SON XƏBƏRLƏR

3 azərbaycanlı fəal Sulduz Şəhər Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
3 azərbaycanlı fəal Sulduz Şəhər Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Ulduz (Mədinə) Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Sulduz Şəhər Məhkəməsinə çağırılıb.

 

Sulduz Cəza Məhkəməsinin 103-cü Şöbəsi yanvarın 9-da fəallara çağırış vərəqəsi göndərərək onlardan yanvarın 16-da məhkəməyə müraciət etmələrini istəyib. Keçiriləcək məhkəmə iclasında fəallara qarşi irəli sürülən ittihamlara baxılacaq.

 

Prokurorluq tərəfindən hazırlanan iddianamədə fəallar “qanunsuz yığıncağa qatılmaq və başqalarını dəvət etmək, həmçinin simvolik xarakter daşıyan xüsusi rənglı şaldan istifadə etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunub.

 

İddianamədəki ittihamlar Ettelaat İdarəsinin raportu, polis bölməsinin hesabatı, fəalların Sulduz şəhidlərinin məzarı başına toplaşması, xanım Ulduz Qasimi ilə məmurlar arasında yaranan fiziki qarşıdurma və 2006-cı il etirazlarında (Milli Qiyam) şəhid olanların anım mərasiminə dəvətlə bağlı kompüterlərdən əldə olunan məlumatlar əsasında irəli sürülüb.

 

 

Qeyd etmək lazımdır ki, 2018-ci il mayın 25-də Sulduzda 2006-ci il etirazlarında canlarını fəda etmiş şəhidlərin məzarı başında anım mərasimi təşkil olunub. Təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalan mərasimdə bir neçə azərbaycanlı fəal saxlanmışdır.

 

Sulduz Prokurorluğu saxlanılanlardan Əmir Səttari, Ulduz Qasimi və Cavad Əhmədi Yekanlı barəsində zəmanət və vəsiqə qərarı verib. Fəalların dosyesi iki ay sonra qapanıb, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə adı çəkilən 3 fəal üçün yenidən zəmanət qərarı və vəsiqə təyin olunub.

 

Cavad Əhmədi Yekanlı mayın 25-də tutulduğu zaman polis idarəsində bir gecə fiziki işgənclər altında saxlanılıb.

 

O bildirib ki, işgəncə üsullarından birində onu üzü üstə bir taxta yatızdırıb, ayağının altına xüsusi ağacla zərbələr vurublar. Fəalın sözlərinə görə, zərbələrin izi qalmasın deyə hər dəfə ayağının altına toz dərmanı vurulub.

 

Xanım Ulduz Qasimi yaxalandıqdan sonra ilkin sorğu-suala tutulub, daha sonra Urmiyənin Ettelaat Şöbəsinə intiqal edilmişdir. O təcridxanada etiraz aksiyası keçirməyə məcbur olub.

 

Ulduz Qasimi mədəni fəaliyyətləri ilə əlaqədar Urmiyə İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən noyabr ayında da 1 il həbs cəzasına məhkum edilib.

 

Adı çəkilən Əmir Səttari isə hazırda Təbrizin Mərkəzi Zindanında 7 aylıq həbs cəzasını çəkməkdədir. O başqa bir dosyeyə görə “ölkə təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma”da ittiham olunaraq həbs cəzasına məhkum edilib.

 

Əmir Səttari başqa bir dosyeyə görə mətbuat fəaliyyəti ilə əlaqədar Təbriz Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar