Biz nəyə layiq edilmişik...

Biz nəyə layiq edilmişik...

Axı, haçansa  belə olmamışıq...deməli, həmişə  də belə qalmayacağıq...

(Əlisa Nicatın “Hürriyyət” qəzetinin 30.06.2017-ci il tarixli sayında nədənsə  məni millətin taleyinə mənəvi məsul tutmuş kimi “Biz nəyə layiqik” adlı yazısı əsasında cavab düşüncələrim.)

Hörmətli dostum, Əlisa müəllim, var olun! Var olun ki, ən taleyeklü məsələlərimizi mənə üz tutmaqla dilə gətirmisiz. Bunun, həm də mənə verdiyiniz yüksək dəyər oldiğunu sanıram.  Əslində, bu haqlı qınağınıza yazılı cavab verməmək də olardı (o qədər belə söhbətlərimiz olub ki, axırıncısı  sizin yazıdan təqribən bir həftə qabaq və az qala “qlrğınla”  müşüyət olundu),  əgər bu söhbəti ictimailəşdirməsəydiniz... Odu ki, gərək mən də danışım, yoxsa millətimiz, hətta, sizin təsvir etdiyiniz pis halda olsa belə (ki, buna şübhə də yoxdur), ondan da pis- aşağılıq kompleksinə tutular,  bu cür öldürücü mənəvi bir zərbədən yaxa qurtara bilməz  və  bu da ümidsizlikdən yox olmağa bərabər  olardı ki, buna da yol vermək olmaz. Biz ölsək də ümidimiz  ölməməlidir, çünki, o, həm də gələcək nəsillərimizin yaşam haqqıdır...

Siz, hələ ki, sonu görünməyən pisliklərdən bezib, sanki “ biz pisik və heç vaxt düzəlmərik, çünki  xarakterimiz pisdir.” deyirsizsə də, lakin, bütün yaradıcılığınlz boyu milləti yaxşılığa tərbiyələndirməklə məşğulsuz (?!),  onda bu “Sizif əməyiniz” nə üçündür?  Aha, yəqin ki, şüuraltı olaraq   ümüdimizi  yaşatmaq  üçün, deyilmi? Sizin, əsərlərinizin “Dünya sərkərdələri” adlı XX bitiyində (kitabında,cildində) 158-ci səhifədə, Teymurlənglə bağlı qarışqa əhvalatı (bir qarışqanın apardığı yükü, yalnız 70-ci cəhddə yarğandan çıxarmağa nail olması),  məncə sizin barəmizdəki pessimistliyinizi perpektivsiz  edir...

Mənsə, “biz pis edilmişiksə də, lakin düzələ bilərik, indiyədək düzəlməməyimizin  bizdən asılı olan səbəblərindən biri də aydınlarımızın yetərincə çalışmamasıdır” deyirəm. Buna sübut - bizim (habelə, qabaqcıl bəşəriyyətin) yaşamaq uğrunda mübarizə tariximizdir.  Məsələ, bu qədər sadə və ciddidir.

Azərbaycan 1180 il qabaq (Babəkin ölümü,838-ci il) ərəblər, Quzey Azərbaycansa 189 il qabaq (Türkmənçay müqaviləsi,1828-ci il) həm də ruslar tərəfindən işğal olunmuşdur. Bu dövrdə işğalçılar bizim özgürlük, milli mənlik şüurumuzun yaranmasının qarşısını almağa, bizi  özəlliyimizdən, bilimdən (elmdən) uzaqlaşdırmaqla...  özününkiləşdirməyə, öləziləşdirməyə  çalışmış və  buna əhəmiyyətli dərəcədə (ərəbləşdiyimiz, farslaşdığımız  və ruslaşdığımız qədər) nail olmuşlar.  Onlar buna, bizim (imperiyalar quran xalqın) özgür düşüncə, yaşam tərzimizi  mütiliyə dəyişməklə nail olmuşlar.

 Məsələn, sizin də hamıdan yaxşı bildiyiniz döyüşkən, özgür türk xarakterini qondarma İslam (oxu, ərəb) düşüncə tərzində əritməklə... Bu barədə “Ümmətçilikdə (İslamda) əridilən... millətçilik” adlı yazımda düşüncələrimi daha ətraflı bölüşmüşəm, yəqin, xatırlayarsız.

Yaxud,  Quzey Azərbaycanda yeni sovet adamı qayırmaq adı altında 71 il ruslaşdırma siyasətinin sonunu  isə sizinlə  birgə  yaşamışıq...

Məncə, Türkün, Ərəb İslamına qovuşmasından ən çox udan ikinci tərəf oldu - İslam (oxu, Ərəb) Türk qılıncını qazandı və onun hesabına öz mənəvi imperiyasını daha da genişləndirdi. Türk isə, toplum olaraq, Ərəb mənəviyyatını qəbul etməklə,  özəlliyini (oxu,fatehlik ruhunu, dünyəvi düşüncə tərzini),  İslamın (oxu, Ərəbin) qondarma düşüncəsində əritməklə öz döyüşkənliyini,  özgür düşüncə, özəl yaşam tərzini, öz adlarını, yəni milli müqavimət qabiliyyətini (milli xarakterini)  itirdi... və rəqiblərinə kölə oldu. Elə bu səbəbdən də Azərbaycanda  AXC və  Türkiyədə Atatürk dövrü istisna olmaqla, türklər 200 ildən artıqdır ki,  yeni dünya düzəninə köklənə bilmir... çünki, düşüncə geriliyi  buna imkan vermir. Nə qədər ki, öz yaşamında dini düşüncə tərzini (oxu, reallıqdan uzaq, qondarma düşüncəni, mütiliyi, köləliyi, dələduzluğu) tam olaraq bilim (elm) əsasında qurulan yaşam tərzinə dəyişməyib, yəni, öncül ölkələr sırasında yer alıb çağdaşlaşmayıb, türk milləti,  digər müsəlmanlar kimi mağmın və  bacarıqsız olaraq qalacaqdır.

İndi siz bu arxaik mənəviyyatın üstünə gəlin... rusun əsarətində olan , türkə və digər müsəlman dinli xalqlara qarşı çeşidli milli simasızlaşdırma, yəni assmilyasiya  siyasətini, görün nə həngamə alınır. Əgər bu pozğunluqda biz hansısa özəlliyimizi saxıaya bilmlşiksə... sanın ki, hünər (oxu, az dəyişən milli xarakter) sahibiyik.

Yeri gəlmişkən, Türkü rəqib kimi görən və yeni dünya düzənində yer alan bütün güclər, xalqlar, (nə vaxt, hansı ölkədə olmasından asılı olmayaraq) dolayısıyla bizim İslama daha çox sarılmağımızı (oxu,gömülməyimizi) istəyir və bütün vasitələrlə bunu körükləyirlər. Çünki, rəqiblərinə başağrısı olan türk qüdrətini, yalnız bu yolla daim gerilikdə  saxlamağın, ram etməyin mümkün olduğunu bilirlər. Qərbin liberal demokratik qüvvələri isə, bütün digər qonşularının yeni dünya düzəninə qoşulmasını istədiyi qədər səmimi olaraq bizim də gəlişməmizi (inkişafımızı) istəyirlər. Çünki, liberal  demokratlar, Qərbin və ABŞ-ın  imperialist qüvvələrindən fərqli olaraq  anlayırlar ki, yalnız, yaxşı qonşu ilə yaxşı yaşamaq olar. Onu da deyim ki, yeni dünya düzənindən qabaq, yəni orta əsrlərədək bu güclərin siyasəti haqlı olaraq tam əksinə idi, onlar islamı türkün ideoloji birliyini təmin edən əsas faktor kimi hədəfə alıb, onun parçalanmasının zəruriliyini qərara aldılar və vəhabiliyi yaratmaqla təmin də etdilər (bax,”Mister Hemferin xatirələri”, “Hüquq ədəbiyyatı” nəşriyyatı,Bakı,2008 ). Bu siyasətin yeni dünya düzənində belə kəskin dəyişməsinin səbəbi isə, Qərbin  ağıllı insanlarının - gücün, yalnız bilimdə (elmdə) və üstün tərbiyədə  olmasını - kəsdirmələri (anlamaları) idi. Ona görə də onlar öz həyatlarındakı hər şeyi bilim və üstün tərbiyə  əsasında qurmağa başladılar və təcrübə göstərir ki, səhv etmədilər. Bu gün bilim (elm) və üstün tərbiyə əsasında qurulan toplumlar bəşəriyyətin arzusu və ümid yeridir.

Elə göstərilən səbəbdən də - yeni dünya düzəninə uyğun türk  dövlət qurluşlarının yaranmasının, bərpasının, yaşamasının qarşısı, daxildən milli cahillərimiz (oxu, ərəb, fars  və rus düşüncəsinin (əslində,düşüncəsizliyinin) könüllü, havayı daşıyıcıları, yəni assmilasiya olunmuşlar və digər dünyəvi  parazitlər), xaricdən isə  məhz həmin - türkə rəqib güclər tərəfindən hər vəchlə alınır.

Min il İranı farsca yönətən türk şahlarının, ya Osmanlı İmperiyasını ərəb və fars qarışığından ibarət osmanlıca yönətən  türk sultanların...  türkün milli mənlik şüuruna, türk özgür düşüncə tərzinə (oxu, xarakterinə) nə qədər aidiyyəti var?  Varsa da, yəqin ki, təkcə adlarıdır, türk adlarından başqa... heç  bir aidiyyətləri yoxdur. (Yeri gəlmişkən, çox üzüntülü ki, Cumhuriyyət dönəmində sürətlə gəlişən (inkişaf edən), çağdaşlaşan Türkiyə,  artıq son illər yenidən islama (oxu, ərəb geriliyinə) gömülməkdədir...)

Əgər, ərəbləşdirilmə və farslaşdırılmadan başqa, Qərbi Avropa və Rusiyanın iş birliyi ilə həm də rus və erməni tapdağı edilmiş  (bax,Berlin Konqresinin qərarı,1878-ci il) Quzey Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti, yenilmiş Osmanlı İmperiyasının  qalıqlarından  isə 1923-cü ildə  Türkiyə Cümhuriyyəti qurulmasaydı bu gün rəsmən türk adını daşıyan toplum olacaqdımı? Yox, əlbəttə. Bu olaylara, yəni işğalların bizimçün ağır sonuclarına baxmayaraq, bu xarabalıqların içindən  AXC və TC-nin baş qaldırması...   türk xarakterinin dayanlqlılıq  göstəricisi deyilsə, bəs nədir? 

Bütün xalqların, o cümlədən türkün də gəlişməsinin (inkişafının) kökündə ilk öncə düşüncə faktoru durur. İnsanın, xalqın xarakteri (oxu, düşüncəsi) – onların  vaxtaşırı (gündəlik, daimi, ardıcıl) aldığı təlim və tərbiyənin, qavradıqlarının psixikalarında “daşlaşmış”  forması olsa da... həyatıımızın yeniləndiyi qədər də dəyişəndir (əlbəttə,bu, yəqin ki,fransız dahisi Q.Lebonun və onun tərəfdarlarının xətrinə dəyməz, çünki (ən azı), onun yaşadığı dövrdən bəri biliyimiz-ona alternativ fikir deyə biləcəyimiz qədər artdığından fərqli nəsə deyə bilərik, sanıram).

 İnsanı (oxu,milləti) formalaşdıran amillərdən, yalnız gen,digərlərinə nisbətdə daha  az dəyişəndir(baxmayaraq ki, genetikada dəyişməz sayılır). Ümumiyyətlə, insana xas hər şey –gen, düşüncə,duyum,zövq,mənəviyyat, dil,din,davranış,ərazi(oxu,Vətən),adət və mədəniyyət birliyi gərəkən (müəyyən) zaman daxilində, təbii və ictimai mühitin birgə təsirindən yaranmaqla,dəyişməklə,formalaşır. Yəni, biz, tərkibimizi şərtləndirən amillərin, iştirakçıların şərikli məhsuluyuq.

Adamın nə gündə olmasının səbəbi onun düşüncəsinin hansı keyfiyyətdə olmasındandır. Bu baxımdan fikir böyüklərimizdən olan Əməd Ağaoğlunun “Üç  mədəniyyət”  (KitabKlubu.orq,2017,Bakı) əsərində Budda-Brəhmən və İslam-Şərq mədəniyyətlərinin Avropa-Qərb mədəniyyətinə (oxu,düşüncəsinə) böyük hesabla (bu gün artıq, azı yüz il geri qalmaqla) uduzmasını sübut etməsi ibrətamizdir. Bu bir həqiqətdir ki, uduzan mədəniyyətlərin (oxu, düşüncələrin) daşıyıcıları öz düşüncələrini bilimə (elmə) doğru dəyişənədək... Avropa-Qərb mədəniyyətinin (oxu, düşüncəsinin) tör-töküntüləri ilə yaşayacaq və bu yaşayışı özlərinin ən üstünü sayacaqlar. ...Bununla belə, mən əminəm ki, əgər biz öz düşüncəmizi bilim (elm) əsasında  yenidən qursaq,  çox qısa vaxtda yaşamda ən qabaqcıl ölkələr sırasına çıxa bilərik, çünki, bizim potensialımız yüksəkdir, yetər ki, radikal islahatlara başlayasan.

Əlisa müəllim, bu qorunma  keyfiyyəti  bizim çox dayanıqlı sayılmalı olan milli xarakterimizdir ki, ona gen və qan yaddaşı da deyilir. Bax, o, pozulmamış milli xarakter idi ki, işğalçılara qarşı vaxtaşırı aşkar, gizli  mümkün olanı etmiş, çox böyük itkilərə baxmayaraq,  milli fikir ocağımızı, öz içində qor saxlamaqla sönməyə qoymamış, sovet din rejimi əsasında qurulan ən qəddar SSRİ adlı bir şər imperiyasının dağılmasında,  yəni, Yedək Respublikalar İttifaqı arasında, Azərbaycan  xalqı  öncül olaraq - 1989-cu ildə, ilin ən aktiv xalqı sayılmış, sonucda  özgürlüyünü qazanmışdır. Bizi qane etməyən bu günkü yaşayışımız dartışıla bilər və dartışılmalıdır da, lakin, nəzərə alsaq ki, biz hələ də gəlişməmizi (inkişafımızı)  istəməyən qüvvələrin və düşüncələrin girovluğundayıq...  sizin də təsvir etdiyiniz faciəvi halımızda qüvvələr nisbəti bəllənər... İş isə, məhz qüvvələr nisbətinin məntiqli sonucu kimi fakta çevrilir.

Çoxumuzdan yaxşı bilirsiz ki, bir işin görülməsi, onu arzulamaqdan qat-qat çətindir. Ona da şübhəniz olmasın ki, mən millətim də olsa, ona əsassız tərəfkeşlik etmərəm, etsəm, bu  mənim əqidəmə zidd olardı. Eyni zamanda mən xalqımızın öz taleyinə münasibətdə passivliyinə əsla haqq qazandırmaq fikrində də deyiləm. Xalq necə yaşamaq istədiyini özü kəsdirməlidir, necə deyərlər,  süründürülən can onun... sürütmə də vəl sürənin... Amma, xalqın da haqqı var ki,  onu aldatmaqla  ələ salmış, təhqir etmiş, haqqını çalmış və onu taleyin (oxu, cinayətkarların) ümidinə buraxan qəssabxana keçilərinin hansısa yeni növlərinin dalınca  bir daha getməsin, deyilmi? Ona bu haqqı tanımamaq-yersiz olardı.

Qaldı, saxta saydığınız nağıllarımıza, dastanlarımıza... mən Azərbaycan folklorunu, ədəbiyyatını, musiqisini özümün mənəvi atam, anam və tərbiyəçim  sayıram. Əgər, örnək ola bilən  ədəbiyyatımız  (elə həm də dünya ədəbiyyatı) olmasaydı onda mən, yalnız, savadsız valideyinlərimin mənə öyrədə bildikləri qədər bilərdim, indi, hesabınızı götürün nə gündəydim... Mən musiqimizin vurğunuyam və ondan dolğun, ondan mənalı, ondan lirik,  duyğuların ifadə olunmasına görə ondan üstün  yaradıcılıq nümunəsi və mənəvi qida tanımıram. Çox üzüntülü ki,  qüdrətimiz varlığımızı qoruma gücündə deyil, deməli biz o gücü yaratmalıyıq.

Sevgidən danışsaq...  özünü  sevgisi (oxu, yurd sevgisi), amalı uğrunda qurban verən on minlərlə insanımızın yarımçıq və şərəfli ömürlərini... sizə  sübut kimi təqdim edirəm, o qurbanlar olmasaydı olsun ki, biz də bu gün yaşamazdıq, fikrindəyəm.   Biz-sevgi qurbanlarımız olduğu qədər varıq. Ağıllı atalarımız  çox düzgün olaraq, fədakarcasına  “Əkiblər – yemişik, əkərik – yeyərlər”  demişlər. Başqa cür, yəqin ki, tükənərdik.

Sadaladığınız “kişilik, mərdlik, prinsipiallıq” genlə gəldiyi kimi həm də  oxumaqla (o cümlədən nağıllarımızı, dastanlarımızı, habelə sizin əsərlərinizi), savadlanmaqla, üstün tərbiyə ilə əldə olunur ki, onun da  faizini  görülən işin müddəti və sürəkliliyi şərtləndirir. Ümumiyyətlə, gen və milli xarakter yüz və min illərin eyni qaydada, sürəkli təkrarlanan qavramın, davranışın, təlim, tərbiyənin düşüncəmizə köçürülməsi, oturaqlaşmasıdır.  

Mən şəksiz bilirəm ki, sizin bizə  iradlarınız , bizi pis görməmək, milləti daha üstün görmək arzusu kimi daxili bir yanğınızdan qaynaqlanır. Lakin, bu qınaq öldürücü yox, saflaşdırıcı və ümidverici olmalıdır... yoxsa, kəndirimiz kəsilər.

Qərbi Avropada  bilim (elm) erası başlananadək (Qərbin, hakim düşüncə sayılan xristian dini buxovlarından xilas olması) İslam dini, türk xarakteri ilə birlikdə pis, yaxşı müsəlman Şərqinin  idioloji birliyinin təminatçısı rolunu oynaya bilirdi. Lakin, artıq Qərbi Avropanın inqilablar yolu ilə kütləvi bilim (elm)  yaşam tərzinə keçməsi qüvvələr nisbətini kəskin olaraq onların xeyrinə dəyişdi. Müsəlman  Şərqi, onu mənəvi  girovluqda saxlayan dini düşüncə tərzindən (oxu, buxovundan) çıxmağa çalışsa da (Xürrəmilər, Mənsur Həllac, Hürufilər, Nəimi, Nəsimi, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir və digərlərini xatırla), lakin, hələlik buna nail ola bilməyib, elə ona görə də toplum olaraq dağılır.

Azad dünyada, başqasaının hüquqlarına, mənafeyinə ziyan vurmayan düşüncənin və əməlin... həddi, hüdudu olmamalıdır, başqa cür gəlişilməz (inkişaf edilməz) və geri qalınar.

Biz, milli faciələrimizlə yaşamamalıyıq, lakin, onları əsla unutmamalıyıq da, çünki, tarixi unutqanlıq yeni fəlakətlərin  baş verməsini şərtləndirən amillərdən biridir.

Əziz, Əlisa müəllim, əmin olun ki, hər bir ictimai faydalı iş əvvəl, axır öz çözüm yolinu tapacaq və biz  də o günü görəcəyik, yetər ki, özünü məsul sayanlar  iş görə biləcək gücə çevrilsinlər və  mümkün olanı vicdanla etsinlər, necə ki,  pessimistliyiniz istisna olmaqla... siz edirsiz.

Yeni,  olduqca ictimai faydalı söhbətlərimizin gözləntisi ilə,   işimizin həllinə məsul rəsmilərin və xalq adına imtiyazlıların əvəzinə... hesabata çəkilən və  bu ərkinizdən xoşlanan dostunuz,  Məmmədxan  Əzizxanlı.

10 qızmar (iyun) 2017-ci il.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN