Yaranışın qavramı

Yaranışın qavramı

Nənəmin Allahı min ildən bəri

Nənəmin yurduna nə verib axı?...

                                                               Məmməd  Araz, (“Duman ömrü”)

        “Hürriyyət” qəzetinin 07-10 oktyabr 2016-cı il tarixli sayında bir dostum - Əlisa Nicatın, digər dostum - Qurban Məmmədova ərməğan etdiyi “Allahın varlığının 3 sübutu” adlı, bəlkə də əbədi gündəlikdə olacaq bir mövzuya baş vurulmuşdur. Öz mənəvi öhdəliyinə (missiyasına) sadiq qalan ustad bu dəfə də oxucunu son dərəcə dərin və gərəkli düşüncələrə calayıb, desəm səhv etmərəm yəqin. Belə ki, bu məsələlərə fikir verməmək mümkün olmadığından mən də qabaqca  qələmə, sonra da klaviaturaya sarıldım...

     Hörmətli, Əlisa müəllim, əgər insan ilk canlının (amöba), bizim şərti cansız hesab etdiklərimizdən (əslində, onlar da cansız, yəni tam hərəkətsiz, durğun deyil, çox zəif də olsa dəyişəndir) – onların qarşılıqlı təsirindən əmələ gəldiyini aydınlaşdırıbsa, onda dediyiniz kimi, necə “Yəni Allahın necəliyini müəyyən etmək insan beyninin heç vaxt gücü çatmayacaq bir məsələ...” ola bilər? Məgər, varlıq ta ibtidadan indiyədək  qavranılmaqda deyi? Axı, bu açıq görükəndir.

    Məncə, bəzilərinin düşündüyü kimi Allah deyilən, yəni hər şeyə qadir yaradıcı - şey, predmet, ya canlı bir bədən kimi yox, materiyanın, qarşılıqlı təsirindən yaranan yeni hal, ətrafa daha aktiv təsir edəcək qüdrətli qüvvə kimi qavranmalıdır.  Deməli, Allah dediyinizin insan tərəfindən qavranılması artıq çoxdan – cansızların xarakteri, tərkibi və xüsusiyyətlərinin, canlılarınsa vərdişi, yaddaşı, genetik kodu, beyni, təlim və tərbiyəsinin formalaşması öyrənilməyə başlayandan bəri mövcuddur və deməli, mümkündür. Bu məsələni hər dəfə sıfırdan başlamamaq üçün sadəcə əldə olunan bilikləri, məsələnin ilkin şərti kimi unutmamaq lazımdır, vəssalam. Əgər xatırlasaq, klassik düşünərlər (mütəfəkkirlər) də dolayısıyla da olsa bu fikri deyiblər.

   “Platon və Aristotelin qüdrətli zəkasına rəğmən (yəni, baxmayaraq,M.Ə.) insan nədir ki, Allahın necəliyini təsəvvür edə bilsin. Bu bir aksiomadır.” deməklə,  Əlisa müəllim Allah (oxu, materiyanın, qarşılıqlı təsirindən yaranan yeni hal, ətrafa daha aktiv təsir edəcək qüdrətli qüvvə) anlayışını fetişləşdirir ki, bu da din alverçilərinin işinə əla “tikinti materialı” verir.

     Söz vaxtına çəkər deyiblər, verdiyiniz bu cür “tikinti materialı”nın necə istifadə olunması barədə GünAzTV-nin qət təzə (bu günkü - 11.11.2016, Cavad İsmayılbəyli və Əhməd Obalının “Fəsad, dini xurafatdan yaranır”) verlişində gülünc vidioları göstərib bildirdilər ki, İranın (oxu, Viranın, M.Ə.Sabir,”Ağladıqca kişi qeyrətsiz olur”) ən yüksək məqamlı ayətollahlarından biri (birimi?) zəvzəyib ki, sən demə ölkələrində suyun çatışmazlığına, iqtisadiyyatının xarab  olmasına əsas səbəb... İranda qadınların hicab qaydalarını pozmalarıymış, yəni, aşağıdan dabanlarının, yuxarıdansa saçlarının bir çəngə də olsa görünməsiymiş, digər mollalar isə ağlzlarının suyunu, tüpürcəklərini xəstə uşaqlara, qısır qadınlara içirtmıklə guya onları sağaldırmışlar kimi iyrəncliklər və bu sayaqlamalara sidqi ürəkdən inanan ikiayaqlı cahillər sürüsü... Belə “tikinti materiallarından” “çox səmərəli” istifadə edən həmin dələduz, lotu mollalar uyuşdurucu effektindən də güclü təsirli cəfəngiyyatları bədbəxt müsəlmanların uşaqlıqdan zibillədikləri beyinlərinə ifraz edib, ora ömürlük pərçimləməklə elə iflic edirlər ki, bu mağmınlara haçansa nicat yolu da qalmır heç - dağıdıcı fitva gözləyən  beyinsiz canlı robotlara, manqurtlara çevrilirlər...

  Yeri gəlmişkən, güneyli imkanlı və qədirbilən qardaşlarımıza məsləhət görərdim ki, mollaların natəmiz ağız suyundan daha tez qurtulmaq üçün Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin Jurnalının Toplusu”nu və Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini çap edib yaysınlar, faydası çox olar.

      Mövzuya qayıdaq. Həmən bu alverçilər (keçmişdə aqillərimiz bunlara “din bəzirganları” deyiblər) özlərini Allahın yerdəki imtiyazlı nümayəndələri kimi təqdim etməklə, zəhmətkeş, sadəlövh, savadsız və qorxaq insanların hesabına özlərinin yüksək təminatlı dələduzluq şəbəkələrini yaradıb, ömrü boyu heç bir ictimai faydalı iş görmədən öz gündəlik, nağdı keflərini sürüb, başqalarına isə “o dünyadakı” əslində mövcud olmayan (çünki, sübut adına bir şey belə təqdim olunmayıb), qondarma, “daim bakirə hurilərlə əbədi kef, havayı yeyib içmək, əyləncə” vəd edib, bununla da özlərinə sərf edən geriçi “Ağa və qul” münasibətlərini qoruyub saxlamağa çalışıblar. 

      Dünyanın öncül cəmiyyətləri olan Avropa, ABŞ və digərləri, yalnız özlərindəki (xristianlıqda) bu dələduzluq şəbəkələrini dövlət, cəmiyyət idarəçiliyindən, düşüncə tərzindən tam kənarlaşdırdıqdan sonra elmi idarəçilik yoluna çıxmaqla, sürətli inkişafa, yüksək təminata, rifaha nail olmuşlar. Bax, bu da 229 yaşlı ABŞ  Konstitusiyasının, habelə yeni Avropanın ən təzə aksiomlardan biridir.

      Dünyada, məhsulu olduğumuz təbiətdən sonra ən qüdrətli təbii  faktor “...nədir ki...” hesab etdiyiniz İnsandır, başqası deyi. Sübut: - Bütün elmi nailiyyətlər. Bunun əksinə kim, nə kimi sübut təqdim edə bilər (indiyədək bircəsi də təqdim olunmayıb), buyursun... 

     Qaldı ki, materiyanın, qarşılıqlı təsirindən yaranan yeni hal, ətrafa daha aktiv təsir edəcək qüdrətli qüvvə (bütpərəst və dindarların (əslində bunların da arasında mahiyyətcə yox, görnüşcə fərq var) Allah saydıqları) qarşısında nəiniki insan, o cümlədən digər hər şey - özünün yaradıcısına qarşı məntiqi olaraq gücsüzdür və bunların mövcud olması, teleyi biri-birinə qarşılıqlı təsirlərindən asılıdırsa da, lakin “heç nə” də deyiı,  hərəsi öz ampulasında “nəsə”dir. Bu varlıqlar, yalnız öz gücləri (oxu, enerjiləri, təsir dairələri) çatdıqları yerədək, həddə çalışa, təsir göstərə və mövcud ola bilirlər. Bu varlıqların bizə bəlli olan ən bacarıqlısı - İNSANDIR.

     İndi isə keçək müəllifin Allahın varlığına gətirdiyi sübutlara.

     Hörmətli Əlisa müəllimin yazdıqlarından belə anlaşılır ki, yer kürəsini əhatə edən 5 metr qalınlığında ozon qatını yaratmaqla Allah əvvəlcədən düşünülmüş halda bütün canlıların qorunmasını təmin etmişdir və sairə bu kimi fikirlər. Eynən mollalar kimi deyilənə sübut təqdim olunmur.

     1-ci cavab: Axı, niyə bu sadə elmi həqiqət dilə gətirilmir ki, ozon qatı heç də canlıları qorumaqdan ötrü yaradılmayıb (çünki, bu barədə bircə sübut da yoxdur), yalnız, məntiqlə güman etmək olar ki, ozon qatı da digər əmələ gələnlər kimi materiyanın, qarşılıqlı təsirindən yaranan yeni hal, ətrafa daha aktiv təsir edəcək qüdrətli qüvvə olaraq əmələ gəlməklə yaranandan sonra yerdə canlıların əmələ gəlməsinə təbii şərait yaranıb? Kainatda bütün varlıqların biri, digərinin törəməsi olduğu kimi.

      Bir də, əgər Allah insanı düşünərək yaradıbsa, onda niyə onu məhv edə biləcək radiasiya, ya başqa bir amil yaradırdı? Yaxud, niyə insanı məhv edəcək amillərə qarşı dözümlü yaratmayıb, niyə onun, iddia olunan uyarlıq (harmoniya) məqsədilə yaratdığı canlılar biri, digərini yeyir, öldürür, yoxsa, Yaradan bilmir, ya unudub ki, o, özünün yerdəki özbaşına (rusca, samozvanets) dəllalları tərəfindən “hər şeyə qadir”, “ol, desə olan”, “hər şeyi bilən” kimi təqdim olunur? Bu məntiqsizlikləri necə izah edərdiz? Biri, digərini yeyən, öldürən, yox edən, mədəniyyətləri dağıdan canlıların yaradıcısını hansı məntiqlə yüksək düşüncə sahibi saymaq olar, mənə çatmır?

     Elmdən hamıya məlumdur ki, insan (oxu, ağıl) amili istisna olmaqla, təbiətdə sifarişlə nəsə yaranmır, əksinə qarşılıqlı təsirdən əmələ gələn amillərin yaratdığı yeni durum, yeni bir şeyin, şəraitin, cism və hadisənin əmələ gəlməsini şərtləndirir ki, aləmdə bütün yaradılışın əsasını da bu sadə mexanizm təşkil edir.

     Daha sonra müəllif yenə də sübutsuz yazır ki,  balinalar “...da başqaları kimi digər balıqlarla qidalansaydı, növləri onlarla, sayları isə milyonlarla olan bu nəhəng məməlilərin əlindən okean və dənizlərdə balıq qalmazdı(Guya, balıq olmasaymış təbiətə nə olacaqmış ki? Əvəzində, şəraitin şərtləndirdiyi başqa canlılar əmələ gələrdi, yəqin). Kimsə bunu düşünüb və balnaları okeanda  nə qədər desən olan və heç vaxt azalmayan planktonlarla qidalanmağa məhkum edib.”

     2-ci cavab: Niyə məhz ayrıca götürülmüş bir qurluş, sürəc, gedişat yüksək düşüncə  məhsulu (oxu, Allah) hesab edilməklə nümunə gətirilir, amma bütün aləmin, o cümlədən canlıların (oxu, həmdə balinaların) oluşması, biri digərini tamamlayan və sonucladan (nəticələndirən) yaşam tərzi, tərkibi, tərkibindəki daxili və xarici əlaqə, təsir, münasibətin “yüksək düşüncə məhsulu” hesab edilməli olmasının misal çəkilməsi sanki, “unudulur”? Axı, Allahın və ya təbiətin bütün əmələ gətirdikləri, yaratdıqları eyni cür sual, heyrət və məntiq sambalına malikdir?...Yəqin, ona görə “unudulur” ki, müəllifin bu təqdimatı daha mürəkkəb və elə buna görə də heyrət doğurandır, nəinki sadə qurluşlu varlıq... Çünki, sadə qurluşlu varlıqların oluşmasınin elmi izahı daha asan  başa düşülən olduğundan və görünür o qədər də heyrət doğurmadığından “Allahın qüdrətinin” təqdimatına yaramır. Məsələn, deyək ilk canlı növü amöba kimisi. Bu heyrətlərin (ki, ən mürəkkəbi və nümunəvisi insan beynidir) cavabı odur ki, hər şey, bütün qurluşlar sadədən mürəkkəbə doğru hərəkətdə olmaqla mövcud olur, dəyişir, yaşayırlar ki, buna da elmdə təkamül deyilir.

      Əlisa müəllim “İnsan qulağındakı labrint”ini də bu cür heyrət nümunəsi kimi Allahın əvvəlcədən düşünülmüş əl işi sayaraq deyir “Bu qəribə faktlar KOR  TƏKAMÜLÜN məhsulu deyil. Bu, əvvəlcədən nəticəni düşünməyin planlı işidir.” Yenə də konkret sübutsuz.

     3-cü cavab: Qulaq labrintinin yüksək düşüncə məhsulu (oxu, Allahın) olmasının cavabı üçün 1-ci və 2-ci cavablara bir də bax və məntiqi düşün.

 Öncə onu da deyim ki, büzə gəlib çatan, yəni görüb, duyduqlarımız, qeydə ala bildiklərimiz - oluşan sayagəlməz varlığın salamat qalanıdır, başqa sözlə “həyata vəsiqə alanıdır”, qalanları ölüb gedib, yaxud dağılıb, dəyişib.

 Maraqlıdır, siz təqdim etdiyiniz bu 3 sübutdan kənar baş verənləri necə, kor hesab etdiyiniz təkamülünmü, yoxsa, Allahınmı (yüksək düşüncəninmi) əməli, əl işi hesab edirsiniz? Əgər, yenə də heç bir sübut təqdim etmədən  ikinci fikirdəsinizsə, onda hər şeyi bilən, qüdrətli Allah yalnız, başqasına yem olacaq  qüsurlu canlıları, insanları hansı düşüncəylə yaradır ki, onlar da ömrü boyu sağlamlığa həsrət qalıb günahsız olaraq əziyyət, can dərdi çəkirlər? Əgər, heç nə onun iradəsindən kənar deyilsə, onda bütün bu pislikləri, biri-birini qıran insanları, boğuşan dinləri, dindarları yaratmaqda  o yüksək düşüncənin istəyi, amalı nəymiş? Bir “olma” deməklə bütün pisliklərin qarşısını ala bildiyi halda, niyə almır? Bütün bu vəhşətləri yaradanı yüksək düşüncə sahibi hesab etmək  olarmı? Olarsa, bu, məntiqə nə dərəcədə uyğundur? 

Əgər, bütün yaranışı, yüksək düşüncənin (oxu, Allahın) əl işi hesab ediriksə, onda  canlı və cansız həyatın insanca məntiqsizliyindən, təbiətcə isə barışmaz ziddiyyətlərindən oluşan bir sual verməli oluram...

Sizcə, vurğuladığınız həmən yüksək düşüncə, yəni Allah, nə üçün özünün əl işi olan olan insanlar (hələ mən bütün aləmi, nə bilim qara dəliyi, filanı demirəm)  arasında əvvəlcə pisliklərə yol açır, sonra da bunlara qarşı mübarizə üçün müxtəlif dinlər, ortada yeyib kənarda gəzən müftəxor dindarlar ordusu göndərir (“İstədiyi kimsəni azdırar, istədiyi kəsi də doğru yola yönəldər Allah” (“Quran”,Ənam,39), “İstəsəydi əgər Allah, bütlərə tapınmazdı onlar” (“Quran”, Ənam,107), Buradan açıq anlaşılır ki, bütpərəstlərin bütlərə tapınması Allahın isəyi ilə olub, “-Allah istəməyincə yenə gəlməzdilər imana” (“Quran”, Ənam,111), Yaxşı, bunu istəsin və məsələ də həll olunsun da?, “Rəbb-in istəsəydi əgər, bunu edə bilməzdilər” (“Quran”, Ənam, 112), Yaxşı, istəyəydi, onlar da edə bilməyəydilər də?... və sairə. O necə yüksək düşüncədir ki, bu pisliklərə sonsuzadək dözür baxmayaraq ki, ”Rəbb-iniz cəza verəndə, şübhəsiz, tez verəndir”, (“Quran”, Ənam,165), ayəsi var. Dinə görə bir “olma” deməklə o pislikləri, çatışmazlıqları aradan qaldırmır ki, sonucda insana göndərdiyi bütün dinlərin Allah adından elan etdiyi, arzuladığı yaxşılıqlar oluşsun, məhrumiyyətlər baş verməsin, necə deyərlər “Qurd, quzu ilə otlasın.”, axı, o, ən qüdrətlidir, onunla müqaisədə bütün insan çalışmaları bir heçdir və sairə, çoxlu beləcə cavabsız qalacaq suallar?...

 “Zalımların qövmünü doğru yola, şübhəsiz, çəkməz Allah” (“Quran”,Ənam, 144), sual olunur, məgər Allah onların da doğru yola gəməsini istəmir, istəmirsə, niyə? “Quran”da belə sual doğuran, ziddiyyətli  ayələr doludur.

 Əgər Allah öz mələklərindən fərqli olaraq, insanın bu məntiqli suallarını cavablandırmırsa və ya cavabsız qoyub hər şeyi canımıza düçar etdiyi Şeytanın ixtiyarına və təbiətin vəhşi axarına (oxu, zalımların, güclülərin ixtiyarına) buraxırsa, milyonlarla məzlumun ömrü boyu bir zalıma, güclüyə qarşı şikayətlərini eşidib yardım etmirsə, onda “Allah eşidəndir hər şeyi, biləndir hər işi.” (“Quran”,Baqara,224) “Rəbb-iniz cəza verəndə, şübhəsiz tez verəndir.” (“Quran”,Ənam,165)    kimi ayələri nə üçündür, məgər, onların bizə aidiyyəti yoxdur?  Yox əgər, deyildiyi kimi insanları qiyamətə qədər ədalətsizlik, zorakılıq  tamaşalarını qurmaqla imtahana çəkirsə, onda belə çıxır ki, o, yaratdığının necə olacağını qabaqcadan bilmirmiş, halbuki “Quran” deyir, “...hər şeyi bilir Allah.” (Baqara,115),  hər kəsin necə olduğunu bulirsə, onda niyə insanı, özüdə ömrü boyu ağır məhrumiyyətlərlə imtahana çəkir  və adam faktiki olaraq bu dünyada ömrə sayılacaq bir gün görmür? Bütün bunlardan belə çıxmırmı ki, o, bütün canlıların ən şərəflisi saydığı insana sanki, bir labaratoriya siçanı kimi baxır?

  Bəzən, hətta daha “dərinə” gedib, Allahın varlığı ilə dinlərin, inancların tam fərqli şeylər olduğunu deyənlərdən soruşuram: - dinlər və inanclardan kənar Allah anlayışı varmı?

  Əziz, Əlisa müəllim, sizin kor saydığınız təkamül, yəni elm, müasir inkişaf səviyyəsinə, o cümlədən korun da görməsini təmin edəcək qədər inkişafa nail olmuşsa, bəs dini ehkamlara dayalı olanlar nəyə nail olmuşlar – səlib müharibələrindən, tam mənasız məzhəb boğuşmalarından və qırğınlarından doğan dağıntılara, məhrumiyyətlərəmi, ya  insanın düşüncə korluğunamı?...

  Deyilənlərdən bu anlaşılmırmı ki, bütün cism və hadisələr təbiətə xas  xaotik və sonradan xaotik nizama düşmüş (Qeyri-səlis məntiqin predmrti) qaydaların sonucu olaraq yaranır, dəyişir və bir haldan başqa hala keçir?

  Mən bu yazıya cavab verməyə də bilərdim... amma, görəndə ki, artıq 1179 ildir (Babəkin qətli) dünyada, yalnız bircə ömür yaşamalı olan soydaşlarım indi də bu elmi əsassız, qondarma düşüncəni “əsas” tutan çeşidli din alverçilərinin girovluğunda zillət çəkir, talanır, öldürülür, çağdaş insana layiq  həyat tərzini yaşaya bilmir... dayana bilmədim.

  Daha bir sual: - Allah, nə üçün özünü dərk edə bilməyəcək səviyyədə insan (hələ mən başqa canlı və cansızları demirəm) yaradır? Bu məntiqsizlikdə qəsdi nədir?

  Sonda: - “Quran”da bəşəri anlayışdan kənar anlayış varmı? Yoxdursa, bu nə deməkdir? Cavablayardız, lütfən.

         İndiyədək heç bir din, inanc forması faydalı iş əmsalı olan bircə alətin, vasitənin, çağdaş, üstün yaşam tərzinin yaranmasını şərtləndirməyibsə...o, ortada yeyib, qıraqda gəzən cübbəli dələduzlardan başqa kimə və nəyə lazımdır, söylərmisiz?

         Dünyanı bürüyən bütün bu mövhumatçılıqla bərabər bizim ağıllı böyüklərimiz həm də kifayət qədər realist olduqlarından həmişə öz yaxınlarına həyatı düzgün yaşamağı əsl filosofcasına  belə qandırıblar: “Bala, yedin dadındı, verdin adındı, qaldı yadındı...” Yaxud, Seyid Əzim Şirvani “Oğlum Məhəmmədə nəsihət”ində deyir,  “Demə ol kafər, ol müsəlmandır, Hər kəsin elmi var o insandır.” Fayda, bu cür ağıllı məsləhətlərə əməl etməkdədi. Bu yeddicə kəlməyə və ikicə misraya varsan və dursan, sanki böyük bir nəktəbi keçmiş olursan, deyilmi?

          Əziz qavrayanlarım, hər şeyin sonu ölüm, dağılma olsa da... çalışın elm öyrənin, çünki, adama ondan başqa üstün fayda verəni yoxdur. Aqillərimiz: - Qanan, qanmaza borcludur, deyiblər, başqa cür yəqin ki, insani həyat yaşanılmaz, inkişaf etməz, dünyadakı çağdaş üstünlüyə çatılmazdı.

         Kim istər, buyurub dinə gömülsün... bizsə, bu dünyanı görmək istərik.

         Əgər mən də Allahın (oxu, təbiətin) belə məsləhət bilib yaratdığıyamsa... onda kim, hansı məntiq və cəsarətlə, nə hədlə, onun, mənim kimi bir əl işinin məntiqi suallarına, fikirlərinə, əməllərinə şübhə ilə baxa bilər? Bu şübhələr, iradlar nəticə etibarilə yaradılışını qüsurlu hesab etdiyinizin (yəni, mənim) yaradanına (yaradanıma) yönəlmirmi?

          Sözardı.   Din – fəlakət, bilim (elm) – həyatdır.                            

         Sayğılarla,   Məmmədxan  Əzizxanlı,

                                                             hüquqşünas.

                                                                        Bakı, 11.11.2016

 

N.S

 

 

                                              

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN