“Qadını insan saymaq olarmı?” Açıq “yox”dan gizli “yox”a, yaxud nəticələrdən səbəblərə

 “Qadını insan saymaq olarmı?” Açıq “yox”dan gizli “yox”a, yaxud nəticələrdən səbəblərə
Dr. Alov EYVAZOVA   http://www.mediaforum.az/images/articles/2011/08/23/Alov-2_2.jpg  “Qadını insan saymaq olarmı?” Açıq “yox”dan gizli  “yox”a, yaxud nəticələrdən səbəblərə     Qadının allahlıq dövrü   Tarixdə nələrsə bəzən qum saatı kimi baş-ayaq olur – qadının kişi ilə müqayisədə urvatsız, əskik və ikinci dərəcəli mövqeyi kimi. Ancaq dərin qatlara vardıqca, tamam başqa mənzərələrlə rastlaşırıq. Təxminən 5-6 min il əvvələ qədər qadın bugünkü vəziyyətindən çox-çox üstün statusda olub. Yazılı tarixdən qabaqkı (söhbət milyon illər bundan əvvəldən gedir) mədəniyyət nümunələrində, heykəl və divar bəzəmələrində insanı təmsil edən qadındır, kişilər isə öküz, qoç, keçi, maral kimi heyvanların bədənində, ya da başında təsvir olunub. Kişini (Adəmin simasında) ilk yaradılan insan kimi təqdim edən monoteist (təkallahçı) dinlərin əksinə olaraq insanlığın anaxaqanlıq, anasoyluluq yaxud matriarxat adlanan ilk dövrlərində qadın həm insan, həm də ilahi kimi ilk yaradan və yaradılan varlıq sayılıb. Qədim insan doğma, törəmə – dişilik xüsusiyyətinin qadında da olduğunu görərək, bir tərəfdən qadını yaradıcı saymışdırsa, digər tərəfdən də yaradanı – ilahiliyi – dişi cinsində təsəvvür etmişdir (İlahə – dişi cinsində olan allahdır). Onun üçün doğmaqla yaratmaq eyni anlam daşıyıb. Qədim dünyanın əlimizə çatan yazı nümunələrində ilahi başlanğıcın qadın cinsində təsəvvür edildiyi görünür – şumerlərdə ilahə Nammu, yunanlarda ilahə Qaia və s.   Qədim Assuriya gil lövhələrindən bəlli olur ki, insanlara xəbər çatdırmaq istəyən ilahələr ovsunçuluq, həkimlik qabiliyyətinə malik bir qadınla, allahlar isə belə qabiliyyəti olan kişi ilə ünsiyyət qururmuş. Nəzərə alınsa ki, ilahələrin sayı daha çox olub və qabaqgörmə, sehrbazlıq, həkimlik kimi peşələr də əksər hallarda qadın peşəsi sayılıb, deməli, o dövrün peyğəmbərləri, kahinləri də əsasən qadınlar olub. Kolombes, Pfiya, Sivilla qədim Yunanıstanda kahin qadınlara verilən adlardır. Bu gün “tibb” mənasında olan “medisine” “qadın həkim” deməkdir; qeybdən xəbər verən, təbiət qüvvələrindən güc alıb xəstələri sağaldan şamanlıq da əvvəllər ancaq qadınlara məxsus qabiliyyət sayılıb.   İnsanın yüz min illər çəkən “homo erektus”, “neandertal adam”, “homo sapiens” dövründən, marksistlərin təbiri ilə desək, “sinifli cəmiyyət” meydana gələnədək qadın ilahiliyin həm obyekti, həm də subyekti hesab edilib. Daha çox antropologiya və tarix elmlərinin istifadə etdiyi matriarxat, anasoyluluq adlanan dövrlər bu dövrlərdir.   Kişinin dominant statusa keçidi   Patriarxal cəmiyyət kişini mərkəzə gətirən, həyatın hər sahəsini kişi tərəfindən istiqamətləndirən, qadını onun üçün həzz mənbəyi, onun nəslini davam etdirən, ona xidmət edən bir predmet səviyyəsinə endirən, insanları təbəqələrə bölən, rəqabəti, müharibələri (matriarxat dövrə aid sənət nümunələrində müharibə səhnələri yoxdur), dövləti və s. meydana gətirən bir cəmiyyətdir. Bizim eradan təxminən 4000-3500 il əvvəl meydana gəlməyə başlayan belə cəmiyyətlərin yaranma səbəbləri aşağıdakılarla əsaslandırılır:   1. Dəyişən hava şərtlərinə uyğun olaraq köç etməyə məcbur qalan qəbilə və tayfaların sərt iqlim dəyişməsi nəticəsində əvvəlki mədəniyyətlərindən ayrılması.   2. Xüsusi mülkiyyətin yaranması, müharibələrin meydana gəlməsi ilə “əsgər” kişilərin statusunun yüksəlməsi, matrilokal (anayerli, yəni ailə qurularkən kişinin qadın evinə köçməsi) ailənin patrilokal (atayerli, yəni ailə qurularkən qadının kişi evinə köçməsi) ailə və buna görə də atasoylu ailə tipinə keçməsi.   3. Daha sonralar kişi hegemoniyasını əsaslandıran və möhkəmləndirən monoteist dinlərə keçid.   Qadın cinsində olan ilahələrin yaratmaq, doğmaq kimi ilahi sayılan keyfiyyətləri matriarxallıqdan patriarxallığa keçid dönəmində kişi cinsində olan allahlara ötürüldü. Məsələn, qədim Misir miflərində Günəş allahı Atum öz-özünü mayalandırıb hava allahı Şunu və rütubət allahı Tefnutu yaradır, onlardan isə yer və səma allahları Qeb və Nut yaranır: “Atum tərəfindən yaranan Ra oğlu, sənə eşq olsun! Anası olmasa da, Özü doğulan...”   Patriarxal kosmoqoniyanın meydana çıxmasını biz yunan miflərində də müşahidə edirik: məsələn, Zevs ilk arvadı olan zəka və müdriklik tanrıçası Metisi onun qabiliyyətləri özünə keçsin deyə udur, amma udmazdan qabaq Metisin rəhmini öz başına qoyur. Nəticədə yeni zəka ilahəsi Afina dünyaya gəlir: kişi başından doğulan Afina! Zevs od və torpaq ilahəsi olan Semele adlı arvadını da öldürməmişdən əvvəl onun rəhmini götürüb baldırına qoyur və ordan Dionis doğulur.   Matriarxatın izləri hindlilərdə kişi cinsində olan allahların qadın geyimində və makiyajında təsəvvür edilməsində hələ də görünür.   Matriarxatdan patriarxata keçid zamanı önəm daşıyan fiqurlardan biri də dayıdır. Dayı sözünün yaşı ata və ər sözündən qədimdir. Bu sözün bir funksiyası da hardasa matriarxal dövrlə patriarxal dövrü birləşdirməkdir: klanlara rəhbərlik edən kişidir, amma o, ana soyu ilə tanınır, yəni dayıdan sonra rəhbər olacaq kəs onun oğullarından yox, bacısı oğullarından biri olacaq. Çünki nəsil, eləcə də mülkiyyət ana xəttinə aiddir. Matrilokal evlilik hələ qüvvədədir, ata evdə qonaq kimidir, ailə başçısı da dayıdır.   İngiliscə brother, rusca brat, farsca bəradər və s. sözü - sanskrit dilində bhratr sözündən yaranıb, mənası dayı olan bu sözün sanskritcə bir mənası da dəstəkləmək, dayaq olmaq deməkdir. Azərbaycan dilində də ananın qardaşına deyilən dayı sözü ilə dayaq, dayanmaq sözü eyni köklüdür. Bizdə “dayı” sözünün arxa, dayaq mənasında “filankəsin dayısı”, “allahın bacısı oğlu” və s. ifadələrində işlədilməsi indi də aktualdır. Həmçinin sevimli böcəyə –  parabüzənə “dayımın quşu” adını verib, balaca olanda “dayımın quşu, dayımın quşu, get dayımı gətir” deməyimiz də anasoyluluğun izlərini özündə daşıyır.   Dayı ilə bağlı atalar sözləri dediklərimizi təsdiq edir: “Dayı görməyib, elə bilir Şaqqulu da bir dayıdır”, “Dayı tikən körpünü su aparmaz”, “Dayısı olan dayısına güvənər”, “İgidin axmağı qılıncını dayısında sınayar”, “İgid oğul dayısına oxşayar” və s. Amma əmi haqda bir dənə də olsun atalar sözünə rast gəlmədim, olan da mənfi mənadadır: “Dayı ilə dağ dolan, əmi ilə bağ dolanma” kimi.   XX əsrin 20-ci illərində indiki sivilizasiyadan xəbərsiz, hələ də ibtidai qayda-qanunlarla yaşayan xalqları araşdıran Robert Briffault yazır ki, bir melaneziyalı, ya da bir Amerika qırmızıdərilisi “atalarımız” yox, “dayılarımız” deyə sözünə başlayar. Hətta xristianlığı qəbul etmiş bir melaneziyalı xristian missionerlərə qoşulub “İncil”dəki duaları öz xalqına tərcümə edərkən “Cənnətdəki atamız” deyil, “Cənnətdəki dayımız” şəklində ifadə edir.   Herodotun “Tarix”ində Anadoluda yaşayan likiyalıların anasoylu olmaları ilə əlaqədar xeyli məlumat var. Plutarxın yazdıqlarından isə məlum olur ki, Sparta qadınları Yunanıstanda ərləri üzərində hegemoniya qurmuş yeganə qadın cəmiyyəti idi. Bütün mülk qadınların əlində toplanmışdı. Hansısa bir siyasi mövzuda analarla məsləhətləşmək adət idi. Spartada evlilik də matrilokal olub. Bir çox xalq adını ana adından alıb, məsələn, əfsanəyə görə, bu gün mövcud olmayan latın xalqının ilk kralı Saturnusun arvadının adı Latia idi, bu xalqın adı da Latianın adından götürülüb. Qədim Misirdə tapılan məzar daşlarında ölənin ana soyunu yazmaq ənənəsi vardı. Boşanmalarda uşaqlar anaya qalırdı.   Yaponca “ər” sözü “evə gizli girən” deməkdir. Alyaskada yaşayan denelərdə bir kişinin bir qadınla evləndiyini dilə gətirən “yeraesta” sözü “kişi qadının yanında qalır” mənasına gəlir. Hindistandakı xasi qəbiləsində birləşən tayfaların ictimai birliyini meydana gətirən anamərkəzli klana “mahari”, yəni “analar koması” deyilir. Hələ 30-cu illərə qədər mövcudluğunu qorumuş Cənubi Amerikanın Sonora əyalətində, Meksikada, Kaliforniya körfəzində yerləşən Tiburon adasında yaşayan yerli xalqların dilində klan – “kunkak”, yəni “qadınlıq”, “analıq” deməkdir. Onların dilində “ata” sözünün qarşılığı yoxdur.   Afrikadakı bexuana qəbilələrində belə bir atalar sözü var: “Qız doğan nə bəxtəvərdir, oğlan qayınanasının oğludur”. Bəzi Anadolu kəndlərində adda-budda da olsa, qoca kişilərin dilində belə bir atalar sözü hələ də yaşayır: “Bəxtim olsaydı, anam məni qız doğardı”.   Pelou adalarında ailənin başçısı “adhalal a blay”, yəni “ailənin anası” mənasına gələn yaşlı qadındır. Nikobar adalarında “bir kişi evlənənə qədər özünü ata evinin üzvü sayır, evləndikdən sonra qayınatasının oğlu olduğunu deyir və arvadının ailəsinin bir üzvü olur.”   Yeni Zelandiyada, Yeni Qvineyada, Filippində, Cənubi Hindistanda, Çinin Tibet hissəsində, Meksika, Arizona, Kaliforniya yerlilərində, Kekçi qırmızıdərililərində, Mozko və Orinoko yerlilərində, Braziliyadakı tupi, miranda və kodindo qəbilələrində, Afrikanın onlarla qəbiləsində, Berinq boğazında yaşayan eskimoslarda, Şimali Amerikadakı qırmızıdərili iroqua və nuron qəbilələrində, Yaponiyadakı ainu xalqında, çukçalarda, Kamçatka, Sibir yerlilərində və s. matrilokallıq XX əsrin 30-cu illərinədək davam edib, hazırda adları çəkilən qəbilə və xalqların bir qismi assimilyasiya olunub, bir qismi yer üzündən silinib, bir qismi isə hələ də ənənələrə sadiq qalıb.   İlahəlikdən köləliyə, yaxud “adam kişi olar” “Şəhərin sahibini müəyyən etmək üçün ilahə Afina ilə Poseydon yarışa girdilər. O zamanlar xalq məclislərində yalnız kişilərin deyil, qadınların da səsvermə hüququ vardı. Qadınlar Afinaya, kişilər Poseydona səs verdilər. Qadınların sayı kişilərin sayından bir az artıq olduğundan Afina qələbə qazandı. Poseydon acığından tufan qopardı, hər tərəf sellərə qərq oldu, onu sakitləşdirmək üçün allahlar qadınlara belə cəza verdilər: bundan sonra qadınlar vətəndaşlıq haqlarından, xüsusilə səs vermə haqqından məhrum olacaq, heç bir uşaq öz anasının adını daşımayacaq və qadınlar artıq Afina vətəndaşı sayılmayacaqlar. Buna etiraz edən qadınlar Afinadan kömək istədilər, amma Afina aciz qaldı, buna görə də qadınlar səsvermə hüququnu itirdilər; uşaqlar isə daha analarının yox, atalarının adını daşıdılar”. Vaxtilə Müqəddəs Avqustin bu yunan mifindən istifadə etməklə antropomorf yunan allahlarının, xüsusilə qadın cinsindən olan ilahə Afinanın gücsüzlüyünü vurğulayırdı.   Makedoniya yığıncaqlarının birində (e. ə. 585-ci il) ancaq kişilərdən ibarət olan iştirakçılar böyük səs çoxluğu ilə “qadını insan saymaq olarmı?” sualına “yox” cavabı vermişdilər.   Patriarxatın tam oturuşmasından sonra yunanlar inanırdılar ki, qadınların vətəndaş sayılmaması, səsvermə, mülkiyyət və s. hüquqlarının olmaması, uşaqların ana adı ilə deyil, ata adı ilə adlandırılması allahların qadını cəzalandırmasıdır və qadın bu cəzaya layiqdir.   Romada işlənməyə başlayan, “ailə” mənasını verən “famelus” – “ev köləsi” deməkdir. Ailə, yəni “familia” bir nəfərə aid kölələr toplusu mənasındadır. Bu gün ata kimi başa düşülən “father”, “pater” (sanskritcə pathra) sözü isə sahib olan, ağa, əlində tutan deməkdir. “Pater familia” ifadəsinin tərcüməsi “kölələrin sahibi” mənasını verir. Roma evliliyinin əsas məqsədi qadını ərə tabe etdirmək, onu ərinin mülkünə çevirmək, bununla da matrilokallığa bütünlüklə son qoyub patriarxallığı tamamlamaq idi.   Qadının insan sayılmaması, insan deyərkən yalnız kişi cinsinin nəzərdə tutulması gender ədəbiyyatında “androsentrizm” adlanır, bəzi dillərdə insan və kişi sözünün eyni olması da (məsələn, ingiliscə “man” sözü həm kişi, həm də insan deməkdir) buradan qaynaqlanır.   Monoteist dinlər meydana gələndə yaradıcılıq bütünlüklə maskulinləşdi. Bir tərəfdən allah özünəqədərki allahlardan fərqli olaraq anasız olurdu, bir tərəfdən, kişi kimi təsəvvür edilirdi (xristianlıqda açıq şəkildə o, ata obrazındadır, islamda da allahın qrammatikal cinsiyyəti kişidir, “Quran”da ona kişi cinsində “hu” əvəzliyi ilə xitab edilir), başqa bir tərəfdən isə qadın fizioloji olaraq yaratma məsələlərindən uzaqlaşdırılırdı: birincisi, ilk insan kişidir – Adəm; ikincisi, onun yaranmasında qadına ehtiyac olmayıb, allah onu torpaqdan yaradıb, Adəm anasızdır; üçüncüsü, qadın özü Həvvanın simasında kişidən, yəni onun qabırğasından əmələ gəlib. Beləliklə, monoteist dinlərin ortaya çıxması ilə qadının ilahi və fiziki yaratma qabiliyyətləri aradan qalxmış oldu.   Monoteist dinlərdə allahın kişi cinsində təsəvvür olunması, həm ağa (Tövratda Allah Yahve “adonay” “mənim ağam” adlandırılır; “Quran”da da həmçinin Allah Rəbbdir, sözün hərfi mənasında yenə “ağa”), həm də ata hesab edilməsi, demək olar ki, ancaq kişilərə xitab etməsi (cənnətdə vəd edilən hurilər və s.), peyğəmbərlərin, apostolların, imamların, din xadimlərinin – ravvinlərin, keşişlərin, mollaların, hətta mələklərin belə kişi cinsində təqdim olunması, bir sözlə, ruhani ansamblın yalnız kişi cinsinə aid olması təsadüf deyil.   Monoteist dinlərdə allah kişi sifətlidir, andromorfdur. Diqqət yetirilsə, dilimizdə də “kişi” anlayışına yüklənən mənalar – mərdlik, aktivlik, qətiyyət, düzgünlük, etibar, cəsarət, bütövlük, birsifətlilik və s. kimi keyfiyyətlər allaha aid kamillik atributlarıdır. “Qadın”, “arvad” sözlərinin söyüş kimi və alçaltma mənasında işlədilməsi, qadının şeytana tay tutulması və s. bu gün qadına olan münasibətin göstəricidir. Hələ də dilimizdə varlığını qoruyan “Adam kişi olar” ifadəsindən belə məlum olur ki, adam, yaxud insan kişi cinsində olur, qadını insan saymaq olmaz.

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN