ƏLİMƏRDAN BƏY TOPÇUBAŞI : BÖYÜK MÜBARİZƏLƏRDƏ KEÇƏN ÖMÜR

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞI : BÖYÜK MÜBARİZƏLƏRDƏ KEÇƏN ÖMÜR
Əlimərdan bəy Topçubaşı (Topçubaşov) Azərbaycan tarixinin yetirdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. O, XIX əsrin 80-ci illərində Tiflis gimnaziyasını bitirmiş və həmin dövrlər üçün Rusiya imperiyasının ən qabaqcıl təhsil müəssisəsi sayılan Sankt-Peterburq İmperator Universitetində oxumuşdu. Peterburqda mükəmməl təhsil almış Topçubaşov dərin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik idi. XIX əsrin birinci yarısında Rusiya şərqşünaslığının əsasını qoyan babası Mirzə Cəfər Topçubaşovun çalışdığı Peterburq Universitetini ən yüksək göstəricilərlə başa vurmaq Əlimərdan bəyə böyük perspektiv vəd edirdi. O, həyatının sonrakı mərhələlərində coşqun fəaliyyəti ilə bu vədləri doğrultdu və Rusiya siyasi mühitində tanınan, sayılan, seçilən bir siyasi xadimə çevrildi. Ə.b.Topçubaşovun həyat və fəaliyyətinin elə məqamları olub ki, həmin məqamlarda o, Rusiya Türklərinin, imperiyanın müsəlman xalqlarının, Qafqaz mühacirətinin lideri rolunda çıxış edib və bütövlükdə tarixi prosesi irəli aparıb. O, təkcə tarixin içində yaşamayıb, eyni zamanda, tarixi prosesə təkan verən siyasi xadimlərdən olub. Məhəmmədəmin Rəsulzadə  qeyd edirdi ki, Topçubaşov öz ömrünün heç olmazsa əlli ilini durmadan, yorulmadan xalq və millət işinə sərf etmişdir.[2] Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin babası – Zaqafqaziya şeyxülislamı Axund Molla Əhməd Hüseynzadə Salyaninin 1870-ci il aprel ayının 6-da Əlimərdan bəyin adına verdiyi doğum haqqında şəhadətnamədə göstərilir ki, Məhəmməd dininin şiə məzhəbinə itaət edən Əliəkbər bəy Topçubaşovun, Məhəmmədhəsən bəy Vəkilovun qızı Sevər xanımla qanuni nikahından Tiflis şəhərində 1863-cü il may ayının 4-də Əlimərdan bəy Topçubaşov doğulmuşdur.[3] Yeni doğulmuş uşağa ulu babası Əlimərdan Topçuoğlunun adını vermişdilər. Tiflis şəhərində çar sarayına yaxın bir məhəllədə məskunlaşmış Topçuoğulları əslən Gəncəli idilər. Bir vaxtlar ulu baba Əlimərdan bəy gürcü çarları II İrakli və XII Georginin sarayında xidmət etmişdi.[4] Q.Alisov adlı müəllif 1909-cu ildə yazdığı “Rusiyada müsəlman məsələsi” məqaləsində “XVIII əsrdə gürcü çarlarının birinin yanında xidmət etmiş” baba Əlimərdan bəyi Azərbaycanın feldmarşalı adlandırırdı.[5] Onun bir neçə il gürcü çarının sarayında yüksək dövlət qulluğunda xidmət etdiyinə, topçu alayının rəisi və Kürün sağ sahilində çar sarayının yerləşdiyi qalanın komendantı olduğuna sonralar Əlimərdan bəy Topçubaşov Parisdə yazdığı öz bioqrafiyalarında toxunmuşdur.[6] Bu qala hələ VIII əsrdə ərəblər tərəfindən tikilmişdi və onun sonuncu rəisi Əlimərdan bəy (ulu baba) olmuşdu.[7] Əslində, bu nəslin Topçubaşov soyadı daşıması da elə buradan qaynaqlanır. Əlimərdan bəyin babası  Mirzə Cəfər Topçubaşov 1790-cı ildə Gəncədə anadan olmuş və ev şəraitində yaxşı təhsil almışdı. Onun yeniyetmə və gənclik illəri atasının xidmət etdiyi Tiflis şəhərində keçmişdi. Mirzə Cəfər öz xatirələrində qeyd edirdi ki, onların ailəsi Tiflisdə çar sarayının yanındakı tikililərdən birində yaşayırdı.[8] Əlimərdan bəyin atası Əliəkbər bəy isə hərb sənətinə üstünlük vermiş, çar ordusunda hərbi xidmətə qəbul olunmuş və podporuçik rütbəsində xidmət etmişdi.[9] Sankt-Peterburq Mərkəzi Tarix Arxivində saxlanan sənədlərdən aydın olur ki, Əliəkbər bəy 1820-ci ildə anadan olmuş, 1843-cü ildə Zaqafqaziya müsəlman atlı süvari alayında hərbi xidmətə başlamış və 1845-ci ildə həmin alayın müsəlmanlardan ibarət taqımının komandiri  təyin edilmişdi. O, 1853-1856-cı illərdə baş vermiş Krım müharibəsinin iştirakçısı olmuş, müharibədəki xidmətlərinə görə bir sıra təltiflər almış və podporuçik rütbəsinə yüksəlmişdi.[10] Əlimərdan bəy öz xatirələrində atasının Varşavada rus ordusunun sıralarında xidmət etdiyini yazırdı. Lakin hələ körpə yaşlarından həyat balaca Əlimərdanın üzünə gülməmiş, o, çox erkən, 1868-ci ildə atasını, az sonra isə anasını itirmişdi. Özünün dediyi kimi, “qəlbini ovsunlayan və yüksək mənəvi keyfiyyətlərə malik olan” nənəsinin himayəsində böyümüşdü. Əlimərdan bəy ilk təhsilini xüsusi müsəlman mədrəsəsində almış və sonra isə rusdilli Tiflis 1-ci klassik gimnaziyasında oxumuşdu.[11] Giminaziyanı bitirdikdən sonra o, 1884-cü ildə Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuş, bir il sonra hüquq fakültəsinə keçmişdi. Əlimərdan bəy tələbə kimi Peterburqda təhsilə başlayanda Topçubaşov soyadı paytaxtın elmi və siyasi dairələrinə yaxşı tanış idi. Onun babası Mirzə Cəfər 1869-cu ildə vəfat etsə də 80-ci illərdə Peterburq Universitetində və paytaxtın müxtəlif idarələrində onun çoxlu tələbələri fəaliyyət göstərirdi. Peterburq Universitetindən məzun olmuş dünya şöhrətli rus şərqşünaslarının çoxu ərəb, fars,və Türk dillərini, Şərqin zəngin ədəbiyyatını Mirzə Cəfərdən öyrənmişdilər. 1889-cu ildə Əlimərdan bəy universiteti əla qiymətlərlə başa vurmuşdu. 1889-cu ilin yanvar ayının 13-də Peterburq İmperator Universitetini bitirmək haqqında ona verilmiş diplomda oxuyuruq: Peterburq İmperator Universitetinin Şurası bəyan edir ki, 25 yaşında olan, Məhəmmədin dininə itaət edən Əlimərdan bəy Topçubaşov 1884-cü ilin avqust ayında universitetin tələbələri sırasına daxil olmuş, hüquq fakültəsində elmlərin tam kursunu mənimsəmiş və aşağıdakı fənlərin sınağından keçmişdir: hüquq ensiklopediyası və siyasi elmlər, Rusiya hüquq tarixi, Roma hüququ tarixi, fəlsəfi hüquq tarixi, statistika, maliyyə hüququ, polis hüququ, ümumdövlət hüququ, rus dövlət hüququ, kilsə hüququ, cinayət hüququ, məhkəmə hüququ, mülki hüquq, mülki məhkəmə icraatı hüququ, beynəlxalq hüquq, Roma hüququ, alman dili – əla, siyasi iqtisad və tibbi məhkəmə fənlərindən – yaxşı qiymətlər almış, hüquq fakültəsinə təqdim etdiyi dissertasiya işi universitetin 1863-cü il nizamnaməsinin 42-ci paraqrafının 4-cü bəndinə əsasən elmlər namizədi dərəcəsinə layiq görülmüş və bu dərəcə 1888-ci ilin noyabr ayının 28-də Peterburq İmperator Universitetinin Şurasında təsdiq edilmişdir. Ona görə də Rusiya İmperiyası qanununa əsasən Topçubaşova namizəd dərəcəsinin bütün hüquq və imtiyazları verilir. Diplomu universitetin rektoru, fəlsəfə doktoru, ordinar professor, həqiqi mülki müşavir Mixail Vladislavlev və hüquq fakültəsinin dekanı professor Vladimir İvanoviç Sergeyeviç imzalamışdılar.[12] Əlimərdan bəy əmək fəaliyyətinə Tiflisdə başlamışdı. Peterburq Universitetini bitirdikdən sonra o, 1889-cu ildə Tiflisə dönmüş və fevral ayının 9-da şəhər Dairə Məhkəməsində işə qəbul edilmişdi. Həmin il sentyabr ayının 2-də o, Tiflis Dairə Məhkəməsinin qərarı ilə 2-ci şəhər bölməsində xırda mülki və kiçik cinayət işlərinə baxan barışdırıcı hakimin köməkçisi vəzifəsinə göndərilmişdi. Əlimərdan bəy 1890-cı il may ayının 11-nə qədər bu vəzifədə çalışmış, may ayının 8-də isə Tiflis Dairə Məhkəməsinin katibi təyin edilmiş və mayın 16-dan vəzifəsinin icrasına başlamışdı. 1891-ci il dekabr ayının 20-də Senatın Heraldika Departamenti üzrə verilən fərmanla ona kollej katibi mülki rütbəsi verildi.[13] Bütün çətinliklərə baxmayaraq, Əlimərdan bəy vəzifə pillələrində daim yüksəlmiş, 1893-cü ilin iyun ayının 22-də Senatın Heraldika Departamenti üzrə verilən fərmanla o, çar Rusiyasında 9-cu dərəcəli mülki rütbə sayılan titulyar müşavir rütbəsini almışdı.[14] 1893-cü ildə Əlimərdan bəyin 30 yaşı tamam oldu və elə həmin ilin dekabr ayının 31-də o, tanınmış Azərbaycan maarifçisi, 1875-ci ildə müsəlman dünyasında “Əkinçi” adlı ilk dünyəvi qəzetin bünövrəsini qoymuş Həsən bəy Zərdabinin (Məlikovun) Tiflisdə təhsil alan böyük qızı Pəri xanımla ailə həyatı qurdu. Ailə həyatı qurduqdan sonra o, 1894-cü il may ayının 4-də ikiaylıq məzuniyyətə çıxdı. Məzuniyyətdən döndükdən bir il sonra Tiflis Dairə Məhkəməsindəki səmərəli fəaliyyətinə görə Senatın Heraldika Departamenti üzrə verilən yüksək fərmanla Əlimərdan bəy 1895-ci ilin aprel ayının 19-da kollej asessoru rütbəsi aldı və üç gün sonra, aprel ayının 21-də ərizə yazaraq ailə vəziyyəti ilə əlaqədar Tiflis Dairə Məhkəməsindəki tutduğu vəzifədən azad oldu.[15] Əlimərdan bəy vəkil rütbəsi əldə etmək üçün Tiflis Məhkəmə Palatasına müraciət etmişdi. Həmin dövrün Rusiya qanunlarına görə, vəkil rütbəsi almaq üçün məhkəmə sistemində beş il qüsursuz əmək stajı tələb olunurdu. 1895-ci ilin may ayının 8-də Palatanın ümumi yığıncağının qərarı ilə kollej asessoru Əlimərdan bəy Topçubaşov Tiflis Dairə Məhkəməsinin andlı iclasçıları sırasına qəbul edildi.[16] Həmin ilin iyun ayının 19-da o, qeyd edilən Palatanın qərarı ilə Tiflis Dairə Məhkəməsinə andlı iclasçı təyinatı aldı.[17] Bu zaman o, artıq Tiflisdəki müsəlman camatının qabaqcıl simalarından birinə çevrilmişdi.  1896-cı ildə Əlimərdan bəy ailəsi ilə birlikdə Bakıya köçmüş və dünya neft sənayesinin mərkəzinə çevrilmiş bu şəhərdə tezliklə siyasi, milli və mədəni proseslərin axarına düşmüşdü. Həmin vaxt şəhərin müsəlman əhalisi içərisindən Türk əhalinin nəinki dilini və həyat tərzini bilən, eyni zamanda, onların maraqlarını ürəkdən müdafiə edən andlı iclasçı demək olar ki, yox idi. Şəhərin sənaye və ticarət burjuaziyası inkişaf etdikcə, tacir zümrəsi zənginləşdikcə Əlimərdan bəyin simasında müsəlman işgüzar dairələri öz həqiqi müdafiəçisini tapırdı. Bacarıqlı bir vəkil kimi onun şöhrəti gündən-günə bütün şəhərə yayılırdı. Bu, elə bir dövrə təsadüf edirdi ki, Bakıda neft istehsalı, mədən sənayesinin ticarəti, bütün formalarda olan neft əməliyyatları, neftli sahələrin alğı-satqısı özünün ən yüksək həddinə çatmışdı.[18] Məhz həmin dövrdə Azər­bay­ca­n öz ta­le­yinin və ta­ri­xinin əsas­lı dö­nüş məqamına daxil olmuş, Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin mədəni-maarifçilik ideyaları milli məzmun və siyasi əhəmiyyət kəsb etməyə başlamışdı. Millətçilik əsrinin qayəsini hiss edən Azər­bay­can maarifçiləri ideya istiqaməti olaraq yüzil­lə­rin üm­mət an­la­yı­şın­dan ye­ni əs­rin mil­lət dü­şün­cə­si­nə keç­mə­k çağırışları ilə hədəfləri göstərdilər. Onlar ənə­nə­vi Şərq məd­rə­sə­sin­dən mü­a­sir üsu­li-cə­did mək­təb­lə­ri­nə keç­mə­yin zə­ru­ri­li­yi­ni əsas­lan­dır­maq­la mil­li xilas yolunu mü­əy­yən­ləş­dir­di­lər. Bu bö­yük münəvvərlərin Əli bəy Hü­seyn­za­də, Əhməd bəy Ağa­yev və Əlimərdan bəy Top­çu­ba­şov ki­mi davamçıları məhz bu ide­ya­nın işı­ğın­da azər­bay­can­lı­la­rın üm­mət­dən mil­lə­tə keçid prosesini öz çiyinlərində apa­ra bil­di­lər. Əlimərdan bəy Bakıya yeni gəlməsinə baxmayaraq, 1897-ci il oktyabr ayının 14-də şəhər Dumasına keçirilmiş seçkilərin birinci mərhələsində ən çox səs alan namizəd oldu. Onun lehinə 271, əleyhinə isə 117 səs verilmişdi. Ağ və qara kürələrin fərqinə görə Əlimərdan bəy 154 ağ kürə üstünlüyü ilə seçki siyahısında olan müsəlmanlar arasında 1-ci yerə çıxmışdı.[19] Ə.b.Topçubaşov 1898-ci ilin iyun ayında rus dilində çıxan gündəlik “Kaspi” qəzetinin naşiri və redaktoru təyin edilmişdi. “Kaspi” qəzetini və eyni adlı mətbəəni bir il əvvəl məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev satın almışdı. Həmin vaxtlar “Nicat” maarif cəmiyyətinə sədri seçilməsi Əlimərdan bəyin ictimai fəallığını daha da artırmışdı. XIX əsrin sonlarında o, artıq Bakıda deyil, Qafqazın digər şəhərlərində də təşkil edilən müsəlman xeyriyyə cəmiyyətlərinin və mədəniyyət ocaqlarının üzvü idi.[20] 1900-cu ildə Əlimərdan bəy Avropa ölkələrinə uzun bir səyahətə çıxdı. Səyahət zamanı o, Sofiya, Belqrad, Budapeşt və Vyanada oldu, Parisdə təşkil edilmiş ümumdünya sərgisinə baxdı, London və Liverpula getdi, Belçika və Almaniya vasitəsilə Rusiyaya döndü. Səyahət etdiyi hər yerdə Əlimərdan bəy avropalıların Şərq haqqında, xüsusilə Rusiya müsəlmanları haqqında görüşlərini öyrənməyə çalışdı.[21] Avropaya səyahət, bir sıra qabaqcıl adamlarla görüşlər Əlimərdan bəyin düşüncələrində dərin iz buraxmışdı. O, “Kaspi” qəzetindəki baş məqalələrində bu səyahətdən aldığı təəssüratları çox ehtiyatlı formada bəzən oxucularla bölüşməyə çalışırdı. Bakıya köçdükdən sonra Əlimərdan bəyin ailəsində yeni övladlar dünyaya gəlmişdi. 1896-cı ilin sentyabr ayının 30-da Tiflisdə doğulmuş və uşaqkən itirdiyi atasının adını qoyduğu Əliəkbərdən sonra Əlimərdan bəyin qalan övladları Bakıda dünyaya gəlmişdilər. 1899-cu il sentyabr ayının 15-də Sara doğulmuşdu, 1901-ci il oktyabr ayının 1-də Rəşid bəy anadan olmuşdu, 1903-cü ilin avqust ayının 10-da isə Sevər dünyaya gəlmişdi. Bu körpə qıza Əlimərdan bəy çox erkən yaşlarında itirdiyi anasının adını qoymuşdu. Sonbeşik Ənvər isə hələ 1912-ci il mart ayının 5-də doğulacaqdı.[22] 1905-ci il hadisələri Bakıda milli qırğınlar fonunda başladı. Fevralın 6-da Bakıda ilk erməni hücumu ilə başlayan qanlı hadisələr fasiləsiz olaraq dörd gün davam etdi. Toqquşma zamanı 400 nəfər yaralandı, 130 müsəlman, 170 erməni öldürüldü.[23] 1905-ci il mart ayının 1-də Bakı Dumasının şəhərdə baş vermiş qanlı hadisələri müzakirə edən xüsusi müşavirəsi keçrildi. Xüsusi müşavirə hadisələrin dərinləşməsinin qarşısını almaq üçün Duma  şəhər rəisinin başçılığı altında 6 müsəlman və 6 erməni deputatdan, 2 bitərəf şəxsdən və yerli mətbuatın iki nümayəndəsindən ibarət komitə yaratdı. Əlimərdan bəy bu komitəyə mətbuatın nümayəndəsi kimi daxil edilmişdi. Lakin ermənilər Bakı hadisələrindən özlərinə uyğun şəkildə istifadə etdilər. Onlar müxtəlif vasitələrlə bütün dünyaya yaymağa başladılar ki, guya Bakıda “qaniçən vəhşi müsəlmanlar”ın əli ilə 10-15 min erməni öldürülmüşdür. Bu yalanların ifşa olunmasında Ə.b.Topçubaşovun naşiri olduğu “Kaspi” qəzeti əsl fədakarlıq göstərdi. “Kaspi”nin araşdırmaları bəzi həqiqətləri üzə çıxarmışdı. Bir sıra ermənilərin qeyd edilən saxtakarlıqlara görə “Kaspi” qəzeti vasitəsilə Azərbaycan cəmiyyətindən üzr istəmək məcburiyyətində qalması Əlimərdan bəy başda olmaqla “Kaspi” redaksiyasının həmin böhranlı günlərdə milli qərargaha çevrilməsi ilə bağlı idi. İndi qəzetin əməkdaşları yalnız ictimai-mədəni işlə kifayətlənmir, Əlimərdan bəyin yazdığı kimi, Rusiyanın dövlət həyatının yeni təzahürü kimi ortaya çıxan siyasi proseslərin burulğanına daxil olurdular. Məsələ burasında idi ki, ermənilərlə müsəlmanlar arasında 1905-ci ilin fevral ayında baş vermiş qanlı toqquşmalar müsəlmanların ölkədə cərəyan edən proseslərdən faydalanmaları üçün geniş perspektivlərin yarandığı bir məqamda baş vermişdi.[24] İnqilabın Qafqazda milli qırğınla müşayiət edilməsi onun milli azadlıq qayəsini arxa plana keçirə bilmədi. 1905-ci ilin əvvəllərində çar geri çəkildi və 1905-ci il fevral ayının 18-də Dövlət Duması layihəsinin hazırlanması haqqında reskript verdi. Dövlət Duması haqqında layihənin hazırlanması daxili işlər naziri A.Q.Bulıginə tapşırıldı. Bulıgin xalqın nümayəndələrindən təşkil olunacaq məclisin hüquq və vəzifələrini müəyyən etmək üçün mart ayının 15-nə Xüsusi Müşavirə təyin etmişdi. Ə.b.Topçubaşov həmin günlərdə “Kaspi” qəzetində xalq nümayəndələri məclisinin yaradılmasını yüksək qiymətləndirir və qeyd edirdi ki, hazırlanacaq layihədə müsəlmanların ehtiyacı nəzərə alınmalı və “Qafqazın həyatı yeniləşməlidir”. Aleksandr Bulıginin başçılığı ilə Xüsusi Müşavirə elan olunduğundan tez – mart ayının 12-də işə başladı. Birinci iclasdan bəlli oldu ki, Dövlət Dumasının yaradılması haqqında qanunu hazırlamaq üçün Peterburqda müzakirələr uzun müddət davam edəcək, ona görə Əlimərdan bəy Peterburqa xüsusi missiya ilə getməyə üstünlük verdi. Bu məqsədlə mart ayının 15-də H.Z.Tağıyevin evində müsəlman ziyalıları və burjuaziyasının geniş bir toplantısı keçirildi. Toplantıda Əlimərdan bəy tərəfindən hazırlanmış “Müsəlmanların ehtiyacı haqqında ərzi-hal” müzakirə edildi, 17 bənddən ibarət sənədin Peterburqda hökumətə təqdim edilməsi haqqında qərar qəbul edildi. Qafqaz müsəlmanlarının milli istəklərindən ibarət olan bu ərizədə şəhər həyatının yenidən qurulması və onun idarə edilməsində müsəlmanların hüquqlarının artırılması, xalqın rifahının və xalq maarifinin yaxşılaşdırılması və sair məsələlər əks olunmuşdu. Müsəlmanlara qarşı tətbiq edilən ayrı-seçkiliyin aradan qaldırılması, onların dövlət idarələrində xidmətə qəbul edilməsi, şəhər özünüidarə orqanlarına seçkilərdə müsəlmanlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması, məhkəmələrin təşkilində Türk əhaliyə digər xalqlarla bərabər hüquq verilməsi, məhkəmə işlərinin xalqın anladığı dildə aparılması, müsəlmanlara yığıncaq, vicdan, söz, mətbuat, ana dilində təhsil almaq kimi milli və vətəndaş haqlarının verilməsi, dini və mədəni hüquqların tanınması ərizənin əsas məzmununu təşkil edirdi. Yığıncaq Ə.b.Topçubaşov, Ə.b.Ağayev, Ə.b.Hüseynzadə, F.b.Vəzirovdan ibarət bir heyət yaratdı ki, müsəlman ziyalılarının tələblərini, Qafqaz müsəlmanlarının ərzi-halını hökumətə çatdırsın. Eyni zamanda Bakı şəhər özünüidarə orqanında keçirilən müzakirələrdə Dövlət Dumasında Bakı quberniyasına 3 yer verilməsi təklif edilmişdi ki, quberniyada yaşayan müxtəlif millətlər xalq nümayəndələri məclisində təmsil oluna bilsinlər.[25] Aprel ayında Bakı Şəhər Dumasının nümayəndə heyəti tərkibində Peterburqa gedən Əlimərdan bəy 1905-ci ilin aprel ayında daxili işlər naziri və Dövlət Dumasının çağırılması haqqında qanun layihəsini hazırlayan Xüsusi Müşavirənin rəhbəri A.Bulıginlə görüşərək, Bakı Dumasının xahişini ona çatdırdı. Bununla yanaşı, bilavasitə Əlimərdan bəy tərəfindən hazırlanmış, Bakı və Gəncədə ziyalılar, milli burjuaziya və iri torpaq sahibkarlarının nümyəndələri tərəfindən bəyənilmiş, müsəlmanların tələblərini özündə əks etdirən sənəd də Rusiya Nazirlər Komitəsinə  çatdırılmaq üçün A.Bulıginə təqdim edildi. Bu səfər zamanı Ə.b.Ağayevin Bakı hadisələri haqqında paytaxt qəzetlərində nəşr olunmuş məqalələri və Bakıya dönüş ərəfəsində Ə.b.Topçubaşovun Qafqazın yeni təyin edilmiş canişini qraf Vorontsov-Daşkovla görüşü paytaxt səfərinin əhəmiyyətli yekunu oldu.[26] Nümayəndə heyəti adından yeni təyin edilmiş canişinin qarşısında çıxış edən Əlimərdan bəy Qafqazda idarəçilik, məhkəmə, torpaq, vergi və sair islahatların keçirilməsinin zərurətə çevrildiyini bildirdi. Məhz bu görüşdən sonra, aprel ayının 22-də Türk dilində çıxacaq gündəlik “Həyat” qəzetinin nəşrinə icazə verildiyini hökumət orqanları açıqladı.[27] Bakıya döndükdən sonra qəzetin sahibi kimi Ə.b.Topçubaşov onun nəşrini Peterburq səfərində onu müşayiət edən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevə tapşırdı. XX əsrin əvvəllərində Bakı qubernatorunun katibi işləmiş A.Atamalıbəyov “Həyat” qəzetinə dövlət senzoru təyin edildi.[28] İlk sayı 1905-ci ilin iyun ayının 7-də çıxan “Həyat” qəzeti sözün tam mənasında Türk ictimai fikrinə və milli kimlik anlayışına yeni bir həyat gətirdi. Ə.b.Topçubaşov başda olmaqla Azərbaycan aydınlarının Peterburq səfəri ümummüsəlman birliyinin formalaşmasında ciddi hadisə oldu. 1905-ci il aprel ayının 8-də paytaxtda Əbdürrəşid İbrahimovun evində toplanan Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Fərrux bəy Vəzirov, Bünyamin Əhməd, Sədri Maksudov bir araya gələrək Rusiya müsəlmanları üçün siyasi bir təşkilatın yaradılmasını zəruri bildilər.[29] Az sonra İsmayıl bəy Qasprinskinin Peterburqa gəlişi bu fikrə əməli yön verdi. Müzakirələrin gedişində razılığa gəlindi ki, təşkilat “İttifaqi-müslimin”, bir sıra sənədlərdə yazıldığı kimi “Rusiya Müsəlmanları İttifaqı”, yaxud sadəcə olaraq “İttifaq” adlansın.[30] Bu məsələylə bağlı müzakirələrdə qərara alındı ki, Əlimərdan bəy tərəfindən yazılmış müraciət Rusiyanın müsəlman vilayətlərində yaşayan bütün tanınmış ziyalılara göndərilsin. Müraciətdə müsəlmanların ümumi bir proqram ətrafında birləşməsi və öz hüquqlarını imperiyanın digər xalqları ilə bərabərləşdirmək uğrunda mübarizədə vahid mövqedən çıxış etməsi vurğulanırdı.[31] Bakıya qayıtdıqdan az sonra, 1905-ci il iyun ayının 10-da Ə.b.Topçubaşov Tiflisə gedərək Qafqazda yeni fəaliyyətə başlamış canişin qraf İllarion Vorontsov-Daşkovla görüşdü. Qafqaz müsəlmanlarının vəziyyəti, canişinə təqdim edilmiş ərizənin mahiyyəti və regionu bürümüş erməni-müsəlman münaqişələri barədə o, qrafa geniş məlumat verdi. Görüş zamanı Cənubi Qafqazın (Zaqafqaziyanın) bütün müsəlman quberniya və vilayətlərinin ehtiyacları haqqında Əlimərdan bəy canişinə ətraflı izahat verdi. Onun təqdim etdiyi məruzədə qeyd edilirdi ki, hakimiyyət Qafqaz müsəlmanlarına ögey münasibət bəsləyir, xristian olmadıqlarına görə onlara etibar etmir, müsəlmanların nümayəndələri dövlət idarələrində ayrı-seçkiliyə məruz qalır və yaşadıqları doğma şəhərlərin həyati problemlərinin həllindən kənarda qalırlar. Eyni zamanda, məruzənin sonunda milli münaqişə zəminində baş vermiş İrəvan hadisələrinə toxunulur və mətbuatda gedən yazılarda bu münaqişədə müsəlmanların günahlandırılmasının qərəzli xarakter daşıdığı bildirilirdi. Məruzədə göstərilirdi ki, Bakı küçələrində tapılan günahsız müsəlmanların meyitləri, axşam namazı vaxtı Naxçıvanda güllələnənlər, beş gün mühasirədə saxlanılan İrəvan müsəlmanları haqqında heç yerdə heç nə deyilmir və heç nə yazılmır. Bu qarşıdurmalarda müsəlmanların yalnız müdafiə olunduğu məruzədə qeyd edilirdi. Əlimərdan bəyin bu izahatından sonra canişin sənəddə təklif olunan islahatların keçirilməsinin tamamilə ədalətli olduğunu etiraf etdi və ana dilində məktəb, qadın təhsil müəssisələri, müsəlman ruhani təhsil ocaqlarının açılacağına xüsusi diqqət yetiriləcəyini vəd verdi. Qraf Vorontsov, eyni zamanda, ana dilində mətbuat və ədəbiyyat nəşrini, senzuranın yumşaldılmasını da mümkün saydı. Bununla belə, o, müsəlman nümayəndələrinin ərizədə irəli sürdükləri təkliflərin böyük bir hissəsinin təmin edilməsinin Qafqazdaki əmin-amanlıqdan asılı olacağını vurğuladı.[32] 1905-ci ilin iyununda Bakının 12 adlı-sanlı nümayəndəsi ilə birlikdə Əlimərdan bəy erməni-müsəlman münaqişəsini araşdırmaq üçün Peterburqdan Bakıya ezam edilmiş senator Aleksandr Kuzminski ilə görüşdü və şəhərdəki, ümumilikdə quberniyadakı vəziyyət haqqında ona ətraflı məlumat verdi. Ə.b.Topçubaşovun hazırladığı və Qafqaz müsəlmanları adından iyun ayında canişinə təqdim edilmiş petisiya bir çox suallara cavab verdiyi üçün Əlimərdan bəy həmin sənədi senator Kuzminskiyə də təqdim etdi. Yeni yaranmış şəraitin mahiyyətini izah etmək və müsəlman cəmiyyətini səfərbər etmək məqsədilə o, 1905-ci ilin yayında Gəncə və Tiflisə bir neçə səfər etdi. Bu səfərlərin birində, Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy toplantı iştirakçılarına Qafqaz müsəlmanlarının siyasi, sosial-iqtisadi ehtiyaclarını izah etmiş və yerli özünüidarə orqanlarının yaradılmasının zəruriliyini bildirmişdi. Məhz Əlimərdan bəyin təşkilatçılığı ilə Gəncə şəhərindən, Zaqatala dairəsindən, Şəki və Cavad qəzalarından 1905-ci ilin yayında Peterburqa müsəlmanların vəziyyəti, istək və arzuları haqqında ərizələr göndərilmişdi.[33] 1905-ci ilin avqustunda Tiflis görüşündən sonra Əlimərdan bəy Nijni-Novqoroda yollandı. Burada Rusiyanın müxtəlif yerlərindən gəlmiş müsəlman nümayəndələrinin qurultayı gözlənilirdi. Avqustun 15-də kirayə edilmiş “Gustav Struve” gəmisində gündüz saat 13-də Rusiya müsəlmanlarının ilk qurultayı Oka suları üzərində öz işinə başladı və müzakirələr axşam saat 23-ə qədər davam etdi.[34] İmperiyanın müsəlman vilayətlərindən gəlmiş nümayəndələrin “Mötəbər Məclis”ini qısa giriş sözü ilə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qasprinski salamladı. Onun təklifi ilə qurultayın sədarətinə Ə.b.Topçubaşov və Yusif Akçurin seçildilər.[35] Müzakirələrin başlanğıcında İsmayıl bəy birinci sözü Əlimərdan bəyə verdi. O, Rusiya müsəlmanlarının siyasi, iqtisadi, mədəni, milli və dini problemləri ətrafında geniş məruzə ilə çıxış etdi. O, sözünə belə başladı: “Ey möminlər, ey qardaşlar, mən bu gün o qədər şad və məmnunam ki, bu sevinc və məmnuniyyətimi heç bir vəchlə ifadə edə bilmirəm. Mən heç vaxt bu günü unutmayacağam. Şübhəsiz ki, bu gün ümumrusiya müsəlmanları üçün hər il bayrama çevriləcəkdir. Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən Türklərik. Məğribdən Məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzakirə etməyə ixtiyarımız qalmadı. Lakin şükürlər olsun Allaha ki, bütün fitnə-fəsadlara və qəddarlıqlara baxmayaraq, biz bu gün, sular üzərində könlümüzü bir-birimizə açmağın səadətini yaşayırıq, üz-üzə oturmuşuq, bir-birimizə qucaq açmışıq. Mən tamamilə əminəm, əgər gələcəkdə bizə sular üzərində danışmağa macal verməsələr göylərə baş vurarıq, ulduzlar arasında yer bularıq və bu günü bayram edərik”.[36] Əlimərdan bəyin bu həyəcanlı çıxışı hamını kövrəltdi. Musa Cərullahi Bigiyev yazır ki, “Əlimərdan bəyin bu tarixi nitqi çox təsirli idi. İştirakçıların çoxu göz yaşlarını saxlaya bilmirdi. Nitq çox uzun davam etdi, iclasda katib yox idi. Yaddaşlarda yalnız nitqin qısa məzmunu qaldı. Əlimərdan bəydən sonra Abussud əfəndi Axtyam, Qasprinski və daha bir neçə nəfər çıxış etdi. Bədbəxtlikdən, yazıya alınmadığı səbəbindən bunlar unuduldu”.[37] Nijni toplantısında Rusiya müsəlmanlarının ikinci qurultayının çağırılması Ə.b.Topçubaşova tapşırıldı.[38] Avqust ayının 17-də, axşam Əlimərdan bəy Bakı, Gəncə, Şamaxı, Salyan və digər yerlərdən olan 30 nəfərə yaxın Qafqaz nümayəndəsi adından qurultay iştirakçılarına ziyafət verdi. Musiqi sədaları altında təntənəli şəraitdə keçən şam yeməyində qurultayın uğurlu nəticələrinə görə hamı məmnun idi. Bu, mərasimdəki təbrik nitqlərində aydın şəkildə təzahür edirdi.[39] Bir gün sonra da Rusiya tatarları Qafqaz nümayəndələrinin şərəfinə 150 nəfərlik belə bir ziyafət verdi. Avqust ayının 20-də Nijni-Novqoroda gəlmiş nümayəndələr gələcəyə böyük inam və ümidlə geri döndülər. Qurultay Rusiya Türklərinin bir araya gələrək təşkilatlanmasında və müstəqil vahid siyasi qüvvə kimi formalaşmasında həlledici addım oldu. Əlimərdan bəy Nijnidən qayıdanda Bakı od içərisində idi. Fevral hadisələrindən fərqli olaraq, avqustda alovlanan Bakı hadisələri şəhərin hüdudlarından kənara çıxdı. Abşeron yarımadasında, Bakı kəndləri ətrafında yerləşən neft mədənlərindəki yanğınlar kütləvi xarakter almağa başladı. Erməni-müsəlman toqquşmaları zamanı bütövlükdə texniki qurğuların və neft buruqlarının yarısı dağıdıldı.[40] Bu mədənlərin böyük əksəriyyəti erməni sahibkarlara məxsus idi və İrandan gələn müsəlman fəhlələr mədənlərə od vurulmasında daha fəal iştirak edirdilər. Şəhərə ezam olunmuş “Taym” qəzetinin əməkdaşı avqust ayında alovlanan hadisələrlə  bağlı iyul ayının 7-də yeni təyin edilmiş Bakı qubernatorunun fikrini soruşduqda general Semyon Faddeyev bildirdi ki, Bakıda baş verən “hadisələrin əsas günahkarları erməni ziyalılarıdır”.[41] Avqust ayında baş vermiş qanlı hadislərlə bağlı Qafqaz canişini Vorontsov-Daşkov 1905-ci il sentyabr ayının 7-də Bakıya gəldi. Şəhər dəmiryol vağzalında onu Əlimərdan bəy başda olmaqla müsəlman nümayəndələri qarşıladılar. Qarşılanma mərasimində Topçubaşov Bakı hadisələri ilə bağlı kimin günahkar olduğu, şəhərdə baş verən qanlı hadisələrə kimin rəvac verdiyi, şəhərdə baş vermiş bədbəxtliklərə kimin baiskar olduğu barədə qraf Vorontsova geniş məruzə təqdim edəcəyini vəd etdi. Əlimərdan bəy canişinə bildirdi ki, “hər zaman dinc, sakit və loyal olan Bakı müsəlmanları əmin-amanlığın həsrətindədirlər”.[42] Əlimərdan bəy başda olmaqla müsəlman ziyalılarının ciddi-cəhdlərinə baxmayaraq 1905-ci ilin oktyabr ayının 20-də Bakıda yenidən erməni-müsəlman davası alovlandı. Şəhərdə üçüncü dəfə başlanan hadisələr daha dağıdıcı xarakter aldı və kiçik istisnalarla talanlar oktyabr ayının 30-na qədər davam etdi. 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş kütləvi yanğından sonra, guya neft istehsalının təhlükəsizliyini təmin etmək məqsədilə erməni neft sənayeçiləri mədənlərin yaxınlığında və buruqların ətrafında olan Bakı kəndlərinin başdan-başa müsəlmanlardan ibarət olan əhalisinin köçürülməsi haqqında hakimiyyət orqanları qarşısında məsələ qaldırdılar. Onlar hətta getdikcə milli xarakter alan bu məsələni Peterburqda Rusiya Nazirlər Kabinetinin müzakirəsi səviyyəsinə qədər qaldıra bilmişdilər. Paytaxtda məsələnin müzakirəsi ilə bağlı maliyyə naziri qraf Vladimir Kokovtsev başda olmaqla Xüsusi Müşavirə yaradılmışdı. Bu müşavirədə neft sənayesində çalışan müsəlman fəhlələrin və köçürülmə təhlükəsi ilə üzləşmiş Bakı kəndlərinin maraqlarını müdafiə etmək üçün 1905-ci ilin sentyabr ayında Əlimərdan bəy Topçubaşov Əhməd bəy Ağayevlə birlikdə Peterburqa yollandı. Onlar V.Kokovtsevlə görüşərək məsələnin mahiyyətini, xüsusən köçürüləsi əhali yalnız müsəlmanlardan ibarət olduğu üçün bu addımın milli ayri-seçkilik kimi qəbul ediləcəyini maliyyə nazirinə izah etdilər. Əlimərdan bəy Bakı neft sənayesində çalışan müsəlman fəhlələr və mədən rayonundakı yaşayış məskənləri haqqında Xüsusi Müşavirənin sədrinə yazılı məruzə təqdim etdi. Bu məsələnin müzakirəsi ölkəyə konstitusiya vəd edən 17 oktyabr manifestinin elan olunduğu dövrə təsadüf etdiyindən, Rusiya Nazirlər Kabineti erməni sənayeçilərinin təkidi ilə başladığı mədən rayonundakı Bakı kəndlərinin köçürülməsi haqqında müzakirələri dayandırmalı oldu.[43] İmperator II Nikolay 1905-ci il dekabr ayının 11-də Dövlət Dumasının çağırılması haqqında fərmanı elan etdikdən az sonra Əlimərdan bəy Rusiya Müsəlmanları İttifaqının II qurultayını hazırlamaq üçün Əhməd bəylə birlikdə 1905-ci il dekabr ayının sonlarında Peterburqa yola düşdü. Rusiya müsəlmanlarının II qurultayının ilk toplantısı 1906-cı ilin yanvar ayında paytaxtın müsəlman zənginlərindən olan Həsən Həbibullahın evində baş tutdu. Bu toplantıda Ə.b.Topçubaşovun təqdim etdiyi “Müsəlman İttifaqı”nın proqram və nizamnaməsinin müzakirəsi başlandı. Müzakirəyə təqdim edilən bu sənədlər bilavasitə Əlimərdan bəy tərəfindən hazırlanmış, onların ilkin müzakirəsində Q.İbrahimov və Ə.b.Ağayevin yaxından iştirakı olmuşdu. Rusiya Müsəlmanları İttifaqının qeyri-rəsmi şəkildə keçirilmiş II qurultayı imperiyanın Türk və müsəlman xalqlarının təşkilatlanması, Əlimərdan bəyin ümumrusiya siyasi səhnəsinə çıxması baxımdan əhəmiyyətli hadisə oldu. İttifaqın II qurultayının yekunları Topçubaşovun Rusiya müsəlmanları arasında artan nüfuzunu, ölkənin siyasi həyatında gündən-günə genişlənən fəal rolunu təsdiq etdi. Rusiya müsəlmanlarının II qurultayının başa çatmasından təxminən bir ay sonra, 1906-cı ilin fevral ayının 20-də Tiflisin Sərdar sarayında Qafqaz canişininin təşəbbüsü ilə guya erməni-müsəlman münasibətlərini yoluna qoymaq məqsədilə bir qurultay çağırıldı. Qurultay rəsmən bu iki xalq arasında münasibətlərin qaydaya qoyulması adı altında çağırılsa da, Əlimərdan bəyin yazdığı kimi, bu tədbir əslində təxribat xarakteri daşıyır və bilavasitə pozuculuq məqsədlərinə xidmət edirdi. Müsəlmanlar və ermənilər arasında münasibətlərin daha da gərginləşməsində Tiflis qurultayı az rol oynamadı.[44] Əlimərdan bəy qurultayda müzakirə edilən məsələnin həllini Qafqazda ümumi təhsil şəbəkəsinin genişləndirilməsində görürdü. O, qurultaydakı çıxışında müstəqil cəmiyyətlərdə ümumi savadlanmaya keçidin fayda verə biləcəyinə toxunur və “indiyə qədər məktəb işində hökm sürən polis qaydalarından” imtina etmədən irəli getməyin mümkün olacağına inanmadığını bildirirdi.[45] Məktəblə yanaşı, Əlimərdan bəy ədalətli məhkəmə sisteminin yaradılmasını ölkədə qayda-qanunun bərqərar edilməsinin vacib şərti hesab edirdi. Tiflis missiyası başa çatdıqdan sonra Rusiya Müsəlmanları İttifaqının 1906-cı ilin avqust ayının ortalarında keçirilən üçüncü qurultayına qədərki dövrdə Ə.b.Topçubaşovun əsas fəaliyyəti I Dövlət Dumasına seçkilər və Dumanın müsəlman fraksiyasına rəhbərlik etmək olmuşdur. 1906-cı ilin may ayının 31-də keçirilən səsvermədə Bakı şəhərindən I Dövlət Dumasına Əlimərdan bəy seçildi. May ayının ikinci yarısında Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında Duma seçkiləri başa çatdı. Birinci Dövlət Dumasına Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əsədulla Muradxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmmədtağı Əlizadə və Ağa xan İrəvanski Azərbaycandan vəkil seçildilər və iyunun əvvəllərində Peterburqa getdilər.

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN