SON XƏBƏRLƏR

Abbas Əraqçi: “Avropalılarla danışıqlarımız nəticə verməsə nüvə sazişindən çıxacağıq”

2021.10.20, 07:36
Abbas Əraqçi: “Avropalılarla danışıqlarımız nəticə verməsə nüvə sazişindən çıxacağıq”

Gunaz.tv

 GünAzTV: İran xarici işlər nazirinin müavini, Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin üzvü Abbas Əraqçi, mayın 27-də dövlət televiziyasına müsahibəsində nüvə sazişindən və bununla bağlı Avropa ölkələri ilə apardıqları müzakirələrdən danışıb.

 

Nüvə sazişinin qorunması məqsədilə Amerikanın İran qarşısında qoyduğu 12 şərtə toxunan Əraqçi bildirib ki, rəsmi Tehran, bu şərtlərdən yalnız biri, yəni Yəmən məsələsində güzəştə getməyə, Avropa ilə müzakirə aparmağa hazırdır: “Biz, nüvə sazişini qorumaq üçün, Yəmən məsələsindən başqa digər mövzularda avropalılarla danışıqlar aparmayacağıq. Ola bilsin ki, Fransa prezidenti Emmanuel Makron və başqaları bizimlə raket və digər mövzularda da müzakirə aparmaq istəyəcəklər. Biz isə dəfələrlə bildirmişik ki, bu sazişin (“Bərcam”ın) digər hər hansı bir mövzuya aidiyyəti yoxdur. Demişik ki, bunun nə raket, nə də region məsələləri ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu biz, Yəmən məsələsindən başqa, digər mövzuların gündəmə gətirilərək danışıqlar predmetinə çevrilməsi ilə razılaşmayacağıq.

 

Biz, Avropa ölkələri ilə aparılan danışıqlarda, onların İranın istəklərini təmin etməyə qadir olacaqlarına şübhə ilə yanaşırıq. Bizim əsas istəklərimiz isə, İranın neft və qazının satışına hər hansı bir maneə törədilməyəcəyinə zəmanət verilməsi, banklar arasında əməkdaşlığın davam etdirilməsi və bununla bağlı mövcud maneələrin aradan qaldırılmasıdır. Lakin əgər avropalılarla danışıqlar nəticə verməsə, biz nüvə sazişindən çıxacağıq. Belə olduqda isə hər şey əvvəlki vəziyyətə qayıdacaq və İran nüvə sahəsindəki fəaliyyətini yenidən bərpa edəcək”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

ABŞ dövlət katibi Mayk Pompeo mayın 21-də ölkəsinin İranla bağlı yeni strategiyasını açıqlayaraq, İranla yeni bir nüvə sazişinin imzalanması  üçün, Tehranın qarşısında 12 şərt qoyub.

 

 

O bildirib ki, İran, özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

 

Pompeo qeyd edib ki, İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. Həmçinin, İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar