İran-Çin münasibətləri-1

İran-Çin münasibətləri-1
İranla Çin arasında dərin tarixi kökləri olan münasibətlər strateji, siyasi, iqtisadi, hərbi və mədəni müstəvilərdə geniş əməkdaşlığa əsaslanmaqdadır. İran-Çin münasibətlərinin tarixi  miladdan əvvəl II əsrə,  Çin xanədanı Han sülaləsi İpək yolunu açaraq bügünkü İran coğrafiyasında yerləşən Partihan (Ardaşid)  imperiyası ilə ticari münasibətlər qurmasına qədər  uzanır.[1] İranın Asiya və Aralıq dənizi mədəniyyətləri arasında körpü funksiyası daha sonrakı dövrlərdə davam etmişdir. 19-cu əsrdə bu münasibətlər hər iki ölkənin yarım-müstəmləkə olması ilə ciddi kəsintiyə uğramışdır.   20-ci əsrin ortalarından etibarən İranla Çinin  münasibətləri soyuq müharibənin təsiri ilə formalaşmışdır. 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) elan edilməsindən sonra kommunizm əleyhdarı İran şahı Məhəmmd Rza Pəhləvi bu ölkə ilə diplomatik münasibətləri kəsdi.[2] İki ölkə arasındakı başlayan bu gərginik 1960-cı illərin ortalarına qədər güclənərək davam etdi. Pəhləvi rejimini ABŞ-ın Körfəzdəki müttəfiqi kimi görən ÇXR də  şah əleyhdarı siyasi kurs izlədi. Bu çərçivədə ÇXR İranda şah əleyhdarı siyasi gücləri dəstəklədi və 1952-ci ildə Müsəddiqin hakimiyyətə gəlməsini alqışladı.[3] Şah isə Pekinin bu addımlarına 1956-cı ildə Tayvanın müstəqilliyini tanıyaraq cavab verdi.[4]    Ancaq 1960-cı illərdə Çin ilə SSRİ  arasındakı gərginlik və ABŞ-SSRİ münasibətlərindəki yumşalma Şah İranı ilə ÇXR münasibətlərində yeni bir mərhələni başlatdı. Hər iki ölkə üçün SSRİ artıq ortaq təhdid hesab edilməyə başlanmışdı.[5]   Pekin ciddi gərginliklər yaşadığı SSRİ-yə qarşı İranı müttəfik kimi qiymətləndirirdi. Nikita Xruşovun rəhbər olması ilə birlikdə Yaxın Şərqə marağı daha da güclənən SSRİ-nin tarixi Rusiya-İran rəqabətini davam etdirəcəyindən narahatçılıq keçirən Rza Şah isə Çini münasib bir əməkdaş kimi görməyə başlamışdı.   Elə 1970-ci ildə ABŞ-Çin münasibətlərindəki yaxınlaşma da rəsmi Vaşingtonun bölgədəki müttəfiqi şaha Pekinlə əməkdaşlığa başlaması baxımından münasib beynəlxalq şərait yaradırdı. İki ölkə arasında bu yaxınlaşmanın ilk işarəsi İranın 1971-ci ildə Çinin BMT üzvlüyünü dəstəkləməsi oldu.[6] Ümumilkdə 1970-ci illər Çinlə İran arasında siyasi və iqtisadi münasibətlərin gücləndiyi dövr kimi yadda qaldı.   1979-da İranda rejim dəyişikliyi iki ölkə arasındakı münasibətlərdə yeni bir dövrü başlatdı. Şahla 1970-ci illərdə yaxın münasibətlər quran ÇXR İran İslam Respublikası ilə münasibətlərinə də başlanğıcdan etibarən müsbət meyillər hakim oldu. Rəsmi Pekin yeni İran rejimini tanıdığını elan etdi və rəsmi Tehranın bloklara qoşulmamaq və Qərb əleyhdarlığına əsaslanan xarici siyasət kursunu alqışladı.[7] Çin və Iran arasında 1980-ci illərdəki münasibətlər praqmatik əsaslarla davam etdi. Bu çərçivədə İran Çinin ölkəsindəki müsəlman azlıqlara təzyiqlərinə göz yumarkən, rəsmi Pekin də inqilabdan sonra rəsmi Tehranın kommunist Tudə partiyasını bağlamasına səs çıxarmadı. Bu dövrdə iki ölkə arasında əməkdaşlığın ən bariz nümunəsi isə Çinin İran-İraq müharibəsində İranı silahla təmin etməsi və savaş sonrasında İranın inşasında rol almaq istəyi olub.[8] Rəsmi Pekinin 1989-da Tianenmen meydanındakı etirazları qanlı şəkildə yatırmasından sonra Qərblə münasibətlərdəki soyuqluq Çinin Iranla münasibətlərə marağını daha da gücləndirdi.   [1] Liu Jun və Wu Lei, “Key Issues in China-Iran Relations”, Journal of  Middle Eastern and Islamic Studies (In Asia), Cild 4, Say 1, 2010, s.41.   [2] J.Barandon Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.112. [3]Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.112. [4] Paul Aarts and Machteld van Rijsingen, “Beijing’s Rising Star in the Gulf Region: The Near and the Distant Future”, Gulf Geo-Economics,  s.32. [5]Aarts və Rijsingen, “Beijing’s Rising Star in the Gulf Region: The Near and the Distant Future”, s.32. [6] Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.113. [7]Manochehr Dorraj və Carrie L. Currier, “Lubricated with Oil: Iran-China Relations in a Changing World”, Middle East Policy, Cild XV, Sayı 2, Yay 2008, s.69. [8] Genry, “The Dragon and the Magi:Burgeoning Sino-Iranian Realtionas in the 21 st Century”, s.113.   N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN