SON XƏBƏRLƏR

50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın planları açıqlandı

2022.07.05, 09:33
50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın planları açıqlandı

Gunaz.tv

FED.az yeni sədr ilə Qiymətləndiricilər Cəmiyyətinin hazırki fəaliyyətindən, gələcək planlarından, qarşıdakı işlərindən danışıb.

Vüqar Orucun sözlərinə görə, son 1 ay ərzində konfransda seçilmiş strukturların işlək hala gətirilməsinə, əsasnamələrin, fəaliyyət proqramının hazırlanmasına, o cümlədən konfransda qəbul olunmuş qərarların həyata keçirilməsinə başlanılıb:

“Bu istiqamətdə addımlar atırıq. Konfransın nəticələrilə bağlı sənədlər təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Bir sıra qeyri-hökumət qurumlarına cəmiyyətin rəhbərliyi çərçivəsində müraciətlər ünvanlanıb. Məqsəd görüşlərin keçirilməsi, cəmiyyətin sədrinin onlara təqdim olunması və fəaliyyət planı, hədəflərlə bağlı danışıqların getməsi, təkliflər planının hazırlanması olub. Xüsusilə vurğulayım ki, bununla əlaqəli hazırlıqlar gedir, əməkdaşlığımız olacaq.

«Müraciət edirik ki, tenderə qatılmaq istəyirik, zəng gəlir ki, o tenderi biz götürmüşük, formal keçirilir»

Yeri gəlmişkən, idarə heyətinin ilk toplantısında müəyyən təyinatlar, istiqamətlər üzrə departamentlər formalaşıb, o cümlədən cəmiyyətin sədrinin müavinləri yeri təyinatlar alıb. Cəmiyyət tamamilə yeni biçimdə, yeni hədəflərlə və yeni komanda ilə özünü təqdim edir. Planlarımız sırasında ilk olaraq qiymətləndirmə bazarında müəyyən özünütənzimləmə fəaliyyətinin həyata keçirilməsi üçün ilkin addımlar ataq».

Qiymətləndiricilər Cəmiyyətinin üzvləri də artmağa başlayıb. Bu günə qədər təşkilatda 45 şirkət birləşmişdi. Konfrans dövründə daha 5 şirkət cəmiyyətin üzvü olmaq üçün müraciət edib və bu müraciətlər ilkin olaraq müsbət qarşılanıb.

«Yəni hazırda 50 şirkət bizim cəmiyyətdə birləşib. Yenə də bir sıra şirkətlər, MMC-lər cəmiyyətdə təmsil olunması üçün müraciət ünvanlayıblar»-deyə V.Oruc bildirib.

Sədr bildirib ki, əsas işlərdən biri peşəkar komanda olaraq cəmiyyətin texniki-təchizat məsələlərini həll etməyə yönəlib:

«Bu istiqamətdə müəyyən müraciətlər müəyyənləşdirilib. Hazırda kommunikasiyanın təşkili üçün müxtəlif qurumlarla iş aparılır».

Təşkilat sədrinin sözlərinə görə, Cəmiyyətin əsas işlərindən biri qiymətləndirmə bazarındakı problemləri araşdırmaq və həllinə nail olmaqdır: «Hazırda qiymətləndirmə bazarında ciddi problemlər var. Bunların aradan qalxması üçün qiymətləndirmə şirkətlərinin reyestri ilk formastda təsis edilib. Biz bunu daha da dəqiqləşdirib genişləndirəcəyik. Bu reyestrlə bağlı banklara və təşkilatlara məlumat göndəriləcək. Tövsiyyə olunacaq ki, yalnız bu reyestrdə olan şirkətlərlə fəaliyyət göstərsinlər».

Bundan başqa, təşkilat antidempinq fəaliyyəti də göstərəcək: «Bununla bağlı çalışırıq quruma daxil olan digər şirkətlərlə razılaşma əldə edək».

Azərbaycanda qiymətləndirmə sahəsindəki əsas problemlərdən biri də ölkədə beynəlxalq qiymətləndirmənin tətbiqi ilə bağlıdır. «Bizim təşkilat yeganə qurumdur ki, Beynəlxalq Qiymətləndirmə Standartları Komissiyasının üzvüdür və bu standartları ölkədə birbaşa tətbiq etmək hüququna malikdir. Planlaşdırmışıq ki, bu standartlaşmanın tərcüməsini və terminologiyasını müəyyən edək, sonra nəşr edək. 

Sonra bu standartların dövlət səviyyəsində qəbulu, təşviqi istiqamətində addımlar ataq. Bunun təcrübəyə əsasən də yeni standartlar formlaşdıraq. Çünki axırıncı dəfə yerli standart 2009-cu ildə yaradılıb. Hesab edirəm ki, bunun yenilənməyə ehtiyacı var. Buna görə addımlar atacağıq».

Qeyd edək ki, Qiymətləndirmə Cəmiyyəti artıq sertifikatlaşdırma işi beynəlxalq mütəxəssislərin iştirakı ilə kurslarla təşkil edir. Bundan başqa, ölkədə qiymətləndirmə palatasının yaranması gözlənilir. V.Orucun sözlərinə görə, AQC həmin palatanın yaranmasında fəal iştirak edəcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar