MİLLƏT – DÖVLƏT ÖZƏTLƏMƏSİ

MİLLƏT – DÖVLƏT ÖZƏTLƏMƏSİ

Çağdaş dünyada iki yüzə yaxın tanınmış dövlətdə  4000 millət və etnik qrup yerləşir. Bu, millət və dövlətlərin sərhədlərinin üst-üstə düşməməsinin göstəricisidir. Çox vaxt bir dövlətdə bir neçə millət olur (çoxmillətli dövlətlər), bəzən isə bir millətin bir neçə dövləti olur (bölünmüş millətlər). Başqa bir halda isə millətin ümumiyyətlə özünəməxsus dövləti olmur (dövlətsiz millətlər). Bir hesablamaya görə, mövcud dövlətlərin yalnız 9,2%-də millətlə dövlət tamamilə üst-üstə düşür. Dövlətlərin 18,9%-də ən çoxsaylı millət ümumi əhalinin 90-99%-ə bərabərdir. Dövlətlərin daha 18,9%-də isə əsas millət ümumi əhalinin 75-89%-ə bərabərdir. Millətlə dövlətin azdan-çoxdan uyğun gəldiyi (ölkənin ümumi əhalisinin 50-74%-i) dövlətlərin xüsusi çəkisi 23,5%-dir. Dövlətlərin qalan  29,5%-də əsas millət bütün əhalinin sayca yalnız 0-49%-ə bərabərdir.[1]

Millət, ya dövlətin daha öncə meydana gəlməsi də fərqli durum yaradır. Millət daha tez yaranıb, dövləti ardınca çəkirsə, ona millət-dövlət deyilir (Yaponiya, Çin, Almaniyadakı kimi). Dövlətin yaranması millətin yaranmasını qabaqlayırsa, ona dövlət-millət deyilir (ABŞ və Amerika qitəsinin başqa dövlətlərindəki kimi). Bu ikinci qrupdakılar yuxarıda da deyildiyi kimi, territorial, ya siyasi millətlər adlanır. Mövzumuz gərəyi biz millət-dövlətlər üzərində duracağıq. Bu qrupa daxil olan dövlətlərdə millət ilə dövlət arasındakı münasibətlərdə önəmli cəhətlərdən birisi də onların sərhədlərinin (millətin və dövlətin) əsasən üst-üstə düşməsi, bir millətin bir dövlət təşkil etməsidir.

Ilk millət-dövlətlər

Avropada millət-dövlətlərin yaranması əsasən üç aşamadan keçmişdir. İlk millət-dövlətlər birinci aşamada İngiltərə, Niderland və Fransada yarandı. Bu sıraya araşdırıcılar bəzən İsveçi də aid edirlər.[2]  

Ingilis millətinin yaranma tarixi barədə araşdırmaçıların fərqli fikirlər irəli sürmələrinə baxmayaraq, bu sürəcin məhz İngiltərədə başlanması haqqında aşağı-yuxarı fikir birliyi var. Joseph R. Strayer İngiltərənin artıq XV yüzildə açıq-aydın millət-dövlətə çevrildiyini yazır.[3] Liah Greenfeld isə hesab edir ki, “İngiltərədə milli hisslərin meydana çıxması” XVI yüzilin ilk sülsünə təsadüf edir.[4] Modernist yazarlardan Elie Kedourie’yə görə, XVIII yüzilədək İngiltərədə millətçilikdən danışmağın heç anlamı yoxdur; millət hətta ondan (millətçilikdən) da sonra yaranmışdır. İngilis millətinin yaranması məsələsini xüsusi araşdırmış Adrian Hastings isə hesab edir ki, “millət” (nation) sözünün “XIV yüzilin başlarından tez-tez və ardıcıl olaraq işlədilməsi İngilislərin özlərini bir millət saymalarına əsas verir.”[5] Yazar İngilislərdə millət fikrinin yaranmasında önəmli rolu olmuş qaynaqlardan geniş bəhs edir. Bu qaynaqlardan birincisi keşiş Bede’nin 730-cu ildə yazdığı təxmin edilən İngilis xalqının mənəvi tarixi (Ecclesiastical History of the English People) adlı əsərdir. Bu əsər Latınca yazılmasına baxmayaraq, İngilislərin keçmişi haqqında mühüm bilgilər verməkdədir. Bede, German tayfaları Saksonlar, Angllar və Jutların (Jutes) V yüzildə Britaniya adalarına yerləşmələri, burada ayrı-ayrı krallıqlar (bəyliklər) qurmaları,  qohum tayfaların qaynayıb-qarışması və vahid etnik birlik (gens Anglorum) yaratmaları haqqında yazmışdır. Bede’nin bu “milli tarix kitabı”nı 150 il sonra Batı Sakson kralı Alfred İngiliscəyə çevirmişdir. Məhz bu hadisəni Hastings “millət-dövlətin yaranmasının başlanması” adlandırır. İngilislər arasında “unifikasiya sürəcinin” sürətlənməsinə, onun fikrincə, iqtisadi həyatda (ticarətdə), siyasi idarəçilikdə (shire bölgüsü) və dini sahədə baş vermiş dəyişikliklər (Protestantizm) təkan vermişdir. Bu arada (1066-cı il) bəlli Norman işğalı baş vermiş, hakim sinfin tərkibi yeni gələnlərin xeyrinə dəyişmiş, iki yüzil İngilis dilini idarəçilikdə Fransızca əvəzləmişdir. Döyüşdə qalib gəlmələrinə baxmayaraq, azsaylı Normanlar ictimai həyatda zamanla mövqelərini itirib, yerli xalq tərəfindən assimilyasiyaya uğradılar. 1363-cü ildə parlament artıq İngiliscə açıldı. Həmin tarixdə İncil tamamilə İngiliscəyə çevrilmişdi. Siyasi hakimiyyətin birbaşa istəyi ilə Roma kilsəsinə tabe olmayan bağımsız protestant Anqlikan kilsəsi yaranmış (1550-lərdə), ibadətin, daha sonra təhsilin İngiliscəyə keçməsi İngilislər arasında millət quruculuğu sürəcinə yeni təkan vermişdi. Çap işlərinin genişlənməsi bu sürəci daha da sürətləndirdi. 1645-ci ildə artıq ən azı 722 qəzet çap edilirdi. 1707-ci ildə Şotlandiyanın İngiltərəyə birləşdirilməsi və yeni imperiyanın “Britaniya”  adı alması milli kimlikdə də mühüm dəyişikliyə nədən oldu. Artıq “Britaniya milləti” anlayışı dominant xarakter aldı. Bununla belə, Hastings’in qeyd etdiyi kimi, yerli kimliklər (bu sıradan “İngilis milləti”) aradan getmədi, “Britaniya” [milləti] sadəcə olaraq vahid kimliyin başqa bir adı oldu.”[6]

Tarixən ikinci millət-dövlət də əski German tayfalarının (Franklar, Batavi, Chauci, Chamavi, Chattuari və b.) təmərküzləşməsi əsasında İngiltərənin güneyindəki Aşağı Ölkələrdə (İngiliscəsi: Low Countries)  meydana gəldi. Orta yüzillərdə “Niderland” sözü dəniz səviyyəsinə yaxın, aşağıda (nether) yerləşmiş bölgənin (land) təsviri üçün istifadə edilirdi. Bu bölgənin quzeyi isə “Holland” (meşəlik) adlanırdı. Burada məskunlaşmış tayfalar Batı German dilləri qrupuna daxil olan, burada yaranmış millətə adını vermiş Dutch dilində[7] danışırdı. Bu dilin varlığını göstərən ilk yazılı qaynaq m.s. 500-cü illərə aid edilən Lex Salica adlı Frank hüquq mətni sayılır.[8]    

Müqəddəs Roma İmperiyasında Niderland zəngin ucqarlardan biri sayılırdı, o, XIII yüzildən sonra faktik olaraq muxtar vilayət oldu. Habsburq hakimiyyəti dövründə o, ayrıca inzibatı vahid statusuna malik idi. 1477-dən sonra inzibati həyatda Fransızca yerinə Dutch dili istifadə edilməyə başlandı. XVI yüzilin başlarında burada özünü göstərən Protestant Reformasiyası hərəkatı xalqın və ölkənin gələcək taleyini müəyyən etdi. Dutch bölgəsinin hakimi İspaniyalı II Filip bu hərəkata qarşı acımasız savaşa başladı. Bu bölgənin yenidən Katolikliyə qovuşması üçün Protestantlara qarşı kütləvi təqib və qətllər başlandı. Uzun sürən Dutch inqilabı (1566, ya 1568–1648) Niderlandın bağımsızlığı, burada respublikanın qurulması və 1648-ci ilin məşhur Westphalia müqaviləsində bu bağımsızlığın təsdiqi ilə nəticələndi. Dil ilə başlanan milli təmərküzləşmə (millət quruculuğu) sürəci bağımsız respublika idarəçiliyi, urbanizasiyanın dərinləşməsi, xarici ticarətin (eləcə də müstəmləkəçiliyin) genişlənməsi  və azad bazara dayalı iqtisadiyyatın böyüməsi, sekularizmin artması sayəsində çox sürətlə  irəli getdi. Dutch millətinin biçimlənməsində və burada millət-dövlətin yaranmasında bu amillərlə yanaşı milli mədəniyyətin, bu sıradan Rembrant, Vermeer, Van Gogh kim rəssamların önəmli rolu olmuşdur.

Fransada millət-dövlətin yaranması məsələsi həm tarixilik, həm də burada millət və dövlət quruculuğunun özünəməxsus yolla getməsi baxımından özəl diqqət tələb edir. Çağdaş Fransa  zamanla çeşidli etnik qrupların yerləşdiyi ərazi olmuşdur. M.ö. VII yüzildə buraya Orta Avropadan Kelt tayfaları (Fransızca: Celtes) köçmüş, buraya daha əvvəllər yerləşmiş əski İtaliya (İtalic), BretonAquitan (Basklar), İberLiguria və əski Yunan tayfalarını özlərinə tabe etmişlər. Bu Keltlər arasında Qallar (Fransızcası Gailes, İngiliscəsi Gauls) və Belgae tayfaları sayca başqalarından daha çox idi. Antik qaynaqlarda bu ərazi əsasən Gallia, ya Celtica adlanırdı. Bu torpaqları m.ö. 58-51-ci illərdə məşhur Roma generalı (daha sonar konsulu) Julius Caesar işğal etdi və bir neçə yüzil o, Roma İmperiyasının tərkibində qaldı. Roma və Qal mədəniyyətləri və xalqlarının qarışması nəticəsində burada hibrid Qal-Roma mədəniyyəti yarandı. Qal dili Latınla qarışaraq Vulqar Latın adlanan bir dilə çevrildi. Roma İmperiyasının sonlarından başlanan üçüncü kütləvi  miqrasiya buranın etnik mənzərəsinə mühüm özəlliklər gətirdi. Bu dəfə Germandilli Frank, Visigoth, Suebi, Saxon, Allemanni, Burgund tayfaları yerləşdilər və çağdaş Fransa, geniş ərazili Frank İmperiyasının (481-843) bir hissəsinə çevrildi. Yerli əhalinin danışdığı dil də Frankların adını aldı (la langue française). Daha sonra, IX yüzildə başqa bir German tayfası olan Vikinqlər Skandinaviyadan Normandiyaya endilər (yerli etnik adları Norman). Bu arada bəzi Kelt tayfaları Britaniya adalarından gəlib çağdaş Fransanın quzey-batısındakı Brittanybölgəsinə yerləşdilər.

Fransa Krallığı dövründə (843-1792) modern dövlətin yaranması ilə yanaşı, onun etnik təmərküzləşmə sürəcinə təsiri önəmli ölçüdə artdı. Özəlliklə Yüzillik savaş (1337-1453) və məzhəb savaşları (1562-98) etnik birliyin biçimlənməsi sürəcinə yön verdi. Yüzillik savaş nəticəsində Fransa, əhalisinin yarısını itirdi, Normandiya əhalisinin dörddə üçü, Paris sakinlərinin isə üçdə ikisi qırıldı.[9] Bununla belə savaş etnik birlik duyğusunun yayılmasına təkan verdi. Savaşın yalnız Fransa və İngiltərə kralları arasında deyil, uyğun olaraq xalqlar arasında getdiyi düşüncəsi yayğın idi. İngiltərədə yayılmış şayiələrə görə, Fransa buranı işğal edib, İngilis dilini tamamilə aradan aparmağı planlaşdırıbmış. Halbuki savaşın gərəkdirdiyi düşmən obrazının təsiri altında İngiltərədə Norman işğalından sonra rəsmi dilə çevrilmiş Fransızcanın rolu durmadan azalmaqda idi. Yuxarıda da deyildiyi kimi, artıq 1362-ci ildə İngiltərə parlamenti ilk dəfə İngiliscə çıxışla işinə başlamışdı.[10]Fransada da anladılar ki, xarici işğalçıları vətənlərindən qovmaq üçün savaş vacibdir. Gənc kəndli qızı Jeanne d’Arc yalnız uğurlu savaşın deyil, həm də bütövlükdə etnik təmərküzləşmənin simvoluna çevrildi.

Fransada millət quruculuğu sürəcinə təsir edən obiri amil burada Reformasiyanın aşırı qanlı hadisələrlə müşayət edilməsi oldu. Fransa kralları Protestant hərəkatını lap başından əzməyə çalışdılar. Ancaq güclü müqavimətə rast gəldilər; yerli Protestantlar (Fransada onlara Huguenot  deyirdilər) hətta bəzi şəhərləri ələ keçirə bilmişdilər. Bir neçə onil davam edən məzhəb savaşlarında 2-4 milyon adamın qətl edildiyi, təkcə Müqəddəs Bartholomew gecəsində Parisdə və əyalətlərdə 10 min adamın öldürüldüyü təxmin edilir.[11] Bourbon sülaləsinin ilk kralı IV Henri’nin verdiyi Nantes sənədi ilə (Fransızcasıl'Édit de Nantes) Protestantlara özəl ibadət və bərabər vətəndaşlıq haqları vəd edildi. Bundan sonra məzhəb savaşının xeyli dərəcədə səngiməsinə baxmayaraq,  zaman-zaman məzhəb ziddiyyətləri yeni repressiyalara nədən oldu, bəzən hətta qanlı forma aldı. Fransada etnik birliyin varlığını təmin  etmək üçün burada sonralar ən sərt formada sekulyarizmin tətbiqi gərəkli sayıldı. 

Fransada modern dövlət quruculuğu İngiltərə və Niderlandda olduğundan fərqli yolla getdi. İngiltərədə parlamentli monarxiya, Niderlandda respublika idarəçiliyi quruldusa, Fransa, mütləq monarxiya yolunu seçdi. Birinci iki ölkədə siyasi cəhətdən fəal və maddi baxımdan varlı ticarət- sənaye təbəqələri öz hakimlərinin iqtidarını ölkə miqyasında məhdudlaşdırmağa çalışdılar və buna nail oldular. Onlar çağdaş anlamda demokratiya, ya dini azadlıq istəmirdilər, onlar təmsilçi hökumətlər qurdular, dini inanclar sahəsindəki fərqliliyi qanuni şəklə saldılar. Fransada isə  monarxiya hər şeyin üstündə yer aldı. Kral yerli elitlərin arxasında durduğuna, onların maraqlarını qoruduğuna baxmayaraq, ölkə miqyasında İngilis Parlamenti kimi milli qurum (müəssisə) yaranmasına imkan vermədi.  Kardinal Richelieu’nin idarəçiliyi dövründə (1624-42) Fransa Avropanın ən qüdrətli dövlətinə çevrildi, onun “raison d'état” (“dövlət marağı”) prinsipinə əsaslanan gerçəkçi siyasəti sonunda monarxik hakimiyyəti gücləndirdi.[12] XIV Louis (“Günəş kral”, 1643-1715) Avropada ən böyük ordunu qurdu, hərbi-dəniz donanması yaratdı və məzhəb ayrılığını basdırdı.  Fransada mərkəzləşdirilmiş monarxiya modelinin ilk şüarı “tək kral, tək qanun, tək inanc” idisə, XIV Louis, mütləqiyyətinin güclənməsindən sonra parlamentə müraciətində məşhur “L’état c’est moi” (“Dövlət elə özüməm”) ifadəsini işlətməyi lazım bilmişdi. Bu mütləq hakimiyyət aşağı-yuxarı 150 il, Fransız inqilabınadək ayaqda qala bildi.

1789-cu il Fransız inqilabı siyasət meydanından uzaqlaşdırılmış Fransız millətini tam onun mərkəzinə gətirdi. Bu inqilabla Fransızlar millət quruculuğu sahəsində xeyli məsafə qət etdiklərini sübut etdilər, məhz onun (millətin) hakimiyyətin yeganə qaynağı olduğu bəyan edildi. İnqilab gedişində qəbul edilmiş məşhur İnsanın və Vətəndaşın Haqları Bəyannaməsi birmənalı şəkildə təsbit etdi: “Suverenlik prinsipi yalnız Millətə məxsusdur; birbaşa ondan qaynaqlanmayan hakimiyyətə heç bir kəs, heç bir fərd sahib dura bilməz.” İnqilabın baş prinsipləri demokratik “Azadlıq”, sosial “Bərabərlik” və millətçi “Qardaşlıq” oldu.

Fransız millətinin inqilaba möhürünü basmasına baxmayaraq, millət quruculuğu sahəsində onun qarşısında hələ həll edilməmiş həssas problemlərin qaldığı aydın idi. Fransız dilinin dünyada mədəniyyət və diplomatiya dili olmasına, Avropanın hər yanında onun yuxarı sininflərin danışıq dilinə çevrilməsi hələ Fransanın özündə bu dilin vətəndaşların əksəriyyətinin danışıq dilinə çevrilməsi demək deyildi. Özəlliklə dini sahədə Latın dili öz çəkisini uzun əsrlər boyu qoruyub saxladı. Yuxarıda da deyildiyi kimi, 1789-cu il Fransasında xalqın yalnız yüzdə əllisi Fransızca danışırdı, bunların da yalnız yüzdə on ikisi - on üçü “doğru-düzgün” bir şəkildə (ədəbi dildə) danışa bilirdi.[13] Vahid siyasi millətin varlığının bəyan edilməsinə baxmayaraq, Fransa əhalisinin əksəriyyətinin etnik birliyi məsələsi inqilab zamanı, hətta ondan çox sonralar da müzakirə mövzusu olacaqdı. Elə 1789-cu ildə Sieyes soyadlı bir publisist yazdığı pamfletində çox əskidən işğal nəticəsində hələ də hakimiyyətdə olan zadəganların “axmaq təkəbbürünü”  qamçılayırdı. Üçüncü təbəqə, yəni adi vətəndaşlar, onun fikrinə görə, ancaq Qallardan ibarət idi. Bu o demək idi ki, Frank aristokratiyasının ağalığına son qoymaq, onları Alman meşələrinə geri göndərmək zamanı gəlib çatıbmış.[14] Eugen Weber’in faktlarla zəngin bir araşdırmasına görə, Qal-Frank ayrılığı heç zaman unudulmadı, “Les Gaulois, nos ancetres” (“Qallar bizim atalarımızdır”) şüarı həmişə populyar olmuşdur. Qal əsilli yazarlar Frankları işğalçı hesab etmişlər. Yazarın bu maraqlı məqaləsi aşağıdakı fikirlə bitir: “Bizim babalarımız[mövzusu] ola bilsin aradan gedir. Amma Fransada ölü həyat başqa yerlərdən daha çox yaşayır.”[15]

Orta çağlar Avropasının etnik və siyasi yapısında mühüm rol oynamış Vikinqlərin (Normanların) qurduğu başqa bir millət-dövlətdən də qısaca söz etmək gərəkdir. Quzey German dilli Skandinaviya tayfalarının Vikinq Çağında (İngiliscəsi Viking Era, VIII-XI yüzillərdə) dünyanın çeşidli yerlərinə, özəlliklə qonşu Britaniya adalarına, indiki Fransa, Doğu Avropa ərazilərinə yürüşləri gedişində onların bir hissəsi buralarda hakim sinfə çevrildi və bu ölkələrdə millət-dövlət sürəcinin gedişinə həssas təsir etdi. Skandinaviyanın özündə isə bir neçə dövlət-millət yarandı. Bunlardan tarixi baxımdan ən qədimi İsveçdir. XVII yüzildə Avropanın və dünyanın ən böyük güclərindən biri İsveç İmperiyası idi. İsveç imperatoru Gustav Adolphus Müqəddəs Roma İmperiyasının başına keçməyə iddialı idi. Həmin bu yüzil İsveç millətinin (İngiliscəsi Swedes, Swedish people) biçimlənməyə başladığı çağlar sayılır.

1789-cu il Fransız inqilabından sonra Avropada dövlət düzəninin yeganə prinsipi millət-dövlət oldu. Bu, yalnız milli hərəkatların qəbul etdiyi nəzəriyyələr üçün doğru deyildi, bu, nəzəriyyələri də aşıb keçdi. İtaliyanın görkəmli inqilab xadimi Giuseppe Mazzini’nin sərrast ifadəsinə görə,  millət-dövlət, millətlərə dayalı doğal dünya düzəninin qurulmasında yolgöstərən prinsipdir. Bu prinsip pozulsa, kültür millətləri ilə dövlətlərin identikliyinə/üst-üstə düşməsinə imkan verilməsə, xalqlar kin və hiddət içinə girəcəklər; kültür və dil baxımından homojen olan, amma  çeşidli dövlətlər arasında bölünmüş xalqlar öz azadlıqlarını və kimliklərini itirərlər.[16] Fransa imperatoru III Napoleon XIX yüzildə millət-dövlət prinsipinə dəstək vermiş ilk Avropa lideri oldu. Onun fikrinə görə, xalqların arzularına uyğun olmadığı üçün  Avropa kontinenti yeni, milli əsasda qurulmaqla 1815-ci il Vyana konqresindən sonra qurulmuş nizama son verə bilər.[17] Öz növbəsində, XIX yüzilin başlarındakı liberal-demokratik milli hərəkatların azadlıq, demokratiya və parlamentli idarəçilik konseptləri yalnız millət-dövlətlərdə gerçəkləşə bilərdi. Onlar millət-dövlətləri konstitusiyalı demokratik düzənin sinonimi sayırdılar. Yeni milli hərəkatların qarşısında duran güclər də az deyildi. Çoxmillətli imperiyaların hökumətləri və kiçik dövlətlərin suveren hakimlərinin ixtiyarında güclü vasitələr vardı. Sülalələr, böyük torpaq sahibləri, məmurlar, ordular, ruhanilərin yuxarı təbəqəsi, heç də az önəmi olmayan universitetlərin əksəriyyəti mövcud durumu qorumaq üçün fədakarlığa hazır idilər.

Millət-dövlətlərin yaranmasının ikinci dalğası yuxarıda da qısaca söz etdiyimiz resorgimento millətçiliyi (İtalyanca dirçəlişanlamında)  fonunda keçdi. Sürəcin coğrafi mərkəzi Orta və Güney Avropaya keçdi. İndiki İtaliya və Almaniyadakı uzun tarixi keçmişi olan kiçik dövlətlər vahid bir millət-dövlətdə birləşdilər.

Fransız inqilabı ideyalarının, özəlliklə Fransız İnqilabı Savaşlarının ən çox təsir etdiyi ölkə indiki İtaliyadakı kiçik dövlətlər oldu. Fransız inqilabı buradakı əski feodal strukturlarını dağıtdı və respublika prinsiplərinin yayılmasına təkan verdi. İtaliyanın birləşdirilməsi və dirçəldilməsi ideyası eyni zamanda quzeydəki əyalətlərin xeyli hissəsini hələ də nəzarəti altında saxlayan Avstriya İmperiyasına qarşı azadlıq ideyaları ilə səsləşirdi. Bu zaman Avstriya imperiyası, nüfuzlu dövlət adamı Klemens von Metternich’in dili ilə İtaliya sözünü yalnız “bir coğrafi ifadə” saydığını bildirməkdə idi.Yeni birləşmiş İtaliyanın qurulması iqtisadi baxımdan irəlidə olan Piedmont’un təşəbbüsü ilə gerçəkləşdi. Xarici və daxili güclərin və maraqların toqquşması, eləcə də yarımadanın əksər hissələrində ənənəvi strukturların güclü olması üzündən birləşmə sürəci bir neçə on il aldı. Mövzunu araşdırmış tarixçilər arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, İtaliyanın birləşməsi sürəcinin 1861-ci ildə əsasən başa çatması daha artıq yayılmış fikirdir. Birləşdirilmiş dövlət yarımadanın çeşidli əyalətləri arasında fərqləri aradan qaldırmağı özünün ilkin vəzifələrindən biri saymışdır. Bu fərqlərin böyüklüyü, məsələn, yuxarıda deyilmiş ortaq dilin hələ çox da yayılmadığında özünü göstərməkdə idi;  İtaliyanın birləşdiyi  ildə əhalinin yalnız 2,5%-i İtalyanca bilirdi. İtaliyanın görkəmli dövlət adamı və yazıçısı Massimo d’Azeglio’nun bəlli ifadəsi çox məşhurdur: “”Biz İtaliyanı yaratdıq. İndi isə İtaliyalıları yaratmalıyıq.” [İtalyan millətini formalaşdırmalıyıq.][18] 

Fransız inqilabı və Napoleon savaşlarından sarsılan başqa bir dövlət qurumu da Müqəddəs Roma İmperiyası oldu. Başqa adı ilə Alman Millətinin Müqəddəs Roma İmperiyası kimi tanınan bu qurumda ən yuksək məqam formal olaraq Avstriya imperatoruna məxsus idi. Bununla belə irili-xırdalı 300-500 dövlət faktik olaraq müstəqil idi. 862-dən üzü bəri sürüb gələn bu imperiya 1806-cı ildə tarixə çevrildi. Hüquqi, inzibati və siyasi parçalanmaya baxmayaraq, keçmiş imperiyanın Almandilli ərazilərinin əhalisi ortaq dil, kültür və hüquq ənənələrinə sahib idilər və bu keyfiyyətlər Fransız inqilabından sonrakı savaşlar zamanı daha da önəm qazandı. Sosial və siyasi təşkilatlanmanın sülalə və mütləqiyyətçi modellərinə meydan oxuyan  Avropa liberalizmi Almandilli torpaqların birləşməsi üçün intellektual baza yaratdı; bu liberalizmin Alman variantı burada ənənə, təhsil və dil birliyinin önəmini vurğulamaqda idi. 

Gömrük birliyinin (Zollverein, 1834) yaranması və onun Alman Konfederasiyasının başqa dövlətlərini  də içinə alması dövlərlərarası və dövlətdaxili rəqabəti azaltdı. Vyana Konqresindən sonra Avstriya Orta Avropada dominant gücə çevrildi. Ancaq elə Vyana Konqresində iştirak edən tərəflər Alman dövlətləri arasında Prussiya Krallığının, Avsriyanın liderliyini təhdid edə biləcək artan gücünü təxmin edə bilmədilər. Bu Alman dualizmibirləşmə problemi qarşısında  iki həll yolunun olduğunu göstərdi: birisi kiçik Almaniya yolu (Avstriyasız Almaniya), obiri böyük Almaniya yolu (Avstriya ilə birlikdə Almaniya). Tarixçilər arasında Prussiyanın birinci naziri Otto von Bismarck’ın beynində 1866-cı ilin Quzey Alman Konfederasiyasının sərhədlərini başqa müstəqil Alman dövlətlərinin hesabına genişləndirməsi planının olması, ya da sadəcə Prussiya Krallığını gücləndirməsinin olması haqqında fikir ayrılıqları vardır. Hər halda mövcud şərtlər Bismarck’ın Realpolitik’inin uğur qazanması ilə yanaşı, XIX yüzildə siyasi, iqtisadi, hərbi və diplomatik münasibətlərin yenidən qurulması üçün ilk modern dövr dövlətlərinin bir yerə yığılmasına gətirib çıxartdı. Danimarka və Fransız millətçiliyinə reaksiya Alman birliyi ideyasının ətə-qana dolmasına təkan verdi. Regional savaşlarda (1864, 1866, 1870-71) Prussiyanın hərbi qələbələri ruh yüksəkliyi və qürur hissi yaratdı. Bu da siyasətçilərə birləşmə sürəcini irəli aparmaq imkanı verdi. Fransa-Prussiya savaşında Fransanın məğlub olmasından sonra 1871-ci ilin yanvarında Versal sarayında Alman dövlətlərinin başçıları toplanaraq, Prussiyanın kralını yeni Alman İmperiyasının kralı elan etdilər; federativ Alman dövlətinin yaranması sürəci formal olaraq başa çatdı; bu, həm də Alman dualizminin heç olmasa müvəqqəti olaraq gündəmdən düşməsi ilə sonuclandı. Ancaq gurultulu nitqlər, bayraqlar, səs-küylü kütləvi yığıncaqlar, ana yasa, siyasi cəhətdən yenidənqurma, Gömrük Birliyinin yeni variantının qəbulu hələ bir millətin formalaşması demək deyildi.[19]

Millət-dövlətin başlıca ünsürü aydın formulə edilmiş və gerçəkləşdirilmiş milli siyasət vasitəsilə milli mədəniyyətin inşa edilməsidir. Birləşmədən dərhal sonra, 1872-78-ci illərdə məhz Bismarck’ın təşəbbüsü ilə Kültür mübarizəsi (Kulturkampf) adlandırılan siyasət yeridildi. Bu siyasətin məqsədi  Alman toplumunun özəlliklə dil, təhsil və din sahəsindəki ziddiyyətlərini aradan aparmaq idi. Yeni siyasət məktəblərdə standart proqramların qəbul edilməsini, şagirdlərdə ortaq keçmiş haqqında təsəvvürlərin yaradılmasını nəzərdə tuturdu. Friedrich Dahlmann (1785–1860), onun tələbəsi Heinrich von Treitschke (1834–1896), eləcə də Theodor Mommsen (1817–1903),  Heinrich von Sybel (1817–1895) və başqa tarixçilərin əsərləri millət və milətçilik haqqında təsəvvürlərin və nəzəriyyələrin bitkinləşməsində önəmli rol oynadı. Təhsil sahəsində almanlaşdırma siyasətinin məqsədi Polşa və Danimarka azlıqlarına qarşı yönəlmişdi. Din sahəsində islahatlar Roma Katolik Kilsəsinin ölkədə nüfuzuna qarşı yönəlmiş, Jezuit, Frankiskan, Dominikan kimi dini ordenlərin qadağan edilməsi ölkədə məzhəb birliyini yaratmaq məqsədi daşımışdır. Bu tədbirlərə qarşı çıxan din xadimləri ciddi cəzalandırıldılar.

Alman siyasətçilərinin bir qismi üçün millət məfhumuna plüralist yanaşma xas deyildi; özəlliklə bu, Katoliklərlə yanaşı, Yəhudi azlığına münasibətdə də özünü göstərdi. Məhz bu xüsusiyyətinə görə Peter Alter  Alman millətçiliyini inteqrativ, əslində, assimilyativ millətçilik sayır.[20] Böyük Alman sosioloqu Max Weber bu tip millətçiliyin gələcəkdə fəsadlarını hiss edirmiş kimi 1895-ci ildə yazırdı: “Biz anlamalıyıq ki, Almaniyanın birləşməsi ahıl yaşındakı bu millətin gənclərə xas eyş-işrət məclisində kef çəkməsi idi; kaş ki, bu olmayaydı, çünki bu, çox böyük israfçılıq oldu; kaş ki, bu, Alman təhdid siyasətinin qlobal miqyasda başlanğıcı deyil, sonucu olaydı.”[21]

Avropada millət-dövlətlərin yaranmasının üçüncü mərhələsi bu qitənin doğu-orta və güney-doğu bölgələrində XIX və XX yüzilin başlarında ortaya çıxdı. Bu mərhələnin də özəlliyi onun kültürə dayalı millətlər konseptinin üstünlüyü şəraitində baş tutması oldu. İkinci özəllik isə nəhəng çoxmillətli imperiyalardan milli birliklərin ayrılması idi. Osmanlı İmperatorluğu Xristian güclərlə daimi savaşların nəticəsində Balkanlardakı  ərazilərini itirdi, Rusiya İmperiyası və Habsburq monarxiyasının zəifləməsi isə inqilabların və Birinci Dünya Savaşının nəticəsində baş verdi. Batı Avropada millət-dövlətlərin bir hissəsi isə böyük dinastik vahidlərdən qopmaqla yarandı. Bu bölgələrdəki xalqlar özlərini əsas etibarı ilə dil və etnik baxımdan hakim millətdən fərqli toplum saymışlar. Onlarda siyasi şüur, içində yer aldıqları dövlətin vasitəsi ilə yaranmadı. Bu şüur özünəməxsus milli ənənələrə yad olan və onları dağıdan düzənə etiraz dalğasında əmələ gəlmişdir.[22]1830-ci ildə Yunanıstan Osmanlıdan, Belçika Birləşmiş Niderlanddan, 1878-ci ildə Rumıniya, Serbiya və Monteneqro Osmanlıdan, 1905-də Norveç İsveçdən, 1908-də Bolqarıstan və 1913-də Albaniya Osmanlıdan, 1917-də Finlandiya Rusiya İmperiyasından qopdu. 1918-ci ildə Polşa, Çexoslovakiya, Estoniya, Latviya, Litva, Serb, Xorvatiya və Sloven Krallığı (son üçü 1929-cu ildən Yuqoslaviya) adlı yeni dövlətlər ortaya çıxdı. Yenə həmin ildə Ukrayna, Quzey Qafqaz, Gürcüstan, Azərbaycan və Ermənistanda yeni müstəqil dövlətlər meydana çıxdı (ancaq az sonra Sovet Rusiyası onları işğal etdi). 1922-ci ildə isə İrlandiya Böyük Britaniyadan bağımsızlığını qazana bildi.

Avropada millət-dövlətlərin yaranmasının sonuncu, dördüncü mərhələsi isə Soyuq Savaşın bitməsi və Sovet ittifaqı, Yuqoslaviya və Çexoslovakiyanın tarixə çevrilməsi ilə baş tutdu. Dünyanın başqa yerlərində, Asiya və Afrikada yeni bağımsız millət-dövlətlərin elan edilməsi isə əsasən 1960-larda Avropa müstəmləkə sisteminin dağılması dövrünə düşür. Ancaq ayrı-ayrı bölgələrdə bu sürəc davam etməkdədir və millət-dövlətlərin yaranması sürəcinin dünya miqyasında tamamlanması, hətta millət-dövlətlərin artıq ömrünü başa vurması haqqında fikirlər həqiqətə uyğun deyildir.[23] Məkan və zaman baxımından millət-dövlətlərin yaranması fərqli cəhətlərə malik olsa da, onlar ortaq özəlliklərə sahibdirlər. 

Millət-dövlətlərin özəllikləri

Millət-dövlət konsepti çoxmillətli dövlətlər, şəhər dövlətləri, imperiyalar, konfederasiyalar və başqa dövlət quruluşlarından fərqlənir, hətta onlara ziddir. Burada əsas fərqləndirici özəllik millət-dövlətdə bir millətlə bir dövlətin üst-üstə düşməsidir. Halbuki, məsələn, XVIII yüzildə Avropada mövcud olmuş çoxetnoslu imperiyalarda – Avstriya İmperiyası, Fransa Krallığı, Macarıstan Krallığı, Rusiya İmperiyası, Osmanlı İmperiyası, Britaniya İmperiyası və kiçik dövlətlər haqqında bunu demək mümkün deyildir. Bu imperiyalar monarxiya idilər və kral, imperator, ya sultan tərəfindən idarə edilirdi. Bu dövlətlərin əhalisi çeşidli etnik qruplara bölünür, çeşidli dillərdə danışırdı. Adətən bu imperiyalarda bir etnik qrup hakim mövqeyə malik idi və onun dili rəsmi dövlət dili idi. Hakim sülalə adətən bu etnik qrupdan olurdu, ancaq intisna hallar da mümkün idi. Avropadakı kiçik dövlətlər (bizdəki xanlıqlar, bəyliklər kimi) etnik baxımdan mürəkkəb  olmasalar da dinastik dövlətlər idi və bir xanədan ailəsi tərəfindən idarə edilirdi. Onların ərazisi sülalə nigahları vasitəsilə genişlənə bilərdi. Onlar bir qayda olaraq əlahiddə dilə və kültürə sahib deyildilər, ətrafdakı bölgədə də eyni dil və kültür yayğın idi.

Ənənəvi dövlətlərdən fərqli yeni millət-dövlətlərin meydana gəlməsi ilə durum dəyişdi.  Sonuncunun yaranmasında ən mühüm amil XVIII yüzil Avropasında durmadan yayılan xalq hakimiyyəti, ya milli hakimiyyət fikri oldu. Artıq kral ailəsi, ya zadəganların hakimiyyəti fikrinə qarşı çıxan görüşlər millətçi axın və fikirlərdə önəmli yer tutdu. Teokratik, ya aristokratik ünsürlər siyasi anlamda legitimliyin əsasını təşkil etmək keyfiyyətini sürətlə əldən verdilər.  Hakimiyyətin qaynağının və sahibinin millət olması prinsipi bu millət-dövlətlərin birinci təməl ünsürü halına gəldi. Uyğun olaraq milli hakimiyyəti təmsil edən parlamentlər (ya milli məclislər, daha doğrusu – millət məclisləri) dövlətlərin anayasalarına görə ən üst qurum olaraq qəbul edildi.

Millət-dövlətlərin ikinci təməl ünsürü milli kimlikdir. Aşağı-yuxarı hər kəsin ortaq və tək bir üst kimliyə sahib olması, mənimsənmiş bir üst-kültür və yerləşmiş milli şüurdan ibarət olan bu milli kimlik nə qədər sağlam qurula bilərsə, millətləşmə o qədər  təmin ediləcək, siyasi və ictimai sistem o qədər problemsiz işləyə biləcəkdir.[24] Bu səbəbdən də millət-dövlətlər üçün millətləşmə sahəsində yürüdülən siyasətlər; etnik, dini, regional alt kimlikləri milli kültür qazanında əritmək; yeganə bağlılıq nöqtəsi olaraq vətəndaşın milləti görməsini təmin etmək çox önəmlidir. Vətəndaşların özlərini millətlə eyniləşdirməsi səviyyəsini artırmaq üçün milli marşlar (himnlər), paytaxtlar, tarixi abidələr, bayraqlar, armalar, tarixdəki zəfərlər və qəhramanlar, təbiət gözəllikləri kimi simvollar dövlətlərin kimlik siyasətlərində istifadə edilməkdədir. Ortaq ədəbi dilin, ortaq tarix düşüncəsinin, milli təhsil sisteminin yaradılması millət-dövlətlərin vaz keçəmədikləri işlərdəndir. Yuxarıda millət-dövlətlərin qurulduğu dövrdə Fransa və İtaliyada əhalinin yalnız az bir hissəsinin ortaq dildə danışa bildikləri haqqında tarixi fakta diqqət çəkmişdik. Bir neçə onildən sonra bu ölkələrin əhalisinin əksəriyyətinin artıq ortaq ədəbi dildə danışdığı bildirilir. Dövlətin yürütdüyü bu siyasət nəticəsində 1920-lərdə artıq Fransanın batısında və güneyində də Fransızca danışıldığı bildirilir.[25]

Araşdırıcılar, bu iki təməl ünsürlə (milli hakimiyyət və milli kimlik) yanaşı, millət-dövlətlərin üç ortaq qurucu özəlliklərindən (ölkə, siyasi və idari bütünlük) də söz etməkdədirlər. Millət-dövlətlərdə millət kimi ölkənin də bölünməzliyi prinsipi vacibdir. Millətçilik ölkə torpaqlarını  dəyər yuklü bir qavram (vətən) halına gətirərək bir qayda olaraq onu müqəddəsləşdirir. Vətən və sərhəd qavramları bütünləşərək özəl bir anlam ifadə etməyə başlayır. Ölkə sərhədləri içində  mərkəzi hakimiyyətdən ayrı və ona bərabər olan hakimiyyət adacıqlarına millət-dövlətlərdə müsbət yanaşılmaz. Millət-dövlətlərdə ölkə torpaqları dəqiq müəyyən edilmiş, müqəddəs bir mahiyyət daşıyan, sədaqət ünsürü vəsfinə sahib və üzərində tək bir legitim hakimiyyətin olduğu bir ərazini ifadə etməkdədir.[26]

Birlik və bütünlük içində bir topluluq (birlik) qurmaq üçün  millət-dövlət, kültür bütünlüyünün yanında siyasi bütünlüyü də yaratmalıdır. Başqa sözlə, millət-dövlətlər toplumu ortaq bir siyasi kültür ətrafında bütünləşdirməkdə, bir siyasi topluluq halına gətirməkdə də maraqlıdır. Bu siyasi bütünlük ölkədə tək bir siyasi hakimiyyətin varlığını, siyasi iradənin bir mərkəzdə toplanmasını, ya da bu mərkəzdən paylanmasını, hər yerdə eyni qanunların keçərli və bərabər olmasını ehtiva edir. Siyasi bütünlük əsasən vətəndaşlıq bağı deyilən, fərdlə dövlət arasındakı hüquqi bağla təmin edilməkdədir.[27]  

Millət-dövlətin üçüncü qurucu özəlliyi idari bütünlükdür, yəni bir mərkəzi hökumət ətrafında təşkilatlanan idari və siyasi vahidlərin var olmasıdır. Milli hakimiyyət prinsipindən qaynaqlanan tək bir hökumətin varlığı, bu hökümətdən qaynaqlanan eyni tipli, güclü və təsirli bir idari təşklatlanmanın ölkə miqyasında mövcudluğu önəmli bir millətləşmə vasitəsi sayılmaqdadır.[28]

Nəticə

Beləliklə, Avropada millət-dövlətlərin yaranması haqqında yuxarıda qısaca göz atdığımız tarixi təcrübə və bu sahədə çalışmış mütəxəssislərin fikirlərinə dayanaraq millət-dövlətə aşağıdakı kimi yanaşmaq mümkündür: Millət-dövlət, eyni məkanda, ya aşağı-yuxarı eyni zamanda mövcud olan dövlətlə mütləq hakimiyyəti əlində saxlayan millətin bir arada olmasının ifadəsidir. Siyasi-etnik təşkilatlanmanın millət-dövlət formasını var edən gerçək milli hakimiyyət, biçimlənmiş milli kimlik təməl ünsürləri və ölkə coğrafiyasının, siyasətinin və idarəsinin bütünlüyüdür.

Bügünkü dünyada mövcud olan dövlətlərin əksəriyyəti bu keyfiyyətlərə malik olduğunu iddia edir. Halbuki yuxarıda da işarə edildiyi kimi onların çoxu bu keyfiyyətlərə yaxın belə gəlmir. 

 


[1] John T. Rourke, International Politics on the World Stage, Connecticut: DPG, 1989, p. 158.

[2] Peter Alter, Nationalism, London etc: Edward Arnold, 1994, pp. 70-74. Anthony D. Smith bu sıralamanı belə müəyyən edir: İngiltərə, Fransa, İspaniya, Hollandiya, İsveç və Rusiya (Anthony D. Smith, The Ethnic Origins of Nations, Oxford: Basil Blackwell, 1986, p. 138).

[3] Joseph R. Strayer, Medieval Statecraft and the Perspectives of History, Princeton: Princeton 

   University Press, 1971, p. 347.

[4]  Liah Greenfeld, Nationalism: Five Roads to Modernity, Cambridge: Harvard University Press, 1992, 

   p. 42.

[5] Adrian Hastings, The Construction of Nationhood. Ethnicity, Religion and Nationalism, Cambridge:    Cambridge University Press,  1997, p. 15.

[6] Yenə orada, s. 64.

[7] Dutch/Datç sözü Əski İngiliscədə “millət” deməkdir. Öztürkcəmizdə buna yanlış olaraq “Niderland dili” deyilir.

[8] Dutch people məqaləsi, Wikipedia.

[9] Emmanuel Le Roy Ladurie,  The French peasantry, 1450–1660,  Berkeley and  LA: University of     California Press, 1987, p. 32.

[10] Geniş bilgi almaq üçün baxın: Urban T. Holmes, Jr,  Alexander H. Schutz,  A History of the French Language, Columbus, OH: Harold L. Hedrick, 1948, p. 61.

[11] R.J. Knecht, The French Wars of Religion: 1559-1598, London etc: Longman Pearson Education Limited, 1996, p.3.

[12] Baxın: Henry Kissinger, Diplomacy, New York etc.: Simon & Schuster Paperbacks, 1994, Chapter three. 

[13] Eric J. Hobsbawm, Nations and Nationalism since 1780: Programme, Myth and Reality, Cambridge: Cambridge University Press, 1990, p. 60.

[14] Eugen Weber, Gauls versus Franks: Conflict and Nationalism, Robert Tombs (ed.), Nationhood and Nationalism in France. From Boulangism to the Great War. 1889-1918, London and New York: Routledge, 1991, p. 9.

[15] Yenə orada, p. 19.

[16] Alıntı: Peter Alter, Nationalism, p. 67.

[17]  Yenə orada.

[18] Hugh Seton-Watson, Nations and States. An Enquiry into the Origins of Nations and the Politics of Nationalism,London: Methuen Publishing, 1977, p. 107.

[19] David Blackbourn, The Long Nineteenth Century: A History of Germany, 1780–1918, New York: Oxford University Press, 1998, pp. 240-290.

[20] Peter Alter, Nationalism, pp. 26-38.

[21] Yenə orada, p. 28-29.

[22] Yenə orada, p. 71.

[23] Bu fikirlər haqqında, məsələn, baxın: Jean-Marie Guehenno, End of the Nation-State,University of Minnesota Press, 1993; Kenichi Ohmae, The End of the Nation State.The Rise of Regional Economies, Harper Collins Publishers, 1995;

[24]Jurgen Habermas, Avropalı Ulus-Devlet, Tartışılan Sınırlar Değişen Milliyyetçilik, Derleyen: Armağan   Mustafa, İstanbul: Şehir Yayınları, 2001, s. 88.

[25] Köksal Şahin, Küreselleşme Tartışmaları İşığında Ulus-Devlet, İstanbul: İlgi, kültür, sanat, 2007, s. 144.

[26] Yenə orada, s. 146.

[27] Yenə orada, s. 146-147.

[28] Yenə orada, s. 148.

Prof. Nəsib Nəsibli, [email protected]

N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN