MƏHƏMMƏDTAĞI ZEHTABİ

MƏHƏMMƏDTAĞI ZEHTABİ

Mən neyləyim, ey şux ki, divanə doğuldum, 

El dərdlərinin şəminə pərvanə doğuldum.
                                                           M.Zehtabi

Məhəmmədtağı Zehtabi 1923-cü ilin oktyabrın 13-də Şəbüstərdə kirişçi ailəsində anadan olub. O,ibtidai  təhsilə kənd məktəbində başlamış,lakin  iki il oxuduqdan  sonra ailə dolanışığı ilə bağlı təhsildən  ayrılır,  özünün təkidilə təhsilini  Təbrizdə davam etdirir. Təbrizdə əvvəl “Füyuzat”sonra  isə “Firdovsi” adına məktəbin ədəbi şöbəsini bitirib  müəllimlik etsə də,ali məktəbdə təhsil almaq  fikrindən daşınmır.

   M. Zehtabi  Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə və katoliklər kilsəsində Müsyö  Jozef  Qvinderin sinfində fransızcanı yaxşı öyrənir.Beləliklə, ana dili ilə yanaşı fars, ərəb, fransız,sonralar mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilir. 1940-cı illərdə  M.Zehtabi Azərbaycan Demokratik  Firqəsinin(Partiyasının- P.M.) mətbu orqanı olan  və  Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunan “Azərbaycan”qəzetində məqalə və şeirləri ilə çıхış edir.Sonralar o günləri  xatırlayıb yazırdı;” 1945-ci (1324) il gəldi. “Azərbaycan” qəzeti yenə də nəşr olmağa başladı. Bu qəzetlə tanışlıq məni ayırılmaz şəkildə ana dilimə bağladı. Ana dilimdə yazmağa başladım. Bu dövrdən ana dilimi elmi cəhətdən öyrənmək ürəyimdə mühüm hədəf və arzularımdan birinə çevrildi. Ana dilimi sevdim, sevdikcə dərinləşdim və dərinləşdikcə onu daha artıq sevdim. Universitetə daхil olub elmi cəhətdən öyrənmək üçün o zaman mövcud olan bütün qapıları döydüm, can atıb çabaladımsa, hamısı üzümə bağlı oldu.” 

     Z.Məhəmmədtağı 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetinin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur.Yeni yaranmış Milli Hökumətin başçısı, eyni  zamanda istedadlı publisist və ədəbiyyatşünas olan  Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə “Dünya ədəbiyyatı” mövzusunda oxuduğu mühazirələrini dinləyir.

Təəssüf ki ,beynəlxalq və yerli qüvvələrin məkrli plan və maraqlarına uyğun  gəlmədiyi səbəbindən Milli Hökumət qan içində süquta yetirilir və onun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti  də qapadılır.M.Zehtabinin həmin  faciəvi günlərdə qələmə aldığı  məşhur  «Sən osan, mən də buyam» şeiri  rejimin ana dilində təhsilə,nəşriyyələrə və danışığa  qoyduğu yasaqa qarşı etiraz səsi idi;

 Su deyibdir mənə əvvəldə anam, ab ki, yoх. 

Yuхu öyrətdi uşaqlıqda mənə,  хab ki  yoх. 

Ilk dəfə ki, çörək verdi mənə, nan demədi. 

Əzəlində mənə duzdanə nəməkdan demədi. 

Anam əхtər deməyibdir mənə, ulduz deyib o. 

Su donanda deməyibdir yəхdi bala, buz deyib o. ..

Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam. 

Var sənin başqa anan, vardı mənim başqa anam. 

Özümə məхsus olan başqa elim vardı mənim. 

Elimə məхsus olan başqa dilim vardı mənim. 

İranda və başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi  bir çox maddi və digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq və Irandakı rejimin siyasi təqiblərindən yaхa qurtarmaq üçün M.Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına –Sovet  Azərbaycanına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 6 ilə qət etməli olur,o universitetə yox,həbs düşərgəsinə düşür. Sərhədi  pozduğuna görə  uzaq Sibirə göndərilir.  Heç bir günahı olmadan 3 il Sibirdə  sürgün həyatı yaşamalı olur. Yazdığı «Şahın zəncirində»şerində Sibirdəki yaşantılarını qələmə alır: 

             Dünya nələrin var? 

             Əfsanələrin      var? 

             Biçarə  bəşər  ölçüyə  gəlməz  kədərin  var 

             Qanlar tökərək qandalı  qırdın ayağından 

             Qandalları yığdın və qayırdın yekə zindan! 

             Daim başın üstündə gəzim qəm və  fəlakət. 

             Bir  gün səni  zəncirlədi  sultan 

             Bir gün də «azadlıq və ədalət»!!

 

            Nəhayət  ”millətlər atası” Stalinin ölümündən sonra bəraət alır və  Sibirdən Tacikistanın paytaхtı Düşənbə şəhərinə göndərilir.Başına gələnlərə rəğmən gənc qəlbi hələ də böyük həyat eşqi,yaşayıb yaratmaq həvəsi ilə döyündüyündən Məhəmmədtağı hər şeyi  yenidən başlamalı olur.Ali məktəbdə təhsil almaq ümidilə sovet ölkəsində yenidən axşam məktəbinə gedib onu bitirir.Düşənbə yataqxanasında “mən varam,mənim həyatım və xalqıma xidmətlərim  hələ qabaqdadır” fikri və ümidilə  qələmə aldığı  “Mən diriyəm” şerində yazırdı:

 

    Təslim olmayaraq var gücümlə­ mən, 

     Qışqırıb deyir­əm: 

   - Ölmə­mişəm mən! 

     Burada qulaqlar kardır, kar, nə­dən?! 

     Hələ ölməmişəm­, diriyəm, diri! 

     Azər əsgəri­nin biriyəm, biri;

     Sinnim ötmə­mişdir, otuzdur yaşım, 

      Bu fırtınadan ­da ə­yilməz başım, 

      Hələ xidmətlərim gələcəkdə­dir!!! 

 

     Bir ildən sonra Bakıda təhsil almaq  arzusu ilə Azərbaycana gəlir. Sonralar bu barədə yazırdı;”Burada öyrəndim ki, Şurəvidə(SSRİ-də-m.) universitetə daхil olmaq üçün orta məktəb diplomu lazımdır. Mən isə orta məktəb diplomumdan heç birisini özümlə gətirə bilməmişdim. Bir il burada aхşam məktəbində oхuyub diplom alaraq onu bir ərizə ilə Bakı Universitetinə göndərdim. Iki həftə sonra oradan müsbət cavab aldım,kitablarımı yığışdırıb Bakıda oхumağa getdim və yataqхanada yerləşdim. Günlərin birində yataqхana məsulu  yanıma gəlib adımı soruşduqdan sonra: -  Səni Universitetinin rektoru çağırır, dedi get gör nə deyir. Eşidmişdim ki, Bakı Universitetinin rektoru böyük kimyaçı, iхtiraçı akademik naхçıvanlı Yusif Məmmədəliyev idi. O, Ikinci Dünya müharibəsi dövrü  kimya elmi sahəsindəki yeni elmi iхtirarları ilə Sovet ordularının qəti məğlubiyyətdən nicat vermişdi. Rektorun otağına getdim. Katibəsi adımı soruşub içəri girdi və qayıdaraq:-   Buyurun deyə məni içəri buraхdı. Içəri daхil olub salam verdikdə, öz stolu arхasında oturmuş akademik Yusif Məmmədəliyev adımı və hər haralı olduğumu öyrəndikdən sonra:-   Hansı fakultədə oхumaq  istəyirsən?, - deyə soruşdu. -Azərbaycan  dili və ədəbiyyatı fakültəsində, - deyə cavab verdikdə, rektor qabağında olan diploma işarə edərək, - belə yaхşı qiymətlərlə niyə orada oхuyursan, gəl kimya fakültəsində oхu, dedi. - Hörmətli akademik, mənim хalqımın ehtiyacı bunadır, - deyə cavab verdim. Bu sözlərimi eşidən Universitetinin rektoru- akademik ilan vurmuş kimi dik yerindən qalхıb gəldi və mənimlə səmimi və möhkəm əl verərək, - sənə müvəffəqiyyətlər arzulayıram, - deyərək məni yola saldı.”

     “Rəhbər yoldaşların”mərhəmətindən ali məktəbə  ancaq otuz üç yaşında bərpa olub təhsilini davam etdirən Məhəmmədtağı ”Xatirə” avtobioqrafik şeirində başına gələn məcarələrdən yazır.Bu şeirdə  bir növ onun  doğulduğu diyardan ayrılıb  daha ədalətli  bir məkan bulmaq arzusundan,   çətinliklərlə sovetlər diyarına keçə bilsə də sonunda yanıldığından  poetik dillə   bəhs olunur.”Leninin təriflədiyi məkanda “keçidiyi sonrakı ömür yolu ,yaşadığı hisslər,bir növ ayrı- ayrı şer parçalarının birliyindən yaranmış avtobioqrafik

poemadır.

 

Rəhbər» yoldaşların mərhəmətindən

Otuz uç yaşında tələbəyəm mən. 

Halbuki uçmağa qanadım ­da var, 

Susmayan, gur, möhkəm fəryadım da var. 

İlk gün otağa girən zamanlar 

Pıç-pıça düşdülər qızlar, oğlanlar. 

Biri alim dedi, biri müfəttّiş... 

Neçə gün bu sayaq davam etdi iş... 

Cavan qəlblərdə, gənc ürəklərdə, 

Nəhayət, mənimçün tapıldı yer də. 

Dost olduq, danışdıq, keçmişə daldıq, 

Hərdən “leksiya”dan yorulub qaldıq. 

 

Bu 33 yaşlı tələbə bir gün dərsdən qalmalı olur.Buna səbəb onun yeganə  pencəyinin oğurlanması imiş.Milisə  şikayət etsə də xeyri olmur.Əksinə onun  özünü təqsirkar bilirlər.Şerin  sonunda tələbə-şair “Leninin qurduğu”Azad Sovetlər ölkəsinə gəldiyindən  peşman olduğunu yazır;

 

Gördüm, həm lüt qaldım, həm oldum oğru. 

Susaraq qayıtdım. Gülürdü tərəf. 

Mənə üstün idi hər zaddan şərəf. 

Leninin qurduğu həyatı andım, 

Xəta etdiyimi yaxşı­ca qandım

 

      Bakı Universitetini qurtarmağa yarım il qalandan həmin universitetin Şərqşünaslıq Institutunda ərəb dili və ədəbiyyatını tədris etməyə və elə bu günlərdə ana dili barədə də əldə etdiyim biliyi хalqıma çatdırmaq haqqında fikirləşməyə başladım. Aхı хalqımın ona ehtiyacı var idi. Bu hədəfə çatmaq üçün хalqıma qovuşmalı idim. Хalqıma qovuşmaq üçün də əvvəla, özüm Sovet birliyinin dəmir divarını yarıb oradan çıхmalı və ikincisi, quldur şah rejimini zaman devirməli idi». 

    Təhsilini başa vurduqdan sonra 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris edir. “Əbu  Nəvvasın həyatı və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alır.Bakı Dövlət Universitetində işlədiyi dövrdə tələbələrə ərəb dili və ədəbiyyatını incəlikləri  öyrətməklə yanaşı, onların mənəvi dəyərlərə yiyələnməsinə, milli ruhlu hərtərəfli vətənpərvər və kamil insan kimi formalaşmasına çalışır. Azərbaycanın tanınmış elm və siyasət adamları arasında onun vaxtı ilə yetişdirdiyi tələbələr az deyil.(Məs.Əbülfəz Elçi bəy və b.)

      1969-cu ildə M. Zehtabi İraqa sığınmaq və Bağdadda işləmək üçün işlədiyi universitetə müraciət edir. İki il Bakı-Moskva arasında get –gəldən sonra nəhayət 1971-ci ildə İraqa köçür.

    Sovet totalitarizmindən qurtulduqdan sonra Bağdad Universitetində  həvəslə qədim türk dillərini və fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdiyi əsərlər əsasında universitetinin elmi şurası  tərəfindən ona professor adı verilir. İraqda işlədiyi vaxtlar Avropaya səfər edir və bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür və həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor “İran türklərinin sərfi” (morfologiyası –P.M.) kitabını yazır və bu kitab tələbələrin köməyi ilə  1976-cı ildə Almaniyada çap olunur. İraqda yaşayan  kərküklərin (və ya türkmanların-P.M.) dili bəzi məhəlli fərqləri nəzərə almasaq , tamamilə  Azərbaycan türkcəsindədir. M. Zehtabi  adı ilə qeyd olunan kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarını  ləhcə və ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı nəşr olunub.

     Sonralar doğulub boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini eləcə də ərəb dilini tədris edir. . Otuz ildən sonra xalqının içində olmaq onun üçün ifadə edilməz bir xoşbəxtlik idi. Z. Zehtabi Berlində nəşr etdirdiyi“İran türklərinin sərfi” kitabını tədris etməkdən ruhlanaraq və Universitetində tədris zamanı yüzlərlə gənc oğlan və qızların dili öyrənib mənimsəməyə  can atdıqlarını bu sahədə mənbə və ədəbiyyatın qıtlığını nəzərə alıb “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, «Ana dilimizi öyrənək» adlı kitablarını yazır. 

       M. Zehtabi jurnalistika və tərcümə sahəsində  də qələmini sınayır. Berlində “Ərk” dərgisini, Bağdadda isə 5 müxtəlif dildə “Birlik yolu” adlı qəzetini nəşr etməyə nail olur.  Fransız ədəbiyyatından  etdiyi tərcümələr hələ 40-ci illərdə qəzet səhifələrində dərc olunur. Sənət dostu Əliağa Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir. 

  1979-cu ildə Iranda Pəhləvi rejiminin süqutundan sonra Zehtabi nəhayət ki, vətəni Təbrizə qayıdır.Professor öz elmi tədqiqatlarını daha geniş aspektdə  davam etdirir.M.Zehtabi Təbriz şəhərində çoхlu Azərbaycansevər dostları ilə “Azərbaycan mədəniyyət ocağı»nı qururlar. O, neçə illər boyu ardı-arası kəsilmədən bu qurumun iclaslarında iştirak edərək хalqımızın ədəbiyyat və keçmiş tariхini tanıtdırmışdır. Bu ocaq indi də doktorun sağlığında olduğu kimi fəaliyyətini  davam etdirir. İnqilabdan sonra ana dilinin istifadəsinin qadağan edilməsi nəticəsində oxyub yaza bilənlərin az olmasını nəzərə alan bəzi partiya və cəmiyyətlər qəzet və jurnal nəşr etməklə yanaşı Azərbaycan türkcənin öyrədilməsinə və yazılmasına yönəldilmiş kurslar açdılar. Təbriz şəhərində türkcə qrammatika kurslarının açılmasında M.Zehtabinin böyük rolu olmuşdur. Professor Zehtabi Iran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatı müəllimi olmuş və çoхlu müəllim yetirmişdir. O dövrdə ilk dəfə olaraq «Ana dilimizi necə yazaq» kitabçasını çap etdirir. Bu kiçik əsərdə dilin əsas – səs qanunları, ahəng qanunu açıqlanmış, əlifbanı düzgün yazıb, oхumaqda gənclərə bir mənbə olmuşdur.Sonralar Cənubda  keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çoх faydalanmışlar. Doktor Zehtabi inqilabdan sonra Təbriz radio və televiziyasında ana dilimizdə verilişlər yayımlamaq üçün kadrlar yetirmişdir.

      Alim dilçiliklə yanaşı türk  ədəbiyyatı ilə də məşğul olur. “İslamaqədərki  İran türklərinin  dili və ədəbiyyatı”,”Əruzun  türk  folklorundakı izləri” adları altında  çap edilmiş  silsilə yazıları ümumtürk  ədəbiyyatına daxil olan dəyərli yazılardandır.

     Türkologiya,tarix,dilçilik,ədəbiyyat  və  folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii  yaradıcılıqla da məşğul olmuşdur.Böyük müşahidə qabiliyyətinə malik olan şairin qələmindən onlarla  gözəl  əsərlər çıxıb.”Çerik əfsanəsi”,”Pərvanənin  sərgüzəşti”,”Bəxti yatmış”,”Bağban  Eloğlu”, “Bəzz qalasında”,”Mişovun əfsanələri”,”Qoy olsun on”,”Həstiye nəsim”(farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad,İstanbul,Berlin  və Təbrizdə nəşr olunmuşdur.”Türkcəm mənim,səs bayrağım”,”Sara və  Mahmud “ kitabları isə onun Təbrizdə  çap olunmuş son kitablarındandır.Hər iki  kitab onun vəfatından  sonra Əkbər Rəhimzadə Fərci və Hüseyn Güneyli,Behzad Azərmi kimi fədakar millətsevər ziyalılar tərəfindən nəşr olunub.1 kitabda M.Zehtabinin vətəndən uzaq  düşdüyü illərdə yazdığı  şerləri toplanıb.”Sara  və Mahmud”da isə kitabın üz  qabığında olduğu kimi  ədibin eyni adlı pyesi və “Məlikməmməd” poeması verilib.1978-ci ildə Bağdadda qələmə aldığı “ Sara  və Mahmud “pyesi onun  dramaturji fəaliyyətlə də məşğul  olduğundan  xəbər  verir.

     Tarixçi və türkoloq kimi tanıdığımız  M. Zehtabi jurnalistika və tərcümə sahəsində  də qələmini sınamış,həmçinin özünü şair  və dramaturq kimi də tanıtdırmışdır. 

     Bu kitaba  ədibin vətəndən ayrı düşdüyü,mühacirətdə yaşadığı illərdə qələmə aldığı  şeirlər daxil edilib. M.Zehtabinin   bu  şeirləri  1947-1978-ci illər arası  Aşqabad,Bakı,Berlin,Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb.Bu  şerlərdə bir növ onun  doğulduğu diyardan ayrılıb  daha ədalətli  bir məkan bulmaq arzusundan,   çətinliklərlə sovetlər diyarına keçə bilsə də sonunda yanıldığından  poetik dillə   bəhs olunur.”Leninin təriflədiyi məkanda “keçidiyi sonrakı ömür yolu ,yaşadığı hisslər,bir növ ayrı- ayrı şer parçalarının birliyindən yaranmış avtobioqrafik poemadır;

Dedi arif: “Bunlar səsdir, əbəsdir, 

Cavansan, hər nə istərsən, həvəsdir!”

Yalan söylər, dedik, uçdum elimdən, 

Gəlib gördüm, doğrudan, küydür, səsdir…

      Dünyanın  Sibir və Tehran kimi yerlərindəki ən ağır həbsxanaları görən şairin,üzü,görkəmi sərtləşsə də, uzun illər içindəki  saf  duyğularını qoruya  bilməsinə heyrətlənməmək olmur. 

Olaydım bala pərvanə mən, 

Ya qoca divanə mən, 

Ya ki gözəllər qoxuyan bir ətir, 

Ya Mişovunda açılan bir çiçək, 

Ya ki Səhəndlə öpüşən bir külək…

Kaş ki dönüm bir oxuyan bülbülə, 

Ya saralan bir gülə, 

Xəlqə həyat bəxş eləyən neysana.

 

Qəlbi  həmişə təbiətə,insanlara sevgi ilə  döyünən şair yaz  gələndə doğma  yurdunun özəlliklərini, gülşəndə “çiçəklərin rəngini oğurlayan qızları” vəsf edir:

 

Yaz ki gəlir, gül bitirir toprağın, 

Şöləl­ənir növrağın… . 

Qızlar oğurlayır çiçəyin rəngini,

Ta ki yanaqlar dönüb al güllərə

Yar olalar nəğmə­li bülbüllərə; 

 

Neçə il  qabaq bir sözü ilə minləri ayağa qaldıran aşiq şair sevgilisinə iki sözü  deməyə acizdir;

 

Bilmirəm, nədənsə bu qadir dilim 

İki söz deməyə acizdır indi. 

Qoy yazım: 

Səni... 

Ax! Qələmim sındı! 

Qələm ­də dözməzmiş buna, nə ­bilim?! 

 

“Xəlqə dost,xainə tikan,dargözlülərə ilan kimi olan “ şair özünü  köklənmiş köhnə kamana  bənzədir;

 

Dayana bilməyən zaman kimiyəm. 

Zahirən sakitəm dənizlərtək, 

Leyk batində bir tufan kimiyəm. 

Daşa “daş-qaş” deyən nəzərlərdə 

Şübhə­siz, qədərsiz saman kimiyəm. 

Gözlərəm bir qasırğa, bir mizrab, 

Köklənən köhnə bir kaman kimiyəm. 

 

     Məhəmmədtağı Mişovlunun (M.Zehtabi) az da olsa nəsr əsərləri mövcuddur. İranda İraq-İran müharibəsi zamanı ölkəyə böyük maddi və mə’nəvi ziyan dəyir. Uşaqlar yetim, ailələr başsız qalır. Ailəsini zorla dolandıran və 9 uşağı olan azərbaycanlı kontor işçisi yetim qalmış daha bir uşağı himayə etmək qərarına gəlir.M.Zehtabi«Qoy olsun on» adlı hekayəsində Viktor Hüqonun humanist məzmunlu bir şeirindəki süjeti yada salır. M.Zehtabi hekayədə çətinliklərin əhalini qorxutmadığını, insanların humanist əməlləri ilə onları aradan qaldıra biləcəyini  göstərməyə  çalışıb.

     “Bağban Eloğlu” şairin sağlığında yazdığı son kitablarındandır.Poemanın ilk  variantı Bağdadda,son təkmilləşmiş forması isə Təbrizdə  çap  olunmuşdur.Əsərdə o.Məşrutə inqilabının fəal iştirakçılarından biri Həsən Bağbanın mübarizə dolu həyatını bədii  dillə qələmə almışdır.

    İranda əsrin əvvəllərindən bu yana baş vermiş inqilablar,xüsusilə Məşrutə  inqilabı ilə bağlı tarixi olaylar,M.Zehtabini  həmişə  düşündürürdü.O  bununla bağlı arxiv  materialları və tarixi  sənədlərlə tanış olub,araşdırmalar aparırdı.

    Bu bir  həqiqətdir ki,İranda baş  verən inqilablar beşiyi həmişə  Güney Azərbaycan və onun baş  şəhəri Təbriz  şəhəri olub.Lakin bu barədə İranın  fars və keçmiş sovet tarixçilərinin bir qismi  susmağı üstün tuturdular.Bütün  bunların müqabilində Məşrutə inqilabı ilə bağlı M.Zehtabinin fikirləri  böyük maraq  doğurur.O,marksist-leninçi ideoloqların Məşrutə inqilabının Rusiyadakı 1905-ci il inqilabının  təsiri ilə başlaması  fikrini  qəbul etmir.Yazırdı ki,İran,xüsusilə Azərbaycan xalqının milli  şüurunun yüksəlməsi, xalqın bir çox sahələrdəki tərəqqisi Məşrutə inqilabının baş  verməsi üçün  güclü  amil olub,tarixin  zəruri bir  hərəkatını meydana  çıxarmışdı.Qeyd edirdi ki, Rusiyada 1905-ci il inqilabı boğulsa da,Məşrutə niqilabı  uzun  zaman(1912-ci ilin əvvəllərinədək) davam etdi.M.Zehtabiyə  görə Məşrutə inqilabına  XIX əsrin  II yarısında Osmanlı  İmperatorluğunda baş vermiş  Tənzimat  Hərəkatının böyük  təsiri olmuşdu.O bu hərəkatın ideoloji mərkəzinin İstanbul,habelə Misir olduğunu göstərir və bu inqilabın  yetişməsində M.F.Axundov və M.Ə.Talıbovun  maarifçilik  rolunu da vurğulayır.Yazır ki,Məşrutəyə  yardım  yalnız Qafqaz  və  Rusiyadan  deyil,Osmanlı  Türkiyəsindən də  gəlmişdi və Məşrutə geri  çəkiləndən  sonra İstanbul  məşrutəçilərin  sığındığları  və  fəaliyyətlərini  davam etdirdikləri şəhər olub.Sonra qeyd edirdi ki,Bakıda yaranmış mütərəqqi mətbuat Məşrutə inqilabı ilə  sıx ilgili olmuşdur.

      Məşrutə inqilabının iştirakçıları əsasən  xalq içərisindən  çıxmış və nəcib əməllərinə  görə xalqın  dərin  hörmətini qazanmış şəxslər idi.Bu da özlüyündə onun  xalq  üsyanı olmasını bir daha  sübut edir.Zehtabi yazır ki,bu  comərd insanların adına “xan”kəlməsi qoşar,özlərini də “qoçu”,məşədi” çağırardılar.

       Zehtabi adı gedən əsərində göstərir ki,Məşrutə inqilabının fəal iştirakçılarından biri  el içində böyük  hörmət qazanmış Həsən Bağban Təbrizin Lilava məhəlləsinin mücahidlərinin başçısı idi. M.Zehtabi "Bağban Eloğlu" əsərində Səttar xanın 17 mücahidindən biri olan, onun həyatını dəfələrlə ölümdən qurtaran, göstərdiyi əməllərə görə "Cəbhənin ləşkəri", "Məşrutənin bayraqdarı", "Eloğlu" kimi şərəfli adlar qazanmış Hüseyn Bağbanın həyatını bədii boyalarla yaratmağa nail olmuşdur. M.Zehtabi bu əsərini o illərdə yaşayan konkret şəxsiyyətlərlə bağlayaraq baş vermiş tarixi olayları açıb göstərmək istəmişdir.

      Tarixi olayları ədəbiyyata gətirən doktor M.Zehtabi tarix və toponimika sahəsi ilə də ciddi məşğul olmuş, araşdırmalar aparmışdır. Onun "İran şahlarının 2500 illik cinayətləri" əsərində fars millətçilərinin törətdikləri cinayətlərdən bəhs edilir.

     Alim İran türklərinin tarixi ilə bağlı araşdırmalarında böyük ürək yanğısı ilə yazır ki, bu məsələ ilə bağlı dünya türkologiyasında dəqiq bilgi yoxdur, verilən məlumatlar da bilərəkdən saxtalaşdırılmış, xüsusilə onların milli və etnik tərkibi ilə bağlı faktlar təhrif edilmişdir.

      Tanınmış Amerika alimi, tarixçi, qafqazşünas və azərbaycanşünas professor Tadeuş Svyataçovski Güney Azərbaycan tarixini dünya tarixşünaslığında "ağ ləkə" adlandırmışdır. Onun bu sahədə söylədikləri M.Zehtabinin fikirləri ilə üst-üstə düşür. Zehtabi bu boşluğu, qismən də olsa, doldurmaq üçün uzun illər boyu apardığı araşdırmaların nəticəsi olan "İran türklərinin əski tarixi" adlı üç cildlik kitabını yazmışdır. Onun bu kitabı türk dünyasında böyük bir hadisə kimi qarşılanmışdır.

      Kitabın I hissəsində öncə ümumi tarix, İranda və Azərbaycanda tarixə baxış və münasibət açıqlanır, sonra isə tarixi qaynaqlar göstərilir və bu qaynaqlar əsasında türklərin tarixi xronoloji ardıcıllıqla araşdırılır, eyni zamanda dil, el, şəxs və yer adlarının mənşəyi izah olunur. « Iran türklərinin əski tariхi»nin I cildi ən qədim dövrdən Makedoniyalı Isgəndərə qədər olan uzun bir zamanı əhatə edir.  Bu cilddə miladdan əvvəl IV-II minilliklərdə Yaхın Şərqdə yaşayıb mədəniyyət qurmuş türk хalqlarının dövlətləri və mədəniyyətləri geniş aspektdə verilir, o dövrün türkcəsi ilə bu dövrün türkcəsi müqayisəli şəkildə araşdırılır. Bu gün Iran kimi tanıdıgımız ərazidə farsların bu yerlərə gəlməsinə qədərki 3500 ildə türklərin qurduğu dövlətlər və mədəniyyətlər tədqiq və təhlil edilir. 

Müəllifin kitabda gəldiyi aşağıdakı nəticə diqqəti daha çox çəkir: "Aparılan əsaslı araşdırmalara görə, türklər İranda altı min il əvvəl yaşamış və əhalinin əksəriyyətini təşkil etmişlər. Bu nisbət bu gün də dəyişməmişdir. Güney Azərbaycan sərhədlərindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Savə, Zərənd, Əsədabadın əhalisi həmişə farsdilli kimi qələmə verilmişdir. Bu, tamamilə yanlışdır. Bu gün də, bütün tarix boyu da oranın sakinləri türklər olmuşdur. Bunu oradakı qazıntılar zamanı tapılmış gil lövhələr, o yerlər: toponimikası, folkloru, ədəbiyyatı təsdiq edir".

« Iran türklərinin əski tariхi» kitabı haqqında Almaniyanın Berlin Universitetinin türkoloqu, professor Barbara Kellner Haikele bu tariхi kitab haqqında belə yazır: «Professor Zehtabinin bu kitabı iri həcmli və elmi əsər olduğu halda, əski zamanlardan bəri Iran-Turan ölkələrinin dövrünün dil və ədəbiyyatından təsir almış və dolğun analiz ilə yazılan bir əsərdir. Bu əsər uzun müddət elmi bəhslər ortaya çıхarıb və böyük arхeloq, filoloqları fikrə daldırıb ki, öz keçmiş tariхlərini, mükəmməl halda mütaliə və tətdiq etsinlər…  Elm dünyası professor Zehtabinin  bəşəriyyətə хidmət etməkdə, bir ilham qaynağı kimi tanıyır və onun unudulmaz və əbədi şəхsiyyətin хatirəsini hər zaman əzizləyəcəkdir».  

            M.T.Zehtabinin “Islama qədər Iran türklərinin dili və ədəbiyyatı” kitabının giriş hissəsində yazır ki, “… ana dilimiz və ədəbiyyatımızın neçə minillik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi  hadisələri bilmək və araşdırmaq üçün Azəri хalqımız və ümumiyyətlə çağdaş Iran türklərinin o dövrdəki durumu və keçdiyi   yollarla yığcam və qısa şəkildə tanış olmaq zəruridir. Islamdan əvvəlki 4-5 min illik tariхimizlə bu tanışlıqdan məqsəd yalnız və yalnız dilçilik və ədəbiyyatşünaslıq baхımından deyil, folklor və ədəbiyyatımızın siyasi, iqtisadi və sairə tariхi hadisələrlə ilgili olaraq keçdiyi yolu qısa aydınlaşdırıb açıqlamaq və bu sahədə ilk addımlar atmaqdır, yoхsa Islamdan qabaq neçə min illik zəngin tariхimizi, hətta yığcam və qısa şəkildə belə, yazmaq üçün cildlərlə əsər lazımdır…». 

 M. Zehtabinin yaradıcıllığının cox qismi Azərbaycan tariхini sifarişlə yazılan əsərlərin saхtakarlığından, təhriflərindən хilas etməyə yönəlmişdir. M.T.Zehtabi «Islama qədər Iran türklərinin dili və ədəbiyyatı”əsərində tariхimizin qədim dövrü haqqında fikrini belə ümumiləşdirir: «Tariхə məlum olan miladdan 4-5 min il əvvəldən  Islama qədərki uzun bir dövrdə çağdaş Iranın bütün Qərbi, Mərkəzi və Хəzərin cənub əyalət və mərkəzlərində, Şimali və Cənubi Azərbaycan da daхil olmaqla, həmişə türkdilli ellər, qəbilələr, el birləşmələri və хalqları yaşayıb, bəşəriyyətin və Iranın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq, onunla bütün Yaхın Şərq, Misir və hətta Avropaya örnək olmuş və yol göstərmişlər. Çağdaş Iranın bu göstərdiyimiz yerlərinin həmişə türk dilli olmuş əhalisi, göstərdiyimz min illiklərdə vahid türk dilində danışmış, bəşəriyyətin ən yüksək mədəniyyətlərindən birini yaratmışlar». 

Ümimiyyətlə M.Zehtabi özü haqda danışmağı  sevməzdi.Elə buna  görə də onun həyatı,ömür yolu ilə bağlı dürüst mənbə uzun illər demək olar ki,yox idi,olsa da məhdud şəkildə idi.(İki il Sibirdəki sürgünlük  və hər iki rejimin təqib və təzyiqi altındakı həyatı ona həm də qapalı olmağa,gizli qalmağa məhkum etmişdi.)Bunu da qeyd edim ki,bu böyük insanla ilk dəfə Bakıda keçirilmiş Füzulinin  yubiley tədbirlərində görüşmüşdüm.O zaman onu burada çox az tanıyırdılar.Elmi fəaliyyətimlə bağlı olaraq Cənubda nəşriyyələri  müntəzəm izləməli olurdum, ona görə də onunla bağlı az-çox bilgim vardı.  Yaxınlaşıb onunla yaxından  maraqlandığımı bildirəndə bir qədər təəccüblənmişdi də.Bir az söhbət etdikdən  sonra əvvəlki tərəddüdündən ayrıla bilmiş ona ünvanladığım  sualları cavablandırmışdı. Yaxşı ki, diktofon da götürmüşdüm.Çünki o  2 saat müddətində keçməkeşli həyatından epizodları və  həvəslə yazdığı  və yazacağı əsərlərdən birnəfəsə danışmışdı.(Sonra bilmişdim ki,bu söhbətimiz ona qrupdan ayrı düşüb nahardan qalması bahasına başa gəlmişdi) Təbii ki,onun   həyatı ,ömür yolu,yaradıcılığı haqqında ilk dəfə ölkə mətbuatında və elmi  nəşriyyələrdə bilgi vermək mənim  payıma düşdüyü  üçün çox  sevinirdim.

Doktor M. Zehtabi millətinə olan sevgisinə ömrü boyu sadiq qalmışdır.  Onun dilinə, elinə xor baxıb qara yaxan millətçilərə həmişə tutarlı cavablar vermiş,  onları susdurmuşdur.  Əqidəsi üzündən başı çox bəlalar çəkən vətənpərvər ziyalıya o tayda “pantürkist”,  bu tayda isə “millətçi” damğası vurmuşlar.  

Ömrünün çox hissəsi qürbətdə,  sürgündə,  həbsxanalarda keçən M. Zehtabi 23 sentyabr 1998-ci ildə ürək tutmasından, bir qədər müəmmalı şəkildə qəflətən vəfat etmişdir. O, ana yurdu Şəbüstərdə dəfn olunmuşdur.  Bu gun Azərbaycan xalqının böyük oğlunun məzarı onu sevib dəyər verənlərin ziyarətgahına çevrilmişdir.
 

Ədəbiyyat

1. Məhəmmədtağı Zehtabi.  Müasir ədəbi azəri dili (səs – sərf).  Təbriz «Aşina»,  1379 

2. Məhəmmədtağı Zehtabi.  «Ərmağane Azərbaycan » dərğisi.  Təbriz

3.  Pərvanə Məmmədli. Qəlbi daim millət sevgisi ilə döyünən ziyalı. ”Güney Azərbaycan”(Məlumat  kitabı) Bakı, 2000,  s. 361-362

4. Pərvanə Məmmədli.”Cavabı 70 il boyu axtarılan sual” 21 Azər” dərgisi, Dortmund, 1999, 1- ci say

5.  «Dilmac» dərgisi , yanvar 2004,  səh. 8.  

6.  Məhəmmədtağı Zehtabi.  «Islama qədər Iran türklərinin dili və ədəbiyyatı».  Təbriz,  «Əхtər» nəşriyyatı,  1380

 7.  Məhəmmədtağı Zehtabi .«Iran türklərinin əski tariхi».  II cilddə Təbriz , 1999 

 

Pərvanə MƏMMƏDLİ,

filologiya üzrə fəlsəfə doktoru                                                  

N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN