi qələmə verirlər. Türk etnosunu yerli xalq saymayan “gəlmə türklər”, “türkləşmə” konsepsiyası Azərbaycan tarixçiliyində dərin kök salmışdır. İlk dəfə bu konsepsiyaya qarşı dövlət səviyəsində akademik-katib M.Cəfərovun rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alimlərin birgə keçirdiyi elmi-nəzəri müşavirədə (1984) kəskin münasibət bildirilərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş, Azərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I minilliyin ortalarında Azərbaycan türk dilinnin formalaşması konsepsiyası irəli sürülmüşdür. Bu haqda informasiyanın dövlət mətbuatında dərc olunması Azərbaycan türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə daha dərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir. 3-cü konsepsiya:  Ural-Altay nəzəriyyəsi.   Bu konsepsiyaya görə Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. Lakin 2-ci konsepsiya tərəfdarlarının dediyi kimi, ilk gəlmə XI əsrdə yox, daha əvvəl olmuşdur. Belə “əvvəl gəlmə” tarixini deyərkən müxtəlif tədqiqatçılar m.ö. III-minildən IX əsrə qədər ayrı-ayrı çağları nəzərdə tuturlar. F.Agasıoglu yazır. “Həm Azərbaycanda, həm də Orta Asiya və Altayda türklər aborigendir”. Yəni bu fikrə görə, türk etnosunun Atayurdu Altaydan Azərbaycana qədər uzanır. Bunu söyləyənlərin etnologiya və qlottogenez elmindən məlumatı olmaması bəllidir və bunların çoxu “Altay dil ailəsi” nəzəriyəsinə inanan şəxslərdir. 250 il bundan əvvəl ortaya atılan bu nəzəriyəyə görə, güya türk dili monqol və tunquz-mancur dilləri ilə qohumdur (bəziləri bura koreya və yapon dillərini də əlavə eir). Halbuki, keçən bu müddət ərzində sübut oluna bilməyən Altay teoriyasına görə, türklər monqoloid irqli tayfalardan ayrılıb, Altaydan Ön Asiyaya gəlmişdir. Azərbaycan və Altayı ilkin türklərin Atayurdu sayanlar adi bir həqiqəti unudur ki, hər hansı bir şəxs konkret bir kənddə doğulduğu kimi hər hansı bir etnos da konkret bir regionda yaranır. Hər bir protodili formalaşdıran etnos bunu eyni regionda gerçəkləşdirə bilir. Necə ki, protohindavropa etnosu Avropanın mərkəzində, protofinuqor etnosu Uralda, protosami etnosu Ərəbistan yaylasında, protomonqol etnosu Mərkəzi Asiyada öz protodillərini yaradıb, eləcə də, prototürk dili Ön Asiyada ərsəyə gəlib. Bir adam eyni və ya müxtəlif anda iki ayrı yerdə doğula bilmədiyi kimi, bir etnosun da özü və yaratdığı protodil Monqolustan və Azərbaycan kimi bir-birindən uzaq iki müxtəlif regionda yarana bilməz, lakin doğulan uşaq böyüyüb Ata ocağından başqa yerə köçə bildiyi kimi, bir etnos da etnos kimi formalaşandan sonra Ata yurdundan uzaqlaşa bilər. Bu konsepsiya tərfdarlarının istinad etdiyi yeganə “elmi” dəlil Altay nəzəriyəsi və bu nəzəriyəyə görə, türklərin Atayurdunun Altay olması fikridir. Bu nəzəriyənin isə subut olunmamış bir fərziyə olduğu bəllidir və bu sahə ilə məşğul olan tanınmış komparavist türkoloqlar son iyirmi ildə Altay dil birliyindən imtina etmişlər. Bu konsepsiya tərəfdarları hələ də köhnə “Altay nəzəriyəsi” təsiri altındadırlar. Ona görə də, bir əldə iki qarpız tutmaq istəyənlər kimi, bir yandan şumer-türk qohumluğunu (və ya əlaqəsini), digər yandan monqol-türk qohumluğu fikrini söyləyirlər. Bu, daha çox Türkiyə və Azərbaycan alimlərindən bəzisinin prinsipidir. Hətta, Doğuda Anau, Afanasyev, Andronov və Taqar kulturunda türk izini görən Türkiyə tarixçilərinin çoxu belə güman edir ki, Altay və Orta Asiyadan türklər Azərbaycan və Anadoluya gəlmişdir. Lakin bu tarixçilər adı çəkilən arxeolji kulturların doğudan batıya deyil, batıdan doğuya aparıldığını yəqin ki, bilmirlər. Əgər bu arxeoloji abidələri tapıb tədqiq edən rus alimlərinin əsərləri ilə tanış olsaydılar, belə yanlış mövqe tutmazdılar”.   Qeyd edək ki, C.Heyət,Nesib Nesibli,Fazil Qəzənfəroglu,Nizami Cəfərov kimi ciddi alimlər öz əsərlərini Ural-altay nəzəriyyəsinə əsaslanmaqla yazmaqdadırlar. Ümumiyyətlə götürüldükdə isə Türkiyə tarixi də bu konsepsiya əsasında yazılmışdır. Ural-altay nəzəriyyəsi Türklərin oykumeninin Ural-Altay bölgəsi oldugunu və Anadolu və Azərbaycana köçərək gəldiklərini irəli sürür. Bu nəzəriyyə əsasında Yunanların Anadolunun, İranlıların(Azərlərin) Azərbaycanın yerli qədim sakinləri oldugunu irəli sürür. Ural-Altay nəzəriyyəsi “Şumerlərin,Subartuların,Kutilərin,Turukkilərin türk olmasını inkar edir, Troya-Etrusk mədəniyyətinin və tarixinin Ural-Altay konsepti içində “izahını” çətinləşdirir və Anadolunun Yunan koloniyaları oldugunu İsbat etməyə çalışan Hind-Avropa Konseptini “gücləndirir”. Beləliklə Avropanın Anadolunu Türklərdən təmizləyib əski Bizansı bərpa etmək siyasətinə nəzəri məşruluq qazandırır. TƏKLİFLƏR Beləliklə,Azərbaycan tarix elmində bugün mövcud olan hər üç konsepsiya gözdən keçirildi və bunlardan hansının elmdə möhkəmlənəcyi yaxın gələcəkdə bəlli olacaq. Firudun Agasıoglunun yazdıgına görə, İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib. Yalnız birinci konsepsiya Azərbaycan və ümumiyətlə Türkologiya və Dünya tarixi üçün yeni üfüqlər açır. Birinci konsepsiya ilk addımlarını atsa da, əvvəllər izah oluna bilməyən bir çox məsələlər artıq bu konsepsiyada məntiqi izahını rahatca tapır. Hər hansı bir elmdə tədqiq olunan mövzudan asılı olaraq, münasib axtarış metodu seçmək imkanı olur. Bu prosesdə tədqiqatçının hazırlıq dərəcəsi, bilik səviyəsi, eridusiyası, məqsədi, məsələni hansı tutumda qoyma bacarığı və müxtəlif metodlarla tanışlığı böyük rol oynasa da, mövzunun xarakteri müəyən metodların istifadəsini zəruri edir. Bizim mövzu konkret bir xalqın tarixi ilə bağla olduğundan etnos problemini müxtəlif yönlərdən öyrənən etnoqrafiya, tarix, arxeologiya, kulturologiya, antropologiya, genetika, sənətşünaslıq, filologiya, psixologiya, sosiologiya, demoqrafiya, ekonomika elmlərinin müəyən bölmələri və etnolinqvistika, etnobiologiya, etnoantropologiya, etnogenetika, etnocoğrafiya, etnopsixologiya kimi yeni elmlərarası sahələr və artıq sınaqdan çıxıb formalışmış etnologiya, etnogenez elmlərinin verdiyi bilgiləri nəzərə alaraq, Azər tarixinə müxtəlif elmlərdə istifadə olunan diaxronik, retrospektiv, deduktiv, tipoloji, tarixi-müqayisəli, qlottogenez, areal dilçiliyi metodlarından istifadə etməklə bütövlükdə mövzunun öyrənilməsinə kompleks metodologiya tətbiq etmək lazım gəlir. XX əsrdə humanitar elmlərin daxili bölmələr üzrə diferensiallaşma dəbi klassik şərqşünas, tarixçi, filoloq, türkoloq alimlərin sayını get-gedə azaltdı. Elmlərin ayrılması bir tərəfdən öz daxili bölmələrinin dərindən tədqiqi sayəsində dilçilik, tarix, mifologiya, ədəbiyat, türkologiya elmlərinin uğurlu inkişafı ilə, digər tərəfdən yarımbölmə üzrə ixtisaslaşan alimin “cırlaşması” ilə nəticələndi. Ona görə də, indi bir neçə humanitar elmin işığında aparılan tədqiqat əsərləri yox dərəcəsindədir. Güman edirik ki, burada istifadə etdiyimiz kompleks metodika Azərbaycan arxeologiya elmində etnik atributlar sisteminə söykənən yeni etnoloji metodun formalaşmasına da yardım edə bilər. Müxtəlif elm sahələrinin baxış bucağı altında görünən bəlgələrin dialektik əlaqəsi yönündə Azərbaycan tarixinin kompleks metodologiya ilə öyrənilməsi irəli sürülən konsepsiyanın elmi əsasa oturmasına, qarşıya qoyulan məqsədin gerçəkləşməsinə imkan verir. Bu metodikanın uğuru milli və yabançı qaynaqların hansı tutumda tədqiqata cəlb olunmasından da çox asılıdır. Köhnə konsepsiyanı dağıtmaq üçün : Azərbaycan xalqının etnogenezi,Türk etnosunun ilkin Atayurdu, Azərbaycan arxeologiyasının etnik əsası, Türk etnosu fonunda azərbaycan xalqının antropologiyası, Prototürk dili və dialektləri, Protoazərbaycan dili və dialektləri, Azərbaycanın etnik tarixi coğrafiyası, Azərbaycan folkloru və mifologiyasında tarixi bəlgələr, Azərbaycan xalqının tarixi etnoqrafiyası, Azərbaycan xalqının tarixi onomastikası, Qonşu xalqlar və dövlətlərlə qədim əlaqələr, Ön Asiyanın ölü dilləri ilə türk dilinin kontaktları, Tarixi demoqrafiya, Tarixi köçlərin istiqamətini göstərən arxeoloji bəlgələr, Azərbaycanda qayaüstü rəsmlər, piktoqram və damğalar, Azərbaycanda işlənən yazı tipləri, Azərbaycanda qurulan dövlətlərin etnik tərkibi, qədim türk və protoazərbaycan etnoslarının qurduğu dövlətlərin özəlliyi istiqamətlərində tədqiqatlar aparmaq zəruridir. Qısa müddətdə bu qədər müxtəlif sahələri əhatə edən problemi tədqiq etmək üçün ali məktəblərin müvafiq kafedraları, Elmlər Akademiyasının Dil, Tarix, Ədəbiyat, Şərqşünaslıq, Fəlsəfə, Etnoqrafiya və Arxeologiya institutlarının koordinasiya mərkəzi yaranmalı və bu sahələr üzrə planlı şəkildə tədqiqatlar aparılmalıdır.. Beləliklə, məlum olur ki, Azərbaycanın türklərinin aydın, vahid, birmənalı tarix konsepsiyası yoxdur və bu ziddiyyətli  konsepsiyalar Azərbaycanda kimlik böhranı yaratmaqdadır.Kimlik böhranı bütöv Azərbaycan mübarizəmizdə və Dövlət quruculugumuzda ,Qarabagın Azərbaycana qaytarılmasında bizə mane olan ən ciddi faktordur və dövlət təcili olaraq bu barədə tədbirlər görməlidir. 1991–ci ildən etibarən Azərbaycan müstəqil türk dövlətlərindən biri kimi dünyada tanınmaga başlamışdır. Bu baxış Azərbaycanın türk etnik, dil mədəniyyətinə sahib bir tarixi, etnik, siyasi-kltürəl cografiya kimi formalaşmasından dogmuşdur. Azərbaycan etnogenezinin və kimlik şüurunun bəlirlənməsində bu tarixi faktor nəzərə alınmalı, rəsmi dövlət siyasəti bu kimliyə söykənərək yürüdülməlidir. Yasəmən Qaraqoyunlu Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutu N.S  

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN