“Azərbaycanca”nın “üləma”ları...

“Azərbaycanca”nın “üləma”ları...
Bu yazımı Güney Azərbaycanın istiqlal şəhidləri Professor Məhəmməd Tağı Zehtabinin və mühəndis Qulamrıza Əmaninin əziz ruhlarına ərməğan edirəm...       **** Güney Azərbaycandan olan milli fəal dostlarımız öz yazı və danışıq dillərini fars-ərəb sözlərindən arındıraraq yazmağa və danışmağa çalışırlar, mümkün qədər. Sosial şəbəkələrdə tez-tez rastlaşdığım bir durumdur: bir də görürsən ki, Güneyli dostlarımızın bu cür paylaşımlarının altında Quzey Azərbaycandan olan, dondurmaya “marojna” deyən birisi peyda olur və: - Ay brat, nöş öz dilimizdə yazmırsan? - Hansi dildə yazmışam ki, qardaş? - Alə, görmürsən türkcə yazmısan? - Bəs hansı dildə yazmalıyam ki, qardaş? Türkəm və buna görə də türkcə yazıram! - Alə, necə yəni hansı dildə? Öz dilimizdə - Azərbaycanca yaz, biz də başa düşək! - Hansı sözü başa düşmədin ki, məsəln? - Alə, bu nədir ey yazırsınız quzey, güney, doğu, batı, nə bilim nə... Bizim dildə, yəni azərbaycancada şimaldır, cənubdur, şərqdir, qərbdir!  ****         Bax, bu cür “elmi” diskussiyalara, özəlliklə facebook sosial şəbəkəsində, çox sıx rastaya bilərsiniz. İşin ilginc tərəfi də bu ki, bu cür adamlar sadəcə fikir bildirib, təklif irəli sürmürlər, bunlar özlərini hər halda üləma hesab edirlər və HÖKM kəsirlər. Məsələn, deyirlər ki;  - Niyə “özəlliklə” deyirsiniz, “azərbaycanca”da “xüsusilə” varkən?! - Niyə “sorumluluq” deyirsiniz, “azərbaycanca”da “məsuliyyət” varkən?! - Niyə “özgürlük” deyirsiniz, “azərbaycanca”da sərbəstlik varkən?! - Niyə “örnək” deyirsiniz, “azərbaycanca”da “nümunə” varkən? - Niyə “toplum” deyirsiniz, “azərbaycanca”da “kütlə” varkən?! - Niyə “ulus” deyirsiniz, “azərbaycanca”da millət varkən?! - Niyə “görəv” deyirsiniz, “azərbaycanca”da “vəzifə” varkən?! - Niyə “yetki” deyirsiniz, “azərbaycanca”da “səlahiyyət” varkən?! - Niyə “anlam” deyirsiniz, “azərbaycanca”da “məna” varkən?! ... və bu cür önəklərin sayını xeyli artıra bilərək...  Bilgi sahibi olmadan fikir sahibi olan bu zavallılar anlamırlar ki, yuxarıda “azərbaycan”ca olaraq sırımaq istədikləri sözlərin heç birisi bizim sözlərimiz deyil, ya ərəbcə, ya da farsca sözlərdir. Məsələn, “sərbəst” sözü farscada sər-baş və bəst-bağlı sözlərinin birləşməsindən əmələ gəlmişdir, tərcümədə BAŞIBAĞLI deməkdir ki, burdan da bəllidir ki, bu söz əslində bizim ifadə etmək istədiyimiz kəlmənin, yəni özgürlüyün tam tərsinədir...   Yaxud mən inanmıram ki, Azərbaycanda elə bir insan tapılsın ki, ərəbin “müvəffəqiyyət” kəlməsini çətinlik çəkmədən ifadə etsin. Axı öz gözəl türkcəmizdə “uğur” kimi rahat və gözəl bir sözcüyümüz varkən niyə hıqqana-hıqqana “müvəffəqiyyət” deməyə çalışmalıyıq ki? Əslində təəssüf ki, bu cür yanaşma sadəcə bilgisiz gənclərdə mövcud deyil, həm də özünü ziyalı (aydın yox ha, aydın desən o dəqiqə irad tutarlar ki, “niyə öz dilimizdə danışmırsan?”) adlandıran bir çox insanda da vardır...     Misal üçün, bir dəfə bu cür “ziyalı” xanımlardan birisi yazmışdı ki, “Bu nədir, dilimizin zayını çıxardırsınız türk sözlərini soxaraq”? Mənim dilim Abbas Səhhətin, Seyid Əzim Şirvaninin dilidir-filan yazmışdı xanıməfəndi...  Vallah ey “ dərin dil bilgisinə sahib ziyalı”, səni bilmirəm, amma mənim dilimdə duz-çörəkdir, Abbas Səhhətin dediyi kimi “nanü-nəmək” yox! O şairlər zamanlarının böyük şairləri ola bilərlər və dövrün şərtlərinə görə fars-ərəb ağırlıqlı bir dil qullanmış ola bilərlər...  Amma bu gün onları örnək alarsaq və o “dili” yaşatmağa çalışarsaq o zaman lal-kar olarıq, inanın! Bu cür düşüncə sahiblərini gördükdə daha yaxşı anlayırsan böyük Cavidin, Əhməd  Cavadın nədən öldürüldüyünü. Və əmin olursan ki, onları öldürən sadəcə Stalin deyildi, həm də bu qısır zehniyyətdi...  Hüseyn Cavid təkbaşına bir dil devriminə girişdi. Bir anlamda Türkiyədə Atatürk tərəfindən qurulan Türk Dil Qurumu funksiyasını icra edirdi Cavid, Azərbaycanda.  Ayrıca, necə ki, misalçün “Şəmkircə”, “Qəbələcə”, “Ərdəbilcə”, “Kaysericə” anlamsız və gülünc səslənir, inanın ki, “Azərbaycanca” da bir o qədər anlamsız və gülüncdür...  Güney Azərbaycanlı dostlarımızın dil üzərində gerçəkləşdirməyə çalışdıqları devrim təqdirə layiqdir və zamanla başarı ilə sonuclanacağından əminəm! İngiliscədən dilimizə girmiş “universitet” sözünün yerinə “bilimyurdu” işlədən Güneyli dostlarımıza ancaq təbrik və təşəkkür düşür...  Nə demiş böyük ustad Şəhriyar?   Türkün dilitək sevgili, istəkli dil olmaz, Başqa dilə qatsan, bu əsil dil əsil olmaz!!!   Zaur Bayramlı    N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN