Milli olmayan, bəşəri deyil

Milli olmayan, bəşəri deyil

Hörmətli, hüquqşünas alim İlham Rəhimovun  “Bizə  milli ideolgiya lazımdırmı?” (“Yeni Müsavat” qəzeti,21 noyabr 2012-ci il,cayı 309. ) yazısı, elə adının sual kimi qoyluşundan diqqəti cəlb edir. Oxucuda yaranan ilk təəssrat  sanki müəllifin – lazım deyil - nəticəsinə gələcəyi olursa da, lakin, biz yazıda belə fikrə rast gəlmirik.Yazıda, başlıqda qoyulan suala – bəli, lazımdır – cavabı da yoxdur.

Bununla belə, müəllif “Əgər biz ideologiyaya millətin özünüdərkinin, hüquqi dünyagörüşünün və bununla həmahəng inkişaf prosesinin nəticəsi kimi baxırıqsa, bu başadüşüləndir.”, “Bu baxımdan fransızların, ingilislərin, almanların və s. millətlərin öz milli ideologiyaları olması fikri ilə razılaşmaq olar.” deyir. Amma, bundan qabaqkı abzasda isə “Əgər söhbət demokratik və hüquqi  dövlətdən gedirsə,onda biz  hər hansı milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməliyik.” deyə, bildirilir.

Məsələn, şəxsən mənə aydın deyil ki, müəllif niyə “...fransızların, ingilislərin, almanların və s. millətlərin öz milli ideologiyaları olması” fikri ilə razılaşır, bunu normal sayır, amma  bizim özümüzə gələndə isə “...milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməli...” olduğumuzu bildirir. Bəlkə də, bizim milli düşüncələrimizin, yalnız, ikinci dərəcəli ola biləcəyini düşünür...ola bilər. Amma, mən belə düşünmürəm.

Yeri gəlmişkən, millətin, xalqın, yalnız, digərləri tərəfindən qəbul edilə bilən dəyərləri  bəşəri, yəni,  ortaq dəyər statusunu ala bilir.

Qaldı, rusların  Rusiyada, 20-ci əsrin 90-cı illərində özlərinin milli idelogiyalarını yaratma cəhdlərinin uğursuzluğa düçar olması – bu, ölkə ərazisində yaşayan köklü (aborigen) xalqlarının, millətlərinin, onların (rusların) sömürgəçi (imperialist), əzici arzularının tam həyata keçməməsi ilə izah oluna bilər. Axı ruslar, öz milli ideologiyalarını, yalnız, tarixi Rusiya  ərazisinə deyil, onlara dəxli olmayan, işğal etdikləri  tarixi  türk, müsəlman xalqlarının ərazilərinə də şamil etmək istəyirdilər. Odur ki, qarşılaşdıqları milli müqavimət hərəkatı nəticəsində indiki federasiya subyektlərinin tanınması reallıqı ilə barışası oldular.

Deməli, ruslar bu məsələdə bizə pis nümunə ola bilməzlər, çünki, biz onlardan fərqli olaraq öz tarixi ərazimizə, xalqımıza  şamil olunacaq milli ideologiya qurmalıyıq. 

Müəlif qələmə aldığı fikirləri kifayət qədər ətraflı, məntiqli və elmi  təcrübəni nəzərə almaqla izah edir.

Yazıda gəlinən nəticə belədir: ”Gələcəyin açarı hüquqi dövlətin qurulmasında, ümummilli həmrəylikdədir. Ümummilli ideya da bir-birini yaradan və  tamamlayan dediyimiz bu iki prinsipdən keçir.”

Məsələ, təqribən məlumdur. Əvvəla, öz mövcudluğumuz qədər vacib bir məsələni  özümüzçün aydınlaşdırmalıyıq. Görək ümumiyyətlə, milli olmaq yavadırmı, ilk növbədə başqasına (başqa xalqa, millətə), nəticə etibarilə isə özümüzə də ziyandırmı? Məsələn, müəllif  buna kommunist və faşist ideologiyasının puçluğunu misal kimi xatırladır (əslində bunlar da, formaca müxtəlif, mahiyyətcə eyni idelogiyalardır və ikinci, təcrübəçi  kimi birincidən bəhrələnmişdir.). Amma, nədənsə, sionizmi bu qəbildə sıralamaq xəyalına da gəlmir.

Ümumiyyətlə, biz kimə görəsə, niyə milliliyimizdən (oxu, özlüyümüzdən) imtina etməliyik? Sual olunur, bizim millilikdən uzaqlaşıb “onlar” kimi olmağımızı umanlar, tələb edənlər və bunu müasirliyin yaşam tərzi kimi təqdim edənlər, əslidə isə sırıyanlar, özləri də, bizdən tələb etdikləri kimi, öz milliliklərindən imtina edirlərmi? İnanmıram! Nəhayət, bizə dolayısıyla təklif olunan, hansısa millətin, haçansa dəyəri olubmu, dəyəridirmi? Olubsa, bu təklifi öz adıyla niyə adlandırmır, ümumi, bəşəri adlandırır? Yox, onların deyilsə, hardan düşüb, alınıb, necə deyərlər, bunun  “atası”, “anası” kimdir? Göründüyü kimi, əsaslı, bəzən, cavablandırılası mümkün olmayan suallar çoxdur.

Lap, başdan başlasaq, məlumdur ki, bütün toplumlar, bütün zamanlarda, özlərinin təbii, özəl, onlara sərfəli, ümumi cəhətlərinə görə bir araya gəlmiş, bunların əksi olduğu halda, dağılışmışlar. Bütün bunlar, bu gün milli adlandırdığımız əlamətlər deyilmi? Əlbəttə, belədir. Bütün toplumlarda, hansı keyfiyyətindən, necəliyindən asılı olmayaraq, aparıcı çoxluq, yəni, bugünki millət, xalq, məsuliyyəti (ölüm, qalım məsələsini) oz üzərinə götürüb də cəmiyyəti yönlətmişdir. Elmi qavram budur ki, bunsuz cəmiyyət təbii olaraq yaşaya bilməzdi və heç vaxt yaşaya da bilməz. Çünki, həyatda, mövcudluq uğrunda mübarizə apara bilənlər yaşaya bilir, başqası, yox! Bu prinsip, bu gün də, başqa ad altında, daha pərdələnmiş formada mövcuddur, qüvvədədir. Bugünki öncül  bəşər - icma, qəbilə, tayfa, sülalə təbii seçməsindən, mütləqiyyətindən – təkhakimiyyətliyindən keçib, idarəçiliyin daha geniş və təkmil – xalq demokratiyasına söykənən, qanunun aliliyi gözlənən, yəni, hüquqi dövlət formasında qərarlaşıb ki, bunların da müəllifi, daşıyıcısı, passionar – aparıcı millilikdir – mllətdir, xalqdır, onların ayrılıqda nümayəndələridir. Bu ki, danılmaz!

 İdarəçiliyin bu, ən üstün, yəni, hüquqi dövlət formasının nəticəsi – ABŞ, Qərbi Avropa, Öncül Asiya (Yaponiya,Cənubi Koreya, Sinqapur və s.) ölkələridir ki, qalan (o cümlədən bizim) ölkələrin vətəndaşları bu ölkələrdə yaşamağın həsrətindədir. Bu gün ayağı yer tutan, bu ölkələrə gedib, qürbətdə yaşamağı, doğma vətəndə yaşamaqdan üstün tuturlar. Sual olunur, niyə?

Çünki, bu ölkələrdə insanın yaşam haqqına təminat verən  hüquqi  dövlətlər qurulmuşdur.

...Necə ki, 1776-cı ildə qəbul edilmiş  “ABŞ-nın istiqlal Bəyənnaməsi”, Amerikanın on dahisi adını  almış şəxslər konqresin tapşırığı ilə üç ay müddətinə hazırlamış, 1787-ci ildə qəbul edilmiş (1789-cu ildən qüvvədədir), “Amerika Konstitusiyası”, (onlardan 10-u 1789-cu ildə “Hüquqlar Haqqında Bill”i  adı ilə) qəbul olunmuşdur. Bu gün bütün mədəni dünyanın qibtə və fəxr etdiyi, doğrudan da bəşəri sayılan bu tarixi dəyərli sənədlər  elə sanballı hazırlanmışdır ki, 225 ildən artıqdır cüzi dəyişikliklə (27)  qüvvədədir.

Əlbəttə, bu gün xalqların, millətlərin ortaq dəyərlərinin sayı genişdir. Və bu bölüşülə bilən ortaq dəyərlər, ilk olaraq, hökmən hansısa fərdlərin, deməli millətlərin, xalqların  “mətbəxindən” çıxıb. Çünki, belə olmaya bilməz, ən azı hardansa  “düşməsi” məlum deyil. Bu başqa məsələ ki, tarixən müxtəlif xarakterli xalqlarda, mövcud olan müxtəlif cür  “mililiklər” keyfiyyətcə fərqli olub, ictimai, siyasi hadisələrin nəticəsi kimi, bu gün mənfi, yaxud, müsbət qiymətləndirilə bilən izlər buraxıblar. Müəyyən mənfiliklər milliliklərin “qüsurudursa” (ki, bu da təbii sayılmalıdır), bəs onda, bu gün mükəməl sayılan, xalq demokratiyasına əsaslanan hüquqi dövlətlərdəki, vətəndaş cəmiyyətlərindəki, bəzən məsələyə yanaşmada ayrı-seçkilik, yəni ikili standartlar kimin, nəyin qüsuru sayılmalıdır? Göründüyü kimi, məsələ (qüsur, problem) heç də millilikdə, yaxud, qeyri mililikdə deyil, məsələ dəyərin keyfiyyətinin necə olmasındadır.

Dövlət siyasətinin, qanunların milli ideologiyaya əsaslanmadan yeridilməsinin, qəbul edilməsinin ən acı tarixi nümunəsi  bizə yaxın olan “osmanlıçılığ”ın Osmanlı İmperatorluğunu çökdürməsidir. Baxmayaraq ki, Osmanlı  İmperatorluğu  osmanlı türkləri tərəfindən qurulmuşdu, lakin, “Türkiyədə türkləri hakim sinif adlndırmaq çətindir” (K.Marks və F.Engels, 1853-cü il, əsərləri, rusca 2-ci nəşrinin 9-cu cildi, səh.6.bax, Ziya Göyalp,  ”Türkçülüyün əsasları” Bakı, 1991, səh.9.). “Nə dövlət onların adını daşıyır, nə də yeritdiyi  səyasət millətçilik ruhuna söykənmirdi. Bu baxımdan sultan II Mahmudun bu sözləri danışdığımız gerçəkliyi gözəl ifadə edirdi: ”Mən təbəəmdəki din fərqlərini ancaq came, kilsə və sinaqoqlara girdikləri zaman görmək istərəm” (Ziya Göyalp. ”Türkçülüyün əsasları” Bakı, 1991, səh.9.)”. ”Dövlət əslində ölkə içində türkün mənafeyini xristianların, türk olmayan müsəlmanların marağına qurban verirdi. Buna görə də türk əhalisi gözdən düşmüş durumda idi. Türklərin bu durumu – ağır yaşamı tanınmış fransız yazıçısı Röne Pinona bu istehzalı sözləri  dedirtmişdi: “Osmanlı imperatorluğunda hər kəs üçün yer vardır. Türklər üçün də. ”(Elman Mustafaoğlu, yenə də orada). Əsl tarix dərsliyinə salınmalı, ibrət alınmalı acı tarixi dərsdir.

Əslində, Osmanlı sultanı II  Mahmudun bu sözləri, yəni digər millətlərdən olan təbəələrini, öz doğma türk xalqı ilə eyni gözdə görməsi, sosial ədalət mövqeyindən, zamanca ideal bir baxış olsa da, lakin türkün aparıcılıq (pasionarlıq)  haqqını pozurdu. Və bu səhvlərdən  ustalıqla istifadə edən rəqibləri, sultanların səmimiyyətlə davrandığı (bəslədiyi) xalqları separatçı vədlərlə məqamında onun üzərinə qaldırdılar, nəinki Osmanlı imperiyası dağıldı, hətta türklər öz istiqlallarini itirdilər. Sultanların vaxtilə çox əzizlədiyi xalqların bəzi nümayəndələrinin qiyamçılığı bu gündə Türkiyəni zəiflətməkdə davam edir. Yeri gəlmişkən, yuxarıda xatırlanan, öz vətəndaşına eyni gözlə, ideal baxış, Qərbi Avropa ölkələrində hələ də tam nail olunmayan bir arzudur.

Türklərin, müsəlmanların bütün ölkələrdə, məqamlarda zaman-zaman gerilədiyini, yaşam haqlarınıın tapdandığını görən İsmayıl bəy Qaspıralı (Krım), Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan), Ziya Göyalp (Türkiyə) kimi ziyalılarımız öz xalqını gerilikdən, əsarətdən qurtarmq üçün yollar aramış, bir neçə il sürən ağır müzakirədən, təhlildən sonra nəhayət, sonuncu, bütün  öncül düşüncələri birləşdirərək, 1918-ci ildə nəşr etdirdiyi “Türkləşmək, islamlaşmaq, müasirləşmək” adlı kitabında toplamışdır (Yenə də orada, səh.13). Nəhayət, uzun müzakirələrdən sonra aydınlarımız tərəfindən hasilə gətirilən bu milli ideologiya əsasında, məqamında çar Rusiyası əsarətində olan Quzey Azərbaycanda – Azərbaycan Xalq Cumhuriyyəti (1918), çökmüş Osmanlı İmperiyasınin yerində - Türkiyə Cumhuriyyəti (1923) qurulmuşdur.

Bizim milli ideologiyamızın təməlini  həm də böyük öndər M.Ə.Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” (M.Ə.Rəsulzadə. ”Azərbaycan Cümhuriyyəti” səh.3.Bakı,1990.) şüarı təşkil edir ki, bunların da əsasında  dövlət qurluşunun təməl prinsipləri, yaşam tərzimizi müəyyən edən əsas qanunlarımız qəbul edilmişdir. Deməli, əslində bu gün milli ideologiya dedikdə, əsas qanunlarımızı göz ününə gətirmək və onların düzgün tətbiqinə çalışmaq lazımdır. Başqa sözlə, bu gün dünyanın qabaqcıl ölkələrindən geri qalmamaq, hətta, onlardan da üstün olmaq üçün milli ideologiyamızı - əsas qanunlarımızı mükəmməl etmək, onların reallığını təmin etmək, ölkə idarəçiliyini inkişaf etdirmək lazımdlr.

Yeri gəldikcə, qanunlarda göstərilməsi mümkün olmayan, xalqımızın bəzi taleyüklü məsələlərinin həlli üçün digər zəruri sənədlər də qəbul oluna, həyata keçililə bilər.

Milli ideologiyanın xalqın taleyində oynadığı müstəsna rolunu anlatmaq üçün Türkiyədə istiqlal savaşının qəhrəmanı, böyük öndər M.K.Atatürkün sözləri çox  ibrətamizdir. O, deyir: ”Ətimin və sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır. ”(Yenə də orada, səh.5.). Əslində bu deyim, bütün milli hərəkatçılara da aid edilə bilər.

M.K.Atatürk bu barədə daha sonra demişdir: “Milli hegemonluq uğrunda canımı vermək mənim üçün vicdan və namus borcu olsun. ”1923., ”Demokratiya prinsipi hegemonluğun millətin əlində olduğunu, başqa heç kəsə məxsus olmadığını tələb edir. Bu  surətlə demokratiya prinsipi siyasi gücün, hegemonluğun qaynağı və konstitusiya əsasları ilə sıx bağlı olduğunu göstərir. Demokratiyanın tam və ən aydın hakimiyyət forması Respublikadır.”1930. (Utkan Qocatürk, “Atatürk”, Bakı, Elm, 1991,səh.111.)

Bəzən, tarixi  “unudanlar” bir millətin milli ideologiyası, aparıcılığı, tarixən böyük zəhməti, can və mal itkisi hesabına qurulmuş bir dövləti, cəmiyyəti, yalnız bu günki, bütövdən ayrıca götürülmüş (kontekstdən çıxarılmaqla) dəyərləri əsas gətirməklə, öz dədəsinin  mirasına sahib çıxırmış kimi, elə pay-püş etmək iddiasına düşürlər ki, məəttəl qalırsan. Sanki, ”Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.” adlı atalar məsəli həyat  səhnəsində tamaşaya qoyulub. Bu gün, necə deyərlər, artıq suların durulduğu bir vaxtda bəzi yeni ayılanlar tarixin əlifbasına bələd olandan sonra belə hesab edirlər ki, aparıcı (passionar) xalqlar, o cümlədən Azərbaycan türkü, öz taleyinin necəliyi sual altında olan zaman çarpışmalarında necə dövlət qurmağı onlarla razılaşdırmalıymış...(?!). Bu fikir məntiqsiz olduğu qədər  qəribə olsa da, mən öz payıma söz verirəm ki, gələcəkdə yaşayış uğrunda  tarixi mübarizədə belələrini də bizimlə birlikdə çarpışan görsəm hökmən nəzərə alarıq, necə ki, bizim cümhuriyyət yaradıcıları vaxtında bunu ediblər. Millətindən, irqindən, cinsindən, inancından asılı olmayaraq  qanun qarşısında hamının bərabər haqqını tanıyıblar. Cühuriyyətin parlamentindəki rus, erməni, yəhudi və s. millət nümayəndələri belə bütün dövlət əlamətləri kimi  üçrəngli bayrağımızı  qəbul etməklə  milli haqqımızı tanıyıblar (daxilən istəməsələr belə, çünki biz onu fakta çevirmişik).18 oktyabr 1991-ci il tarixdə həmən bu dövlət bərpa olunub (Dövlət Müstəqilliyi günü.).

Halbuki, çox düzün deyilmişdir: “Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət.” (M.Ə.Rısulzadə.”Azərbaycan Cümhuriyyəti” səh.3.Bakı,1990.)

Biz, sələflərimizin dəyərli irsini daima oxumalı, öyrənməli, ondan dərs almalıyıq, çünki bunlar tarixi təcrübədən keçmiş, özünü doğruldan və doğrultmayan  gerçəkliklərdir, yəni, ən böyük məktəbdir.

Bizim aydınların mənəvi borcu isə, sələflərimizin bu gün də qüvvədə olan mənəvi  irsinə  sahib çıxmaqla, bu günün və sabahın milli ideologiyasını yaratmaqdır.

Bu, azərbaycançılıq idiologiyasıdır ki, orada mənəviyyatı, milli maraqları, taleyi eyni olan, “ətlə-dırnaq qədər qovuşmuş”, biri, digərini heç də istisna etməyən, tarixən yerli (aborigen, ölkəyə rus işğalı ilə gətirilməyən), oturuşmuş millətlərin, xalqların rəngarəng milli, özlü toplusu var. Bu mənada, azərbaycançılıq təbiətimiz qədər zəngin, milli koloritli, elə bir vahid toplumuzdur ki, burada hamımızın maraqları təmsil və təmin olunur, oluna bilir. Kimliyindən, faydalı iş qabiliyyətindən asılı olmayaraq, hamı bərabər hüquqlu vətəndaşdır. Odur ki, kimsə azərbaycançılığı, türkçülüklə eyniləşdirirsə, yaxud, yalnız türklərin inhisarında qəbul edirsə, əlbəttə ki, səhv edir. Azərbaycançiliq, ölkəmizdəki doğma  xalqçılğın, millətçiliyin qarşılıqlı sayğıya, bəşəri dəyərlərə söykənən, biri, digərini tamamlayan, qoruyan, özəl toplusudur. Özünü adam balası kimi aparan başqalarına da bu topluda layiqli yer vardır.

Bu gün, türkün, türkdən başqa dostu çoxdur, çünki o, kimsənin yox, öz haqqına sahib çıxır, dindaşının, həmməsləkinin və məzlumların  haqqını müdafiə edir.

Bir sözlə, millətçi olmayan xalq ölümə məhkumdur. Çünki, millət özəlliyini qorumazsa, tədricən öləziyər, öz simasını saxlayan digər xalqlar arasında əriyib gedər.        

Bütün bunlardan sonra, ”Bizə milli idelogiya lazımdırmı?” sualnı təkrar səsləndirməyə, onu əlavə şərhə ehtiyac qalırmı? Məncə, yox. Yetər ki, bu yazının başlığına  bir də nəzər yetirəsən, axı, doğrudan da – milli omayan, bəşəri deyil!

Və biz, tam haqlı olaraq, hamıdan daha yaxşı milli (oxu, özümüz) olmaq istəyirik, azı bu gün qibtə olunanlar kimi.

Deyin, bundan gözəl dünya varmı?

                                                                           27.11.2012.

                         

Qeyd:- Yazı, cüzi ixtisarla “Yeni Müsavat” qəzetinin 10 yanvar 2013-cü il tarixli,6-cı sayında,”Hürriyyət”qəzetinin 14-17 yanvar 2013-cü il tarixli,003-cü sayında dərc edilmişdir.

 

Məmmədxan Əzizxanlı

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN