SON XƏBƏRLƏR

10-cu aydır müvəqqəti saxlanılan Məhəmməd Güneyli Təbrizin İnqilab Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
10-cu aydır müvəqqəti saxlanılan Məhəmməd Güneyli Təbrizin İnqilab Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı hüquqşünas Məhəmməd Güneyli Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

 

10-cu aydır həbsxanada müvəqqədi saxlanılan hüquqşünasın vəziyyəti barədə geniş məlumat yoxdur. O bu müddətdə ailəsi ilə bir neçə dəfə qısa telefon əlaqəsi saxlayıb. Hüquqşünasın bədən üzvlərində sınıqlar əmələ gəldiyi zaman xəstəxanaya aparıldığı da qeyd olunur.

 

“Herana” agentliyinin yaydığı məlumata görə, Məhəmməd Güneylinin ailəsinə göndərilən çağırış vərəqəsində onun noyabrın 16-da Təbriz İnqilab Məhkəməsinə müraciət etməsi tələb olunub. Çağırış vərəqəsində soydaşımızın “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və düşmən ölkələrin xeyirinə casusluq etmək” ittihamı üzrə mühakimə olunacağı qeyd olunub.

 

Yanvarın 6-da cansız bədəni anasının evində tapılan Zəhra Nəvidpurun qətl dosyesini araşdırmaq istəyən Məhəmməd Güneyli İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

 

İnsan hüquqları müdafiəçisi yanvarın 24-də Məlikan “Sepah”ı tərəfindən tutulub və həmin gündən müvəqqəti olaraq saxlanılır.

 

Məhəmməd Güneyli ilk yaxalandığı zaman 4 aydan çox təknəfərlik kamerada saxlanılaraq sorğu-suala tutulub.

 

Azərbaycanlı hüquqşünasın Tehrandakı evində ötən yanvarın 25-də axtarış aparılıb. Mülki geyimli məmurlar axtarış apardıqdan sonra Məhəmməd Güneyliyə aid elektron əşyaları, kompüter və bir neçə kitabı özləri ilə götürüb.

 

Məhəmməd Güneyli hüquq üzrə universitet məzunudur. O daha bir neçə hüquqşünasla birlikdə Zəhra Nəvidpurun dosyesini qanun çərçivəsində araşdırmaq istəyib.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar