Qadın kimi futbol

Qadın kimi futbol
Qadınlarla kişilərin futbol söhbəti həmişə fiaskoya uğrayır. Kişi təkəbbürü qadının futbolu hiss etməyini qəbul edə bilməz. İyirmi dörd kişinin bir məqsəd uğrunda yaşıllıqlar içində, can bazarında var-gəl etməsinə qadın etinasız yanaşa bilməz. Qadın, bəlkə də, yaxşı azarkeş deyil, amma yaxşı tərəfdardır. Futbol təkcə oyun yox, birgə sevinc yaşaya bilmək qabiliyyətidir. Birgə sevinc isə elə bir nəsnədir ki, çoxumuz bacarmırıq. Bizim sevinci paylaşmaq, başqasının sevincini hiss etmək bacarığmız kütdür. Bəlkə də, toplum olaraq birgə sevinclərə tamarzıyıq. Şəxsi sevinclər aldadıcıdır, keçicidir. Bir müddət sonra effekti çıxır. Yerini boşluq alır. Birgə yaşananlar, birgə sevinilən hadisələri həmişə yaxalamaq olmur. Hər kəs rütbəsini biləcək, 100% çempion İdman milli heysiyyatı olan üçün şərəf məsələsidir. Türkiyə toplumu üçün "Qalatasaray" ayrı mərəzdir. Bir evdə, eyni ana-atadan olan iki qardaş ayrı-ayrı komandalara tərəfdarlıq etdiyi üçün bir-birini al-qana da boyaya bilir, heç vaxt tanış olmayan iki insan "Qalatasaray"ın qalibiyyətinə görə qucaqlaşıb sevinc göz yaşı da tökə bilir. "Qalatasaray" Azərbaycanın həmişə təskinlik komandası olub. Nəzərə alanda ki, uzun müddət toplum olaraq futbol sevincinə həsrət qalmışıq, biz bu sevgini "Qalatasaray"la balanslaşdıra bilmişik. "Qalatasaray"ı sevmək, bir italyan, ispan komandasını sevməklə eyni deyil. Yenə "Qalatasaray" Türkiyəni coşdura bilib. Ölkə çempionu olub. Birgə sevincləri azalan Türkiyəni tərpədə bilib. Nə saysız-hesabsız terror, nə milli bölünmələr, nə də dindarlaşma türkün futbol sevincini azaldıb. Minlərlə insan İstanbulda din, cins, irq, milliyyət fərqi qoymadan qol-qola "Qalatasaray"ın "generallığını" qeyd edir. Bu qədər  təsadüf olmaz... "Qarabağ" ölkə çempionu olur. Bakıda məlum yanğın baş verir. Çempionluğa sevinməyimiz təxirə salınır. "Qarabağ"ın bəxtini bu dəfə də yanan bina qaraldır. "Traxtur Sazi"nin 100%-lik qalibiyyəti əlindən alınır. Yüzlərlə təbrizli qanına boyanır. Bizim birgə sevinclərimiz yenə də, növbəti dəfə zorla əlimizdən alınır. Futbol yox, birlik tərəfdarıyam. Futbol mənim üçün "Qarabağ"ın adını xarici televiziyalardan eşitməkdir, yüzlərlə türkün, kürdün, çərkəzin, lazın İstanbulda əl-ələ, çiyin-çiyinə qucaqlaşmağıdır. "Traxtur Sazi"yə görə Bakıdakı gəncin göz yaşı tökməyidir, Təbrizi özününkü hiss etməyidir. İdman sevinci birgə sevinməyə səbəbi az olan toplumlar üçün əldəndüşmədir. Qarşıdan Olimpiada gəlir. Fürsəti qaçırmayın. Birgə sevinməyə səbəblər tapın. Tanımadığınız insanları qucaqlayın. Sevinc göz yaşlarınızı bir-birinə qarışdırın.  Ağlamağa, matəmə, kədərə dünya durduqca səbəb var. Sevinmək üçün səbəbdir, fürsətdir, şansdır. Sevincinizdən, sevindirə bilən hər şeydən bərk-bərk yapışın. Komandanızın tərəfini heç qardaşınıza da verməyin. Futbol da qadın kimidir: Ayırmağı da dəhşətlidir, birləşdirməyi də...   Günay Arda

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN