Qızıl alma – öz yurdun, öz ocağın

Qızıl  alma –  öz yurdun, öz ocağın

Görüm, hər tutanda kəndi, şəhəri,

Fatehlər bu dəmdə nə görüb axı.

Nənəmin allahı min ildən bəri

Nənəmin yurduna nə verib axı!

   (Məmməd Araz, “Duman ömrü”.)

 

         Xırdalardan tutmuş, ta iri  savaşlaradək  tək hədəf – birbaşa, yaxud,  dolayısıyla  başqasının  hazır malını, sərvətini, torpağını  yağmalamaq, yağlı tikəsini ələ keçirtmək, özünü kölə etmək  olmuşdur.  Bu,  eynən başqa  vəhşi canlılar kimi,  adamların (oxu,homo sapiensin) da,  təkcə subyektivlik amili əlavə olunmaqla, doğal (təbii) yaşam tərzi olmaqla, həm də insanın təkamül sonucunda,  nəticəsində yaranıb, yaşamasına bir sübutdur. İnsanların daha ağıllı, ədalətli və sonradan liberal (barışdırıcı, güzəştçi, mülayim, yumşaq münasibətli) adlanacaq qismi, yəni humanistlər (insanpərvərlər) olaraq,  yağmadansa,  gərəkəni özünün yaratmasına (ürətməsinə, istehsal etməsinə)  üstünlük verməklə, getdikcə bu zorakı, çox baha və hər iki yana hədsiz itkilərlə başa gələn, pis, ədalətsiz yaşam tərzini, vərdişi (yağmanı) sərfəsiz sayaraq,  ondan imtina etdilər. Beləliklə, insanlığın bu günkü öncülləri  olan – mədəni dünya yarandı ki, ondan kənardakılar da onlara (baxıb) düzlənməyə çalışır...

Bu günədək,  dünyada yığılan üstün mənəvi dəyərlər toplusuna baxmayaraq, bu yöndə  hələ də, eynən vəhşi təbiətdəki kimi - gücsüz, daha  güclüyə, ağılsız, biliksiz, daha  ağıllıya, bilikliyə, tədbirsiz, daha  tədbirliyə, saya, avam, maymağ, manqurt  isə,  hiyləgərə   məntiqi olaraq  uduzmaqdadır.  Bu gün, başqa ad altında, pərdələnmiş imperialist, sömürgəçi güclərin öz qurbanlarına hördüyü çeşidli,  bəzəkl torlar, tələlər də bu sıradan olmaqla hələ də qüvvədədir... Bu, uduzma və udma, həm doğa (təbiət), həm də toplumun yaşam tərzi  baxımından subyektiv amil kimi - toplumda təbii seçmə qaydasını oluşdurmuşdur.  Təbii seçmə, doğada (təbiətdə)  da, toplumda  da özünəxas formada oluşsa da,  içəriycə (mahiyyətcə)  azca (toplumda,  həm də subyektiv amil) da olsa fərqlidir. Bir sözlə, şair demiş  *Kim ki, zordu – bu dünyada haqlıdı* (Qardaşxan Əzizxanlı)...  Bu şərtlər içində  həyat uğrunda çarpışmada uduzan,  yəqin ki, özündən küsməlidir... demək, nəyisə vaxtında və  qədərincə  etməmiş, öz  üzərində yetərincə çalışmamış,  özünün həyatına etkili (təsirli)  ortama (şəraitə)  uzlaşa  bilməmişdir... Uzlaşa bilməməksə, məntiqi olaraq,  özəl həyat sırasından çıxmaqla sonuclanır,  mənfiyə doğru keyfiyyət dəyişikliyi, yəni, daha güclü içində əriyib itmə, ölüm, yox olma  baş verir... Odu ki, çalışıb salamat qalmaq... yəqin ki,  ağıldandır.

         Tarixən,” Qızıl alma” – içəriycə (mahiyyətcə) öz zoruna güvənib, Dünyanın, Orta əsrlərdə  Avropanın ən önəmli şəhərlərini, son vaxtlar isə daha çox eneryi qaynaqlarını  hədəfləyib ələ keçirmək olub.  Çünki,  tarixin son dövrlərində belə varlı şəhərlər daha çox Avropada oluşa bilibsə, enerji qaynaqları  yiyəsiz Bakıda,  sonradan Yaxın Şərqdə aşkar edilib...   Ümumiyyətləsə, yəqin, hərənin arzusu və zoruna görə  öz hədəfi, əli çatdığı, ələ keçirtdiyi, tarixə düşən və düşməyən  – “Qızıl alma”sı olub. Odu ki, “Qızıl alma”ların hamısını sıralamaq mümkünsüzdür.  Yalnız, tarixdə izi qalan  bir neçə “Qızıl alma”nı sadalamaq olar.  Məsələn,  Şumerlərin (e.ə.VI-III minillik) dəyərlərinin,  Akkadlar, Babilstanın (e.ə.II min.-539 il)  dəyərlərinin, Farslar tərəfindən  yox edilməsi, Makedoniyalı İskəndərin (e.ə.356-e.ə.323) yürüşləri, Attilanın  452-ci ildə Romadan bac alması,  Avropalıların,  müsəlmanlar üzərinə vaxtaşırı səlib (xaçlı) yürüşləri, Nadir şahın  1739-cu ildə Hindistanın türksoylu Baburlar  dövlətinin  xəzinəsini  alması, Osmanlı sultanları  Mehmet  Fatihin, Avropanın  xaçlı yürüşlərinə qarşılıq 1453-cü ildə İstambulu  (Konstantinopolu)  işğalı,  I Süleymanın daha uzağa gedib 1521-ci ildə Belqradı  alması, 1526-cı ildə Moxaç savaşı, 1529-cu ildə Vyananı iki dəfə kuşatması, yəni mühasirəyə alınsa da, lakin  ala bilməməsi,  uduzması... və sairə,   hamısı  “Qızıl alma” ovu  idi.

İstambul  “Qızıl alma”sının  türklərdən geri alınması isə, 1-ci Pyoturdan üzü bəri,  bütün Rus çarlarının, Avropa  dövlətlərinin  (1-ci Dünya savaşı)  və  dünya güclərinin indiyədək  doğrulmayan  ən şirin arzularıdır...  (Baxmayaraq, İstambul, Mudros sazişinin (30.10.1918) pozulması ilə keçici alınsa (11.11.1918) da, lakin, Atatürkün Qurtuluş savaşı ilə türklərə geri qaytarıldı.).

1920-ci ildə Bakının (oxu, o çağ dünyanın ən böyük  və yağlı neftinin),  Leninin Sovet Rusiyası tərəfindən  təkrar (1828-ci ildə Çar Rusiyası almışdı) işğalı da “Qızıl alma”nın ələ keçirilməsi idi. Bir sözlə, hər səhər yerindən güclü duran  “Qızıl alma” sorağındadır.  Bu aşkar zorakı  həyat tərzini, yeni və sonuncu  dünya düzəninədək, şərti olaraq 1948-ci ilədək (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinədək),  qəbul etmək olarsa da, (çünki, bu sənədlə zorakılıq rəsmən də olsa qəbul edilmir), lakin, faktiki  hələ də davam edir...

         Dünyanın, Orta əsrlərin sonlarından (XVIII əsrin ikinci yarısı)  bəriki dövrünə nəzər salsaq görərik,  Qərbi Avropadakı, ABŞ-dakı  yüksəliş  dövrü, yəni, inkivizasiya  məhkəmələri ilə müşayət olunan xristian dininin, inqilablar  nəticəsində  toplumun idarəçiliyindən uzaqlaşdırılması və yaşamda  bilimə (elmiliyə) keçilməsi, tezliklə öz bəhrəsini verdi –  millətləşmə, ellikcə texniki sıçrayış,  sosiallaşma,  humanistləşmə sonucunda – milli, demokratik, dünyəvi, liberal dəyərli hüquqi   dövlətlər yarandı.

İndi isə, öncül düşüncəlilərin fikri, hədəfi, bu günədək oluşan dəyərlər əsasında ən üstün - ellikcə rifah, uyarlıq dövlətinin (oxu, əksəriyyətin Arzu, İstək dövləti) yaradılmasıdır. Qazandıqları  siyasi və iqtisadi yüksəliş  imkan yaratdı ki, bu dövlətlər tarixi yaddaşlarındakı  “Qızıl alma”nı  zorla  başqa yerdə axtarışından daha çox (baxmayaraq, üstüörtülü  də olsa bu, hələ də davam edir),  öz ölkələrini bütövlükdə  ən üstün yaşayışa  (oxu,”Qızıl alma”ya)  çevirsinlər.  Bir sözlə, bu   anlayış zamanca ciddi  keyfiyyət dəyişikliyinə uğramış  və  “Qızıl alma”  - bilikli, üstün dəyərli olmaqla sən özünsən, qura bilsən öz yurdundu,  öz ocağındı - halına gəlmişdir. 

Məsələn, bu gün,  ABŞ-da adambaşına illik  əmək haqqı ortalama 56730  dollar, aylıq,  həkim-13570, müəllim 8300,  mühəndis-7900, polis-4600, sürücü-4150, fəhlə yükvuran -3300 dollar maaş alır, işsizlərə  1050  dollar (Almaniyada  işsizlik müavinəti aylıq 2100 avrodur) müavinət verilir. (Azərbaycan Respublikası Baş Prokurorluğunun məsulları isə, mənim halalca 7 illik müavinət pulumu vermədilər...adicə bir məişət səviyyəli məsələnin düzgün həlli üçün gərək dövlət başçısına çıxasan...).   Avropada daha üstün göstəricilərə malik olan ölkələr də var, məsələn Skandinav ölkələri İsveç (illik adambaşına 58.345 ABŞ dolları),  Norveç (illik adambaşına 80.749 ABŞ dolları). 

 Sonuc (nəticə), göz qabağındadır,  geriçi ölkələrdə, ehtiyac içində yaşayanlar -  insanca yaşamaq üçün, varlılarsa öz malını, pulunu güvəndə  saxlamaq  və daha (özlərinin,  qurmadıqları və qurmaq istəmədikləri)  gözəl yaşayış  üçün,  bu ölkələrə can atır, çünki, ən üstün yaşayış onlardadır. Hesabınızı götürün ki, 57 müsəlman ölkəsinin (əhalisi, təqribən, 1.5 milyard) ümum daxili məhsulu, əhalisi 82.8 milyon olan Almaniyanın ümum daxili məhsulundan (4.171 trilyon ABŞ dolları, adambaşına düşən illik gəlir 50.425 ABŞ dolları) azdır... Görün, bu öncül  ölkə yönəticiləri işlərini yaxşı qurduqlarından, oturduqları yerdə, başqa yerlərdən ucuz işçi, xammal, beyin axını (ən böyük kapital) qəbul edir, yenini yaratma gücüylə daha üstün dəyər, yəni, gözəl həyat yaradırlar, çünki, artıq özlərini diqqətçəkici “Qızıl alma”ya çevirmişlər...

         Bir sözlə, ən üstün yaşayışlı çağdaş ölkələrin təcrübəsi bizə qandırır ki,  başqasının  zəhmətilə yaradılan  “Qızıl alma”nı  zorla ələ keçirməkdənsə, onu öz elində,  öz yurdunda yaratmağın  daha yeydir, yaxşıdır, çünki,  bu,  az  itkiylə başa gəlir, daha sərfəli və başqasına ziyan verməyəndir. Həm də buna hər cür gərəkən materialın – bilimin (elmin), insani və doğal (təbii) sərvətlərin, üstəgəl çeşidli yaxşı nümunələrin (Qərbi Avropa, ABŞ, Yaponiya,Güney Koreya, Sinqapur və s.) varkən,  niyə də beləsini  qurmayasan, yetər ki, toplumun azad seçkilərlə oluşdurduğu iqtidarın siyasi iradəsi olsun.  Çağdaş, üstün fikrə görə, hər kəsin, hər millətin, hər ölkənin iç (daxili) enerjisi  “Qızıl alma”nı kənarda axtarmaqdansa, özündə  yenisini yaratmağa sərf edilməlidir.  Bu, həm də   dünyanı dağıdan, günahsız insanları yox edən - müharibələrə, qırğınlara, dağıntılara, səfalətə  yol  verməmək, deməkdir.

         Görülən  (təcrübə) göstərdi ki, “Qızıl alma”ları ancaq zorla, yağmalamaqla  əldə edənlər, özləri onu yarada bilmirlər (çünki, parazit həyat  tərzi yaradıcılığa yox, hazırını çırpışdırmağa, əldə etməyə öyrəşib) və  gözləri, hələ də onu  yaradanlarda olmaqla, axın-axın  bu qapılarda  miqrant  adıyla  sülənməkdədirlər.  Son dövrlərin  “Qızıl alma”larını  əsasən türklərin (Bakı istisna, çünki, rus alıb)  ələ keçirməsi bəllidir, ancaq, onun yaradılması türklərə yox,  başqalarına qismət olmuşdur. Maraqlıdır, “Qızıl alma”ları zorla ələ keçirən türklər İranda min illik, Anadoluda  600 ildən çox  Osmanlı dövlətini (üç qitədə) və son 95 illik Türkiyə Cümhuriyyətini  qursalar da, nədən bircə dənə də olsa “Qızıl alma” (oxu, mədəniyyət) yarada bilmədilər, nədən və  niyə?

Habelə, uzun müddət  262 il (1240-1502) yaşayan  Qızıl Orda dövləti də həmçinin, özü  “Qızıl alma”  (oxu, mədəniyyət) yarada bilmədi... Yenə də, niyə?  Əziz oxucu, inan ki, bu suala cavab tapıb, ondan ibrət dərsi almayınca... bizdən üstün adam olası deyil... çünki, əsas sorun da bundadur.

Bakı  “Qızıl alma”sını  ələ keçirdikdən  161  il sonra  isə,  Rus Çarlıq  və  Rus Sovet İmperiyaları  dağıldı... Bu gün,  471 yaşlı Rus İmperiyası (Çar, Sovet  və  Rusiya Federasiyası-1547-2018) və onun əsarətindən çıxan  27 yaşlı (1991-2018) özükimilərlə (14 respublika) birlikdə,  nəinki  “Qızıl alma” yarada bilmədi(lər), əksinə  hələ də,  yalnız,  öz təbii sərvətlərini (oxu, həm də gələcək nəsillərin payını)  israfçılıqla (oxu, cinayətkarcasına)  satmaqla  birtəhər ayaqda durub,   üstün  Qərbi Avropa, ABŞ  yaşayışının  quyruğunda  sürünməkdədirlər...

Halbuki, tarixən təqribən 200 il davamlı yaşayan, dağılmayan sabit topluma, dövlət birliyinə sahib olan xalqlar,  bir şəhər miqyasında olsa da, yeni və üstün mədəniyyət, böyük sərvət, üstün  yaşayış  (oxu, “Qızıl alma”)  yarada  biliblər. Məsələn, məhdud  sayda olsa da bir qism seçkinlərə elmi, yaradıcılıq imkanları yaratmaqla Şumerlər, Babillər, Mayyalılar,  Misirlilər, Yunanlar, Romalılar, Bizanslar, son 231 ildə isə, siyasi inqilablar edib,  xalqa kütləvi düşüncə özgürlüyü verməklə,  Qərbi  Avropa  və Yeni Dünya - ABŞ   içəriycə (mahiyyətcə) orta əsrlərdən tam fərqli və  yeni keyfiyyətdə,  qibtə olunan  mədəniyyət, yaşayış  nümunəsi  yaratmışlar. Fikir verdinizsə, bu mədəniyyətlərin  sırasında  artıq 1400 ildir  mövcud olan, müsəlman dinli  bir ölkə belə yoxdur...

Demək, əsas məsələ, üstün yaşayışın açarı  da bu sualın, yəni “Qızıl alma” yarada bilməməyin  cavabındadır. Cavab isə, toplumu irəliyə apara biləcək - düşüncə və hərəkət  özgürlüyünə, yəni, əsas iç güc qaynağına  sahib olmamaqdadır. Yəni, gəlişmənin  (inkişafın) qarşısını alan,  onu ləngidən, saxlayan yaşam tərzindən (oxu, hər cür dini -Xristian, İslam, Buddist, Sovet və  geriçi idarəçilik), düşüncə və hərəkət  yasaqlarından  yaxa qurtara  bilməməkdədir.  

 Qısası, bu gəlişmə, bizi geriliyə gömən yaşam tərzindən - düşüncə və idarəçilikdən, yəni, ərəb-fars  düşüncəli  İslamdan və antidemokratik  idarəçilikdən  yaxa qurtarıb, biliyə,  düşüncə özgürlüyünə, üstün yaşam tərzinə sarılmağımızla baş verəcəkdir.

“Qızıl alma”ya çevrilmək istəyənlərin  (öncə, düşüncə)  səviyyəsi, Qərbi Avropa, ABŞ və sair bu  kimi ölkələrdəki yaşam səviyyəsinə çatmalıdır. Bu cür ölkələr, yalnız,  özlərində olmayanlar - enerji, xammal, ucuz  işçi qüvvəsi  və  yaradılmış mallarını xırıd etmək üçün daha geniş bazara, yəni,  başqalarına üz tuturlar ki, bu da,  onların necə deyərlər  bol puluna və imkanlarına  minnət...

Oxucuda düzgün müqaisə imkanı yaransın deyə,  bilimlə (elmlə) gəlişən bir sıra müsəlman olmayan  ölkələrdə  adambaşına düşən  aylıq milli gəliri sunuram (təqdim edirəm):  1. İsveçrə - 6301 dollar, 2. Avstralya -3780 dollar , 3. Danimarka – 3269 dollar, 4. ABŞ – 3258 dollar, 5. İslandiya – 2991 dollar, 6. İngiltərə - 2960 dollar, 7. Hollandiya -2937 dollar, 8. Almaniya – 2851 dollar, 9. Yaponiya -2782 dollar, 10. Kanada – 2773 dollar  və...  öz aralarında  nisbətən öndə  yer  alan  iki  müsəlman ölkəsi:  1. Türkiyə - 700 dollar,    2. Azərbaycan – 130 dollar (215 manat)...  Və   bu öncül ölkələrin, ABŞ (ABŞ,  öz enerji qaynaqlarını çox məhdud sayda işlədir, böyük  hissəsini gələcək nəsillərin payı kimi ehtiyatda saxlayır, ehtiyacı qədər isə, başqalarından alır) istisna olmaqla, heç biri bizim (oxu, müsəlmanlar)  kimi  təbii sərvətlərə, enerji qaynaqlarına sahib deyil.  Baxın, bu müqaisədə,  biz bütün alanlarda (sahələrdə)  gəlişən (inkişaf edən) bu ölkələrdən dəfələrlə geri qalırıq, yəni, əslində  sürünürük...

Sadalanan  on  ölkədəki iqtisadi durumun,  üstünə, bizdə hələ də olmayan,   tibbi sığorta və çeşidli başqa sosial müdafiə növlərini, bayramlardakı yardımları  da  gələndə...  görün,  bu ölkələrdəki hər bir insanın real yaşam səviyyəsi harayadək yüksəlir.  Yeri gəlmişkən,  20  mart 2018-ci il tarxdə, “Yevronyüs” xəbər agentliyi bildirdi ki,  bütün Avropa  İttifaqında VİFİ,  yəni,  internet xidməti (cəmi, 120 milyon avro dəyərində)  pulsuz olacaq.  Başqa sözlə, Aİ  bir qitə olaraq,  daha  keyfiyyətli və sıx vahid ailəyə çevrilir.

Bax, vətəndaşın, qalxan dinamika ilə artan yaşam güvənliyi budur!  İndi, hesabınızı gütürün, görün biz nə gündəyik, yəni,  neçə dəfə geri qalırıq  və   geriliyin mağmın elədiyi bədbəxt insanlarımız, bizimçün  nağıllar  qitəsinə (oxu, Avropaya, ABŞ-a, Kanadaya) niyə can atır?

Geriçi ölkələrin pis görüləni (təcrübəsi) göstərir ki, bir ölkənin torpağının  geniş və  doğal (təbii) sərvətinin, hərbi  gücünün  çox olması, hələ heç də bu ölkə vətəndaşlarının  yaxşı yaşaması  anlamına  gəlməz.  Çox vaxt əksinə,  yurdun hədsiz böyük olması (məsələn, Rusiya Federasiyası)  ucqarlarda  özbaşnalığın (oxu, mafiya qaydalarının)  yaşam normasına çevrilməsinə, doğal (təbii) sərvətin bolluğu isə,  baş bəlasına (məsələn, Azərbaycan nefti)  çevrilir... çünki, bu ölkələrdə idarəçilik pisdir. Belə ölkələrdə, dövlət adına təşkilatlanmış bir ovuc  yolsuz, oğru, yəni, mafiya  hədsiz varlanmaqla  millətə  qan uddurur və onu bir qarın çörəyə möhtac halda  saxlamaqla zülm verir... 

Odu  ki, unutmayaq,    lap bütün dünya bizim olsa  da... ancaq,  hər bir vətəndaşımız, bütövlükdə millətimiz,  özgür, firavan, güvənlikdə, insan hüquqları və özəllikləri qorumada deyilsə,  idarəçilik pisdirsə...  demək, hələ xoşbəxt deyilik, eləsə,  belə ömürgün, bir ovuc  dələduzlardan başqa  kimə lazımdır, əlbəttə,  heç kimə?

 Sayğılı  oxucular,  orqanik imkanınız  (oxu, qavramanız)  olduqcda,   bu  barədə düşünün...  gərəyiniz  olar.

Adamlara  sayğılarla,                               

 

Məmmədxan  Əzizxanlı

02.07.2018-ci il

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN