Güneyli soydaşlarımız sovet rejiminə qarşı mücadilədə – İSFƏNDIYAR COŞĞUN

Güneyli soydaşlarımız sovet rejiminə qarşı mücadilədə – İSFƏNDIYAR COŞĞUN

Azərbaycan xalqının sovet rejiminə qarşı apardığı mübarizədə güneydən olan soydaşlarımız önəmli rol oynamışlar.Pişəvəri hərəkatının boğulmasından sonra sovet ideologiyasının  xəyanətkar mövqeyini görən güneyli soydaşlarımız əvvəllər gizli, 1988-1992-ci illərdə isə açıq şəkildə bu rejimə qarşı mübarizə apardılar.Həmin mübarizədə fəallıq göstərmiş bəzi mücahidlərin fəalliyyətini oxuculara təqdim edirəm.

MİLLİ  MÜCAHİD – İSFƏNDIYAR  COŞĞUN

 

Azərbaycan  Milli-azadlıq Hərəkatının öncüllərindən olan İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, İran (Güney Azərbaycan) mühacirləri ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirib.

1930-cu illərin 2-ci yarısında  İ.V.Stalinin xüsusi əmrinə əsasən, türklərin sayını azaltmaq məqsədi ilə Güney Azərbaycan mühacirlərini  İrana sürgün etməyə başladılar. Köçürülənlərin arasında Əli Bərxunun da ailəsi var idi.

1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı  İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edir və divara kağızlar yapışdırırdı.

1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşuldu.

Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi. 

1946-cı ilin dekabrın 21-də Azərbaycan Milli Hökuməti süqut etdi. Hökumət üzvləri və onları dəstəkləyən minlərlə insan qətlə yetirildi. 1947-ci ilin  iyun ayında Milli Hökumətin rəhbəri S.C.Pişəvəri Yevlax rayonunda təşkil edilmiş sui-qəsd nəticəsində avtomobil qəzasında həlak oldu.

İsfəndiyar və onun dostları getdikcə baş verən hadisələri dərindən başa düşür, Sovet hökumətinin çirkin siyasətini lənətləyirdilər. Elə bu məqsədlə 1948-ci ilin əvvəllərində İsfəndiyar Bərxu və İsmayıl Təriqpeyman “Gənc Qvardiçilər” (Qvardiyaçılar) adlı təşkilat yaratdılar. Təşkilatın əsas məqsədi Güneyli gənclər arasında iş olaraq, onları Vətənə qayıtmaq üçün hazırlamaq idi.

1948-ci ilin sonlarında Nəcəf adlı bir nəfərin xəyanəti nəticəsində təşkilatın əksər üzvləri, başda İsmayıl Təriqpeyma olmaqla tutulub Sibirə göndərildilər. İsfəndiyarın adı təsadüf nəticəsində siyahıda olmadığından o, həbs edilmədi. 

Azərbaycan Demokrat Firqəsinin, başda Qulam Yəhya Danişyan olmaqla, sovetpərəst siyasətini İsfəndiyar Bərxu və Məhəmməd Hatəmi kimi inqilabçı gənclər xoşlamırdı və etiraz edirdilər. 1960-cı illərin əvvəllərində ADF-nin rəhbərliyinin  M.Hatəmini partiya sıralarından çıxarmasına etiraz olaraq  İsfəndiyar və bir qrup gənc partiya biletlərini təhvil verdilər.

Bu illərdə İsfəndiyar Bərxu sovet sisteminə qarşı kəskin şeirlər yazmağa başladı və özünə təxəllüs də seçdi: “Coşğun”.  O, bu illərdə yazdığı “Yazmamışam, yazammaram”, “Qorxulu heykəl”, “Bəsdir daha yatdığımız”, “Yest takaya partiya”, “Vəzirov”, “Hökmdar” və b. əsərlərində Kommunist Partiyasını və sovet rejimini ifşa edirdi.

1987-ci ilin əvvəllərində Bəxtiyar  Tuncay, rəssam Tofiq  Aslan, hüquqşünas Fuad Ağayev, Ənvər Yusif  Börusoylu və Məhəmməd Hatəmi Tantəkin birlikdə “Çənlibel” Elmi-Ədəbi Birliyini yaratdılar. Təşkilata ilk qoşulanlardan biri  də İsfəndiyar Coşğun idi. O, dəfələrlə “Çənlibel”in yığıncaqlarında çıxış etmiş, şeirlər oxumuşdu. “Çənlibel”in 1988-ci ilin mayın 16-da və 18-də, iyunun 9-da təşkil etdiyi mitinqlərdə İ. Coşğun da fəal iştirak etmişdi.

1988-ci ilin oktyabrın 30-da Hatəmi Tantəkin Azərbaycan Xalq Hərəkatı Cəbhəsi yaradılmasını təklif etdi. İ.Coşğunu da həmin təşkilatın Müvəqqəti Məsləhət Şurasına üzv seçdilər.

1988-ci ilin 17 noyabr – 5 dekabr mitinqlərində İsfəndiyar Coşğun meydanlarda gecələyir, böyük fəallıq göstərirdi. 

Şair Eldar İbrahim “Tarix” poemasında yazırdı:

Budur, İsfəndiyar, gəlir qabaqda,

Bax, bax, marş oxuyur, əlində varaq.

Cavan oğlan kimi bu yaşlı çağda,

Oxuyur, Təbrizi xatırlayaraq.

1988-ci ilin dekabrın 5-də rus əsgərlərinin dəyənəklə döydüyü insanlar arasında İ.Coşğun da var idi. 

1989-cu ilin mayın 21-də İ.Coşğunun ümumi rəhbərliyi altında “Birlik” Cəmiyyətinin təsis yığıncağı keçirildi. Həmin ilin mayın 28-də Milli İstiqlal Gününün 71-ci ildönümünün bayram edilməsində “Birlik” üzvləri və İ.Coşğun fəallıq göstərdilər. 

1989-cu ilin iyunun 4-ü və 11-də “Spartak” stadionunda keçirilən mitinqin təşkilatçısı da İ.Coşğun idi.

Həmin ilin iyulun 8-də keçirilən nümayiş isə dağıdıldı, 31 nəfər adam, o cümlədən, İ.Coşğun da həbs edildi. Ona qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü və 4-cü bəndinə və 189-cu maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən cinayət işi qaldırıldı. İyulun 21-də onu və digər dustaqları Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürdülər. Bir dəfə isə kameraya qaz buraxdılar. Bu qaz  İ. Coşğunun pisləşməkdə olan səhhətini bir az da ağırlaşdırdı. Avqustun 9-da onu həbsxanadan buraxdılar.

Həbsxana həyatı onun səhhətinə ağır təsir göstərdi və o, bir daha siyasi mübarizəyə qayıda bilmədi. 

1991-ci  ilin avqustun 23-də 62 yaşında (pasport üzrə 66) dünyasını dəyişdi.

 

 

İsfəndiyar Coşğun

1978

Oyanın

 

Oyanın, ay camaat!

Bəsdir daha yatdığımız!

Əli qoynunda durub,

Dərdə - qəmə batdığımız.

 

Yığılaq bir yerə biz.

Düz oturub, düz danışaq.

Çağıraq gəlsin İvan,

Burda üzbəüz danışaq.

60 ildir o deyir,

Bir kərə də biz danışaq.

Məlum olsun ona da,

Əqlə, huşa çatdığımız!

Oyanın, ay camaat!

Bəsdir daha yatdığımız!

 

Əcəba, söylədiyin

Cənnəti-rizvan bumudur?

Qəm, kədər bilməyəcək.

Qayğısız insan bumudur?

Hər şeyə sahib olan.

 

Fəhlə və dehqan bumudu?

Daha artıqdır susub,

Başımızı qatdığınız!

Oyanın, ay camaat.

Bəsdir daha yatdığımız!

 

Fəhlənin işlədiyin,

Büsbütün ondan qoparır.

Kəndlinin var-yoxunu,

Kolxoz adıynan aparır.

Üstəlik kim danışır,

“Xox” eləyib bağrın yarır.

Belədir, bəli, bizim

Rus verən “azadlığımız”!

Oyanın, ay camaat!

Bəsdir daha yatdığımız.

 

Nəsiman Yaqublu, Tarix elmləri doktoru

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN