Əbülfəz Elçibəy dönəmi Azərbaycanın xarici siyasəti

Əbülfəz Elçibəy dönəmi Azərbaycanın xarici siyasəti

Türk oğlu Türk, Türk dünyasının gerçək Başbuğu[1], Azərbaycan aslanı, milli dirçəliş hərəkatımızın unudulmaz öndəri Elçibəy. Türk milləti dünyaya saysız hesabsız dahilər, qəhrəmanlar, mərd döyüşçülər bəxş edib. Biz Türklər bu oğullarımızla qurur duyuruq. Elçibəy həm dahi, həm qəhrəman, həm də döyüşçü idi. Millətimizin qəlbində silinməz izlər qoydu. Böyük Türk milliyətçisi və demokrat idi. “Dəmir leydi” ləqəbi ilə də tanınan Marqarit Tetçer Elçibəyi Qafqazdakı ən böyük demokrat adlandırmışdır. Elçibəyin əsas məqsədi Azərbaycanı milli və demokratik əsaslarda qurmaq, Qərbə inteqrasya etmək və güclü bir dövlətə çevrilmək idi. Bütün diplomatik əlaqələri yalnız bu məqsədə uyğun qurmağa çalışırdı və elə milli maraqlarımızı qoruduğu üçün bir çox dövlətlərlə və öz daxilimizdə problemlər yaşandı. Bu kiçik yazıda Elçibəyin yürütdüyü xarici siyasəti araşdırmağa çalışacağıq. İlk olaraq Elçibəyin xarici siyasətinə ümumi bir nəzər salmaq onun əsaslarına baxmaq üstün tutulur. Elçibəyin  xarici siyasətinin ümumi əsasları Elçibəyin xarici siyasətinin ümumi əsaslarını müəyyənləşdirmək üçün ən önəmli iki mənbə mövcutdur: “AXC məramnamə və nizamnaməsi” və “Elçibəyin seçim proqramı”. AXC-nin siyasi görüşü “Azərbaycan dövlətinin digər dövlətlərlə mehriban şəraitdə yaşaması və problemlərin güc tətbiq etmədən həll edilməsi, ölkədaxili işlərə qarışmamaq, dövlətlərlə birbaşa diplomatik əlaqələr qurmaq və beynəlxalq təşkilatlarda təmsil olunmağı” əsas tuturdu. [2] Əlavə olaraq mövcud tarixi, coğrafi, mədəni, iqtisadi və s. nəzərə alınaraq xarici siyasətdə xüsusi diqqət yetirilməsi vacib olan məsələlər aşağıdakı kimi göstərilmişdir: 1.   Qafqazdakı gərginlik ocaqlarını danışıqlar əsasında həll etmək; demokratya və özgürlük mübarizəsində olan Qafqaz xalqlarına öz dəstəyimizi vermək və onlarla iqtisadi, mədəni və başqa məsələlərdə daha sıx əlaqələr qurmaq üçün “Qafqaz evi” yaratmaq. 2.   Türk dövlətləri ilə bütün istiqamətlərdə sıx əlaqələr qurmaq, milli-mənəvi dəyərləri birlikdə araşdırmaq və gələcək nəsillərə ötürmək üçün Türk xalqları mədəni birliyini qurmağa çalışmaq. 3.   İslam dövlətləri ilə bütün istiqamətlərdə sıx əlaqələr qurmaq. 4.   Sülh, təhlükəsizlik və humanizmin inkişafı üçün bütün demokratik rejimli dövlətlərlə çoxtərəfli əlaqələr qurmaq.[3] Elçibəyin seçim proqramının xarici siyasət bölümündə Azərbaycanın BMT nizamnaməsi və ATƏT-in yekun bildirişləri əsasında bərabərliyə və qarşılıqlı maraqlara əsaslanan xarici siyasətlə beynalxalq arenada özgür dövlətlər arasına girməsinin vacibliyi vurğulanır. Bundan başqa ölkənin Avropa və Asiyanın qovşağında yerləşdiyinə görə sülh içində əməkdaşlıq və beynalxalq təhlükəsizliyin təmin olunmasında Avropa və Asiyadakı proseslərdə iştirak etməsi gərəyi bildirilir.[4] SSRİ-nin özgürlük qazanan dövlətləri ilə bərabərlik və qarşılıqlı maraqlar, sərhədlərin pozulmazlığı və ölkədaxili işlərə qarışmamaq, ənənəvi əlaqələrin daha da möhkəmləndirilməsinə əsaslanan siyasətin qurulması vacibliyi vurğulanır. Bundan başqa SSRİ-nin borc və mülkiyyətinə varislikdə Azərbaycanın da haqqı olduğu və bunun qarşılıqlı danışıqlar yolu ilə müəyyənləşdirilməsinə tərəfdar olduğu göstərilir.[5] Elçibəy iqtidarının xarici siyasətdə ən böyük üstünlük verdiyi cəhət Qərb yönümlü siyasət yeritməklə, Rusiyanın siyasi və hərbi təsirindən çıxmaq və İranın bölgədə öz təsir gücünü artırmaq istəklərinə mane olmaqdan ibarətdir[6]. Onu da deyək ki, Elçibəy iqtidarının və bütünlükdə Azərbaycanın qarşısında duran ən önəmli problem Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunması idi. Qarabağ məsələsi Çox heyif ki, tarix boyu əksər dövlətlər Türk millətinə qarşı düşmən kəsilib. Bu uca millətə həmişə paxıllıqla və nifrətlə baxıblar. Çağdaş dövrdə də farsların Güney Azərbaycanda, rusların isə müstəmləkə dövrlərində Quzeydə apardığı beyin yumaq, manqurdlaşdırmaq siyasəti məhz bu nifrətin və qorxunun təcəssümüdür. Türk millətinə, Azərbaycana qarşı bu nifrət siyasətində ən önəmli silahlardan biri də, indiyə qədər də bəslədikləri erməni faşizmi və separatizmidir. Onsuz da Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət quran ermənilər XX əsrin sonlarında Türk düşmənlərinin dəstəyi ilə Qarabağa və bütün Azərbaycana iddialar irəli sürdülər. SSRİ dağıldıqdan sonra bu iddialar artıq silahlı hücumlara və sonuçda I Qarabağ savaşına gətirib çıxartdı. Elçibəyəqədərki iqtidarın Qarabağ məsələsində Rusiyayönümlü, qorxaq və məsuliyyətsiz siyasət yeritməsi, milli ordu quruculuğuna lazımi dəstək verməməsi bu məsələnin daha da qəlizləşməsinə, ermənilərin xeyli irəliləməsinə səbəb oldu. Bütün bunlar Elçibəy iqtidarına çox böyük çətinliklər yaratdı. Elçibəy iqtidara gələnə qədər ermənilər bütün Dağlıq Qarabağı, mayda Şuşanı və Laçını işğal etmişdilər. [7] Elçibəy diplomatiyası Qarabağ məsələsinin həllində hərbi güclənmənin və beynalxalq danışıqların bir arada aparılmasını daha faydalı hesab edirdi. Onsuz da məsələnin sülh yolu ilə həll olunmasının sığortası hərbi və digər bütün tərəflərdən güclü bir dövlətə çevrilmək idi.[8] İlk uğur kimi SSRİ hərbi mülkünün bölüşdürülməsi üçün 15 may 1992-də qəbul olunmuş Daşkənd anlaşması əsasında 220 tank, 220 zirehli texnika və 285 topun Azərbaycana qazandırılmasını göstərmək olar. [9] Bu mülkün qazandırılması və milli iradəsi olan bir qüvvənin hakimiyyətə gəlməsi Azərbaycanda ordu quruculuğuna və uğurlu əməliyyatların sayının artmasına çox böyük təsir göstərdi. Elə bütün bunların nəticəsi idi ki, Azərbaycan xeyli uğurlu döyüşlər keçirdi. Dağlıq Qarabağa tabe rayon olan Ağdərə demək olar ki, tamamilə işğalçılardan təmizləndi və ermənilərin bu istiqamətdəki hücumlarının və Gəncəni təhdid altında saxlamaq planlarının qarşısı alındı. Bundan başqa oktyabr ayında Laçın keçidinin azad olunması üçün əməliyyatlara başlanılması qərara alınmışdı. Çox heyif ki, vətən xaini Sürət Hüseynovun əmrlərə tabe olmaması və ordunu geri çəkməsi bütün bu uğurların üstündən xətt çəkdi.[10] Ümumilikdə Elçibəy dönəmi Qarabağ savaşında ən böyük itki Kəlbəcərin işğalı oldu. Bunun səbəbi orduda yaranmış güclü intizamsızlıq və əsgərlərin kömək gəlməsini gözləməyərək döyüş bölgəsini tərk etməsi idi.[11] Bundan əlavə dövrün müdafiə naziri general Dadaş Rzayev ən önəmli səbəblərdən biri kimi, Sürət Hüseynovun Tərtərdəki birlikləri geri çəkməsindən sonra ermənilərin bu bölgədəki qüvvəlirini Kəlbəcər istiqamətinə yönəltməsini göstərmişdir.[12] Elçibəyin iqtidara gəlişindən sonrakı ilk altı ayda cəbhədə böyük uğurlar əldə olundu. Amma rusların ermənilərə dəstəyinin daha da artırılması və ölkədə, orduda xəyanətlərin çoxalması 1993-cü ilin yanvarından uğursuzluqlara gətirib çıxartdı. Elçibəy dövründə Qarabağ məsələsi beynalxalq arenada tez-tez səsləndirilməyə başlanıldı. Seçim proqramında Elçibəy məsələnin BMT nizamnaməsi və ATƏT-in yekun bildirişləri əsasında torpaq bütövlüyü çərçivəsində  danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir.  Bu istiqamətdə üstünlüyün daha çox ATƏT-ə verildiyini görürük. Bunun əsas səbəbi ATƏT prinsiplərinin Azərbaycan üçün daha sərfəli olması idi.[13] Məsələnin Minsk qrupuna qaldırılması, Dağlıq Qarabağ ermənilərinin toplantılara “Dağlıq Qarabağ Respublikası” adı ilə qatılmasına imkan verilməməsi, Minsk qrupunun sədri Mario Raffaellinin 27 avqustda Bakı səfərində “ermənilərin öz müqəddəratını həll etmə” məsələsinin qəbul edilməzliyini bildirməsi diplomatik uğurlardandır. [14]  Bu məsələnin tezliklə həll edilə bilməməsinin səbəbləri, erməni tərəfinin danışıqlara soyuq baxması və şərtləri pozması, Azərbaycanın öz daxilində hələ tam sabitliyin əldə olunmaması və Qərbin Azərbaycana hələ də lazımi dəstəyi verməməsi idi. Bu məsələnin həllini qəlizləşdirən ən böyük amil isə Rusiya idi. Rusiya həmişə olduğu kimi ermənilərə həm hərbi, həm də siyasi dəstək verirdi. Rusiya ilə əlaqələr Rusiyanın bölgədə təsir gücünü artırmağa çalışdığı bir dövrdə hakimiyyətə gələn AXC-nin Rusiya ilə əlaqələrdə çox böyük çətinlikləri var idi. Ən əsası AXC-nin rus imperializminə düşmənliyi və Azərbaycanı tamamilə özgür dövlətə çevirmək istəyi heç də Türk düşməni Rusiyanın maraqlarına uyğun gəlmirdi. Baxmayaraq ki, tarix boyu özgürlüyümüzə ən böyük təhtid Rusiya olub, Azərbaycan Rusiya ilə təhlükəsiz təməllər üzərində münasibət qurmağa məcbur idi.[15] Elçibəy AXC iqtidarının xarici siyasəti haqqında danışarkən ən əsas məsələnin  Rusiyanın bölgədəki siyasi və hərbi təsirindən çıxmaq olduğunu bildirirdi. Bu məqsədə çatmaq üçün bir neçə yol var idi; Rusiya əsgərlərinin Azərbaycandan çıxardılması, Rusiyanın Azərbaycana həmişə təzyiq vasitəsi kimi istifadə etdiyi Qarabağ məsələsində ATƏT-in rolunun artırılması, Rusiyanın siyasi təsir vasitəsi olan MDB-yə üzvlüyün rədd edilməsi və Rusiya ilə bərabərhüquqlu, müstəqil dövlət kimi siyasi və iqtisadi əlaqələrə nail olmaq.[16] 12-13 oktyabr Moskvada keçirilən Elçibəy-Yeltsin görüşündə rus ordusunun Azərbaycandan çıxarılması məsələsi də müzakirə olundu. Elçibəy rus ordusunun çıxarılmasını tələb edərkən ilk olaraq Yeltsin etiraz edir. Buna cavab olaraq Elçibəy o zaman rus ordusunun xalqın gücü ilə çıxarılacağını deyir. Bu cavab Yeltsini yumşaldır. Nəticədə rus ordusu vaxtından da tez tərkisilah edilərək Azərbaycandan çıxarılır.[17] Bu qələbə Azərbaycan-Türk tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbənin qazanılması isə sırf Elçibəy siyasi və milli iradəsinin nəticəsi idi. Azərbaycan bütün tarixi boyu ilk dəfə Elçibəy dönəmində Rusiya ilə bərabərhüquqlu müqavilələr imzalamağı bacarmışdır. Yalnızca Azərbaycanın milli mənafelərini qorumağı məqsəd bilən Elçibəy hakimiyyəti bu səbəbdən MDB-yə üzvlüyü də rədd etmişdir. Bütünlükdə Rusiyanın Elçibəy iqtidarına münasibətini iki dönəmə bölmək mümkündür. İyun-dekabr 1992 aralığı dövründə Rusiya Elçibəyin demək olar ki bütün tələblərini normal qarşılayır, münasibətlərdə “ağabəy-qardaş” baxışının artıq keçmişdə qaldığını qəbul edir, Azərbaycanın demokratikləşmə yolunda gördüyü işlərə əngəl olmayacağını bildirirdi. Lakin “yaxın çevrə doktrinası” -nın qəbul edilməsindən sonra Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasət sərtləşməyə başladı.[18] Elçibəyin Orta Asiyadakı Türk dövlətləri ilə yaxınlaşması, Türk dilini BMT dili etdirmə cəhdləri, Türk birliyini qurma planları və s. Rusyanın siyasətinin daha da sərtləşməsinə səbəb oldu. Elə bu səbəblərdən idi ki, sonuncu rus bölükləri Azərbaycandan çıxarkən öz silahlarını gələcəkdə dövlət çevrilişinin əsas oyunçularından olacaq Surət Hüseynova verdi, erməniləri daha da qızışdıraraq və öz dəstəyini artıraraq Kəlbəcərin işğalına nail oldu. [19] “İran adlanan dövlət” də Kəlbəcərin və bütünlükdə Qarabağın işğalında ermənilərə əlindən gələn dəstəyi göstərmişdir. İran ilə əlaqələr AXC-dən əvvəlki iqtidarın səriştəsizliyindən və problemlərindən istifadə edən İran rejimi siyasi təsir gücünü artırmaq və ölkədə “İslam inqilabı” həyata keçirmək üçün işlərə başlamışdır. Bununüçün İrandan Bakıya və bölgələrə əksəriyyəti din adamı olan şəxslər göndərilmişdi.Bu, İranın Azərbaycanda ən güclü fəaliyyət göstərdiyi dönəmdir.[20] Belə bir dövrdə hakimiyyətə gələn Elçibəy İranla əlaqələrdə iki əsas cəhətə önəm verirdi. Birinci əlaqələrin qarşılıqlı və bərabərhüquqlu şəkildə qurulması, ikinci İranda Azərbaycan Cümhuriyyətinin tanıdılması.[21] Bərabərtərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan Xarici İşlər Naziri Tofiq Qasımov 18-20 avqust 1992-də İrana rəsmi səfərə yollandı. Görüşlərdə Təbriz və Naxçıvanda qarşılıqlı konsulluqların açılması, İranın Azərbaycana təbii qaz verməsi və s. məsələlər müzakirə olundu. İki ölkə arasında iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün ortaq komissya yaradıldı. [22] 1993-cü ildə Dövlət Katibi Pənah Hüseynovun səfərləri də iki ölkə arasındakı əlaqələrin inkişafına öz töhfəsini verdi və əlaqələrin inkişafına görə İran Rusiyadan sonra ikinci ölkə oldu.[23] Rəsmi surətdə tam bildirilməsə də, Elçibəy iqtidarının İranla əlaqələrdə ən əsas önəm verdiyi məsələ Güney Azərbaycan idi. 1813-cü Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın bölüştürülməsi nəticəsində təxminən iyirmi beş- otuz milyon Azərbaycan Türkünün İranda milli hüquqları təmin olunmadan yaşaması, əlaqələrdə bəzən gizli bəzən də açıq şəkildə gündəmə gətirilmişdir.[24] İqtidarı dönəmində Elçibəy dəfələrlə İran səfiri tərəfindən İrana dəvət olunub, amma Elçibəy bunun yalnız İranın bəzi şərtləri yerinə gətirməsi ilə mümkün olacağını bildirib; ziyarətə Təbrizdən başlamaq sonra Tehrana getmək, İranda Azərbaycan davası üstündə həbs edilmiş bütün məhkumları azad etmək, İranla əlaqələrdə bu problemlərin qalmaması üçün Güney Azərbaycanda milli mədəniyyətin inkişafına  və öz dilində təhsil, qəzet-jurnal çıxarılmasına izin vermək.[25] Azərbaycanda milli qüvvələrin hakimiyyətə gəlməsi İranda və Güney Azərbaycanda yaşayan soydaşlarımız arasında hərəkətlilik yaratmışdı. Güneydə milli şüurun dirçəlişində və Bütöv Azərbaycan fikrinin yayılmasında Elçibəy hökumətinin rolu çox böyükdür. Bu təbliğatlar nəticəsində Azərbaycan Türkləri Kəlbəcərin işğalına da biganə qalmadılar. Əvvəlcə Tehran məscidinə yığışdılar, saylarının durmadan artması kütlənin küçələrə axışmasına səbəb oldu və təxminən bir milyona yaxın Türkün nəhəng etiraz aksiyası baş tutdu. Aksiyada erməni işğalı pislənildi və Tehrandakı Ermənistan səfirliyi daşa basıldı.[26] Bütün bu olanlar, Elçibəyin İrana qarşı sərt bəyanatları İranı Azərbaycandan çəkinməyə vadar etdi. İran adlı dövlətin parçalanacağını Elçibəy boş bəyanatlar kimi demirdi. Adını “İslam Respublikası” qoyan İran sırf Elçibəydən canını qurtarmaq üçün demək olar ki Rusiya ilə ortaq siyasət yeritdi, ermənilərə öz dəstəyini göstərdi və Azərbaycandakı muxalifətlə çevriliş üçün sıx əməkdaşlıq etməyə başladı. Bu çevrilişdə heç qardaş ölkə Türkiyə də Elçibəyə tam dəstək verə bilmədi. Türkiyə ilə əlaqələr Yuxarılarda da qeyd edildiyi kimi, Elçibəy iqtidara gəldikdən sonra Azərbaycan diplomatiyasında çox ciddi dəyişikliklər oldu. Bu dəyişikliklər həm Azərbaycanın strateji seçimlərinə, həm də Türkiyə ilə əlaqələrinə çox ciddi təsir göstərdi. Hər zaman türkçülüyünü və bundan doğan Türkiyə sevgisini dilə gətirən Elçibəy Türkiyəni Azərbaycanın strateji tərəfdaşı kimi görmək istəyirdi. [27] Şəxsən Elçibəyin özünün və nazirlərinin dəfələrlə Türkiyəyə getməsi bu ölkəyə olan yaxınlığın göstəricisi idi. 25 iyunda Elçibəyin İstanbulda imzaladığı Qaradəniz İqtisadi Tərəfdaşlığı müqaviləsi, 31 oktyabrda həyata keçiriliən ilk Türk Dövlətləri Zirvəsində iştirak edərək ortaq bəyannaməni imzaladı. Bundan əlavə qarşılıqlı səfirliklər açıldı, əlaqələrin sahələri daha da artırıldı, Türkiyə ilə təhsillə bağlı, səhiyyə və ordu quruculuğu ilə bağlı əlaqələr gücləndi. [28] Türkiyə Qarabağ məsələsində də hər zaman Azərbaycanın yanında olmuş, ermənilərin işğalçı kimi tanıdılmasını dəfələrlə yüksək kürsülərdən səsləndirmişdir. Amma çox heyiflər olsun ki, Azərbaycan və Elçibəy hakimiyyəti Türkiyədən tam lazım olan dəstəyi görməmişdir. Bunu ən böyük səbəblərindən biri, Türkiyənin Rusiyadan çəkinməsi idi.  Türkiyə dövlət çevrilişində də Elçibəyə lazım olan dəstəyi göstərə bilmədi. Sonuc Elçibəydən öncəki iqtidarın səriştəsizliyi və qorxaqlığı Azərbaycanı çox çıxılmaz vəziyətlərə salmışdı. Dağlıq Qarabağın demək olar ki tamamilə itirilməsi, xalqın mənafeyinə uyğun gəlməyən Rusiya yönümlü siyasət yeritməsi sonda xalqın güvən yeri olan AXC-nin hakimiyyətə gəlməsi ilə sonuçlandı. Elçibəy iqtidarı Azərbaycanda kökündən dəyişikliklər etməyə başladı. Demokratik dövlət və cəmiyyət qurmaq üçün çox ciddi işlər görülməyə, qanunvericiliyin təkmilləşdirilməsinə başlanıldı. Bu dəyişikliklər Azərbaycanın xarici siyasətinə də ciddi təsir göstərdi. Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsində Eçibəy tamamilə fərqli siyasət yeritməyə başladı. Özündən öncəki hakimiyyətin Qarabağ məsələsində yeganə dəstək gözlədiyi tərəf Rusiya idi. Mütəllibov iqtidarının qorxaqlığı və ordu quruculuğuna lazım olan önəmi verməməsi çox böyük problemlər yaratmışdı. Elçibəysə bu məsələdə Rusiyanın aparıcı rol oynamasını qəbul etmirdi. Qarabağ məsələsinin BMT və ATƏT çərçivəsində həll edilməsini daha üstün tuturdu. Bu seçim həqiqətən Azərbaycanın milli maraqlarına daha uyğun idi. Çünki Qarabağın işğalının elə əsas iştirakçısı Rusiya idi. Bütün ümidi Rusiyaya bağlamaq sadəcə səriştəsizlərin və xainlərin işi ola bilərdi. Ordu quruculuğunda və cəbhədə Elçibəy hökuməti bir çox uğurlar qazanmışdı. Yeganə böyük itki Kəlbəcərin işğalı idi. Bu itkini əsas səbəbkar olan  Rusiya sırf Elçibəyə təzyiq göstərmək üçün və onu tutduğu yoldan döndərmək üçün həyata keçirtdi. Qarabağ həmişəki kimi böyük bir təzyiq vasitəsi idi və özünü göstərdi, Elçibəyi devirdilər. Onu da demək lazımdır ki, Rusiya bu işləri, Elçibəyə olunan təzyiqləri öz içimizdəki Rəhim Qazıyev, Sürət Hüseynov, Əlikram Hümbətov və s. vətən xainlərinin yardımı ilə bacardı. Elçibəyin hakimiyyətə gəldiyi dönəm Azərbaycanın “çaqqallar süfrəsində” olduğu dövr idi. Bir tərəfdən Rusiya, o biri tərəfdən də İran Azərbaycanda öz təsirini gücləndirməyə çalışırdı. Bu Türk düşmənləri divlər ilə Elçibəy hakimiyyəti demək olar ki tək döyüşürdü. Bu döyüşdə çoxlu uğurlar da qazandı Elçibəy. Bu gücü o Türkçülük qanından, millətinin dəstəyindən alırdı. Azərbaycan tarixində ilk dəfə Rusiya ilə bərabərhüquqlu anlaşmanı Elçibəy bağladı, Rus ordusunu Azərbaycandan onun iradəsi çixartdı. Elçibəyin sırf milli maraqlara əsaslanan siyasəti ruslardan daha çox farsları narahat edirdi. Onun hələ xalq hərəkatı dövründə ən böyük məqsədi Bütöv Azərbaycan idi. Hakimiyyətə gəldikdən sonra bunu demək olar ki gizli dövlət siyasəti halına gətirdi. “İran adlanan dövlət” artıq qorxuya düşmüşdü. Azərbaycandan gələn milli dəstək ordakı soydaşlarımızı da ayağa qaldırırdı. Elçibəy ozünün “millətləşmək, dövlətləşmək və bütövləşmək” ideologiyasını var gücü ilə tətbiq etməyə çalışırdı. Elə bu səbəblərdən idi ki, İran da, Rusiya da Elçibəy hakimiyyətini devirmək üçün əllərindən gələni etdilər. Çünki Türkün milli maraqları bu Türk düşmənlərinin maraqlarına zidd idi. Milliyətçi damarına görə Elçibəy Türkiyəyə çox böyük sevgi bəsləyirdi. Azərbaycanı Türkiyə ilə strateji müttəfiq etmək istəyirdi. Hətta onun planlarından biri də Türkiya ilə Azərbaycanı birləşdirmək və konfederasiya yaratmaq idi. Amma heyif ki Turqut Özalın ölümündən sonra Türkiyənin Azərbaycana münasibəti dəyişdi. Dövlət çevrilişində də Elçibəy hakimiyyəti Türkiyədən lazımi dəstəyi görmədi. Bütün bu deyilənləri bütünləşdirsək biz bir nəticəyə gəlirik. Elçibəy diplomatiyası yalnız xalqın milli mənafeyini, Azərbaycanın müstəqilliyini və demokratikliyini gücləndirməyə xidmət edirdi. Deyilən bütün faktlarda bunu sübut edir. Amma Elçibəy iqtidarını sona çatdıran da, elə onun bu şərəfli və haqq yolu idi. Bu siyasət regiondaki böyük güclərin marağına uyğun gəlmədi və bu uğurlar çox heyiflər olsun ki tarixdə qaldı. [1] Başbuğ Alparslan Türkeşin Bakıda AXCP mitinqindəki çıxışından. Link:  https://www.youtube.com/watch?v=0OUKqsW8Qs0 [2] AXC-nin Məramnamə və Nizamnaməsi, I. Siyasi bölüm, Maddə 8,  Bakı, 1992, s. 7-8. [3] Yenə orada, s. 8. [4] “Azərbaycan Respublikası prezidentliyinə namizəd Əbülfəz Elçibəyin seçim proqramı”, Azadlıq, 3aprel 1992. [5] Yenə orada. [6] Nazim Cefersoy, Elçibey dönemi Azerbaycan dış politikası, Ankara: Avrasya Stratejik Araştırmalar Merkezi yayınları, 2001, s.71. [7] Arif Yunusov, “Qarabağ müharibəsi”, silsilə yazılar I, Azərbaycan, 23 yanvar 1993. [8]Nazim Cefersoy, Elçibey dönemi Azerbaycan dış politikası, s. 72.

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN