SON XƏBƏRLƏR

11 sentyabr terrorundan 21 il ötür

2022.09.11, 05:07
11 sentyabr terrorundan 21 il ötür

Gunaz.tv

 Bu gün ABŞ-da törədilmiş terror aktlarının ildönümüdür.

Rəsmi məlumatlarda bildirilirdi ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı deyilirdi.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcminin 36 milyard dollar olduğu açıqlanıb.

Hadisənin araşdırılması ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə qeyd olunurdu ki, terror aktının qarşısının alınmasına ABŞ-ın kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. 

Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar 11 sentyabr terror aktlarında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.

Qeyd edək ki, 11 sentyabr hadisələrindən sonra Əfqanıstana müdaxilə edən ABŞ və koalisiya qüvvələri 2021-ci il avqustun 31-də bu ölkəni tərk edib. “Taliban” yenidən Əfqanıstanda hakimiyyətə gəlib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar