İran-Hindistan münasibətləri-1

İran-Hindistan münasibətləri-1
İran-Hindistan münasibətlərinin əsasında bu iki ölkənin strateji konseptində bir-birinə verdiyi önəm dayanmaqdadır. İran üçün Hindistan bir neçə baxımdan mühüm əhəmiyyət daşımaqdadır.[1] Əvvəla, rəsmi Tehran Hindistanı beynəlxalq strateji təcriddən çıxmaq üçün güclü partnyorlardan biri kimi görməkdədir. İkincisi, İran üçün Hindistan bölgədə ekstremist Vahabi hərəkatına və ABŞ-ın dəstəklədiyi İran əleyhdarı Ərəb milliyətçiliyinə qarşı tarazlıq amili kimi önəm kəsb etməkdədir. Üçüncüsü, Hindistan İran üçün  böyük bir iqtisadi bazar və enerji idxalatçısı ölkə kimi mühüm önəmə malikdir. Hindistan üçün də İranın önəmi bir neçə amilə əsaslanmaqdadır.[2] Əvvəla, İran rəsmi Delhinin son dövrlərdə idealizm yerinə praqmatik maraqlara əsaslanan xarici siyasət kursu səbəbiylə bütün əhəmiyyətli dövlətlər, xüsusiylə də  qonşu ölkələrə verdiyi diqqət çərçivəsində önəmli hesab edilməkdədir.[3] Bu çərçivədə mühüm enerji mənbələrinə malik İran, satın alma gücünə görə dünyanın ən büyük dördüncü iqtisadi gücü olan və enerji ehtiyaclarının 70 faizini idxal edən Hindistan üçün önəmli ölkə sayılmaqdadır.[4] Bundan başqa İranın Yaxın Şərq və Xəzər enerji mənbələrinin keçiş nöqtəsi olması rəsmi Yeni Delhi üçün bu ölkənin əhəmiyyətini daha da gücləndirməkdədir. Hindistan üçün İranla münasibətlərin inkişafını təmin edən ikinci amil Pakistandır.[5] Hindistan rəqib ölkə Pakistanı tarazlamaq üçün onun qonşusu İranla münasibətləri inkişaf etdirməyə çalışmaqdadır. Bu çərçivədə İranla münasibətlərin inkişafı rəsmi Yeni Delhiyə Pakistanın müsəlman dünyasını Hindistana qarşı öz ətrafında birləşdirmə imkanlarını məhdudlaşdırma fürsəti verməkdədir. Hindistan baxımından İranla münasibətlərdə üçüncü amil Şiə əhalisi mövzusudur.[6] Hindistan təxminən 20-25 milyon əhali ilə dünyada ən çox Şiənin yaşadığı ikinci böyük ölkədir. Bu vəziyyət Hindistanın dünyanın ən büyük Şiə dövləti İranla münasibətlərə önəm verməsini şərtləndirir. Hindistan üçün İranın önəmini artıran dördüncü amil onun ABŞ hegemoniyasına qarşı ən sərt müqavimət göstərən ölkələrdən biri olmasıdır.[7] Bu amil özünü iki çərçivədə göstərməkdədir. Əvvəla, ənənəvi olaraq sol təmayüllü iqtidarlar səbəbiylə Hindistanda ABŞ əleyhdarlığı nisbətən güclüdür. İkincisi, Hindistan yüksələn yeni güc kimi, ABŞ təkqütblülüyünə dayanan beynəlxalq sistemin əleyhinə çıxmaqdadır.[8] İran-Hindistan münasibətlərinin tarixi Böyük Kuroşun İran imperiyasına qədər uzanmaqdadır.[9] İki ölkə arasındakı münasibətlər xüsusilə Baburilərin Hindistanı idarə etdiyi 1526-1757 illəri arasında güclənmişdir.[10] İran və Hindistan 1947-ci ilə qədər həmsərhəd ölkə olublar. 1947-ci ildən sonra isə İran-Hindistan münansibətlərini üç əsas mərhələyə bölmək olar: 1947-1989, 1990-2001 və 11 Sentyabr 2001 sonrası.[11] 1947-ci ildə Hindistanın müstəqilliyini əldə etməsi ilə başlayan birinci dövrdə iki ölkə arasında ilk addım eyni ilin mart ayında atılıb. Yeni Delhidəki “Asiya Münasibətləri Konfransında” iştirak edən Iran heyəti Hindistana dostluğunu və xoş məramını bildirib.[12] Başlanğıcda iki ölkənin imperializm və işgal əleyhdarlığı məsələləri  əməkdaşlıq üçün ortaq müstəvi yaratsa da, bölgə və qlobal siyasətindəki hadisələr İran-Hindistan münasibətlərinə mənfi təsir göstərib. İlk olaraq, İranın Hindistandan ayrılan Pakistanı 1948-ci ilin mayında tanıyan ilk dövlət olması və 1949-da isə Şahın bu ölkəyə səfəri zamanı dostluq müqaviləsi imzalaması rəsmi Delhidə narahatçılıq yaradıb.[13] Ancaq Pakistan məsələsinə baxmayaraq iki ölkə 15 mart 1950-ci il tarixində diplomatik münasibətlər qurub və “əbədi sülh və dostluq” müqaviləsi imzalayıb.[14] Ancaq Hindistanın 1951-ci ildə Baş nazir Müsəddiqin Britaniya-İran neft şirkətini milliləşdirməsini tənqid etməsi münasibətlərdə yeni bir soyuqluq səbəbi olub.[15] Münasibətlərə mənfi təsir göstərən üçüncü ciddi hadisə Şah rejiminin kommunizmi əsas təhdid kimi qəbul edərək, buna qarşı 1955-ci ildə İraq, Türkiyə, Pakistan və Büyük Britaniya ilə birlikdə daha sonra CENTO adlanacaq Bağdat Paktını qurmasıydı. Bloklara qoşulma hərəkətinin fəal üzvlərindən olan və eyni zamanda SSRI ilə yaxın münasibətlər quran Hindistan bu bloku, xüsusilə də Pakistanın burada iştirakını təhlükə kimi qiymətləndirdi.[16] 1960-cı illərdə soyuq müharibənin tərəfləri arasındakı yumşalmanın təsiri ilə Iran-Hindistan münasibətlərində yaxınlaşma özünü göstərsə də, 1971-ci ildəki Hindistan-Pakistan müharibəsi bu prosesə ciddi maneələr törətdi. İranın bu müharibədə Pakistanı dəstəkləməsi iki ölkə münasibətlərində gərginlik yaratdı.[17] Ancaq İran, Pakistanın CENTO-nu bu müharibəyə cəlb etmə cəhdlərinə mane olaraq Hindistanla münasibətlərdəki gərginliyin böhrana çevrilməsinə imkan vermədi. Hindistanın Pakistanla müharibədən qalib çıxmasından sonra 1973-dəki Ərəb-İsrail müharibəsi və neft böhranı rəsmi Delhi üçün İranın bölgə gücü kimi önəmini artırdı. Bu proses çərçivəsində 1970-ci illərdə Hindistan Baş nazirləri Indira Gandi (1974) və Morarji Desai (1977) Irana, Rza şah isə 1978-ci ilin fevralında Hindistana səfər etdi.[18] 1979-cu ildəki inqilabdan sonra rəsmi Tehran Hindistanı super güclərə qarşı münasib partnyor kimi qiymətləndirsə də, İran-İraq müharibəsi və Kəşmir problemi münasibətlərin  inkişafında  mühüm maneələr olaraq gündəmə gəldi. Digər tərəfdən, İran 1979-cu ildə SSRİ-nin Əfqanistanın işqalına sərt şəkildə qarşı çıxarkən, Hindistanın bu məsələdəki mövqeyini yetərsiz hesab etdi.[19] Ancaq bütün bu maneələrə baxmayaraq 1980-ci illər iki ölkə arasında iqtisadi, xüsusən enerji sahəsində əməkdaşlığın artdığı dövr kimi əlamətdar oldu.[20]  [1] Donald  L. Berlin, India- Iran Relations: A Deepening Entente”, Special Assessment: Asias’s Bilaterial  Relations, Oktyabr 2004. s.2. [2] Berlin, India- Iran Relations: A Deepening Entente, s.3. [3] C. Christine Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, The “Strartegic Partnership” Between India and Iran, Woodrow Wilson International Center’s Asia Program Special Report, Sayı 120, Aprel 2004, s.7. [4]  Berlin, India- Iran Relations: A Deepening Entente, s.3. [5] Vakil, “Iran: Balancing East aganist West”, s.59. [6] Vakil, “Iran: Balancing East aganist West”, s.59. [7] Vakil, “Iran: Balancing East aganist West”, s.59. [8] Bu barədə baxınız: George Perkovich, “Is India a Major Power,” The Washington Quarterly, Cild  27, Sayı 1, Qış 2003-04, ss. 129–144.   [9] Berlin, India- Iran Relations: A Deepening Entente, s.2. [10] Berlin, India- Iran Relations: A Deepening Entente, s.2. [11] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.6. [12] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.8. [13] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.8. [14] C.Christine Fair, “Indo-Iranian Ties: Thicker Than Oil”, Middle East Review of International Affairs, Cild 11, Sayı 1, Mart 2007, s.42. [15] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.8. [16] Farah Naaz, “Indo-Iranian Relations 1947-2000,” Strategic Analysis, Cild  25, Sayı 10,  May 2001, s. 1914.  [17] Naaz, “Indo-Iranian Relations 1947-2000”, s.1914. [18] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.9. [19] Fair, “Indo-Iranian Ties: Thicker Than Oil”, s.43. [20] Fair, “Indo-Iranian Ties: Thicker Than Oil”, s.43. Dr. Nazim Cəfərsoy, GünAzTv ekspert qrupunun üzvü N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN