QARA QARAYEV MUSİQİSİ - ŞƏRQLƏ QƏRBİN SİNTEZİ

QARA QARAYEV MUSİQİSİ - ŞƏRQLƏ QƏRBİN SİNTEZİ

( Görkəmli bəstəkar Q.Qarayevin ölməz xatirəsinə) 

    Onun adını hələ uşaqkən radio və televiziya verilişlərində tez-tez eşidərdim: musiqisi Qara Qarayevindir. Amma bu böyük musiqiçinin yaradıcılığı ilə ilk ciddi tanışlığım orta məktəbin son siniflərındə oxuduğum zaman baş verdi. Radio ilə bəstəkarın “Yeddi gözəl” baletindən məzmunu da açıqlanmaqla parçalar səsləndirilirdi. Musiqinin gözəlliyi və əzəməti məni sanki sehirləmişdi. Dahi Nizaminin eyni adlı poeması və ürəkləri həyəcanlandıran möhtəşəm bir musiqi! O zamandan etibarən Q.Qarayevin yaradıcılığı ilə daha yaxın ilgilənməyə, əsərlərini dinləməyə, məqalələrini oxumağa başladım. Bu böyük istedad sahibinin dahiliyini dərk etdim, onun xalqımıza Tanrının lütfü olduğunu anladım.

    Deyirlər ki, əsil, həqiqi istedad – İlahi nurundan bir zərrəcikdir və bu zərrəciklə şərəfləndirilən  insanlar hər şeydə istedadlıdırlar: özlərində parlaq intellekti, qeyri-adi zəkanı, bununla yanaşı incə yumoru və sadəliyi ehtiva edirlər; bu zərrəcikdən bir ömür boyu alışıb yanırlar və öz ürəklərinin alovu ilə ətrafdakıların da yolunu işıqlandırırlar... Bu fikirlər tamamən bəstəkar Qara Qarayevə də aidddir.

    Qara Qarayev şağdaş Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzedilməz rolu olan bəstəkardır. O, musiqi tariximizə yeni milli bəstəkarlıq məktəbinin yaradıcısı kimi daxil olmuşdur. Bəstəkarın özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri yalnız Azərbaycanda, keçmiş Sovetlər Birliyində deyil, dünyada – ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazanmışdır və ən yaxşı Qərb dirijorlarının konsert proqramlarında, musiqili teatrların repertuarında layiqli yer tutmaqdadır.

     Bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Əbülfəz Qarayev Azərbaycanın tanınmış pediatrı, tibb elmləri doktoru, professor, anası Sona xanım Axundova-Qarayeva hərtərəfli təhsil almış, poeziya və musiqiyə həvəs göstərən istedadlı Azərbaycan xanımlarından idi. Valideyinləri onun həkim olacağını düşünsələr də, hərtərəfli inkişaf etməsi üçün musiqi məktəbinə də göndərirlər. Elə buradan da balaca Qaranın gələcəyə yolu başlanır. Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbini bitirdikdən sonra  musiqi texnikumunda da (kollecdə) təhsil alır. Onun bəstəkar kimi yetişməsində Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində və Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində aldığı təhsil, ünlü ustadların - Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradıcısı Ü. Hacıbəylinin və XX əsrin böyük rus bəstəkarı olan D.D. Şostakoviçin verdiyi dərslər önəmli rol oynamışdır. Ü.Hacıbəylidən  Qarayev xalq musiqisinin incəliklərini dərindən öyrənir, Şərq və Qərb musiqi mədəniyyətlərinin sintezi və qarşılıqlı faydalanması haqqında tövsiyələri dinləyir, Şostakoviçin sinfində isə o, yüksək peşəkarlıq dərsləri keçir,  dünya musiqisi haqqında əsaslı bilik qazanır. Və belə mükəmməl təhsil zəminində Qarayev  milli musiqi ənənələrinin dünya musiqi sənəti ilə üzvi sintezi imkanlarını axtarmağa başlayır.

     Q.Qarayev ilk əsərləri ilə musiqi ictimaiyyətinin diqqətini çəkmişdir. Mövzu baxımından və üslubca bir-birindən  kəskin fərqlənən “Sarskoye selo heykəli» fortepiano pyesi (1937) və milli koloriti ilə seçilən «Könül nəğməsi» kantatası (1938) bəstəkarın yaradıcılıq axtarışları haqqında aydın təsəvvür yaradır. Bu əsərlərdə hələ ümumbəşəri və milli ənənələr bir araya gətirilmir, amma böyük Üzeyirin Azərbaycan musiqisini çağdaş dünya musiqi mədəniyyətinin  inkişaf yoluna çıxarmaq sahəsində başladığı işi davam etdirmək bir məqsədə çevrilir. Qarayev müsahibələrindən birində bu haqda belə deyirdi: “...mən təhsilə Bakıda Hacıbəyovdan başlamışam, Moskvada Şostakoviçdə isə təhsilimi tamamlamışam. Ona görə Şərq və Qərb ilk əvvəldən məndə bir vəhdət təşkil etmişlər. Mən sanki iki ananın oğluyam”. Bəstəkar sonralar da, bütün yaradıcılığı boyu məqalə, mühazirə və çıxışlarında Azərbaycan musiqisində Şərq və Qərbin sintezi məsələsinə önəm vermiş, fərqli  musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqədə öyrənilməsi və vəhdəti təcrübəsini tövsiyə etmişdir.

    Böyük bəstəkar Azərbaycan musiqisini dünya musiqisinin ayrılmaz hissəsi hesab edirdi. Gerçəkdən də dünya mədəniyyəti, o sıradan musiqisi də tam bir bütövlük təşkil edir, milli və bölgə (Şərq-Qərb) üzrə ayırmalar nisbi səciyyə daşıyır. Buna görə  də Şərq və Qərb musiqilərini bir-birindən ayıraraq qarşı-qarşıya qoymaq yanlış yanaşmadır. Qarayevin doğru bildiyi yol Azərbaycan musiqi gələnəkləri ilə Qərb  musiqisinin son başarılarını  yaradıcılıqla üzvi surətdə birləşdirmək, sintezini yaratmak idi. Və o, yaradıcılığında bu yolu tutdu. Onun sənətinin bu özəlliyinin altını çizərək,  öyrətməni olmuş D.Şostakoviç deyirdi ki, Q.Qarayev musiqisinin başarılı olmasının sirri  “milli gələnəklərin klassik irslə, ən müasir musiqi formalarının parlaq, yalnız  özünəxas tərzdə birləşdirilməsindədir”.

     Q.Qarayev müxtəlif xalqların həyatını yansıtan və çeşidli millətlərin (afrikan, ispan, bolqar, vyetnam və d.) musiqi folkloruna əsaslanan əsərlər bəstələmişdir. Amma  onun  bütün əsərlərində milli musiqi gələnəklərinin izi duyulmaqdadır. 

    Q.Qarayev  öz yenilikçi yaradıcılığı ilə bir sıra “ilk”lərə imza atmışdır: o, əsərləri dünya səhnələrində ifa olunan, beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarıdır; öz “Birinci simfoniya”sı ilə Azərbaycanda simfoniya janrının təməlini qoymuşdur; musiqi sənətinin bütün janrlarında əsərlər yazmışdır. Onun irsi həm mövzu çalarına, həm də musiqi janrına görə son dərəcə geniş və zəngindir. Bəstəkarın musiqi mədəniyyəti altın xəzinəsinə daxil olmuş çoxsaylı əsərləri sırasında baletləri, opera və monooperası, simfoniyaları, simfonik poeması, kamera-instrumental əsərləri, müzikli, fortepiano prelüdləri, oratoriya və kantataları, romans və mahnıları, kinofilm və teatr tamaşalarına yazılmış musiqiləri və s. vardır. Q.Qarayev bütün janrlarda eyni professionallıqla çalışmış, novatorluğu (yenilikçiliyi) və sənət baxımından yüksək səviyyəsi il seçilən əsərlər yaratmışdır. Onun hər bir əsərinin ilkin səslənişi musiqi aləmində  bayrama çevrilmiş, musiqimizdə bir dönüş yaratmışdır.

     Q.Qarayevə ilk böyük uğuru  Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yazdığı “Leyli və Məcnun” simfonik poeması gətirmişdir. Bu əsərə görə bəstəkara yüksək ödül olan Dövlət mükafatı verilmişdir. Sonralar “Leyli və Məcnun” simfonik poeması əsasında balet tamaşası da səhnəyə qoyulmuşdur.

    Qarayevin yazdığı iki balet onun yaradıcılığında önəmli yer tutur: “Yeddi gözəl” (1952, N.Gəncəvinin eyniadlı poeması əsasında) və “İldırımlı yollarla” (1958, Güney  Afrika yazıçısı P.Abrahamsın eyni adlı roman üzrə) baletləri. Mürəkkəb fəlsəfi və ictimai mövzuları  əks etdirən bu baletlərdə  bəstəkar  klassik baletin ənənələrindən və Azərbaycan musiqisinin incəliklərindən məharətlə bəhrələnərək novator əsərlər yaratmışdır. “İldırımlı yollarla” baletinə görə Q.Qarayevə Sovetlər Birliyinin ən ali mükafatları - Lenin mükafatı və Lenin ordeni  verilmişdir. Ümumiyyətlə isə bəstəkar sənət xadiminə verilə biləcək ən yüksək mükafat və adlara layiq görülmüşdür: SSRİ xalq artisti,  Sosialist Əməyi Qəhrəmanı,  Lenin və Dövlət mükafatları laureatı, bir sıra yüksək dərəcəlı SSRİ orden və medalları və s.

    Q.Qarayev yeni musiqi dilinin zamanın ruhunu daha gözəl  yansıta biləcəyini  dərk edirdi. Buna görə də o, Qərbin müasir musiqi sistemlərini, texnologiyasını dərindən öyrənirdi və bundan professionallıqla istifadə edirdi. Bu mənada bəstəkarın ən yeni texniki üsulla yazılmış Üçüncü simfoniyası (burada həm də Azərbaycan aşıq havacatından istifadə edilmişdir) və Violino konserti yalnız onun yaradıcılığında deyil, həm də Sovet musiqisinin inkişafında yeni mərhələ olmuşdur.

   Q.Qarayev bacarıqlı pedaqoq, iti zəkaya və geniş biliyə malik alim və ictimai xadim idi. O,  Azərbaycan Dövlət Konservatoraiyasında dərs demiş, bəstəkarlıq kafedrasına rəhbərlik etmişdir, professor, respublika Elmlər Akademiyasının akademiki olmuşdur; millət vəkili kimi məsuliyyətli bir işi yerinə yetirmişdir; otuz ilə yaxın  Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri olmuşdur. Qarayev  bir çox tanınmış bəstəkarların öyrətməni olmuşdur. Üslubca bir-birindən fərqlənən,  yüksək professionallığı ilə seçilən V.Adıgözəlov, A.Məlikov, X.Mirzəzadə, F.Əlizadə,  F.Qarayev və d. Qarayev məktəbinin yetirmələridirlər.

   Qara Qarayev 1982–ci il mayın 13-də  vəfat etmiş və Bakıda  I Fəxri Xiyabanda dəfn olunmuşdur.

     ...Qara Qarayev və Nazim Hikmət mühüm bir tədbirdə iştirak etmək üçün birlikdə  salona daxil olarkən qapıda Qarayev şairə hörmətlə “Nazim əfəndi, buyurun” deyir. N.Hikmət də cavabında “Xeyr, öncə siz  buyurmalısınız” deyə israr edir. Bəstəkar şairdən yaşca kiçik olmasını və onun şəxsiyyətini  nəzərə alaraq “Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz” söyləyir. Nazim Hikmət isə «Əvvəlcə dahilər, sonra böyüklər» deyərək Qarayevi qucaqlayıb salona salır.

    Bəli, Qarayev dahi bəstəkar idi. Bundan başqa o, həm də dərin fəlsəfi düşüncəyə malik böyük mütəfəkkir, dünya incəsənətinin bilicisi, istedadlı natiq və  məzmunlu qələm sahibi idi. Onun elmi-publisistik yazılarında,  çıxış və mühazirələrində millilik və beynəlmiləllik, Azərbaycan musiqisi ənənəsi və novatorluq, gənclərin mənəvi tərbiyəsi və s. kimi önəmli problemlərin dərin elmi şərhi verilir.

    Bir gerçəyə inanmaqdayam: Q.Qarayevin milli ruhu, dərin fəlsəfi məzmunu və üslub zənginliyi  ilə zamanını xeyli qabaqlayan, gələcəyə ünvanlanmış əsərləri illər boyu sevilə-sevilə dinləniləcəkdir.

Dos.Dr.Qəmər Mürşüdlü

               Bakı

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN