SON XƏBƏRLƏR

Baş leytenantın şəhid olduğu gündür

2021.10.20, 07:36
Baş leytenantın şəhid olduğu gündür

Gunaz.tv

Baş leytenant Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 31-də Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra - 2002-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.
Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olub. 

Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçib.
Elçin Əzizov 2007-ci ildə hərbi xidmətdən tərxis olunub.

2008-ci ildə dayısı qızı Sevda Əhmədova ilə ailə həyatı quran Elçinin bu evlilikdən 3 övladı dünyaya göz açıb: Yusif, Duyğu və Uğur.

2012-ci ildə Elçin Əzizov Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə yenidən hərbi xidmətə başlayıb.

Nümunəvi xidmətə görə, Dövlət Sərhəd Xidməti rəisinin 29 dekabr 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013)  yubiley medalı, 3 dekabr 2014-cü il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı, 18 avqust 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 14 avqust 2019-cu il tarixli əmrilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsi alıb. Ölkə prezidentinin 16 avqust 2018-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 16 avqust 2019-cu il tarixli sərəncamı ilə isə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsinə yollanın Elçin Murovdağ, Füzuli və Cəbrayıl  istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 13-də baş leytenant Elçin Əzizov doğma Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən şəhid olub. Şəhidimiz Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib.

Baş leytenant Elçin Əzizov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmətə görə” III dərəcəli orden, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.


Binəqədi rayonunun Sulutəpə qəsəbəsində şəhid ailəsinin şəxsi vəsaiti hesabına Elçin Əzizovun adına park salınıb, onun büstü qoyulub və bulaq kompleksi tikilib. (modern.az)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar