SON XƏBƏRLƏR

Abbas Lisani sabah mühakimə olunacaq

2021.10.20, 07:36
Abbas Lisani sabah mühakimə olunacaq

Gunaz.tv

GünAz TV: Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani iyunun 10-da mühakimə olunacaq.

 

Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosye ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyası keçirir.

 

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi məhkəmə iclası ilə bağlı fəala göndərdiyi çağırış vərəqəsində aşağıdakı ittihamlara baxılacağını bildirib:

“Sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə kürd qövmləri ilə döyüşmək məqsədi ilə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək, sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçilində iştirak etmək, sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq məqsədi ilə müxtəlif çıxışlar edib və sistemin əleyhinə olan mətbuat orqanlarına müsahibə vermək kimi ittihamlara baxılması üçün məhkəməyə müraciət edin”- deyə çağırış vərəqəsində qeyd olunub.

 

Abbas Lisaninin GAMAC-ın təşkil olunmasında ittiham edilməsi xüsusi diqqət çəkir. Bu təşkilat (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi” 2010-cu ildə güney azərbaycanlı fəallar tərəfindən Avropada yaradılıb, təşkilatın mərkəzi ofisi Almaniyanın Hannover şəhərindədir.

 

GAMAC saytında yayılan məlumata görə, bu təşkilat yalnız xaric ölkələrdə fəaliyyət göstərir və əsasnaməsinə görə Güney Azərbaycanda mədəni hərəkatı müdafiə etməklə yanaşı İranda zülmə məruz qalan digər etniklərə mənsub cərəyanlarla da əməkdaşlıq edir.

 

Abbas Lisani bundan əvvəlki dosyelərində “Çənlibel” (onun mağazasının adıdır) qrupu və “Azərbaycan Milli Hərəkatı”nı (Güney Azərbaycanda gedən mədəni hərəkat belə adlanır) yaratmaqda günahlandırılmışdır.

 

Tanınmış fəal video şəkilində yayılan çıxışlarında dəfələrlə “mədəni mübarizə”ni qələbə rəmzi və “şəffaf fəaliyyət”i İranın təhlükəsizlik orqanlarının kabusu adlandırıb.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar