Cənubi Qafqazda Müharibə və Sülh Senariləri - 2

Cənubi Qafqazda Müharibə və Sülh Senariləri - 2
Sülh Axtarışları   İyunun sonlarında isə Bakıda Strateji Araşdırmalar Mərkəzi (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) birgə təşkilatçılığı ilə “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən xarici qonaqlar İtaliyanın Trento Universitetinin Hüquq Fakultəsinin Müqayisəli Konstitusiya Hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin Sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtalyanın Bolonya Unversitetinin Siyasi Elm şöbəsinin köməkçi professoru doktor Lorenzo Zambernardi, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa Hüququ üzrə Araşdırmalar Məktəbinin Tədqiqatçısı Elisabetta Pulice və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze Cənubi Tirol muxtariyyət modeli haqqında və ümumiyyətlə beynəlxalq hüquqda milli azlıqlar haqqında fikirlərini bölüşdülər. Cəbhədə baş verənlər fonunda Bakıda Qarabağ problemi üçün model axtarışı həm də simvolik məna daşıyırdı. Çünkü Azərbaycan tərəfi problemin dinc yolla həlli üçün bütün modellərə müraciət edəcəyini, amma bu baş verməsə öz ərazilərini hərbi yolla azad etmək hüququnu da özündə saxladığını bildirmişdi. Bu mənada Avropadakı bir təcrübənin öyrənilməsi maraqlı idi.   Eyni zamanda başqa təcrübələrdən faydalanılması xoş bir məqsəd olmaqla yanaşı, hər bir problemin özünəməxsusluğu amili də mütləq nəzərə alınmalıdır. Burada Cənubi Tirol probleminin tarixini izah edərək oxucuları yormaq düşüncəsindən uzağam. Amma Cənubi Tirol probleminin həll modeli, əslində daha çox XX əsrin əvvəllərində yaşananlardan sonra Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) qurulması ilə paralellik təşkil edir. DQMV-dəki Ermənilər də XX əsrin əvvələrindəki proseslər nəticəsində qurulan müxtariyyət çərçivəsində əhəmiyyətli hüquqlara sahib olmuşdular və praktikada vəziyyətləri çox daha yaxşı idi. Məsələn, 1980-ci illərdə Ermənistan torpaqlarını genişlendirmə strategiyasını ilk tətbiq etməyə başladıqda Azərbaycan içərisindəki Erməni əhalinin iqtisadi şərtlərinin yaxşı olmadığı tezisini irəli sürmüşdü. Bunun üzərinə Moskvadan Azərbaycana göndərilən xüsusi komissiya DQMV-də və Azərbaycan daxilində apardığı araşdırmalar nəticəsində bölgə Ermənilərinin bütün iqtisadi və sosial göstəricilər üzrə Azərbaycanın geri qalan əhalisindən daha yaxşı yaşadığını müəyyən etmişdi. Xatırladaq ki, həmin vaxt keçmiş SSRİ-nin lideri (Sov İKP MK-nın Baş Katibi) Mixail Qorbaçovun İqtisadiyyat Üzə Müşaviri məhz erməni mənşəli və DQMV-nin Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini açıq müdafiə edən ilk Sovet rəsmisi olan Abel Aqambekyan idi.   Amma buna baxmayaraq Ermənistan əvvəlcə DQMV-ni özünə birləşdirməklə bağlı qərar qəbul etdi, sonra isə Azərbaycana hücum edərək bölgəni və ətrafını işğal etdi, bir milyona yaxın Azərbaycanlını da qaçqın vəziyyətinə saldı. İllərdir həm özü, həm qaçqın vəziyyətinə saldığı Azərbaycanlılar, həm torpaqlarını işğal etdiyi Azərbaycan, həm də işğal altında saxladığı bölgədə yaşayan Erməni mənşəli Azərbaycan vətəndaşları bu işğaldan əziyyət çəkir. Hərçənd Ermənistan daha sonra taktikasını dəyişərək əslində torpaqlarını genişləndirmək niyyətində olmadığını, problemin də, müharibənin də Azərbaycan ilə bölgə Erməniləri arasında yaşandığını iddia etdi, amma buna heç kimi inandıra bilmədi. BMT Təhlükəsizlik Şurasının 4 qərarında da, BMT Baş Assambleyasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qərarlarında da problemin Azərbaycan ilə Ermənistan arasında olduğu və işğal nüansı açıqca vurğulanır.   Problemin həllini çətinləşdirən ən əhəmiyyətli amillərdən biri də Ermənistanın mütəmadi olaraq “işğal edilmiş ərazilərin əvəzində status” tezisini irəli sürməsidir. Ermənistan rəsmiləri dəfələrlə Azərbaycan ərazilərini işğal etdiklərini, bunların bir qismini geri qaytararaq əvəzində geri qalanına Azərbaycan tərəfindən “müstəqil dövlət statusu” tanınmasını istədiklərini ifadə etməkdən çəkinməmişlər. Maraqlıdır ki, bəzən vasitəçi dövlətlər də bu, sanki normal bir istəkmiş kimi davranmış və Azərbaycanı bu istiqamətdə danışıqlara dəvət etmişlər. Beynəlxalq hüquq baxımından skandal sayıla biləcək bu cür addımlar, təəssüf ki, hələ də davam etməkdədir. Təbii ki, Erməni əhalinin hüquqlarının həyata keçirilməsinə təminat verilməsi lazımdır. Lakin nə bunun, nə də digər tələblərin işğal siyasətinə haqq qazandırmasından söhbət belə gedə bilməz. İşğal həllin bir parçası olaraq görülə bilməz, çünkü o problemin özüdür.   Digər tərəfdən, Azərbaycan rəsmiləri dəfələrlə Erməni mənşəli vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminat altına alınacağını ifadə etməkdədirlər. Azərbaycan daha əvvəl Tatarıstan modelini gündəmə gətirdi. Dəfələrlə, Ermənilərə dünyadakı ən yüksək səviyyəli muxtariyyət tanıya biləcəyini və bunun beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməsinə təminat verilməsi üçün lazımlı öhdəlikləri boynuna götürməyə hazır olduğunu ifadə etdi. Lakin Ermənistan buna yanaşmadı. Mövcud anlayış və Rusiyanın bölgəyə mövcud baxışı çərçivəsində yanaşması da çox gözlənilmir.   Azərbaycanın bir tərəfdən israrla işğal mövzusunu ön plana çıxarması və işğalın qeyd-şərtsiz və dərhal sona çatdırılması üçün səylərini, digər tərəfdən də Erməni azlığa beynəlxalq hüquqda nəzərdə tutulan bütün hüquq və azadlıqların ən üst səviyyədə təmin edilməsi mövzusundakı qərarlı mövqeyini davam etdirməsi vacibdir. Bunun ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən də tam dəstəklənməsi bölgənin gələcəyi baxımından çox əhəmiyyətlidir. Unudulmamalıdır ki, işğala haqq qazandıran mövqelər, işğalçını mükafatlandıran addım, münasibət və siyasətlər gələcəkdə bölgədəki güc tarazlığı dəyişdiyində yeni hücumları və yeni işğalları təşviq edə bilər. Bu qeyd olunanlar vacib bir prinsip kimi qəbul olunduğu təqdirdə istər Cənubi Tirol, istər digər bir model Qarabağ münaqişəsinin həlli və ümumi olaraq Qafqazdakı sülh və sabitlik mühiti baxımından daha faydalı olacaq. Əks halda xüsusi olaraq Qarabağ problemini də, ümumi olaraq Cənubi Qafqazı da daha böyük risklər gözləyə bilər. N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN