Tutdu qatıq...

Tutdu qatıq...

TUTDU   QATIQ...

Siyasətdə   mümkün gediş – uğurdur.

 

Hadisələr vaqe olur:

1. ...4 iyul 1921-ci il tarixdə, Tiflis şəhərində, RKP MK Qafqaz Bürosunun plenumunun 11 nömrəli axşam iclasında.

İştirak edirlər: RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orcenikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelişvili və Fiqatner. Komsomolun Qafbürosunun katibi Breytman, Gürcüstan MK üzvləri: Çindadze, Mdivani və Svanidze.

 

                                         DİNLƏNİLDİ:

 

5. Qarabağ məsələsi, hansı ki, bu məsələnin müzakirəsində iki fikir aşkar oldu və aşağıdakı məsələlər səsə qoyuldu:

a) Qarabağı Azərbaycanın hüdudlarında saxlamaq.

Səs verirlər: lehinə: Nərimanov, Maxaradze, Nazaretyan.

Əleyhinə: Orcenikidze, Myasnikov, Kirov, Fiqatner.

b) Bütün Qarabağda, bütün erməni və müsəlman əhalisinin iştirakı ilə ümumxalq rəy sorğusu keçirmək.

Səs verirlər: lehinə: Nərimanov, Maxaradze.

c) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək.

Səs verirlər: lehinə: Orcenikidze, Myasnikov, Fiqatner, Kirov.

d) Yalnız, Dağlıq Qarabağda ermənilər arasında rəy sorğusu keçirilsin.

Səs verirlər: lehinə: Orcenikidze, Myasnikov, Fiqatner, Nazaretyan.

 

                                       QƏRARA ALINDI:

 

Dağlıq Qarabağ Ermənistanın tərkibinə daxil edilsin, yalnız, Dağlıq Qarabağda rəy sorğusu keçirilsin.

Qarabağ məsələsinin Azərbaycan üçün xüsusi əhəmiyyətini nəzərə  alaraq, yol. Nərimanov buna qəti qərar verilməsi üçün məsələnin RKP MK-ya keçirilməsinin zəruri hesab edilməsi barədə təklif verdi.

Qarabağ məsələnin ciddi fikir ayrılığına səbəb olmasını nəzərə alaraq, RKP MK Qafbürosu, onun qəti olaraq həll edilməsi üçün RKP MK-ya keçirilməsini zəruri hesab edir.

Qarabağ məsələsi haqda səsvermədə yol. Oraxelişvili iştirak etmədi.

 

p. p. RKP MK Qafbürosunun katibi            Fiqatner

Düzdür:                                                        İşlər müdiri

Düzdür:                                                        İmza

 

                            ZAQRAYKOMUN   PARTARXİVİ

 

9 nömrəli arxiv üzrə, iş 15, 1921-ci il,vərəq 2/ - 2 ob. RKPMK Qafbürosu 1921-ci il üzrə. ORQ Rəyasət Heyətinin və plemunun

                                 PROTOKOLLARI.

Informasiya şöbəsinin instruktoru. Oxu şöbəsi.

Sov. İKP MK yanında  MLİ PAAF, f. 64, op. 2, iş 1, v. 118.

2. ...5 iyul 1921-ci il tarixdə, Tiflis şəhərində RKPMK Qafqaz Bürosunun 12 nömrəli iclasında.

İştirak edirlər: RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orcenikidze, Kirov, Nazaretyan, Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov. ASSR Xalq İşlər Komissarı Hüseynov.

 

                                        DİNLƏNİLDİ:

 

1. Yol. Orcenikidze və Nazaretyan əvvəlki plenumun Qarabağ haqda qərarına yenidən baxılması məsəsləsini qaldırdılar.

                                     QƏRAR VERİLDİ:

 

a) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona, muxtar vilayət tərkibində saxlanılan, inzibati şəhəri Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyəti verilsin.

                Səs verirlər: lehinə: - 4 – 3 – bitərəf.

b) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə verilməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin.

c) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın fövqəladiliyinə namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın.

d) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən edilsin və təsdiq üçün MK  Qafbürosuna təqdim edilsin.

 

RKP MK Qafbürosunun katibi            Fiqatner

Əsli ilə düzdür:                                İşlər müdiri

 

_______________________________________________________

 

  Sov. İKP MK yanında MLİ PAAF. f. 64, op. 2, iş 1, v. 122 b – 122 ob.

 

Əvvəla, bir görək bu birinci məclis məsələnin həlli üçün səlahiyyətlidirmi? Səlahiyyətlidirsə, onda kimin tərəfindən səlahiyyətləndirilib? Başqa sözlə, o vaxt üçün, tam müstəqil Azərbaycanın suverenliyi, müstəsna hüququ sayılan torpağın aidiyyəti üzrə (burada Qarabağın) taleyini kimlər, hansı mandat əsasında və niyə həll etməyə yığışmışlar?

Nə həmin 11 nömrəli protokolda, nə də sovet tarixində həyati vacib məsələlərə cavab tapmazsınız. Çünki, belə olan halda, necə deyərlər, sandıqlar açılmalı, pambıqlar çölə tökülüb aşkarlanmalıdır. Bu da ki, həmin qəsdin təşkilatçılarına qətiyyən sərf eləməz, deyə, sandıqlar açılmır...     

Hər iki protokolu nəzərdən keçirərkən aşağıdakı məntiqi qənaətə gəldim:

- Yəqin ki, ermənilərin təşəbbüsü ilə və RKP MK-nın tapşırığı ilə, İ.V.Stalin bu məsələnin, məhz ermənilərin xeyrinə həll edilməsini təmin etmək üçün Tiflisə gəlmiş və sözügedən səhnələrin oynanılmasını təşkil etmişdir.

Məsələni ermənilərin xeyrinə həll etmək üçün bəlkə də əvvəlcədən iki variant hazırlamışlar:

a) Qarabağı Azərbaycandan alıb Ermənistana qatmaq. Əgər bu nömrə keçməzsə,

b) Qarabağın Dağlıq hissəsi üçün (ermənilərin daha çox yaşadığı hissəyə) geniş muxtariyyət hüququ qopartmaq.

Hər iki məclis üzvləri, araşdırdıqları məsələni həll etmək üçün Azərbaycan xalqı tərəfindən səlahiyyətləndirilməmişdir və bəziləri səlahiyyətləndirilə də bilməz, çünki, onların Azərbaycana heç bir aidiyyəti yoxdur.

Qaldı ki, iclasların gedişatına, ona söz ola bilməz, belə ki, qəsdin mahiyyəti elə bilavasitə gedişatda açılır. Bütün baş verənlərin düzgün anlaşılması üçün, xatırladıram ki, hələ Azərbaycan SSR-in (hələ, heç bir ittifaqa girmədiyi dövrdə) müstəqilliyi, öz ərazisinə  suverenlik hüqüqu - Ermənistan DR ilə, RSFSR arasında alverin predmeti olmuşdur.

Belə ki, Ermənistanın, Azərbaycana qarşı olan ərazi iddiaları əsasında, artıq uzun müddət, fasilələrlə davam edən vuruşun dayandırılması üçün vasitəçilik edən (İndi də köhnə ssenari davam edir)  RSFSR, 28.10.1920-ci il tarixdə ikitərəfli qaydada, Ermənistan DR ilə saziş bağladı. Ermənistan, özünün çoxdankı, planlaşdırılmış iddiası üzərində duraraq – Naxçıvanın, Zəngəzurun və Qarabağın ona verilməsini tələb edirdi. Həmin müqavilənin şərtinə görə, Ermənistan DR, ona, yalnız Zəngəzurun, Naxçıvanın, habelə 2,5 milyon manat qızıl pulun ssuda veriləcəyi halda, Qarabağa aid olan iddiasından əl çəkəcəyini bildirdi (“Azərbaycan SSR Dövlət və hüquq tarixi”, “Elm” nəşriyyatı, Bakı, 1973,səh. 96, rusca).

Hazırda, bildiyimiz kimi, bütün Zəngəzur, Ballıca, Göyçə mahalları Ermənistana verilmiş, Qarabağ süni surətdə, əslində ikiyə bölünmüş – DQMV-yə əlahiddə inzibati ərazi vahidi statusu verilmişdir. Beləliklə, bircə Naxçıvan istisna olmaq (və anklav, ölkədən ayrı halına salınmış) şərtilə, Ermənistanın bizə qarşı ərazi iddiası, əslində təmin olunmuşdur.

Qayıdaq iclasın gedişinə:-fikir verin, Azərbaycanın həyati məsələsinin həllində... 7 nəfər yada qarşı, cəmi bir azərbaycanlı – N.Nərimanov (ikinci gün, Xalq İşlər Komissarı Hüseynov da) iştirak edir. Məncə, bunu 22.02.1828-ci il tarixli Türkmənçay müqaviləsində olduğu kimi tarixin “ancaq istehza dolu, acı gülüş dəqiqələri” adlandırmaq olar.

Bir görün ki, bu “beynəlmiləlçilər”, hətta bütün Qarabağda, onun bütün əhalisinin iştirakı ilə ümumxalq rəy sorğusu keçirilməsinə də razı olmurlar. Halbuki, bu özü də heç etibarlı sayıla bilməzdi. Çünki, Qarabağ – bir inzibati ərazi vahidi kimi tarixən suveren ölkə olmamış (xanlıqları bütöv bir ölkənin nisbi müstəqil özünüidarə vahidləri hesab edərsək), həmişə Azərbaycanın tərkib hissələrindən biri kimi sayılmışdır. Ona görə də, rəy sorğusu keçirilərsə, bütün Azərbaycanda keçirilməlidir. Çünki, məhz Azərbaycan, tarixən suveren vahid ölkə olub, onun tərkib hissələri – yox! Deməli, torpağın yiyəsi Azərbaycandır və deməli, ancaq Ümumazərbaycan rəyi sləahiyyətli sayıla bilər.

Və...yalnız, Dağlıq Qarabağda (Qarabağ anlayışını parçalamaq fikri də, yəqin burada qondarılıb), yəni, ermənilərin say çoxluğu yaradılmış ərazi vahidində, başqa sözlə, çoxluğu ermənilər olan toplum arasında rəy sorğusunun keçirilməsini israr edirlər. Bu ona bənzər ki, məsələn, filan qədər erməni gedib Moskva ətrafında binə olsun, sonra da... şivən qoparsın ki, ay haray, mən müstəqil olmaq istəyirəm və buna razılığı da... ancaq özümdən soruşun...gülüncdür, deyilmi? Amma, kimə deyirsən, məhz yiyəsiz olduğumuza  görə də belə gülünc taleyi yaşamağa, əsassız iddialara cavabdeh kimi tarixən uduzmaqda davam etmirikmi? Bir sözlə, Azərbaycanın bu günədək itirilmiş torpaqları yiyəsizliyimizin güdazına getmişdir.

...Yad qəsdçilər formal müzakirədən sonra, qabaqcadan nəzərdə tutduqları (iki qərardan biri) qəti qərara gəlirlər:-“Dağlıq Qarabağ Ermənistanın tərkibinə daxil edilsin” və yalnız,”Dağlıq Qarabağda rəy sorğusu keçirilsin”. Sual olunur, onsuzda taleyi əlinizdə olan bu yiyəsiz ölkə haqda qəti qərar verirsinizsə, artıq haqqında qərar qəbul etdiyiniz məsələ barədə rəy sorğusu niyə keçirirsiniz  ki? Əlbəttə, bu, məsələni formal qanunlaşdırmaq üçündü.

...Nəhayət, milli suverenlik hüquqlarına tam təcavüz olunduğunu dərk edən N.Nərimanov axırıncı imkanından istifadə edib, məsələ barədə RKP MK-ya apellyasiya şikayəti verəcəyini bildirir. Beləliklə, RKP MK Qafbürosu, məsələnin qəti (yenə də hansı hüquqla) olaraq həll edilməsi üçün, RKP MK-ya keçirilməsini zəruri hesab etmək məcburiyyəti qarşısında qalır.

Göründüyü kimi, həmin məclis artıq öz sözünü demiş oldu və gözləmək lazım idi ki, Moskvada RKP MK bu məsələni (səlahiyyəti olmayan hüquqla) qəti həll edəcək...

Buna baxmayaraq, RKP MK, baş verə biləcək arzuolunmaz vəziyyəti gözləri önünə gətirib, bəlkə də təcili Leninlə məsləhətləşib, onun məsləhəti ilə... heç bir məntiqə uyğun gəlməyən 5 iyul tarixli iclaslarına başlayırlar.

Və... “Orcenikidze və Nazaretyan əvvəlki plenumun Qarabağ haqda qərarına yenidən baxılması məsələsini qaldırırlar”.

Qəribə deyilmi? Axı, dünənki məclis, elə həmən Orcenikidze və Nazaretyanın və b. arzu etdikləri qərarı çıxarmışdı. İndi nə oldu ki, bu adamlar, öz xeyirlərinə çıxarılmış qərara yenidən baxılması məsələsini qaldırası oldular?! Və yenə də, ancaq özləri elə qərar çıxartdılar ki, necə deyərlər, “nə şiş yansın, nə kabab” - Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın, lakin, ona geniş muxtariyət hüququ verilsin...

Bəs bu, axırıncı gedişin oynanılmasına səbəb nə idi?

Məncə, hər iki variant əvvəlcədən hazırlanıbmış, yəni, tutdu – qatıq, tutmadı – ayran.

Burada, bir məsələdə qiymətləndirilməlidir ki, əgər, Qarabağ məsələsinin həlli Moskvaya keçirilərsə, onda necə olmasa, məsələ böyüyər və bir tərəfi beynəlxalq aləmə çıxardı. Beynəlxalq aləm də, Qarabağın həqiqətən Azərbaycana məxsus olmasından yəqin ki, xəbərsiz deyil. Belə olan tədqirdə, özünün hələ bərkiməmiş beynəlxalq nüfuzuna (xüsusilə Şərq xalqları arasında) əlavə xələl gətirməkdən çəkinən RKP MK məsələni düzgün həll etmək məcburiyyətində qalardı. Nəticədə, məsələ ermənilərin ziyanına həll edilə bilərdi.  Odur ki, 5 iyul qərarı (onsuz da ermənilər üçün bu, göydəndüşmə  uduş ) gələcəkli bir gediş idi.

Daha bir maraqlı məsələ: Nərimanovla, Hüseynovun axırıncı iclasda hansı mövqe tutmaları haqda protokolda heç bir qeyd yoxdur. Ola bilsin ki, Nərimanov səsvermədə heç iştirak etməyib. Bunun, onsuz da heç bir hüqüqu əhəmiyyəti olmasa da, maraqlıdır.

Beləliklə, DQMV məsələsi, Azərbaycanın siyasi cəhətdən iflic (yad əllərdə olan) hökumətinə məqsədyönlü sırınır ki, bu da 1923-cü ildə ona qanunsuz muxtariyyət statusu verilməsilə nəticələnir (Xatırladım ki, bu vaxt AKP MK-nın birinci katibi həmən Kirov idi).

Beləliklə, DQMV-nin muxtariyyət statusu qanunsuzdur. Ona görə ki, ermənilərin əsas hissəsi gəlmədir (bax: 22.02.1828-ci il tarixli Türkmənçay müqaviləsinin 5-ci bəndi və digər tarixi mənbələr).

Köklü, yerli olmayan xalqa isə muxtariyyət hüququ düşmür.

 

25.07.1989-cu il.

 

“VOVRUZ”dan:-Məqalədən, məlum tutalqalardan görünür ki, DQMV məsələsi “qondarma” deyil, planlı  şəkildə düşünülmüş, rus və erməni siyasətindən törəmişdir. DQMV-yə muxtarlıq statusunu dövlətin qanunverici orqanı-Ali Sovet deyil, artıq biabırçı “ömrünü yaşamış” Kommunist Partiyası vermişdir. Buna görə də bizim Baş Məclis –yeni parlament, Qarabağın dağlıq hissəsinin muxtarlıq statusunu ləğv edən qərar çıxarmalıdır. 1923-cü ildən bəri Qarabağın dağlıq hissəsini az qala respublika statusu səviyyəsinə qaldıran Kommunist Partiyasının mənfur qərarının hüquqi əsası yoxdur.Bu sözləri eynilə Zəngəzur haqqında da demək olar.

 

Yazı, “Kələfin ucu” adıyla “Novruz” qəzetinin 05.02.1991-ci il tarixli sayında, ”Müxalifət” qəzetinin, 19.02.1997-ci il tarixli, 14-cü sayında “Siyasətdə   mümkün gediş – uğurdur.” adıyla   dərc edilmişdir.

 

Məmmədxan Əzizxanlı

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN