SON XƏBƏRLƏR

33-cü “Azərbaycan velosiped turu” başa çatdı

2021.10.20, 07:36
33-cü “Azərbaycan velosiped turu” başa çatdı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda keçirilkən 33-cü “Azərbaycan velosiped turu” başa çatıb. Builki turun çox səssiz və həyəcansız keçirildiyi bildirilir.

 

“Azərbaycan velosiped turu”nun son mərhələsi cümə günü Təbrizdə keçirilib. Belçikanın Tartelto komandası turun çempionu olub, Rusiyanın milli və Hollandiyanın Alekto komandaları isə ikinci və üçüncü yerləri tutublar.

Yəzdin “Pişqaman Kəvir” və Təbrizin “Şəhrdari” komandaları isə sıralama ilə beşinci və səkkizinci yerdə qərarlaşıb.

 

Sentyabrın 30-da start götürən tur oktyabrın 5-dək davam edib, yarışlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil Əyalətlərində keçirilib.

 

33-cü “Azərbaycan velosiped turu”nda  Azərbaycan Respublikası, Qazaxıstan, Almaniya, Hollandiya, Belçika, Rusiya, Litva (Litvani) və Çexiyadan olan 8 xarici komanda və ölkə daxilindən Təbrizin “Şəhrdari” və “GünAy” komandaları, həmçinin Yəzdin “Pişqaman Kəvir”, İranın DFT və milli komandası iştirak edib.

 

33-cü “Azərbaycan velosiped turu” o halda keçirilib ki, onun keçirilməsi üçün büdcə vəsaitinin təmin olunmayacağı haqda çoxlu açıqlamalar verilmişdir. Tur keçirilsə də, olduqca səssiz və həyəcansız bir şəkildə başa çatıb. Məlumata görə, turun son mərhələsi keçirildiyi zaman onu yaxından izləyən tamaşaçıların sayı 100 nəfərə belə çatmayıb. Son mərhələ Şərqi Azərbaycan Əyalətinin əksər kütləvi informasiya vasitələrində də işıqlandırılmayıb.

 

Asiya Velosiped İdmanı Federasiyasının təqvimində “International Azerbaijan Tour” adı ilə qeydə alınan Azərbaycan Velosiped Turu 1986-ci ildən keçirilir və Asiyanın ən etibarlı turlarından biri sayılır.

İran rejimi son illərdə Azərbaycan turunu etibardan salmaq üçün müəyyən addımlar atıb. 2013-cü ildə (hicri-şəmsi təqvimi ilə 1392-ci il) “Azərbaycan Velosiped Turu”nun adı dəyişdirilərək “İran-Azərbaycan Velosiped Turu” adlandırılıb. Əvvəllər Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində keçirilən tur sonralar Zəncanda keçirilməyib. Bundan əlavə, hər zaman yazın ikinci ayında keçirilən tur ötən il payızın ilk ayında keçirilib. Tur yağıntılar fəslində keçirildiyi üçün bir çox ölkə yarışlara qatılmaqdan imtina edib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar