İran neft sənayesi 40 il ərzində kəskin geriləmə ilə yadda qalıb- Məqalə

İran neft sənayesi 40 il ərzində kəskin geriləmə ilə yadda qalıb- Məqalə

GünAz TV: Fevralın 10-u İranda inqilabın 40-cı il dönümünün təntənəli şəkildə keçirilməsinə baxmayaraq, bu ölkənin neft sənayesi ötən 4 dekada ərzində bu “təntənə”də heç bir pay sahibi olmayıb. Ölkənin neft ixracatını inqilabdan əvvəlki səviyyəyə qaldırmaq üçün hələ uzun illər keçməlidir. Bunun reallaşması isə hətta Amerika Birləşmiş Ştatlarının sanksiyaları qaldırılsa belə, mümkün deyil.

 

Ölkənin neft istehsalı xarici investorların sanksiyalara məruz qalmamaq üçün dünyanın 4-cü ən böyük neft yataqların sahib olan İrandan çıxması ilə kəskin aşağı düşməkdədir. 2018-ci ilin may ayında ABŞ rəsmilərinin İranın qara qızılının satışına qarşı daha sərt addımlar atacağı ilə bağlı verdiyi vədlər, noyabr ayında praktiki addımlar atması və bəzi istisna ölkələrə verilən möhlətin bitməsindən sonra onların da sanksiyalara qoşulacağı ilə bağlı qoyulan şərt rəsmi Tehranın neft bazarında daha da ağır günlər yaşayacağının carçısı idi.

 

Rəsmi Vaşinqton 2018-ci ilin noyabr ayının əvvəlində rəsmi Tehranı terrorizmə himayə göstərməkdə ittiham edərək, İranın neft və qaz sektoruna qarşı yeni sanksiya qəbul etdikdən sonra, qeyd edilən sənaye ağır vəziyyətə düşüb, hətta baxmayaraq ki, bu embarqolarda Yaponiya, Çin, Türkiyə, Hindistan və Cənubi Koreya kimi ölkələrə öz daxili tələbatlarını ödəmək üçün müvəqqəti olaraq İrandan neft idxal etməyə icazə nəzərdə tutulur.  İran rəsmiləri Venesuelanın neft sektoruna qoyulan embarqonun effektiv olması üçün Vaşinqtonun İrandan neft idxal edən istisna ölkələrə verilən möhlətin zamanını uzadacağına inandığı halda, Tramp administrasiyası bu cür planının olmadığını bəyan edir.

 

Hətta Amerika İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırsa belə, bu ölkə 1979-cu il inqilabından qabaqkı səviyyədə neft istehsal etməyə qadir deyil. İnqilabdan öncə bu göstərici günlük olaraq təqribən 6 milyon barel idisə, inqilabdan sonra yeni rejim heç vaxt bu indeksi təkrarlaya bilməyib. “Blomberg”in yanvar ayına olan göstəricisinə əsasən, İran yanvar ayı ərzində günlük olaraq təqribən 2.74 milyon barel neft hasil edib.

 

Londonda fəaliyyət göstərən “Energy Aspects Ltd”nin enerji məsələləri üzrə tədqiqatçısı Riçard Mallinson sözlərinə görə, İran inqilabdan sonra bu günə qədər bəzi vaxtlarda rekord göstəricidə, yəni günlük 4 milyon barel neft hasil edə bilsə də, 6 milyon barelə çatması üçün çox iş görməlidir və beynəlxalq şirkətləri yenidən neft sektorunda əməkdaşlığa cəlb etmək üçün onların etimadını qazanmalıdır.

 

İran Milli Neft Şirkətinin xarici əlaqələr üzrə direktorunun müavini İzzətullah Moslehinin sözlərinə görə, sanksiyalardan sonra istisna olan ölkələr içərisində Türkiyənin günlük olaraq İrandan idxal etdiyi xam neftin miqdarı sabit, yəni 150.000 barel civarında qalıb. Yaponiya və Cənubi Koreya kimi ölkələr tərəfindən alınan xam neft və qaz-konsendant miqdarında da dəyişiklik olmayıb. “Blomberg” tərəfindən İrandan yola düşən tankerlər üzərində aparılmış müşahidələr isə yanvar ayı ərzində ölkənin günlük 1.28 milyon barel neft ixrac etdiyini göstərir.

 

Barak Obama administrasiya dövründə Dövlət Departamentinin əməkdaşı olmuş və İrana qarşı qəbul edilmiş sanksiyalar üzrə məsul Amos Hoçsteyn isə qeyd edir ki, İran Amerikanın istisna ölkələrə verilmiş müddəti uzatmaqdan imtina etməsinə rəğmən, gələcəkdə də müəyyən miqdarda neft ixrac edə biləcək.

 

Amos Hoçsteynin sözlərinə görə, İran günlük olaraq 800.000 və ya 1 milyon barel neft ixrac edə biləcək, baxmayaraq ki, bu rəqəm bəzi aylarda daha da aşağı ola bilər. Belə ki, rəsmi Tehran sanksiyalardan yayınaraq, bəzi ölkələrə müəyyən miqdarda xam neft satacaq. Bundan əlavə, sanksiyada istisna kimi hesab edilən və edilməyən ölkələr içərisində çox az sayda da olsa, bəziləri mövcuddur ki, onlar öz daxili təlabatını ödəmək üçün sanksiyalara elə də əhəmiyyət vermir.

 

ABŞ dolları ilə ticarətdən məhrum olmaqdan qorxan bəzi şirkətlər İran ilə Avropa İttifaqı arasında sanksiyalardan yayınmaqla ticari əlaqələri davam etdirmək üçün İngiltərə, Fransa və Almaniya tərəfindən irəli sürülmüş və yanvarın 31-də qəbul edilmiş “Instex” adı ilə tanınan, barter ödənişinə əsaslanan sistemə üz tuta bilərlər. Bununla belə, ixracat maliyyəsi üzrə broker və Almaniya-İran Ticarət Palatasının vitse-prezidenti Reiner Jahn fəqli qənaətdədir. O bildirir ki, avropalı şirkətlər böyük ehtimalla “Instex” dən istifadə etməyəcəklər. Çünki bu, onların digər ölkələrlə dollar vasitəsi ilə apardıqları ticari əməliyyatları təhlükə altında qoya bilər.

 

İran Milli Neft Şirkətinin açıqlamalarına görə, qurum inqilabdan sonra ölkə ərazisində 65 neft və qaz yatağı aşkar edib və onların işlənməsi hasilatın bərpasına öz töhfəsini verəcək.

 

İranda 1979-cu il inqilabından, yəni mollaların hakimiyyətə gəlməsindən öncə bu ölkə Səudiyyə Ərəbistanı ilə eyni səviyyədə neft hasil edirdi. Lakin inqilabdan sonra İraqla müharibə, eləcə də Amerikanın İrana qarşı bir neçə mərhələdə sanksiyalar qəbul etməsi rəsmi Tehranın hasilatı 1979-cu ildən əvvəlki göstəricilərə çatdırmasına əngəl olub.

 

Baxmayaraq ki, İran neft və qazla zəngin bir regionda yerləşir, lakin 9 nəhəng istehsalçı arasında ikinci ən aşağı templi ölkə hesab edilir. Ölkə bu sürətlə davam etsə, öz enerji mənbələrini Səudiyyə Ərəbistanı və Amerikadan da daha uzun müddətdə qoruyub-saxlaya bilər. Lakin dünya ölkələrinin alternativ enerji mənbələrinə tərəf üz tutduğunu nəzərə alsaq, gələcəkdə neft və qaz məhsullarına kəskin ehtiyacı olmayacağını demək mümkündür.

 

İran neft yataqlarının işlənməsi uğursuz olsa da, qaz yataqlarında inkişaf müşahidə olunur. Dünyanın ən zəngin 2-ci qaz yataqlarına sahib olan İran artan daxili ehtiyacı ödəmək üçün bu sektora daha çox əhəmiyyə verib. Belə ki, 2006-cı ildən bu günə qədər İranın qaz hasilatı 2 dəfədən çox artıb.

 

Artıq daxildə qaza olan təlabatı tam olaraq ödəməyə yaxın olan rəsmi Tehran bundan sonra bu sektorda inkişafı davamlı etmək üçün yeni ixracat marşrutları tapmağa cəhd göstərir. Belə ki, bu yaxınlarda bu sahədə İraqla da razılığa gələn İran qonşu ölkələrə qaz kəmərləri vasitəsi ilə mavi yanacaq nəql etməkdədir. İran Pakistan, Əfqanıstan, Oman və Birləşmiş Ərəb Əmirliklərinə də qaz nəql etmək üçün səy göstərsə də, hələ ki, bütün bunlar uğursuzluqla nəticələnib.

 

İran həmçinin xaricə maye qaz da istehsal etməyə çalışırdı. Ölkə bu istiqamətdə 2016-cı ildə Amerikanın sanksiyaları ləğv edildikdən sonra özünün tamamlanmamış LNG zavodunda son tamamlama işlərini həyata keçirmək üçün xarici investor axtarışında idi. Tehran hələ də LNG ixracatı üçün müxtəlif şirkətlərlə danışıqlar aparır, lakin Amerikanın İrana qarşı sanksiyaları yenidən bərpa etməsi bu müzakirələrin gələcəyini də sual altında qoyur.

 

Heçsteynin sözlərinə görə, şirkətlər hətta sanksiyalar olmayan dövr İranla maye qaz sahəsində əməkdaşlıq etməyə tərəddüd edirdilər. Sanksiyalardan sonra əməkdaşlıq edəcəkləri isə ümumiyyətlə real görünmür.

 

Mənbə: Bloomberg

 

Ə.A

 

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN