SON XƏBƏRLƏR

Abbas Lisani aclıq aksiyasına başlayıb

2021.10.20, 07:36
Abbas Lisani aclıq aksiyasına başlayıb

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başlayıb.

 

O dosyesi ilə bağlı tələbinin zindan məsulları tərəfindən təmin olunmamasına etiraz olaraq mayın 27-də aclıq elan edib.

 

Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan fəal mayın 25-də yaxınları ilə telefon əlaqəsi saxlayaraq aclıq edəcəyi barədə məlumat vermişdir. O  qeyd etmişdir ki, gözlənilən məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra, yəni mayın 27-də aclıq aksiyasına başlayacaq.

 

Abbas Lisani yanvarın 15-də Təbrizin İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. Fəalın məhkəmədə yaxalanması, sorğu-suala tutan məmurların müəyyən açıqlamaları və onun müvəqqəti sərbəst buraxılmaması haqda qərar verilməməsi məhkəmənin təhlükəsizlik qüvvələrinin təzyiqi altında yeni ittihamlarla ağır hökm çıxaracağı barədə ehtimalı gücləndirir.

 

İnsan haqları qurumları və azərbaycanlı fəallar inanır ki, Abbas Lisaninin son saxlanması ona qarşı gizli ssenarinin qurulduğu və bu istiqamətdə dosye təşkil olunduğundan xəbər verir.

 

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar