SON XƏBƏRLƏR

2 İYUL - AZƏRBAYCAN POLİSİNİN PEŞƏ BAYRAMIDIR

2021.10.20, 07:36
2 İYUL - AZƏRBAYCAN POLİSİNİN PEŞƏ BAYRAMIDIR

Gunaz.tv
2 İYUL - AZƏRBAYCAN POLİSİNİN PEŞƏ BAYRAMIDIR R.Zeynalov: "BAKIDA NƏQLİYYATIN SÜRƏTİNİ SAATDA 10 KİLOMETR ARTIRA BİLSƏK TIXACLAR ARADAN QALDIRILAR" DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bizimlə söhbətində bu fikri xüsusilə vurğuladı - Cənab general, Azərbaycan polisi şanlı bir yol keçib və o dövlətçiliyimiz uğrunda, ölkədə sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə həmişə əvəzsiz rol oynayıb. Azərbaycan polisinin tərkib hissəsi olan yol polisi də öz başlıca missiyasını - hərəkətin təhlükəsizliyini yerinə yetirməklə yanaşı, ölkədə sabitliyin və dövlətçiliyin qorunmasında öz sözünü deyib. Təbii ki, bunun bir çox səbəbləri var, zəhmət olmasa bu barədə fikirlərinizi bildirəsiniz? -Çox sağ olun ki, Azərbaycan polisinə belə yüksək qiymət verirsiniz. Azərbaycan polisi, siz dediyiniz kimi, həmişə dövlətçiliyimizin qorunmasında, ictimai asayişin bərpa edilməsində, sabitliyin yaranmasında və cinayətkarlığa qarşı mübarizədə fəal mövqe tutub. Təsadüfi deyil ki, bu il həm də Azərbaycan polisinin 90 illiyi tamam olur. Cümhuriyyətin yarandığı ilk gündən Azərbaycan polisi də fəaliyyət göstərir və dövlətçilik uğrunda əlindən gələn köməkliyi edib. Azərbaycan polisinin hörmət və nüfuzu ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə xalqın xahişi və arzusu ilə hakimiyyətə gələndən sonra daha da yüksəlib. Çünki ümummilli liderimiz Azərbaycan polisinə son dərəcə savadlı, peşəkar və dövlətçiliyə sədaqətli olan bir şəxsi - general-polkovnik Ramil Usubovu nazir təyin edəndən sonra bu sahədə vəziyyət əsaslı surətdə dəyişib. Yəni cənab nazirin fəaliyyəti ilə Azərbaycan polisinin nüfuzu və hörməti birə-beş artıb. Azərbaycan polisi ən çətin anda dövlətçiliyə və prezidentə sadiq olduğunu dəfələrlə sübut edib. Bu da onu göstərir ki, ümummilli liderimiz həmişə öz əməli işi ilə polisə arxa və dayaq olub, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda böyük işlər görüb. Ümummilli liderimiz Heydər Əliyev deyib ki, müstəqilliyi əldə eləmək asandır, onu qoruyub saxlamaq ondan qat-qat çətindir. Elə buna görə də 1992-ci ildən başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə daha da yüksəlib, cinayətlərin açılma faizi 92-95 faizə qədər artıb. Təbii ki, polisin mühüm sahələrindən biri də yol polisidir. Yol polisinin isə əsas vəzifələri yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ona xidmət edilməsidir. - 1992-ci illə müqayisədə 2008-ci ildə məmləkətimizdə nəqliyyat vasitələrinin sayı qat-qat çoxalıb. Amma eşitdiyimizə görə, indi yol-nəqliyyat hadisələri 1992-ci illə müqayisədə xeyli aşağı düşüb... - Artıq yol polisində yüksək nizam-intizam yaranıb. Əhali yol hərəkti qaydalarına riayət etməyə başlayıb. Tutaq ki, nəqliyyatın sayı 1992-ci ildə indikindən neçə dəfə az idisə, amma baş verən yol-nəqliyyat hadisələri bu günkündən çox idi. İndi baş verən yol-nəqliyyat hadisələrinin sayı, 800 mindən çox nəqliyyat vasitəsi olmasına baxmayaraq, 1992-ci illə müqayisədə azalıb. Bunu təkə yol polisinin fəaliyyəti kimi qiymətləndirmirəm. Mən bunu respublikada ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin və hüquq-mühafizə orqanlarının və Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı birgə apardığı işlərin nəticəsi hesab edirəm. Yol polisi öz işində xidmətin yeni formalarını tətbiq elədi. Elmi-texniki tərəqqini yol polisinə gətirdik. Beynəlxalq normalar qəbul olundu. 1997-ci ildə Azərbaycan Beynəlxalq Vyana Konvensiyasına qoşuldu və ratifikasiya olundu. Həmin normalara uyğun olaraq Azərbaycanda "Yol hərəkəti haqqında" qanun qəbul olundu. Bütün bunlar, eləcə də aparılan islahatlar, cənab prezident İlham Əliyevin diqqət və qayğısı, polisin maddi-texniki bazasının bir daha yenidən möhkəmləndirilməsi, uzun illər üçün Dövlət Proqramının qəbul edilməsi, əmək haqqı və məvaciblərin artırılması polisin uğurlu fəaliyyəti üçün stimul yaratdı. - Yeni yolların salınması, körpülərin yol ötürücülərinin tikilməsi bizcə, nəqliyyat vasitələrinin daha təhlükəsiz hərəkət etməsinə şərait yaratmaqla hərəkət iştirakçılarının da işini yüngülləşdirib. - Son vaxtlar Respublikamızda Avropa standartlarına cavab verən yollar inşa edilir. Elə Bakı şəhərinin özündə axır vaxtlar hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsaslı işlər görülüb, körpülər, yol ötürücüləri tikilib, köhnə işıqforlar dəyişdirilib, yeni yol nişanları qurulub. gələcəkdə bu məsələlər daha geniş vüsət alacaq. Cənab nazirin nəzarəti və tələbi ilə qurduğumuz "Kompüter bazası" bizə imkan verir ki, hansı bir müfəttiş yol hərəkti qaydasını pozan sürücüyə protokol yazsa da, biz bunu görürük. Onun hansı səhvlərə yol verib-vermədiyini dəqiq bilirik. Bu cür kompüterləşdirmə və avtomatlaşdırma istər-istəməz bizim işimizə müsbət təsir eləyir. - İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra cərimələrin çoxaldılması yol hərəkəti qaydalarının azalmasına nə dərəcədə təsir etdi? - Bu məsələ vaxtında qaldırılmış problem idi və həllini də tezliklə tapdı. Yol hərəkəti qaydaları ilə bağlı cərimələrin yüksəldilməsi yol-nəqliyyat hadisələrinin sayının azalmasına səbəb olub. Təsadüfi deyil ki, əksər yol-nəqliyyat hadisələri yüksək sürət nəticəsində baş verir. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi toqquşarkən ya orda ölüm olur, ya da ağır xəsarət alma. Ona görə də cərimələrin qaldırılması bu cür hadisələrin qarşısını xeyli alıb. Bəziləri deyir ki, cərimələrin qalxması məvaciblərimizlə düz gəlmir. Cərimələri vermək axı kommunal xərc ödəmək deyil. Cərimə hər hansı bir cəza növüdür. Sürücü zəhmət çəkib yol hərəkəti qaydasına əməl eləsin, sonra da cəzalanmasın. Təbii ki, yol-hərəkəti qaydasını pozan sürücü də cəza növü kimi qanunla cərimə edilməlidir. İndi bəzilərinin iqtisadi imkanı artdığına görə hətta bu cərimələr də bir o qədər yüksək deyil. Ona görə də gələcəkdə yol hərəkəti qaydasının pozulmasına görə cərimələr bir qədər də artırılmalıdır. - Bir çox sürücülər narazılıq eləyirlər ki, bizdə avtomobilləri yüksək sürətlə idarə etməyə imkan vermirlər. Yollar yaxşı olsa da maksimum sürət həddi 90-dan o yana deyil. - Avtomobillərin yüksək sürətlə hərəkət etməsi üçün birincisi yaxşı yol lazımıdır. Yaxşı yollar isə bizim məmləkətdə artıq tikilməyə başlanıb. Bizdə ən yaxşı yol yeni istifadəyə verilmiş Zığ-Hava Limanı şossesidir. İndi gəlin görək avtomobillərin yüksək sürətlə hərəkət etdiyi bu yolda bütün sürücülər qanuna əməl edirlərmi? Bir də görürsən ki, texniki cəhətdən nasaz bir maşınla həmin yolla bir sürücü hərəkət edir, maşın da birdən xarab olur yolun hərəkət hissəsində qalır. Bu zaman arxadan gələn nəqliyyat vasitəsi qarşıdakını qınayır, çünki onun üçün təhlükə yaranır. Əlbəttə, avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yollara texniki cəhətdən nasaz avtomobillə çıxmaq olmaz. Nasaz avtomobil, bayaq dedimiz kimi, yüksək sürətlə hərəkət etməli yolda problem yaradır. Bir də görürsən ki, təcili yardım maşınının qarşısında belə bir avtomobil xarab olub. Bəs onda xəstəni xəstəxanaya çatdırmalı olan təcili yardım maşını nə etməlidir? Biz Bakı şəhərində nəqliyyat vasitələrinin sürət həddini saatda 10 kilometr artıra bilsək, baş verə biləcək tıxacları aradan qaldıra bilərik. Təəssüf ki, hələ buna nail ola bilmirik. - Cənab general, bu yaxınlarda Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vahid Əliyevlə Bakı şəhərində sərnişindaşıma ilə bağlı reydlərdə iştirak etdik. Sözün düzü, avtobus sürücülərinin kobud qanun pozuntularının şahidi olduq. Əgər bu cür reydlər olmasa, bəlkə də səriştəsiz və sürücülük vəsiqəsi olmadan avtobusları idarə edən şəxslərin sayı daha da artar. Bu isə hər hansı bir qəzanın baş verməsinə zəmin yaratmaq deməkdir. - Avtobus və mikroavtobusların sərnişindaşıma ilə bağlı yaratdığı problemləri aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi ilə birgə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kompleks tədbirlər planı hazırlayıb və həmin tədbirlər planının tərkib hissəsindən biri də reyd və yoxlamaların mütəmadi olaraq keçirilməsidir. Siz onu düz deyirsiniz ki, avtobus sürücüləri kobud qanun pozuntularına yol verir. Həmin reydlərdə iştirak etdiyinizə və bizə köməklik göstərdiyinizə görə kollektivinizə təşəkkürümü bildirirəm. Avtobus sürücüləri bu gün nəinki Bakıda, eləcə də məmləkətimizin digər yerlərində yol hərəkəti qaydasını kobud surətdə pozurlar. Bu zaman isə ağır qəzalar baş verir, ölən və yaralananlar olur. Keçirilən reyd zamanı təkcə bir gün ərzində Bakıda yol hərəkəti qaydasını kobud surətdə pozan 75 avtobus sürücüsündən 62-nin sürücülük vəsiqəsi olmayıb. Bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Çünki, bayaq dediyimiz kimi, bu cür təcrübəsiz və səriştəsiz adamlar hər an qəza törədə bilərlər. Bir də görürsən ki, Rusiyanın uzaq Vladivostok şəhərindən biri gəlib Bakıya düşür, ucqar dağ kəndinə valideynlərinin görüşünə getmək istəyir və bu zaman tanımadığı bir sürücünün maşınına əyləşib yola düşür. Həmin sürücü də təcrübəsiz və səriştəsiz olduğuna görə yolda yuxulayır, qəza törədir və həmin şəxs də həlak olur. Çox maraqlıdır, bir çoxları elə bilir ki, yol hərəkəti qaydasının pozulmasına qarşı təkcə yol polisi mübarizə aparmalıdır. Biri avtobusda əyləşir sürücü yüksək sürətlə nəqliyyat vasitəsini idarə edir, sərnişin dinmir. Bir başqa sürücü gecə vaxtı gəlib camaatın rahatlığını pozaraq fasiləsiz səs siqnalları verir, bunun barəsində vətəndaşlar polisə məlumat vermir. Üstəlik, bir çoxları kütləvi yol hərəkəti qaydasını pozan sürücülərin kobud hərəkətinə qarşı göz yumur. Bundan isə intizamsız sürücülər istifadə edərək bəd əməllərini davam etdirirlər. Məgər biz hər bir sürücünün yanına bir yol polisi qoymalıyıq ki, o, hərəkətin təhlükəsizliyini təmin eləsin. Axı məmləkətimizdə 800 min nəqliyyat vasitəsi, 1656 yol patrul xidməti əməkdaşı var. Bu qədər yol polisi 800 min nəqliyyat vasitəsini idarə edən sürücüyə necə nəzarət edə bilər? Ona görə də hərəkətin təhlükəsizliyinin təmin edilməsində geniş ictimaiyyət də yol polisinə yaxından kömək etməlidir. - Bir neçə gün bundan əvvəl qəzetlərdə belə bir elan oxuduq ki, Baş Dövlət Yol Polisi İdarəsi müsabiqə elan edib. Həmin müsabiqədən keçən gənclər yol polisinə işə qəbul ediləcək. Zəhmət olmasa, bu barədə bir qədər geniş açıqlama verərdiniz. - Ötən il də hörmətli nazirimiz, general-polkovnik Ramil Usubovun iştirak etdiyi müsabiqədə 30 nəfər gənc yol polisi orqanına qəbul edilib. Bu il keçirilən müsabiqəninsə şərti ondan ibarətdir ki, bir çox yerlərdə hərəkətin təhlükəsizliyini yol patrul xidməti maşını ilə tənzimləmək çətin olur. Həmin yerlərdə motosikletlərdən istifadə edilməlidir. Bu müsabiqədə motosikletləri idarə etməyi bacaran, avtomobil təhsili olan, hərbi xidməti başa vuran və fiziki sağlamlığı normalara cavab verən adamlar iştirak edəcəklər. Müsabiqə yolu ilə isə onların ən layiqliləri seçilərək yol polisində xidmət etmək hüququ qazanacaq. - Cənab general, bir daha 2 iyul peşə bayramı münasibətilə bütün Azərbaycan polisini, general-polkovnik Ramil Usubov cənablarını, o cümlədən Sizi və yol polisini təbrik edir, sizə can sağlığı arzulayır və daha nümunəvi xidmət diləyirik. İnanırıq ki, Azərbaycan polisi həmişə dövlətçiliyə sədaqətli olacaq, cinayətkarlığa qarşı fəal mübarizə aparacaq, ictimai asayişi və sabitliyi bərpa edəcək, yol hərəkətinin təhlükəsizliyini təmin edəcəkdir. Bu işdə bir daha Azərbaycan polisinə uğurlar arzulayırıq. - Təbrikə görə çox sağ olun. "Ədalət" qəzetinə öz adımdan və kollektivimiz adından təşəkkürümü bildirirəm. "Ədalət", əlbəttə ki, oxunan qəzetdir, sözünü ədalətlə deyən qəzetdir. Bu qəzet söz xatirinə söz demir. Bu qəzet insanların maarifləndirilməsinə xidmət eləyir. Rəhmətlik Həsən bəy Zərdabinin maarifçilik ideyalarını bu gün "Ədalət" qəzeti davam etdirir və yol polisi ilə bağlı qəzetdə dərc olunan yazılar da məhz maarifçilik xarakteri daşıyır. Bunun üçün mən Aqil Abbasa və qəzetin yaradıcı heyətinə bir daha öz təşəkkürümü bildirirəm. Söhbəti yazdı: FAİQ QİSMƏTOÜLU adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar