GÜNEY TARİXİNDƏ FƏDAKARLIQ VƏ QƏFLƏT DÖVRÜ-2

GÜNEY TARİXİNDƏ FƏDAKARLIQ VƏ QƏFLƏT DÖVRÜ-2
Rəsulzadə bu assimilə prosesində iki amilin – Şiəlik və Fars dilinin – mühüm rolunun olduğunu göstərir.”Şiilik İran Türklerini o kadar Farslaştırmıştır ki, şimdi onlar kendilerini Türkleşmiş Fars, yani aslen İranlı telekki ederler.” Əlbəttə, bu sonuncu fikir – Farslaşmaq - Türk elit təbəqəsinə (“havass”a) aiddir, çünki az sonra onun qeyd etdiyi kimi,  “İranda bir kelime Farisi bilmeyen külliyyətli Türklər vardır.” Türk elitinin Farslaşması hadisəsində Fars dilinin mühüm roluna diqqəti çəkən Rəsulzadə, göstərir: “Hükümdarların Türklüğüne rağmen memleketin lisan-i resmisi Farisi kalmış ve merasim ve teşrifatta hep Farisi an’anatı muhafaza olunmuşdur.”[1] Təhsil tamamilə Farsca olduğundan savadlı kəsim Türkcə çətinliklə yazıb-oxuya bilir. Rəsulzadə göstərir: “Hülasa Arapça nasıl bir lisan-i dini isə Farisice de o derece bir selahiyet ve nüfuzu ha’iz lisan-i tahrirdir [yazı dilidir]. Türkçe konuşulur, Türkçe nutuk edilir, Türkçe va’azlar söylenir. Fakat yazıya gelince hep Farisi kesilir.”[2] Belə bir qeyri-münasib şəraitdə yerli Türk ədəbiyyatı özünə yol tapmalı, inkişaf etməli idi. Məqalələrin beşincisində Türk ədəbiyyatı öncül nümayəndələrinin əsərlərindən gətirilən nümunələr əsasında təhlil edilir. Məqalənin sonrakı hissəsində Türkçə mətbuatın icmalı verilir, Söhbət və Fəryad qəzetləri şərh edilir.   “İran Türkləri” yazı  serialının mühüm hissəsi Türklərin Məşrutə inqilabında (1905-11) iştirakına həsr edilib. Rəsulzadə bildirir ki, Fransa inqilabında Marsel, Osmanlı inqilabında Selanik nə idisə, Məşrutə inqilabında da Təbriz odur. Müəllif, görkəmli  Türk aydınlarının (Şeyx Cəmaləddin, Məhəmməd Tahir, Əbdürrəhim Talıbzadə, Zeynalabdin Marağayi) inqilabın fikir baxımından hazırlanmasında rolunu, onların siyasi hadisələrdə fəal iştirakının səbəblərini geniş təhlil edir, inqilabın Azərbaycanda gedişinin qısa xülasəsini verir. Türklərin bu inqilabda ən fəal iştirakına baxmayaraq, ondan Farsların daha faydalı çıxmaları da Rəsulzadənin diqqətini çəkən məsələlərdəndir. Hətta bu əsərin ən qiymətli məziyyətlərindən biridir.[3] “İran Türkləri” silsiləsinin sonuncu məqaləsi Qaşqaylara həsr edilib. Burada Rəsulzadə Qaşqaylar haqqında qiymətli etnoqrafik məlumatlar verir.     Osmanlı ordusunun savaş illərində iki dəfə (1914-cü ilin dekabrı – 1915-ci ilin yanvarı, 1918-ci ilin apreli - noyabrı) Azərbaycana girməsi və xalq arasında təbliğat işlərinin təşkili burada Türklük fikrinin yaranmasına təsirsiz qalmadı.  Osmanlılara qarşı döyüşmək üçün yerli əhalidən yığılmış “İzaqi”, “Sili”, “Əmriyyə” və başqa alaylar onlara qarşı vuruşmaqdan imtina etdilər. Türklük düşməni Əhməd Kəsrəvinin etiraf etdiyi kimi, Osmanlı qoşunlarının Təbrizə daxil olmasını yerli əhali böyük sevinclə qarşıladı.[4] Ənvər Paşanın süd qardaşı Nuru Paşanın komandanlığında Osmanlı ordusunun ikinci dəfə Azərbaycanda olması yerli milli düşüncəli insanları canlandırdı. Osmanlı komandanlığı Urmulu torpaq sahibi, ziyalı bir şəxs olan Cəmşid Ərdəşir Əfşar Məcidüssəltənəni əyalətin valisi təyin etdilər. Burada “İttihadi-islam” təşkilatının yerli bölməsi quruldu (sədri Yusif Ziya), bir sıra tanınmış din xadimləri bu bölmə ilə əməkdaşlıq etdilər.[5] Osmanlı ordusu Təbrizdə Türkcə Azərbaycan qəzetinin çapını təşkil etdi. Qəzetin başına gənc müəllim, şair Mirzə Tağı Rüfəti gətirildi. Toplumda Azərbaycan əhalisinin Türklüyü, İran-Turan  və s. mövzular müzakirə olunmağa başladı.[6] Osmanlı ordusunun yardımı ilə Urmuda təhsilin Türkcə olduğu bir məktəb açıldı. Urmunun tanınmış müctəhidi Fəzlulla bu məktəbə müdir təyin edildi, “qısa müddət ərzində məktəbin sinifləri uşaqlar və şəhərin cavanları ilə ağzınacan doldu.”[7] Fars dili burada xarici dil kimi tədris olunurdu. Müəllimlər şəhərin savadlı adamları və Osmanlı ordusunun gənc zabitləri idilər.   Yerli əhalinin əhval-ruhiyyəsinə təsir edən digər amillər sırasında savaş zamanı və ondan sonra Azərbaycanda yaşanan hadisələr, ilk növbədə 1918-ci ilin fevral-aprel aylarında  Türklərin qırğınları oldu. Bu qırğınların əsas səbəbkarı Urmu ətrafındakı Xristian əhalini təhrik və təşkil edən Rusiya, Fransa, İngiltərə və ABŞ-ın yerli diplomatik nümayəndəlikləri idilər. Antanta nümayəndələri, özəlliklə Rusiya agentləri savaş zamanı Osmanlı daxilindəki Erməniləri və Aysor (Nestorian, Nəsturi, Cilo) əhalini silahlandırıb, cəbhə arxasında Osmanlı ordusuna qarşı təxribatlara yönəltdilər. Osmanlı qoşunları bu təxribatların qarşısını alıb, onların silahlı dəstələrini dağıtdıqdan sonra yüzminlərlə qaçqın sərhədi keçib, Xoy, Urmu və Səlmas ətrafına yerləşdi. Təkcə qaçqın Aysorların sayı 200 min nəfərdən çox idi. Təbrizdəki Rus baş konsulu Nikitin raportunda yazırdı ki, “bu vəhşi dağlıları [Aysorları] dinc və əkinçi Müsəlman əhalinin qonşuluğunda tutmaq mümkün deyildir.”[8] Yalnız Urmu ətrafında olan 10-15 min Aysorun ehtiyacını Rus nümayəndəliyi bir-təhər ödəməyə nail oldu. Çıl-çılpaq, ac, qəzəbli Aysor kütləsi yerli əhalini qarət etməklə, Müsəlman kəndlərini zəbt etməklə məşğul idi. O biri yandan, bu bölgədəki 80 minlik Rus qoşunları  qətl-qarət işində Aysorlardan geridə qalmırdı. Nikitin yazır ki, Rus əsgərləri “yaxşı yeyib, yaxşı istirahət edirdilər; onların işi gündə üç öynə bu şəhərin [Urmunun] bazarlarını qarət etməkdən, qarət etdiklərini, hərbi paltarlarını, savaş vasitələrini, hətta tüfənglərini və güllələrini satmaqdan ibarət idi.”[9] Rus konsulu daha sonra bildirir ki, “Urmiyədə Xristian qoşununun yaradılması qərarı verildi.” Bu qoşunun şəxsi heyəti Aysorlar və Ermənilərdən ibarət olmalı, onlara Rus, Erməni, Fransız, İngilis zabitləri təlim verməli idilər. Raportda bildirilir ki, Erməni –Aysor birləşmiş qoşununun 1918-ci ilin fevralın 9-da Urmu şəhərinə hücumu və üçgünlük döyüşlər  “Xristianların xeyrinə sonunclandı, bu savaşın davamı çox təsirli oldu, çünki Nestorianlardakı kimi etnik vəhşilik qalib durumunda hədd-hüdud bilmir.”[10]   Sonrakı gedişatı “Azərbaycanın ümumi tarixi”nin yazarı Kapitan (Sarvan) Kaviyanpur təsvir edir. Kaviyanpur yazır ki, vətənə qayıdan Rus əsgərlərinin bütün silahı Xristianların əlinə keçdi. Onlar Urmu və ətrafında müstəqil dövlət yaratmaq iddiasında idilər. Aysorların dini rəhbəri Mar-Şimonun komandanlığında az müddətdə 30 minlik ordu qurmaq düşünülürdü. Halbuki Müsəlmanların ixtiyarında cəmi 400 odlu silah var idi.[11] Təkcə Urmu şəhərində 10 min yerli əhalini qırdıqdan sonra Erməni-Aysor qüvvələri Salmas, Dilman və Xoyu da ələ keçirməyə çalışdılar. Qarşısında tutarlı silahlı güc görmədiyindən bu şəhərlərin və ətraf kəndlərin əhalisi minlərlə qurban verdi. Kaviyanpura görə, əksəriyyəti Müsəlmanlardan olmaqla bu döyüşlərdə 130 min adam öldürüldü.[12] Yerli Müsəlman əhalinin tələblərinə cavab olaraq Osmanlı qoşunu yenidən cəbhə xəttini keçib, kütləvi qətlləri dayandırdı. Yenə Kaviyanpurun verdiyi məlumata görə, sakitliyi bərpa edəndən sonra Azərbaycandan çəkilən Osmanlı ordusunun komandanlığı Urmu əhalisini toplayıb, Ermənilər və Aysorlardan savaş qəniməti olaraq aldıqları silahları əhalinin almasını, Osmanlıların getməsindən sonra özünü müdafiə etməsini təklif etdi. Şəhər ağsaqqallarından biri çıxıb, İran dövlətinin savaşda bitərəf qaldığını, odur ki, silah almağa ehtiyacları olmadığını bildirdi.[13] Bu cür əsassız “pasifist” mövqe az sonra Urmu əhalisi və ətrafının yenidən başının bəlaya girməsinə nədən oldu.    Urmu ətraflarında Kürd Şəkkak tayfası onsuz da xeyli vaxtdı bəlaya çevrilmişdi. Erməni və Aysorların silahlı dəstələri dağıdıldıqdan sonra onların yerini bu Kürd tayfası tutdu. Mar-Şimonu aldadaraq qətl edən İsmayıl Ağa Smitko (Simko) nüfuz dairəsini genişləndirmiş, əyalət hökuməti və Tehrandan göndərilən silahlı dəstələri məğlub edərək, Makıdan Sərdəştə qədərki ərazidə ağalıq edirdi. Smitkonun “müstəqil Kürdüstanına” Azərbaycan əyalətinin Urmu gölündən batı və güney torpaqları da daxil idi.[14] Yerli Türk əhalisi bu dəfə Smitkonun zülmünə məruz qalmışdı.(1925-ci ilədək bu ərazilər Smitkonun nəzarətində qaldı.)    Azərbaycanda elit təbəqənin siyasi davranışına təsir edən, ya edə biləcək başqa bir hadisə isə Qafqazlarda baş verməkdə idi. Ferval inqilabından sonra əski Rusiya İmperatorluğunun çökməsi gedişində Qafqazlarda mərkəzdənqaçma meylləri sürətlə artır, milli qüvvələr bu bölgənin müstəqilləşməsi üçün fəaliyyət göstərirdilər. 1918-ci ilin aprelin 22- də Güney Qafqaz Rusiyadan ayrıldığını elan etdi, Qüney Qafqaz federasiyasının pozulmasından sonra Quzey Azərbaycan may ayının 28-də özünün dövlət müstəqilliyini elan etdi, Azərbaycan Demokratik Respublikasında geniş milli-mədəni quruculuq işləri başladı.   Siyasi sürəcin gedişi göstərdi ki, Quzeydəki bu hadisələr Güney Azərbaycanda siyasi elitin davranışına təsir etmədi, ya da az təsir etdi.[15] Bu dövrdə mövcud olmuş İrşad, İttihad və Tərəqqiye İslam, İraniyane Mütərəqqi, Demokrathaye Mütərəqqi, Nüsrət, Əhrar, Sosial-Demokrat Ədalət Partiyası, Əksəriyyun, Biçizan, İstiqlale İran ve Ferqeyi İslami kimi kiçik siyasi partiya və ölkə miqyaslı partiyaların yerli şöbələri Azərbaycanda siyasi fəaliyyətlə məşğul idi. Bu partiyaların proqramlarında ölkədə milli məsələnin varlığı öz əksini tapmamışdı. Yalnız İrşad Partiyasının proqramında Zaqafqaziyanın doğusu ilə Güney Azərbaycana öz müqəddəratını təyinetmə haqqının verilməsi zərurəti, İraniyane Mütərəqqi isə İranda qeyri-Farsların ibtidai məktəblərdə ana dilində təhsil almasına tərəfdar olduğunu bildirirdi.[16] 1920-ci ilin iyun ayında Ənzəlidə ilk qurultayını keçirmiş İran Kommunist Partiyası bu ölkədə 15 milliyyət və dini qrupun olduğunu, İrandakı millətlərin federativ əsaslarda ittifaqının yaradılması zərurətini bildirirdi.[17] Qurultay nümayəndələrinin əksəriyyətinin Türklərdən ibarət olmasına baxmayaraq, bu partiyanın bütün sənədləri Farsca idi. Vidadi Mustafayevin fikrinə görə, bu, “həmin dövrdə Azərbaycanda  demokratik hərəkatın separatçılıq və pan-Türkizmdə günahlandırılmaması zərurəti” ilə izah edilə bilər.[18] Bakıda nəşr edilən Sədayi İran və Azərbaycan qəzetləri pan-İranist ideyaların təbliğatçısı idilər. Sonuncu qəzetin tam adı “Azərbaycan – cozve layənfəke İran əst” (“Azərbaycan – İranın ayrılmaz hissəsidir”) idi və qəzeti Seyid Cəfər Cavadzadə - Pişəvəri çıxarırdı.   Dövrün ən önəmli partiyasi İran Demokrat Partiyası (İDP) idi. Deyildiyi kimi, onun da proqramında milli məsələ haqqında heç nə yox idi, proqramın “Siyasi quruluş” bölməsində əyalət və vilayət əncümənləri barəsində belə danışılmırdı.[19] İDP-nin siyasi fəaliyyəti dinc, təkamül yolu ilə mübarizə prinsipinə əsaslanırdı. Bu prinsip daxilində danışıqlar, xahişlər, tələblər yolu ilə mərkəzi hökumətə təsir etmək, yerli vali və idarə rəislərininn istefasını tələb etmək əsas mübarizə forması idi. Bu partiyanın yerli, Azərbaycan əyalət komitəsi çoxsaylı üzvlərin olması və aktivliyi ilə fərqlənirdi (1910-cu ildə yaranmışdı). Əyalət komitəsinin Təbrizdən başqa Ərdəbil, Qəzvin, Zəncan, Urmu və başqa şəhərlərdə yerli şöbələri var idi. Təbrizdə əyalət komitəsi Farsca Təcəddüd (Yeniləşmə) adlı qəzet çıxardırdı. 1917-ci ilin avqustunda İDP Əyalət Komitəsinin konfransı keçirildi. Bu konfransda cari siyasi durumla bağlı mühüm qərarlar verildi. Məhz bu konfransdan sonra bir sıra sənədlərdə Azərbaycan Demokrat Partiyası (ADP, Firqeye Demokrate Azərbaycan) adı göründü və faktik olaraq o, müstəqil fəaliyyət göstərməyə başladı. Halbuki bu konfransda və ondan sonrakı yığıncaqlarda İDP-yə münasibət xüsusi olaraq müzakirə edilməmiş, ayrıca partiya proqramı qəbul edilməmişdir. Konfrans ADP Mərkəzi Komitəsininin tərkibini müəyyən etdi, onun sədri Şeyx Məhəmməd Xiyabani seçildi.[20]      İDP Əyalət Komitəsi Fevral inqilabından sonra buradakı Rus ordusu əsgərlərinin yaratdıqları sovetlərlə əməkdaşlığa başladı, bəzi yerlərdə öz nümayəndələrini üzv kimi bu sovetlərə göndərdi. 1918-ci ilin başlarında Sovet hökuməti İran ərazisindən Rus qoşunlarını çıxartdıqca onun ərzaq ehtiyatlarını və artıq silahları danışıq əsasında ADP-nin nümayəndələrinə təhvil verirdi.[21] ADP bu illərdə sovetlərlə birgə siyasi aksiyalar da təşkil edirdi. Partiyanın avqust konfransı “Partiyanın Rusiyadakı inqilaba münasibəti haqqında” adlı qətnamə qəbul etmiş, bolşevikləri nəzərə alaraq “biz məramnaməsində öz ölkəsinin və başqa ölkələrin xalqlarının azadlığını qeyd edən partiya ilə dost olmalıyıq” vəzifəsini qoymuşdu.[22]  ADP-nin rəhbəri  Xiyabani də öz çıxışlarında bolşeviklərə rəğbətini gizlətmir, onlarla sıx iş birliyinə çağırırdı.   ADP Rus qoşunlarından fərqli olaraq IX Osmanlı ordusu ilə normal münasibət qura bilmədi. Cəmiyyətin bir hissəsi Osmanlı ordusunu Erməni-Aysor və Kürd hücumlarından və qətl-qarətlərindən qurtaran qüvvə hesab edirdisə, başqa bir hissəsi, bu sıradan ADP rəhbərliyi onu işğalçı qüvvə sayırdı. Odur ki, ADP üzvlərini təqib edən Osmanlı ordusu avqustun 13-də partiyanın rəhbərliyini (Xiyabani, Nobəri, Badamçı) həbs edib, Urmuya apardı, noyabr ayında isə Azərbaycan ərazisini tərk edərkən onları bir neçə həftə Karsda saxladıqdan sonra azad etdi. Bəzi məlumatlara görə, onların həbsi İran hökumətinin, özəlliklə Vəliəhd Məhəmməd Həsən Mirzənin xahişi ilə baş vermişdi.[23]   Osmanlı ordusu Azərbaycanı boşaldandan sonra buranı İngilis qoşunları zəbt etdi. Dünya savaşının bitməsinə baxmayaraq Britaniya İrandan çəkilmək istəmir, əksinə, Osmanlının və  Rusiyanın buradan getməsindən istifadə edərək, İranda daha artıq dərəcədə möhkəmlənmək niyyətində idi. 1919-cu ilin avqust ayında Vüsuqüddövlə hökuməti ilə imzalanmış müqavilə İranı siyasi və iqtisadi cəhətdən Britaniyadan tam asılı vəziyyətə salırdı.   Bu müqaviləni İran cəmiyyəti hiddətlə qarşıladı. Ölkə miqyasında müqavilənin ləğv edilməsini tələb edən çıxışlar baş verdi. Ən ciddi hərəkat Gilan, Xorasan və Azərbaycanda gedirdi. Ölkəni bürümüş hərəkatın əsas tələbi Britaniya-İran müqaviləsinin ləğvi idi.   Məşrutə hərəkatında olduğu kimi bu dəfə də Azərbaycan hərəkatın mərkəzinə çevrildi. Ölkənin baş naziri Vüsuqüddövlə Azərbaycanı İran dövlət orqanizmində “qara yara” adlandırır, burada durum düzəlməyincə İranda “rahatlıq” yaranmayacağını deyirdi.[24] Azərbaycan Respublikasının İranda ilk səfiri Adil Xan Ziyadxan 1920-ci ilin mart ayının başlarında Güney Azərbaycandakı siyasi durum haqqında yazırdı: “İran Azərbaycanında İrandan ayrılmaq və Azərbaycan Respublikasına birləşmək istiqamətində hələ zəif də olsa, təbliğat gedir. Azərbaycan Respublikası yaxın gələcəkdə İranda baş verəcək hadisələrə hazır olmalıdır.”[25] Aprel ayının 11-də isə səfir İrandakı durumu belə xarakterizə edir: “İran sürünür, kütləvi rüşvətxorluq və vəzifələrə təyinat zamanı açıq alver; nəticədə xalqın insafsızcasına soyulması; məhkəmə və ədalət deyilən bir şey yoxdur; keçmiş əzəmətdən əsər-əlamət qalmayıb; yeni mədəniyyət və abadlıq görünmür; hər yanda yoxsulluq və natəmizlik... Farsların bizim respublikaya münasibəti o qədər də yaxşı deyil, əksinə, İran Azərbaycanı Türklərinin münasibəti qardaşcasına, dostcasınadır. İran Azərbaycanı muxtariyyətə, müstəqilliyə və Farsistandan ayrılmağa can atır.” Səfir Adil Xan Ziyadxanın aprelin 12-də xarici işlər nazirinə yazdığı məktub Təbrizdəki hadisələrə onun marağını göstərirdi: “İran Azərbaycanlıları açıq deyirlər ki, Azərbaycan Azərbaycanlılar üçündür və nə vaxta qədər Tehrandan göndərilən Fars hakimlərini dolandıracağıq. Onların yeganə məqsədi bədbəxt Azərbaycan xalqının şirəsini sormaqdan, qarət olunmuş xalq pulları ilə Tehranda saraylar tikib, bağlar salmaqdan ibarətdir.”[26]   Azərbaycan Respublikası səfirinin sonuncu məktubu göndərdiyi tarixdə Təbriz artıq ADP-nin nəzarətində idi. Azərbaycanda sakitlik yaratmaq üçün Vüsuqüddövlə buraya qəddarlığı ilə fərqlənən şahzadə Eynüddövləni vali, Əminülmülkü isə vali müavini təyin etmiş, Təbrizə çoxlu polis qüvvələri göndərmişdi.  Mart ayında davam edən repressiyalar, eləcə də aprelin başlarında yerli demokratların həbs edilməsi, ADP rəhbərliyini yumşaq mübarizə üsullarından (xahiş, tələb, etiraz mitinqi, yerli məmurun istefası tələbi və s.) əl çəkib, daha radikal addımlar atmağa təhrik etdi. Təbrizdəki müxtəlif silahlı dəstələr bitərəf qaldıqları, hətta bəzi dəstələrin başçıları ADP tərəfinə keçdikləri üçün burada iki gün içində dövlət idarələrini ələ keçirmək çətin olmadı.  Müvəqqəti hakimiyyət orqanı kimi təşkil olunmuş İctimai İdarə Heyətinin (İİH) sədri Şeyx Məhəmməd Xiyabani aprelin 7-də Təbriz əhalisi qarşısındakı çıxışında bildirdi ki, “bu ğün biz Vüsuqüddövlə və İngilis talançı sazişini bağlamış hökumət əleyhinə üsyan etmişik və ... Azərbaycanın adını Azadistana dəyişərək bu gündən bu adı rəsmi ad kimi elan edirik.”[27] Aprel ayını 9-da İİH-nin Fars və Fransız dillərində yazılmış bəyanatında üsyanın məqsədi Azərbaycan əyalətində asayiş yaratmaq, hökumət nümayəndələrinin anayasaya zidd siyasətinə son qoymaq və anayasanı sözdən işə keçirmək kimi formulə edildi.[28] Hakimiyyəti ələ alandan sonrakı beş ay ərzində İİH-nin fəaliyyəti, Azərbaycanda durum haqqında Əli Azəri, Əhməd Kəsrəvi, Mixail İvanov, Şövkət Tağıyeva və başqalarının ayrıntılı araşdırmaları olduğundan üsyanın xarakteri üzərində durmağa çalışaq.   Yuxarıdakı alıntılardan da göründüyü kimi, üsyanın əsas məqsədi 1919-cu il Britaniya-İran sazişinin, ölkədə İngilis ağalığının ləğvi idi.   ADP rəhbərliyinin əyalətin adını “Azadistan”a dəyişdirməsi yalnız təbliğat məqsədi daşımamışdır. Bu məsələyə aydınlıq gətirmək Təbriz üsyanının xarakterini aydınlaşdırmağa yardım edər. Xiyabani və silahdaşları eyni vaxtda, 1920-ci ilin aprelin 7-də, Arazın quzeyində “Azərbaycan” adlı dövlətin (Azərbaycan Demokratik Respublikasının, ADR-in) varlığını yetərincə dəyərləndirə bilmədilər. ADP rəhbərliyi bu milli və müstəqil dövlətlə əlaqə qurmağa cəhd etmədi. Bunda bolşevizmə rəğbət və Sovet Rusiyasının vədlərinə inam mühüm rol oynamış ola bilər. Onlar ADR-in Denikin, daha sonra Sovet Rusiyası təhlükəsi qarşısında siyasi varlığını qorumaq üçün İngilis qəyyumluğundan yararlanmaq istəyinin yetərincə fərqinə varmamış, bu dövlətin Güneyə iddialı olmasını zənn etmişlər. Bəzi müəlliflər bu addəyişməni Arazın quzeyində Azərbaycan Sovet Sosialist Respublikasının yaranması ilə izah etməyə çalışırlar. Məsələn, 1960-cı illərin tanınmış solçu müxalif liderlərdən biri Əlirza Nabdil (Oxtay) yazmışdır: “Xiyabaninin demokratları Böyük Oktyabr sosialist inqilabına müsbət münasibətlərinə baxmayaraq, sosialist inqilabının güneyə doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet Sosialist Respublikasının təşkilinə qarşı müdafiə mövqeyi tutdular. İran Azərbaycanı əyalətinin adının dəyişdirilməsi bu mövqeyi göstərən bariz nümunədir.”[29] Əlirza Nabdilin ikinci iddiası doğru deyildir, çünki addəyişmə əməliyyatının bəyan edildiyi aprelin 7-də Sovet Azərbaycanı hələ yaranmamışdı, o, aprelin 28-də elan edildi. Bununla belə, Xiyabaninin “sosialist inqilabının güneyə doğru irəliləməsinə qarşı müdafiə mövqeyi tutması” haqqında Nabdilin tezisi tarixi faktlara uyğundur.   Xiyabani 1920-ci ilin yayında Sovet ordusunun Gilana müdaxiləsini, eləcə də 7-ci Şirvan polkunun (alayının) Ərdəbili işğalını, Cəngəlilər hərəkatını diqqətlə izləmiş, Sovetlərin sözü ilə işi arasında böyük fərqin olduğunu görə bilmişdi. Gilan Sovet respublikası qoşunları adı altında Sovet ordusunun Zəncana doğru irəliləyib, Xiyabani ilə iş birliyi təklifi edəndə o, bu təklifi geri çevirmiş, bu qoşunların Azərbaycanın içərisinə doğru irəliləməsinə qəti etirazını bildirmişdi. Bundan başqa Arazın güneyində yerləşmiş Abbasqulu Bəy Şadlinskinin atlı dəstələrinin, eləcə də Mustafa Kamal Paşanın yardım təklifini rədd etmiş,[30] “İranı İranlılar azad etməlidirlər” demişdir.[31] 1920-ci il avqustun 7-də Yuq Rossii (Rusiyanın güneyi) adlı qəzetin müxbirinə verdiyi masahibəsində o, Gilan hadisələrində xalq adından xalqa zülm edənlərin (bolşevik liderlərin) hərəkətlərini qətiyyətlə pisləmişdir. Xiyabani əgər əvvəllər, hətta üsyanın ilk aylarında Rusiyada gedən proseslərə rəğbətini bildirir, bolşeviklərlə iş birliyidən qaçmırdısa, Gilanda bolşeviklərin terror və talanlarından sonra bu müsahibəsində bolşevizmi “çarizmin o biri üzü” adlandırmışdır.   Mövzumuz üçün önəmli olan suallardan birisi də 1917-20-ci illərdə Demokrat Partiyasının Azərbaycanda mübarizə apardığı dövrdə, özəlliklə Təbriz üsyanı dövründə burada milli muxtariyyət uğrunda hərəkatın olub-olmaması məsələsidir. Yuxarıda da deyildiyi kimi, İDP, eləcə də ADP-nin proqram sənədlərində İranın federallaşması zərurəti, Azərbaycana milli muxtariyyətin verilməsi tələbi qoyulmamışdır. Ancaq ADP əməli fəaliyyətində, özəlliklə Təbrizdə hakimiyyətə nəzarət etdiyi beşaylıq dövrdə Azərbaycanın muxtariyyəti fikrini gerçəkləşdirdi. İlk növbədə Tehrandan göndərilmiş dövlət məmurları və hərbi qulluqçular işlərindən kənarlaşdırılaraq bu vəzifələrə ADP-nin tanınmış üzvləri təyin edildilər. Xiyabani dəfələrlə çıxışlarında “Bizə Tehrandan göndərilmiş vali lazım deyil” demiş, amma oradan təyin edilmiş valinin və vali müavininin fəaliyyət dairəsini mümkün qədər məhdudlaşdırmağa çalışmışdır. İranın hələ də qüvvədə olan anayasasına uyğun olaraq Azərbaycanda əyalət və vilayət əncümənlərinin yaradılması müraciətinə Tehrandan cavab almayan hərəkatın rəhbərliyi, anayasanı da aşaraq Xiyabaninin sədrliyi ilə 1920-ci ilin iyun ayının 24-də Milli hökumətin yarandığını elan etdi. Milli hökumət həmin gün vəliəhdin iqamətgahı olan Alaqapıya köçdü. (Səhəri gün Vüsuqüddövlə hökuməti istefa verdi).   Təbrizdə Milli hökumət dövründə Tehran mətbuatı Azərbaycandakı hərəkatı separatizm, İrandan ayrılmaq hərəkatı kimi qiymətləndirir, Xiyabani və başqa hərəkat başçıları haqqında iftiralar yayırdı. Halbuki ADP rəhbərliyi Azərbaycan muxtariyyətini İranın demokratikləşməsi üçün bir vasitə hesab edirdi. Başqa sözlə, İrana demokratiya, Azərbaycana muxtariyyət şüar kimi dilə gətirilməsə də, hərəkat başçıları bu xəttdən kənara çıxmadılar. Xiyabani deyirdi: “Təbriz İrana nicat verəcəkdir... Bu gün Təbrizdə hökumət demokratların əlindədir. Bu demokratik hökumət Təbrizdən başlayacaq və İranın ən ucqar şəhərlərinə də şamil olacaqdır. Biz yavaş-yavaş bu ali məqsədimizə çatacayıq. Bütün idarə və məqamlar bizim nəzarətimiz altında olacaq.”[32] Xiyabaninin çıxış və məqalələrində istifadə edilən “vətən” anlayışı İranı, “millət”, “həmvətənlər” anlayışları isə bütün İran əhalisini ifadə edirdi. 1917-ci ildən sonrakı bütün hərəkat dövründə, özəlliklə Təbrizdə hakimiyyətə malik olduğu zaman belə ADP rəhbərliyinin Türk kültürü ilə bağlı xüsusi fəaliyyətinin olmaması diqqətə dəyən faktdır. Kargüzarlıq işləri yenə də Farsca aparılır, ADP-nin qəzetləri Farsca çıxır,[33] “məmləkəti Azadistan”ın rəsmi sənədlərinin üstündə qədin İranın simvolu olan “şir-xurşid” nişanının şəkli çəkilir, İran pulu işlədilirdi və s. Əslində muxtariyyət sahəsindəki tələblərə nisbətən “ümummilli” maraq hesab edilən 1919-cu il müqaviləsinin və Britaniyanın mərkəzi hökumət üzərində ağalığının ləğvi, mərkəzi hakimiyyətin demokratikləşməsi tələblərinə daha artıq önəm verilirdi. Vidadi Mustafayev haqlıdır: “Demokratlar üçün spesifik milli mənafe müstəqil əhəmiyyətə malik deyildi, onların səyi İranın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsinə, vilayətdə [əyalətdə] konstitusiyalı idarə formasının bərpasına, Azərbaycanda sabitliyin bərqərar olmasına, bitərəf İranda (əsasən Azərbaycanda) düşmən tərəflərin hərbi əməliyyatlarının, Azərbaycanın qərbində Türk-Assuriya hərbi əməliyyatlarının dağıdıcı nəticələrini tezliklə aradan qaldırmağa yönəlmişdi.”[34]   Şeyx Məhəmməd Xiyabani və Azərbaycan Demokrat Partiyası bəyan etdikləri təcəddüd siyasi fəlsəfəsinə uyğun olaraq İranın yeniləşdirilməsi, İran siyasi sisteminin demokratikləşdirilməsi, İranın Britaniya imperiyasının protektoratına çevrilməməsi, doğma yurdu Azərbaycanın muxtar hüquqlara sahib olması istəkləri və bu istiqamətdə görülmüş fövqəladə önəmli işlər Tehran hökumətinin və İngilis diplomatik nümayəndəliyini qüvvələri birləşdirib,  bu “qara yara”nı kəsməyə sövq etdi. Təbrizdəki demokratik hakimiyyətə qarşı lazımi hazırlıq işlərini tamamladıqdan sonra mərkəzi hökumət qüvvələri 1920-ci ilin sentyabrın 11-də hücuma başladı və üç gün içində Təbrizdə Tehranın hakimiyyətini bərpa etdi. Şeyx Məhəmməd Xiyabani və onlarla hərəkat rəhbəri qətl edildi. Azərbaycandan sonra Gilan və Xorasandakı yerli demokratik hakimiyyətlər də basdırıldı. 1919-cu il müqaviləsinin ləğv edilməsinə baxmayaraq, İranın demokratikləşməsi, hətta federallaşması üğrunda yerlərdən başlanan hərəkat uğursuzluqla nəticələndi. Hakimiyyətin Tehranda mərkəzləşməsi üçün yol açılmış oldu.   Mərkəzləşdirmə ideologiyası və siyasəti   Yerlərdə milli-demokratik hərəkatların məğlubiyyətindən, İranın əski “məmaliki məhrusə”dən müasir federal dövlətə çevrilməsi şansının azalmasından sonra ölkənin daxilində və xaricində pan-İranist təbliğat xeyli gücləndi. Yuxarıda da göstərildiyi kimi, ölkəni bölünməkdən qurtarmaq üçün islahatçı-modernist dairələr idarəçiliyin Tehranda mərkəzləşdirilməsini və Fars olmayan xalqların zorla Farslaşdırılmasını tələb edirdilər.   Ölkə daxilində “Azərbaycan məsələsi”nə pan-İranizm baxımından aydınlıq gətirən ən həssas hadisə Seyid Əhməd Kəsrəvi-Təbrizinin ilk dəfə 1921-ci ildə çap etdirdiyi  “Azəri, ya zəbane bastane Azərbayqan” (Azəri, ya Azərbaycanın qədim dili) adlı kitabçası oldu.[35] Bu kitabçanın pan-İranizmin Azərbaycana baxışının formalaşmasında mühüm rolu oldu. Kəsrəvi bu əsərində Fars şovinizmi ideyalarını əsaslandırmaq üçün ixtiyari seçdiyi bəzi Ərəb mənbələrinə müraciət etmiş, yanlış nəticələr çıxarmışdır.[36] Bu kitabçanın ana ideyası aşağıdakılardır: İranın başqa əyalətləri kimi Azərbaycanın da qədim avtoxton əhalisi Arilər olmuşdur; Azərbaycan əhalisi İran dillərindən birində - “Azəricə” danışmışdır; sonralar Türk tayfalarının İranın bu bölgəsinə yürüşləri nəticəsində Türk dili zorla yerli əhaliyə qəbul etdirilib. Bu tezisin məqsədi Azərbaycan Türklərində öz kökləri ilə bağlı şübhə, aşağılıq kompleksi yaratmaq, Azərbaycan əhalisini Farslaşdırmaq “gərəkliyini” əsaslandırmaq olmuşdur.[37]   Bu illərdə Güney Azərbaycan əhalisinin Türklüyü fikrini müdafiə edən yazarlara (Məmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Giritli Hasan Ruşeni Barkın və b.) cavab verənlərin də əksəriyyəti məhz Azərbaycan kökənli şəxslər idi. Bu baxımdan Ruşeni Barkın’ın[38] yazdığı kitab və məqalələrə, eləcə də İstanbuldakı çıxışlarına Berlindəki Azərbaycan kökənli şəxslərin reaksiyası maraqlıdır. Ruşeni Bəy Türkiyədə Türk Ocaqlarında verdiyi mühazirələrdə və Vətən qəzetində çap etdirdiyi məqalələrdə Türkiyədə İranın yetərincə tanınmadığına, özəlliklə buradakı yerli Türklərin durumu ilə maraqlanılmadığına diqqət çəkir. Yazır ki, hətta “İran`ı hâla millet-i vâhide zanneden mütefekkirlerimiz pek çoktur.”[39] Ruşeni Bəy Türklərin sürətlə məzlum duruma düşməkdə olduğunu bildirir, Farslarla onların münasibətlərinin gərginləşdiyini yazır: “Orada Farslar, yani hâkiki Acemler İran Türklerini Türk oldukları için, hâkir görürler. İranda bir Acem bir Türke kızdığı vakit ona Türke har, yani eşek Türk diye hitap eder.”[40]   Fəryad qəzetinin keçmiş redaktoru, şair və publisist Mahmud Qənizadə “Ruşəni Bəyə cavab” adlı risalədə şiddətlə “dörd milyon Türkün əsarət altında inlədiyini” yazan Ruşəni Bəyin tezisinə qarşı çıxır, İranda ayrı-seçkilik olmadığını iddia edir. Azərbaycan əhalisinin əksəriyyətinin Oğuz olduğunu bildirən Ruşəni Bəyə etiraz edərək, Qənizadə Azərbaycanlıların Ariya irqinə mənsub olduğunu iddia edir. Qənizadə qəzəblə yazır: “Əski Med əyaləti, Zərdüştün vətəni, ta Ərəb istilasına qədər yeddi yüz sənə sönmədən yaxılan atəşkədeyi-əzime-“Azərgəşnəsb” ilə daha yüzlərcə atəşkədələrin məhəli, Babəki-Xürrəminin məsğətorrəası [doğum yeri] və İranın təməl taşı bulunan Azərbaycanın əhalisinə nasıl Türk diyorsunuz? Qiyafə, səciyyə, məlamehi-vəchiyyə “fizyoloji” vəəlhasil hər nöqteyi-nəzərdən tam bir İranlı bulunan Azərbaycanlının nerəsində Türklükdən cüz’i bir əsər bula biliyorsunuz? Millətlər daima lisanlarilə yek-digərindən təfriğ olunmaz [ayrılmaz]. Ətvar [manera], əxlaq və təmayülatdır ki, mədari-hökm [hökm mənbəyi] ola bilir.” [41] Qənizadədən az sonra R.Ş.Təbrizi [Rzazadə Şəfəq] də Ruşəni Bəyə cavab vermək ehtiyacı hiss edərək yeni kitabça yazıb çap etdirdi. Təbrizi də milliyyəti təşkil edən ünsürlər arasında dilin əhəmiyyətinin olmadığını bildirir və “İran milləti” anlayışına öz tərifini verir: “Milliyyət onu təşkil edən əfradın arasında müştərək olan tarix, adat, ən’ənat, din, ədəbiyyat, vətən gibi əvameli-ictimaiyyənin məhsulu olaraq vücudə gələn bir xasseyi-ruhiyyə, bir hissi-dərunidir.”[42]   İslahatçı-modernist dairələrin təbliğatının əsas istiqamətlərindən biri də ölkənin iqtisadi və siyasi həyatını, eləcə də silahlı qüvvələrini Böyük Britaniyanın nəzarətinə tabe edən 1919-cu il müqaviləsinin ləğvi idi. Bu müqavilənin ləğvi tələbini ictimaiyyətin geniş təbəqələri müdafiə edirdi. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Əhməd Şah da onun təsdiq edilməsinin əleyhinə olduğunu bildirdi. Buna baxmayaraq Britaniya mövqelərini təhvil vermək, İran səhnəsini tərk etmək fikrində deyildi. Yeni dəyişmiş şərtlərdə o, İranda mövqelərini saxlamaq və gücləndirmək üçün siyasətini daha üstüörtülü, amma daha radikal şəkildə yürütməyə başladı. Hələ 1920-ci ilin yanvarın 29-da Böyük Britaniyanın Mesopotamiyadakı ali komissarı Sir Persy Cox Tehrandakı İngilis səfirinə yazdığı uzun teleqramda öz hərbi hissələrinin İrandan çıxarılması ehtimalını bildirir, 1919-cu il müqaviləsinin mövcud şərtləri üstündə israr etməyin mümkünsüzlüyünü dilə gətirir, İran Məclisini qane edə biləcək yeni müqavilə haqqında fikirlərini bildirdikdən sonra yazırdı: “Yeni müqavilənin imzalanması vaxtı elə şərait yarana bilər ki, indiki şahın (Əhməd Şah Qacarın) sülalənin başqa bir üzvü ilə dəyişdirilməsinə, ya da bu sülalənin başqa birisi ilə dəyişdirilməsinə razılaşmalı olaq.” Bir il sonra İngilis səfiri öz naziri Curson’a yazdığı gizli teleqramda İranın şimal hissəsində demokratik hərəkatların qələbəsi müqabilində ölkənin güneyində İngiltərənin nüfuzu altında ayrıca, müstəqil dövlətin yaradılmasını təklif edirdi.[43]   İngilis səfirliyinin 1919-cu il müqaviləsini təsdiq etdirmək yönündə növbəti cəhdi İran hökumətinin istefasına səbəb oldu, baş nazir Sepəhdarın 1921-ci ilin fevralın 16-da yeni hökumət təşkil etmək cəhdi də siyasi böhranı aradan qaldıra bilmədi. Britaniyanın bir qrup nümayəndəsi çıxış yolunu İran zabitlərinin əli ilə dövlət çevrilişində görürdü. Bu istiqamətdə fəal hazırlıq işləri aparılırdı.  Fevral ayının 21-də kazak diviziyasının Qəzvin dəstəsi Rza Xanın başçılığı ilə Tehranda əsas dövlət idarələrini tutdu, yüksək rütbəli onlarla dövlət məmuru həbs edildi. Ölkədə İngilis maraqlarının müdafiəçisi Seyid Ziya (Seyid Ziyaəddin Təbatəbai) baş nazir təyin edildi. Seyid Ziya az sonra verdiyi bəyanatda bir sıra islahatların aparılacağını, “milləti xilas edəcəyini” bildirdi. Fevralın 26-da çoxdan hazırlanmış Sovet-İran müqaviləsi imzalandı.[44] İngilislərin razılığı ilə martın 24-də 1919-cu il Britaniya-İran müqaviləsinin ləğv olunduğu elan edildi. Aprelin 17-də isə baş nazir İngilis qoşunlarının İranı tərk etməsi haqqında müraciətlə çıxış etdi. Halbuki bu müqavilə faktik olaraq ləğv olunmuşdu, İngilis qoşunlarının İranı tərk etməsi isə dövlət çevrilişindən əvvəl başlanmışdı. Yeni baş nazirin bu hərəkətləri ilk öncə kütlə arasında çaşqınlıq yaratdı. Seyid Ziya hökumətinə rəğbətlə yanaşan Britaniya maliyyə müşavirinin yardımçısı H. Balfour yazırdı ki, Təbrizdə İran millətçiliyi mövqeyindən çıxış edənlər “çətin vəziyyətə düşmüşdülər, çünki yeni rejim onların proqramına tam uyğun ruhda fəaliyyət göstərirdisə də, onun [Seyid Ziyanın] İngilislərlə yaxın dostluğu faktı Təbrizlilərin gözündə ən böyük maneə idi.”[45]   Ölkədə demokratik hərəkatı yatırdıb, qayda-qanun yarada bilmədiyindən tezliklə mülkədar-burjua dairələri Siyid Ziyaya qarşı çıxış etməyə başladılar. Əski aristokratiya onun “ifşaedici” çıxışlarından, eləcə də Qacar şahzadələrindən bəzilərinin həbsindən narazı idi. Artan ümumi narazılıqdan dövlət çevrilişinin əsas fiquru, kazak diviziyasının yeni komandiri Polkovnik Rza Xan Savadkuhi[46] istifadə etdi, əski müttəfiqi Seyid Ziyaya qarşı kampaniyaya qoşuldu. Yeni Qəvamüssəltənə hökumətində hərbi nazir vəzifəsi tutan Rza Xan hakimiyyət pillələrində sürətlə irəliləməyə başladı. Bu sahədə ona İngilislər həssas yardım etdilər.[47] Ölkənin hərbi qüvvələrini əlinə keçirmiş hərbi nazir 1923-cü ildə artıq  siyasi hakimiyyətə iddia edirdi. 1923-cü ilin oktyabrında xaricdən ölkəyə qayıtmış Sultan Əhməd Şah, Rza Xanı baş nazir təyin etməyə məcbur oldu.[48] Yeni baş nazirin təzyiqi ilə yenidən xarici gedən Sultan Əhməd Şah qardaşını özünün naibi elan etdi, ancaq o gedəndən sonra Rza Xan, şah naibindən siyasətə qarışmayacağı haqqında yazılı öhdəlik aldı. Artıq 1923-ci ilin sonlarından Rza Xan, Qacar sülaləsinin devrilməsi, ümumiyyətlə monarxiyanın ləğvi və ölkədə respublika rejiminin yaranması istiqamətində kampaniyaya başladı. Rza xan hökumətinin gizli rəhbərliyi altında Qacarların devrilməsi və “respublika uğrunda hərəkat” gedişində mitinq və nümayişlər keçirilir, qəzetlərdə Qacarların İranın tərəqqisinə mane olması, respublika idarə üsulunun üstünlüklər təbliğ edilir, məclisdə bu məsələrlə bağlı Rza xanın tərəfdarları müxtəlif formalarda mübarizə aparırdılar.[49] Qacarların İran tarixindəki rolu mətbuatda bir sıra hallarda Fars irqçiliyi forması alırdı. Təbliğatın bu tərəfi o qədər aydın görünürdü ki, Sovet Azərbaycanında belə bunun fərqində olanlar vardı. Kommunist yazıçı Məmməd Səid Ordubadi 1924-cü ilin aprelin 2-də “Kommunist” qəzetində bu təbliğata etiraz edərək yazırdı ki, bəzi İran qəzetləri Qacarların “Farslara biganə olduğuna (Türk olduqlarına) işarə ilə onların iş başından çəkilməsini lazım biliyorlar.”   Rza Xanın tərəfdarları Qacarların əski dayağı Azərbaycanda fəaliyyətə böyük önəm verirdilər. Qacarlara qarşı kampaniyada Rza Xan Azərbaycanın mülkədar-burjua dairələrini öz tərəfinə çəkə bildi.1924-cü ilin martında insan təsvirini qadağan edən İslam qaydalarını pozaraq, Təbrizdə şəhər qarnizonu kazarması ərazisində Rza Xana heykəl qoyulması təmtəraqla qeyd edildi. Yuxarıda bəhs edilmiş Ruşeni Bəylə Mahmud Qənizadə və Rzazadə Şəfəq arasındakı polemikada Rza Xanın şəxsiyyəti məsələsi də müzakirə mövzusu olmuşdur. Ruşeni Bəy İranda Türklərin “əsilsiz əfsanələrə qapılmalarını”, Türklərə “uçurumlar qazılan bir mühitin” yarandığını, Rza Xanı dahi saymağın yanlış olduğunu bildirən fikrinə qarşı Mahmud Qənizadə yazırdı: “Sərdar Sepəh həzrətləri [Rza Xan] heç bir zaman dahi olmaq iddiasına düşməmiş, o qayət sadə, qayət mütavazi bulunmaqla bərabər, dəmir pəncə, mətin bir əzm və iradəyə malikdir ki, o sayədə sizin əfsanə ədd etdiyiniz o müntəzəm orduyu təşkil edərək... əmniyyət və asayişi İrana bəxş etmişdir. Siz ona istər “İngilis bəndəsi”, istər nə deyirsəniz deyiniz, biz İranilər isə Rza Xan həzrətlərinə tapınır və o zatdan gələcəyə aid daha böyük şeylər bəkliyoruz.”[50] 1925-ci ilin yayında Rza Xan özü Təbriz, Xoy, Salmas və Azərbaycanın başqa şəhərlərinə səfər etdi. O hələ Tehrandan yola düşməzdən əvvəl bəyanat verərək bildirdi ki, bu əyalətə getmək dəvətini Azərbaycanın İran qarşısındakı xüsusi xidmətləri müqabilində qəbul edir. Əslində isə bu, Qacarları devirməyə hazırlıq barədə şəxsən göstərişlər verdiyi “yoxlama səfəri idi.”[51] İki ay sonra Azərbaycanda Qacarların devrilməsi uğrunda açıq və geniş kampaniya başlandı. Tacirlər, mülkədarlar və sənətkarların yuxarı təbəqəsi şəhərlərin çoxunda, birinci növbədə Təbrizdə hərbi dairə komandanlığının göstərişi ilə nümayiş və mitinqlər təşkil edir, kütlələri ümumi tətilə çağırırdılar. Mitinq iştirakçıları məclis nümayəndələrini “vətən xainləri” adlandıraraq, qəti tədbirlərin görülməsini tələb edirdilər. Azərbaycanın mülkədar-burjua dairələri Rza Xana kömək məqsədilə Təbrizdə Azərbaycan Milli Hərəkatı Birləşmiş Komissiyası adlı təşkilat qurdular. Qəzet redaksiyaları, nazirliklər, siyasi xadimlər və məclis üzvləri bu təşkilat adından teleqramlar alırdılar. Diqqəti çəkən odur ki, bu təşkilatın teleqramları İran millətçiliyi və Fars irqçiliyi ruhunda idi, bunlar “Moğol övladları Qacarların məhz Azərbaycan sayəsində boya-başa çatdıqları” və “Kəyan taxtını qəsb etdikləri” kimi qeydlərlə dolu idi. Təbrizdəki bu təşkilat İranın müxtəlif şəhərlərindəki müvafiq təşkilatların əlaqələndirici mərkəzi rolunu oynayırdı. Təbrizdən onların üstünə göndərilən teleqramlarda təlimatlar verilir, əksinə, Təbrizə gələn teleqramlar hesabat xarakteri daşıyırdı. Təbrizdəki bu təşkilata tabe olan və onun yerli şöbəsi hüququnda Tehranda Yaşayan Azərbaycan Müttəhidləri deyilən təşkilat yaranmışdı. Bilavasitə bu təşkilatın iştirakı ilə Qacarların devrilməsi kampaniyasında fəaliyyətsizlik göstərən məclisin Azərbaycandan olan nümayəndələri tutuldu, onların məclisə getməsi qadağan edildi.[52]   Təbrizlilərin tələblərinə məclisin məhəl qoymamalarına etiraz əlaməti olaraq oktyabrın başlarında Təbriz bazarı bağlandı, daha sonra Rza Xan tərəfdarları şəhərdəki dövlət idarələrini tutmağa başladılar. Oktyabrın 29-da onlar müraciətnamə dərc edərək, Təbrizin Tehranla əlaqəsini kəsdiyini bildirdilər. Şəhərdə paytaxt üzərinə yürüş üçün “könüllü dəstələri” yaradılmağa başlandı.[53]   Bu arada respublika ideyası, yeni inqilabi  hərəkat dalğasının yaranmasından ehtiyatlanan feodal aristokratiyası və ruhani təbəqəsinin müqavimətinə rast gəldi.  Öz hakimiyyətini təsdiq etməyin “respublika planı”ndan imtina edən Rza Xan,  Qacarların nüfuzdan salınması yönündə fəaliyyətini genişləndirdi. 1925-ci ilin fevralında Rza Xan, Qacarlarla hər cür iş birliyinin kəsilməsi məsələsini məclisin müzakirəsinə verdi. Məclis Rza Xana ali baş komandan səlahiyyətləri verdi. Oktyabrın 29-da İran məclisində Qacar sülaləsinin devrilməsi tələbi olan Azərbaycandan gələn teleqramların müzakirəsi başlandı. Oktyabrın 31-də məclis Qacar sülaləsinin hakimiyyətinin ləğvi, hakimiyyətin müvəqqəti olaraq Rza Xana verilməsi, eləcə də hakimiyyətin gələcəyi ilə bağlı qurucu məclisin çağırılması haqqında qərar qəbul etdi.[54] Polis və hərbi terror şəraitində keçirilən yeni məclis seçkilərində əsasən Rza Xanın tərəfdarları “seçildilər.” Bu yeni məclis də 1925-ci ilin dekabr ayının 12-də Rza Xanı, Rza Şah Pəhləvi adı ilə İranın irsi şahı elan etdi. Mövcud anayasanın monarx ailəsi ilə bağlı dörd maddəsi dəyişdirildi, İranın dövlət quruluşu isə dəyişilməz qaldı.   Bununla Qacarların mütləq hakimiyyətinin konstitusiyalı monarxiya ilə əvəzlənməsi, daha sonra konstitusiyalı monarxiya idarəçilik rejiminin böhranı ilə nəticələnən dövr başa çatmış oldu. ”Soyundan uzaqlaşmış və mənən, cismən yıpranmış Qacar sülaləsi” (Əhməd Ağaoğlu)[55] tarix oldu.   Bu dövr (1905-25) milli münasibətlərdə yeni durum yaratdı. Millətləşmə və milli şüur baxımından digərlərini çox arxada qoymuş Farslar, siyasi prosesləri milli maraqları istiqamətinə yönəltməyə nail oldular. 1925-ci ildə Farslar hakim millət statusuna malik oldular.   İran Türklüyü bu 20 il içində İranın müstəqilliyi və modernləşməsi sahəsində fədakarlıq etdi, özünün bir parçası olan Qacarların hakimiyyətinin zəifləməsi, daha sonra tamamilə hakimiyyətdən getməsi üçün fəallıq göstərdi, gələcək milli problemlərinin yaranmasının müsəbbiblərindən biri oldu.   [1] Yenə orada, s. 17. [2] Yenə orada, s. 31. [3] Yenə orada, s. 30. [4] Əhməd Kəsrəvi, Tarixe hicdəh saleye Azərbaycan, s. 604. .  Sovet dövrünün şübhəsiz çox faydalı, ancaq ziddiyyətli  məhsulu olan Cənubi Azərbaycan tarixinin oçerki (1828-1927) [Bakı:Elm, 1985] adlı araşdırmada Osmanlı ordusunun Azərbaycanda davranışı tamamilə təhrif edilmiş, Bakıdakı “mütərəqqi” Erməni qəzetinə (Baku) istinadən Osmanlıların “Azərbaycanda əhalinin nifrətini qazandığı” iddia edilmişdir.Baxın: s. 193-195. [5] Əhməd Kəsrəvi, Tarixe hicdəh saleye Azərbaycan, s.652-653, 796. [6] Şərhe hal və eğdemate Şeyx Məhəmməd Xiyabani, Berlin: İranşəhr, 1304, s. [7] Əli Dehqan, Sərzəmine Zərdoşt. Ouzaye təbii, siyasi, eğtesadi, fərhəngi, ectemai və tarixiye Rezaiyye, Tehran, 1969, s. 153-154. [8] Sərvan Əhməd Kaviyanpur, Tarixe omumiye Azərbaycan, Tehran: Asya, 1346, s. 241. [9]Yenə orada, s. 242. [10]Yenə orada, s. 245. [11] Yenə orada, s. 247. [12]Yenə orada, s. 266.  [13] Yenə orada. [14] Baxın: Ольга Жигалина, Национальное движение курдов в Иране, Москва: Наука, 1988, с.50-58. [15] Milli şair Sabir, məşhur şeirlərinin birində yazdığı “Dindirir əsr bizi, dinməyiriz, Açılan toplara diksinməyiriz” fikrini həm də, bəlkə də daha çox Güney Azərbaycan siyasi elitinə aid edirdi. [16] Əvəz Həbibov, Cənubi Azərbaycanda azadlıq hərəkatı, Bakı, 1968, s. 64-115; [17] T.A.İbrahimov,  İran Kommunist Partiyasının yaranması, Bakı, 1963. [18] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin birinci yarısı), s. 75. [19] Baxın: Новая история Ирана. Хрестоматия,c. 264-265; Şövkət Tağıyeva, 1920-ci il Təbriz üsyanı,  Bakı: Elm, 1990, s. 40. [20] Şeyx Məhəmməd Xiyabani hicri 1297-ci ildə (1879/80) Xamnə qəsəbəsində tacir ailəsində anadan olmuş, ilk təhsilini burada aldıqdan sonra Rusiyanın Petrovsk şəhərinə gələrək, atası ilə ticarətlə məşğul olmuşdur. Bir müddət burada qaldıqdan sonra Təbrizə qayıtmış, burada dünyəvi və dini elmləri öyrənmişdir. Məşrutə inqilabında fəal iştirak etmiş, Təbrizdəki iki məsciddə vaizlik etmiş, əyalət əncüməninin üzvü kimi Xiyaban məhəlləsində müdafiə işlərinə başçılıq etmişdir. İkinci məclisə seçilmiş Şeyx Məhəmməd Xiyabani İran Demokrat Partiyasına daxil olmuş,onun təkamül yolu ilə inkişaf proqramını qəbul etmişdir. Ayrıntılı bilgi üçün, məsələn, baxın: Əli Azəri, Qiyame Şeyx Məhəmməd Xiyabani dər Təbriz, Tehran, 1329; Şövkət Tağıyeva, 1920-ci il Təbriz üsyanı; Şərhe hal və eğdemate Şeyx Məhəmməd Xiyabani, Berlin: İranşəhr, 1304. [21] Şövkət Tağıyeva, 1920-ci il Təbriz üsyanı, s. 52. [22] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1927, s.205. [23] Touraj Atabaki, Azerbaijan. Ethnicity and Autonomy in Twentieth-Century Iran, London and New York: British Academic Press, p.47-48. [24] Yenə orada, s. 63. [25] Nəsib Nəsibli, Azərbaycan Demokratik Respublikasının xarici siyasəti, Bakı: Qanun,  2011, s. 214. [26] Yenə orada, s. 215. [27] Əli Azəri, Qiyame Şeyx Məhəmməd Xiyabani dər Təbriz, Tehran, 1349, s. 367. [28] Yenə orada, s. 343. [29] Əlireza Nabdel, Azərbaycan və məsəleyi melli, Tehran: İldırım, 1357, s. 11. [30] Baxın: Nasrollah Saifpour Fatemi, Diplomatic History of Persia. 1917-1923. Anglo-Russian Power Politics in Iran, New York, 1952, 1952,  p. 245, 249; Şövkət Tağıyeva, Nəsib Nəsibzadə, 1918-1920-ci illərdə Azərbaycan-İran münasibətləri və Azadistan məsələsi, Azərbaycan Demokratik Respublikası, Bakı, 1992, s. 72. [31] Şərhe hal və eğdemate Şeyx Məhəmməd Xiyabani, s.57. [32] Əli Azəri, Qiyame Şeyx Məhəmməd Xiyabani dər Təbriz, s. 538. [33] Bəllidir ki, Xiyabani Türkcə nitq söyləyir, amma bu nitqlərin mətni Təcəddüd qəzetində Farsca yayınlanırdı. [34] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı), s. 76. [35] [Seyyid Əhməd] Kəsrəvi-Təbrizi, Azəri, ya zəbane bastane Azərbayqan, çape dovvom, Tehran: Taban, 1317. [36] Kəsrəvinin yanlış araşdırma metodu və uyğun olaraq yanlış nəticələri haqqında, məsələn, baxın: Seyidağa Onullahi, İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılması,  Ə. Sumbatzadə (red.), Azərbaycan ın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, Bakı: Elm, 1978, s.141-158. [37]Məmməd Azərliyə görə, Kəsrəvi, “ömrünün sonlarında “Pərçəm” adlı qəzetdə çap etdirdiyi məqalədə “Azəri, yaxud Azərbaycanın qədim dili” əsərindəki müddəalarının siyasi məqsədlər üzündən yazdığını etiraf etmişdir. Habelə o, buradakı həqiqətlərin başqa cür olmasını da boynuna almışdır.” M. Azərli, Azərbaycan dili haqqında ərəbdilli mənbələrdə verilən məlumatların bəzi İran alimləri tərəfindən saxtalaşdırılması, Ə.Sumbatzadə (red.), Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, s. 168. [38] Ruşeni Barkın haqqında baxın: Cəmil Koçak, Belgesel bir Teşkilat-ı Mahsusa öyküsü, Tarih ve toplum. Yeni yaklaşımlar, sayı 3, bahar 2006, ss. 171-214; Ədalət Tahirzadə, Aşurbəyli İsa bəy Mehdiqulu bəy oğlu, 525-ci qəzet, 5, 8, 9, 10, 11 sentyabr 2008, №№164, 165, 166, 167, 168. [39]Ruşeni Bey, İran’ın iç yüzü, Vatan Gazetesi, İstanblul, 15 Ağustos 1924. [40] Ruşeni Bey, Deşilmeğe muhtaç bir dert.Türkiyede İran Türkleri neden acemleşiyor? Vatan Gazetesi, İstanblul, 25 Ağustos 1921. [41] M. Qənizadə, Ruşəni Bəgə cəvab, Berlin: Kavyani, 1924, s. 15. [42] R.Ş.Təbrizi, Türk mütəfəkkirinin nəzəri-intibahına, Berlin: İranşəhr, 1924, s. 19. [43] Documents on British Foreign Policy. First Series. Vol. XIII, N 668, p. 713, N 667, p. 710. Alıntı: Салех Алиев, Нефть и общественно-политическое развитие Ирана в ХХ в. Москва: Наука, 1985, с. 40-41. [44] Hüseyn Məkkinin məlumatına görə, bu müqavilə layihəsinin ilk variantında “yeni Sovet rejimini tanımaq müqabilində Qafqaz Azərbaycanının bir hissəsinin İran dövlətinə verilməsi” haqqında bənd var idi. Hoseyn Məkki, Moxtəseri əz zendeqaniye siyasiye Soltan Əhməd Şahe Qacar, Tehran: Əmir Kəbir, 1362, s. 254. [45] H.J.M.Balfour, Recent Happinings in Persia, London, 1922, p. 242. [46] Ervand Abrahamian Rza Xanın Mazandaranlı Türkdilli bir ailədən çıxdığını iddia edir. Ervand Abrahamian, İran Between Two Revolutions, p. 117. Bu bilgini başqa qaynaqlar təsdiq etmir. [47] Rza xanın Britaniya nümayəndələri General Edmond İronside, Ərdəşir Reporterlə sıx əlaqələri, dövlət çevrilişində İngilislərin rolu haqqında, məsələn, baxın: Həkimullahi-Fəridani, Əsrare siyasiye kudeta, Tehran, 1943;  Alirza Asgharzadeh, İran and the Challenge of Diversity, pp. 86-91.  [48]Maraqlıdır ki, Sultan Əhməd Şahın Avropaya üçüncü səfərindən sonra onun yenidən ölkəyə qayıtması çətinləşdiyi, Qacar sülaləsinin hakimiyyəti üçün təhlükənin yarandığı bir şəraitdə Mustafa Kamal Atatürk, Sultan Əhməd Şahın İrana qayıtmasına yardım təklif etmişdir. Bu məqsədlə Türkiyə və İran Kürdlərini silahlandırıb, Şahın ixtiyarına verilməsi və ölkənin batı sərhədi təriqi ilə onun Tehrana daxil olması nəzərdə tutulurdu. Lakin “bizim nəslə xarici dövlətin köməyi ilə taxt-tacı qorumaq yaraşmır” deyərək, Sultan Əhməd Şah Atatürkün təklifini qəbul etməmişdir.Hoseyn Məkki, Məxtəseri əz zendeqaniye siyasiye Soltan Əhməd Şah, s. 215. [49] Baxın:Октай Меликов, Установление диктатуры Реза-шаха в Иране, Москва, 1961, с. 66-85; К. Асадуллаев, Свержение династии Каджаров в Иране (1920-1925), Душанбе, 1966, с. 95-109. [50] M.[Mahmud] Qənizadə, Ruşəni Bəgə cəvab, s. 5-6. [51] Октай Меликов, Установление диктатуры Реза-шаха в Иране, c. 95-96. [52] Baxın: Abdollah Əmir Təhmaseb, Tarixe şahənşahiye əlahəzrəte Reza Şahe Pəhləvi, Tehran, [ilsiz], s. 81-161. [53] Baxın: Известия, 30. 10. 1925; Революционный Восток, 1932, N 1-2, c. 151; Октай Меликов, Установление диктатуры Реза-шаха в Иране, c. 99. [54] Ayrıntılı bilgi üçün baxın: Hoseyn Məkki, Tarixe bist saleye İran, celde sevvom, Tehran, 1326, s. 430. [55] Əhməd Ağaoğlu, İran və inqilabı, s.123.   N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN