Qoşulmayanlar Hərəkatının Tehran Zirvəsi: Kim Uduzdu, Kim Uddu

Qoşulmayanlar Hərəkatının Tehran Zirvəsi: Kim Uduzdu, Kim Uddu
Qoşulmayanlar Hərəkatının Avqustun sonlarında keçirilən Tehran Zirvə toplantısı dünya gündəminin əsas mövzularından biri oldu. Hələ zirvə toplantısı başlamamışdan öncə toplantının gündəmi, hansı dövlət və hökumət başçılarının iştirak edəcəyi, eləcə də beynəlxalq təşkilatların hansı səviyyədə təmsil olunacaqları mövzuları maraq doğururdu.   İran, zirvə toplantısından öz diplomatik maraqları üçün istifadə etməyə çalışırdı. İranın içinə düşdüyü diplomatik vəziyyət nəzərə alındıqda bu bir qədər təbii görünürdü. 1979-cu il inqilabından sonra bu ölkə xüsusilə terrora dövlət səviyyəsində verdiyi dəstəyə, nüvə proqramına, Qərb ilə ideoloji qarşıdurmasına, rejim ixracı təşəbbüslərinə, qonşularıyla sərt münasibətlərinə və bir qədər də insan hüquqları probleminə görə beynəlxalq aləm tərəfindən təcrid olunub. Bu proses artıq mütəmadi xarakter alıb və təcrid dayanmadan sərtləşməkdədir. Hətta Rusiya Federasiyası kimi müttəfiqi belə İrana müqaviləsini imzaladığı və pulu aldığı S-300 raket kompleksini satmır və məsələ iki ölkə arasında beynəlxalq miqyaslı problemə çevrilib.   İran regionda gerən proseslərdən də kənarda saxlanılmağa çalışılır. Suriya böhranında olduğu kimi çox arzuladığı halda beynəlxalq tədbirlərin heç birinə dəvət olunmur. Çünkü problemin həllinə töhfə verə biləcək bir ölkə kimi yox, əksinə problemin mənbəyi kimi qəbul olunur. Tehranda dəvət olunan “Suriya Zirvəsinə” isə İran şox arzuladığı halda lider səviyyəsində qatılan dövlət sayısı həddindən artıq az oldu. Hətta İranın müttəfiqlərindən Ermənistan və Rusiya belə onun arzuladığı səviyyədə iştirak etmədilər. Rusiya isə ümumiyyətlə tədbirə Moskvadan heç kimi göndərmədi: bu ölkəni tədbirdə Tehrandakı səfir təmsil etdi.   Belə olan halda İran Qoşulmayanlar Hərəkatının avqustun sonlarında keçirilən Tehran Zirvəsini fürsət kimi görürdü. İran həm tədbirdə xarici dövlət başçılarının iştirakını özünə olan diqqətin nəticəsi kimi göstərməyə, həm də toplantıda Suriya ilə bağlı öz maraqlarına uyğun qərar çıxmasına nail olmağa çalışırdı. İran üçün xüsusi əhəmiyyət kəsb edən məqamlar arasında Misir prezidenti Məhəmməd Mursi, BMT Baş Katibi Ban ki-Munun, qonşu dövlətlərin prezidentlərinin tədbirdə iştirakı İran üçün psixoloji məqam idi.   İran qonşu dövlətlətin zirvə toplantısında iştirakını təmin etmək üçün bu ölkələrə nümayəndə heyətləri göndərmiş, böyük vədlər vermişdi. Ancaq nə Azərbaycan, nə Türkiyə, nə də İranın böyük ümidlər bağladığı Ermənistan tədbirdə prezident səviyyəsində iştirak etmədi.   BMT Baş Katibi Ban ki-Munun zirvədə iştirak qərarıyla bağlı fikirlər birmənalı deyildi. Xüsusilə ABŞ və İsrail Ban ki-Munun iştirak qərarını sərt tənqid etdilər. Daha maraqlı addım isə BMT Baş Katibindən gəldi. Ban ki-Mun İranda istər dini lider Əli Xamenei, istər prezident Mahmud Əhmənijad ilə görüşlərində bu ölkənin nüvə proqramını tənqid etdi və İran rəsmilərinin İsrail ilə bağlı açıqlamalarına etiraz etdi. Zirvə görüşündə də oxşar mövqe nümayiş etdirən Ban ki-Munun açıqlamaları diplomatik qaydalardan bir qədər kənar xarakter daşıyırdı. Çünkü Ban ki-Mun birbaşa öz evində İran rəhbərliyini dövlət adamına yaraşmayan məsuliyyətsiz açıqlamalar verməklə ittiham etmişdi.   Misir Prezidenti Məhəmməd Mursinin nümayiş etdirəcəyi mövqe də maraqla gözlənirdi. Çünkü bu iki ölkə arasındakı uzun müddətli soyuqluq Misirdəki hakimiyyət dəyişikliyindən sonra ortadan qalxmağa başlamışdı. Eyni zamanda Mursi ilk xarici səfərini adətən beynəlxalq məsələlərdə İrana yaxın mövqe nümayiş etdirən Çinə etmişdi. Amma Mursi də Ban ki-Mun kimi İranın “arzusunu ürəyində qoydu.” Mursi xüsusilə Suriya məsələsiylə bağlı olaraq zirvədəki çıxışında Bəşər Əsəd hakimiyyətini sərt tənqid etdi və rejimin legitimliyini itirdiyini vurğulayaraq bütün qüvvələri hakimiyyət dəyişikliyi üçün Suriya xalqını dəstəkləməyə çağırdı. Mursi eyni zamanda çıxışında bir neçə dəfə üzünü İran nümayəndə heyətinə tərəf tutaraq “Suriyada tökülən qanın günahı burdakıların üstündədir” ifadələrini işlətdi. Öz novbəsində İran tərəfi Mursinin açıqlamaları ilə bağlı özünəməxsus tədbirlər gördü. Mursinin çıxışı zamanı digər iştirakçılar üçün olan tərcümənin səsi azaldıldı. Çıxışın müxtəlif yerlərində isə vacib ifadələr qəsdən səhv tərcümə edildi (məsələn bir yerdə “Suriya” “Yəmən” kimi, başqa bir yerdə isə “azadlıq uğrunda mübarizə aparanlar” “təxribatçılar” kimi tərcümə olundu).   Amma nəticə dəyişmədi. Beynəlxalq aləmdə toplantı ilə bağlı xəbərlər daha çox İranın evində vurulması kimi başlıqlarla getdi. Beləliklə, İranın bir beynəlxalq tədbirdən öz daxili və xarici siyasi məqsədləri üçün istifadə etmə niyyəti baş tutmamış oldu. Toplantıda arzulanan iştirak səviyyəsi reallaşmadı. Gəlişinə ən çox sevinmək istədiyi iki lider isə İranı ən vacib mövzularda öz evində “vurdu”. N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN