Güneyli soydaşlarımız sovet rejiminə qarşı mücadilədə... - Nəsiman Yaqublu

Güneyli soydaşlarımız sovet rejiminə qarşı mücadilədə... - Nəsiman Yaqublu

(İKİNCİ YAZI)

Azərbaycan xalqının sovet rejiminə qarşı apardığı mübarizədə güneydən olan soydaşlarımız önəmli rol oynamışlar. Pişəvəri hərəkatının boğulmasından sonra sovet ideologiyasının  xəyanətkar mövqeyini görən güneyli soydaşlarımız əvvəllər gizli, 1988-1992-ci illərdə isə açıq şəkildə bu rejimə qarşı mübarizə apardılar.Həmin mübarizədə fəallıq göstərmiş bəzi mücahidlərin fəalliyyətini oxuculara təqdim edirəm.

 

MƏHƏMMƏD  HATƏMİ  TANTƏKİN

Azərbaycan  Milli Azadlıq  Hərəkatının  liderlərindən olan Məhəmməd Hatəmi  Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olub. Atası Güney Azərbaycandakı 1945-1946-cı il milli-azadlıq hərəkatının fəal iştirakçısı olub.

Güney Azərbaycanda milli hərəkat məhv ediləndən sonra, 1946-cı ilin dekabrın 12-də valideynləri ilə birlikdə  Quzey Azərbaycana mühacirət edib. Ailəsi ilə birlikdə əvvəlcə Əli Bayramlının (indiki Şirvan şəhəri) Qaraçola, ardınca  Şamaxının 6 saylı kəndində, sonra Xudatın Çkalov kəndinin 4-cü şöbəsində, daha sonra Qubanın H. Zərdabi kəndində, nəhayət Bakıda yaşamışlar.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub, 1963-cü ildə bitirib. 

Universitetdə oxuduğu illərdə – 1959-cu ildə gizli olaraq “Azad Azərbaycan Təşkilatı”nı yaradır. Təşkilatın başlıca məqsədi hər iki Azərbaycanı milli əsarətdən xilas edib, vahid dövlət şəklində birləşdirməkdən ibarət olub.

Güneylilərin aparıcı partiyası olan Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Partiya rəhbərliyinə qarşı etirazlar etdiyi üçün 1963-cü ildə firqədən xaric edilib.

Universiteti bitirdikdən sonra müxtəlif zavod-fabriklərdə fəhlə işləyib.

1964-cü ildə Polşaya köçüb getmək haqqında həmin ölkənin Moskvadakı səfirliyinə müraciət edilir və rədd cavabı alınır. 1979-cu ilin fevralın 11-də İranda Fevral inqilabı olan kimi, İranın Bakıdakı konsulluğuna müraciət edib, oraya - Vətənə getmək istədiyini bildirib. Lakin buna imkan yaradılmayıb.

1965-ci ilin iyul ayının 1-dən Akademiya sistemində işə başlayıb və burada Nizami adına Ədəbiyyat İnstitutunda, Şərqşünaslıq İnstitutunda, Nizami Muzeyində çalışıb.

Akademiya  sistemində  ictimai elmləri “qara zülmətlər” içərisində görüb, anlamı “səhər işığı kimi” olan “Tantəkin”  təxəllüsünü götürüb. 1972-ci ildə “Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adını alıb. 1984-cü ildə “Sehrli nağılların onqon və əsatiri surətləri” adlı doktorluq dissertasiyasını isə müdafiə etmək ona nəsib olmur. 1990-cı ildə həbsdən azad ediləndə o, filologiya elmləri doktoru seçilir.

1987-ci ildə “Çənlibel”  təşkilatının yaradıcılarından və əsas təşkilatçılarından biri olur. Azərbaycanda sovet rejimi əleyhinə mitinqlərin təşkilində böyük rolu vardır. Bu fəallığına görə dəfələrlə həbs edilib. İlk dəfə 1988-ci il 5 dekabr - 6 iyun 1989-cu il tarixlərində həbsdə saxlanılıb.

M. Hatəmi 2016-cı il 14 iyunda Bakı şəhərində vəfat edib. 

 

“MILLI  QURTULUŞ”  PARTİYASI

1989-cu ilin 8 dekabrında  Qızılbaş Xalq Cəbhəsi ilə Müstəqil Azərbaycan Təşkilatı “Azərbaycan Qurtuluş Təşkilatı” adı altında birləşdi və çox keçmədən “Milli Qurtuluş Partiyası” adlandı.  Məhəmməd Hatəmi Tantəkin Patiyanın Başqanı seçildi. Partiyanın Mərkəzi Özəyinə aşağıdakı adamlar daxil idi: 1. Hatəmi Tantəkin; 2. Eldar İbrahim; 3. Loğman İbrahim; 4. Seyid Tahir Qarabaği; 5. Rüstəm Şahsuvarov; 6. Mehdi Azəri; 7. İmran Ələkbərzadə; 8. Şahin Tağızadə; 9. Tofiq Şükürlü; 10. Nüşabə Eyvazlı; 11. Kəmalə Abıyeva; 12. Kamil Şükürov; 13. Rafiq Bəbirov; 14. Məlik Nurəlizadə; 15. Şahin Tağıyev; 16. İlham Mirzəyev.

Bu təşkilatın fəallığı və başçılığı ilə 1989-cu ilin dekabrın 14-də “Nizami” metrosunun  qarşısında mitinq keçirilmişdi. Sonra mitinqçilər Hüsü Hacıyev küçəsi ilə gələrək mitinqi “Fəvvarələr”  bağında davam etdirmişlər.

Həmin ilin dekabrın 17-də  Azadlıq meydanında  Meydan hadisələrinin ildönümünə həsr edilmiş tədbirdə “Milli Qurtuluş Partiyası” lideri H. Tantəkin çıxış etmişdi.

Partiyanın təmsilçiləri olaraq H. Tantəkin və Seyid Tahir Qarabaği Azərbaycan Xalq Cəbhəsinin 1989-cu ilin 19 noyabrında Sabunçu qəsəbəsində təşkil etdiyi mitinqdə dövlət əleyhinə kəskin çıxışlar etmişlər.

Erməni fitnəkarı olan S. Şaumyanın Bakıdakı heykəlinin 1989-cu ilin 22 noyabrında dağıdılmasında  da “Milli Qurtuluş  Partiyası”nın  fəalları ciddi rol oynamışdılar. Bu haqda partiyanın lideri H. Tantəkin yazır: “Seyid Tahir maşınla evimizə gələrək, bunu mənə xəbər verdi. Mən onunla heykəlin yanına gəldim. Heykəlin ətrafı əsgərlə, DTK, milis işçiləri ilə dolu idi. Qurtuluşçular əllərində üçrəngli Bayraq  buraya yaxınlaşanda, meqafonla onlara müraciət etdim ki, heykəli dağıtmasınlar, polkovnik Hüseynxanın xahişi ilə. Ancaq qurtuluşçular mənə çatanda qulaqlarına pıçıldadım ki, dağıdın! Onlar çox çətinliklə heykəli yerə yıxıb, parça-parça etdilər. Moskvada Lefortovo həbsxanasında mənə açılan cinayət işində suçlarımdan biri də bu heykəlin dağıdılması idi” (Bax: kitab. səh. 149). 

Partiya üzvləri 1989-cu ilin 23 noyabrında “Nizami” metrosunun qarşısında keçirdikləri mitinqdən sonra gecə “26-lar” bağında (indiki “Sahil” bağı) bəzi heykəlləri dağıtmışdılar. Bir qədər sonra isə partiyanın A. Zeynallı adına Musiqi Məktəbində oxuyan tərəfdar-tələbələri Ermənistandakı məscidlərimizin dağıdılmasına cavab olaraq, həmin ilin 23 dekabrında Bakıdakı erməni kilsəsinin xaçlarını baltalayıb yerə tökmüşdülər.

Partiya  üzvləri  bu  dövrdə mənzil istismar idarələrindən ermənilərin siyahılarını əldə edir və onları Bakıdan sıxışdırıb çıxarırdılar. Güney Azərbaycandan olan Siyaməkin azad edilməsi üçün partiya üzvləri Ali Məhkəmənin qarşısında bir neçə dəfə piket təşkil etmişdilər.

Partiya üzvləri başda lider H. Tantəkin olmaqla Lənkəranda (12 dekabr, 1989), Cəlilabadda (dekabr, 1989) keçirilən mitinqlərdə də iştirak və çıxışlar etmişlər.

1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Milli Qurtuluş Partiyasının Başqanı H. Tantəkin (yanvarın 25-dən 26-na keçən gecə) və Seyid Tahir Qarabaği də həbs edildi,onlara 108 saylı cinayət işi açdılar.

1990-cı ilin 20 dekabrında məhkəmə işi  sona çatdı və onlara bəraət verildi. 

 

“XALQ  HƏRƏKATI  CƏBHƏSİ”

Bu təşkilatın yaradılması haqqında məlumatları H. Tantəkin özünün “Acı Həqiqətlər” kitabında bildirir. O, yazır ki, 1988-ci ilin 30 oktyabrında “Çənlibel” təşkilatının saat 4-də başlanacaq ümumi yığıncağında, Xalq Hərəkatı Cəbhəsinin Keçici Mərkəzinin proqram və nizamnamə səciyyəli  “Azərbaycan xalqına bildirişi”  oxundu. Zalda oturanlar bu sənədi böyük rəğbətlə, alqışlarla qarşıladılar. Həmin yığıncaqda H. Tantəkin” Xalq Hərəkatı Cəbhəsi”nin sədri seçilir.

“Xalq Hərəkatı Cəbhəsi”nə daxil olan  ayrı-ayrı kollektivlərin, fərdlərin ilk siyahısı qısa halda belə idi: 

1. Axundov Elşən Məmməd oğlu - 160 nəfər.

2. Səlimov Firidun - Sərnişin Daşıma İdarəsi - 20 nəfər.

3. Cəfərov İshaq Məsim oğlu - Avtomobil Nəqliyyatı Nazirliyinin Texniki-Təchizat Bazası - 3 nəfər.

4. Şükürov Tofiq - “Azıx”  Cəmiyyəti - 150 nəfər.

5. Nəsirov Vaqif - 30 nəfər.

6. Nəbiyev Qəhrəman - Şah İsmayıl Xətai Birliyi  (EVM zavodu) - 170 nəfər.

7. Məmmədov Rüstəm - 3 nəfər.

8. Həsənov Mövlud - 50 nəfər.

9. Bağırov Rəfael - Ə. Əzimzadə adına Rəssamlıq məktəbi - 20 nəfər.

10.  Mehdi Azəri - 2-ci Zabrat - 300 nəfər.

11. Abbasov Rauf - Azərbaycan Elmi-Tədqiqat Üzümçülük-Şərabçılıq 

İnstitutu - 20 nəfər.

12. Qasımov Nəriman - Yük-Avtomobil Nəqliyyatı Dəstəsi - 5 nəfər.

13. Əsgərov İmran - 31 nömrəli məktəb - 30 nəfər.

14. Mehdiyev Mehdi - Azərbaycan Neft və Kimya İnstitutu - 27 nəfər.

15. Abbasov Zahid - 25 nəfər.

16. Şükürov Haqverdi İsrail oğlu .

17. Quliyev Elxan Həsənağa oğlu.

18. Quliyev Niyazi Hüseyn oğlu.

19. Almuradov Nəriman Musa oğlu.

20. Qulamov Əsgər Ağatac oğlu.

21. Quliyev Mətləb Qafar oğlu.

22. Məmmədov İntiqam Həvəskar oğlu.

23. İsmayılov Osman Hacızadə oğlu.

24. Bayramov Ziyəddin Məhərrəm oğlu.

25. Əhmədov Mahmud Fəraməz oğlu. 

26. Eminov Rasim İbrahim oğlu.

27. Eldarov Nazim Eldar oğlu.

28. Qurbanov Şahin Musa oğlu.

29.  Səmədov Bəybala.

30. Cavadov Eldar Cavad oğlu.

31. Kərimova Ruhinaz.

Hatəmi yazır: “Yaratdığım elə bir təşkilat tanımıram ki, DTK onu dağıtmağa, əlimdən çıxartmağa çalışmamışdır. 05.12.1988-08.08.1989-cu il tarixlərində həbsxanada olmağımdan yararlanaraq, DTK əlaltıları  Xalq Hərəkatı Cəbhəsinin içərisindəki İsfəndiyar Coşğun kimi adamlarla əlaqəyə girib, təşkilatı iki yerə parçalayırlar. Təşkilatın kiçik bir hissəsi İsfəndiyar Coşğunun başına toplaşıb  “Birlik”  Cəmiyyəti  olur”.  H. Tantəkin qeyd edir ki, təşkilatdakı əsas qüvvələr isə 1989-cu ilin 16 iyununda yaranan Azərbaycan  Xalq Cəbhəsində fəaliyyətlərini  davam etdirirlər.

 

“QIZILBAŞ  XALQ  CƏBHƏSİ”

(Güneylə Quzeyin bütövləşməsi,”Bütöv Azərbaycan” yaradılması – M.Hatəminin ideyası)

 

“Qızılbaş Xalq Cəbhəsi”nin yaradıcısı olan Hatəmi Tantəkin  yazır ki, bu təşkilatı “AXC-yə alternativ olaraq  1989-cu ilin sentyabr ayında yaratdım. 

  M.Hatəmi bildirirdi ki, bu sözü götürməklə, heç də şiələri nəzərdə tutmur və şiəliyi də, sünniliyi də İslam dini üçün düşmənçilik sayır. Ancaq bu adla hərəkatımızda birləşənlərin Şah İsmayıl Xətainin qızılbaş döyüşçüləri kimi igid, yurdsevər qəhrəman olmasını, torpaqlarımız uğrunda vuruşmasını istədiyimizi göstərmişik. M. Hatəmi bildirirdi ki, Qızılbaşların Xalq Cəbhəsi Şimali və Cənubi Azərbaycanlıların Sovet İttifaqı və İranın tərkibindən çıxıb müstəqil, ayrıca dövlət yaratması uğrunda mübarizə aparır.

O, qeyd edirdi: “Biz istəmirik ki, cənubdakılar buradakılar kimi maddi cəhətdən dilənçi olsun, var-dövləti insafsızcasına talan edilsin, ölkə dilənçi vəziyyətində qalsın, dini, imanı əlindən alınsın. Eyni zamanda istəmirik ki, şimaldakılar da, Cənubda olduğu kimi dillərindən, məktəblərindən, ana dilindəki mətbuatlarından, milli varlıqlarından məhrum edilsin. Ona görə də biz Cənubu İrandan, Şimalı Sovetlərdən ayırıb Bütöv Azərbaycan yaratmaq istəyirik”.

Hatəmi Qızılbaşların Xalq Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsi arasındakı başlıca ideya ayrılığını da bunda görür – AXC Azərbaycanın gələcəyini SSRİ-nin tərkibində təsəvvür edir, Azərbaycanın müstəqil birləşməsini düşünmür, QXC isə Sovet İttifaqından çıxmağımız (Cənubun isə İrandan çıxması) uğrunda mübarizə aparır. Hatəmiyə görə AXC-nin mövqeyi bir çox hallarda yumşaq, barışdırıcıdır.

Sonra Meydan bir neçə gün Qızılbaşların əlində oldu. Onlar başlarına nazik, qırmızı lent bağlayırdılar. Bu lentin üzərinə sonradan “Qarabağ”, “Azərbaycan”, “Azəritürk”  yazdırdılar. Onlar  həmişə  Meydanın “Azərbaycan”  mehmanxanası tərəfdən 2-ci tribunası tərəfdə dayanırdılar. Gecələr Hatəmi və Mənsur Əlisoy səhərə qədər təbliğat aparır, camaatı dağılmamağa çağırırdılar. 

 

Nəsiman Yaqublu, Tarix elmləri doktoru

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN