SON XƏBƏRLƏR

Abbas Lisanidən Əbdüləziz Əzimi Qədimin münazirəyə çağırışına Cavab

2021.10.20, 07:36
Abbas Lisanidən Əbdüləziz Əzimi Qədimin münazirəyə çağırışına Cavab

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani, cənab Əbdüləziz Əzimi Qədimin münazirəyə çağırışına yazılı şəkildə cavab verib.

 

Bundan öncə azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədim, Abbas Lisaniyə müraciət edərək onu müəyyən məsələlərə görə açıqlama verməyə və ya münazirəyə dəvət edib.

 

Salam və sayqılarla sözə başlayan Əbdüləziz Əzimi Qədimin müraciətində qısa olaraq bu cümlələr yer alıb.

 

“Son vaxtlar siz və ətrafınızdakı fikirdaşlarınız bir sıra açıqlamalar və fikirlər irəli sürübsünüz. Bu fikirlərin bir hissəsinin bizim fəaliyyət metodumuza qarşı olduğu hiss olunur. Bu söhbətlərin əksəriyyəti mən həbsdə olan zaman baş tutub, xüsusi ilə də sizin “Amerkanın Səsi”nə parlamentdə yaranan fraksiya ilə bağlı verdiyiniz müsahibəni nəzərdə tuturam. Həmin müsahibədə fraksiyanı hökumət projesi kimi təhlil edib, onu müdafiə edənləri “məlum şəxslər” adlandırıbsınız. Hətta ötən günlərdə evinizdə keçirdiyiniz iclasda və onunla bağlı yaydığınız ikinci bildirişdə də belə başa düşülür ki, bizim fəaliyyətlərimiz və seçkilər ərəfəsində yararlandığımız fürsətlər bir hökumət projesi kimi təqdim olunur və s. Bəzi fəallar isə bildirir ki, “siz bizim həbs olunmağımızı bir oyun adlandıraraq deyibsiniz ki, Ettelaat Nazirliyi Əzimini hoteldə saxlayır, Əzimi onlara müşavirə verir.”

 

Sayın Abbas bəy əgər məsləhət bilsəniz, lütfən qeyd etdiyim məsələlərlə bağlı bir yazılı açıqlama verin. Amma əgər söhbətlərinizdən yaranan şübhələri düzgün hesab edirsinizsə, o zaman bir məclisdə münazirə etməyimiz yaxşı olardı.

 

Ümid edirəm sizin açıqlamanız hər şeyə aydınlıq gətirəcək, münazirə vəya yazışmalara ehtiyac qalmayacaq”- deyə müraciətin bir hissəsində qeyd olunub.

 

Abbas Lisani isə buna yazılı açıqlama ilə cavab verib.

 

Salam və sayqılarla sözə başlayan Abbas Lisani aşağıdakı məsələlərə toxunub.

 

“Siz adətən həbsdən çıxandan sonra uzun müddət dincəlirdiniz və ortalıqda olmurdunuz. Lakin bu dəfə susqunluğunuzu tez pozdunuz. Yəqin ki, bunun üçün hansısa zərurət yaranıb və siz o zərurəti daha yaxşı bilərsiniz.

 

Cənab Əzimi siz son yazınızda bir sıra böhtanlar və əsassız iddialarla çıxış edibsiniz. Təəssüflər olsun ki, aldığınız nəticə, verdiyiniz hökm və gətirdiyiniz dəlillər müğalitədən (müxatəbi yalnışa salan kəlam) başqa heç nə deyil. İrəli sürdüyünüz iddialar heç bir sənəd və dəlilə söykənmədiyi üçün böhtan xarakterlidir və yazınızın məzmunu batil olduğu üçün ona təfərrüatı ilə cavab verməyə ehtiyac duymuram. Şübhəsiz ki, belə mövqelərin üç səbəbi ola bilər: Qərəzlilik, cahillik və yalnış anlaşılma. Ümid edirəm sizin bizimlə münasibətinizə üçüncü amil səbəb olub.

 

“Amerikanın Səsi” ilə müsahibə məsələsinə gəlincə, ya müsahibəyə qulaq asmayıbsınız və eşidənləri dilə gətirirsiniz, bu isə böyük məsuliyyətsizlikdir. Və ya obyektiv bir sənədi təhrif edərək bizi müdafiə mövqeyinə salmaq istəyirsiniz. Sözsüz ki, sizin bu yanaşmanız zaman və metod baxımından doğru deyil, lakin istəmədən də olsa Milli Hərəkatda bir sıra məsələlərin üzə çıxmasına, gənclərin daha çox ayıq-sayıq olmasına səbəb olacaq.

 

Cənab Əzimi bilmirəm nəyə görə, hərəkatı təbii yolundan saxlamağa çalışırlar və hər bir vasitədən istifadə edərək hərəkatda yaranan haşiyyəni məzmuna qalib etmək istəyirlər. Bu isə bəziləri tərəfindən önəmsənilir.

 

 Milli Hərəkat hakimiyyət tərəfindən planlı şəkildə iyrənc ədəbiyyatla təhqir olunur, tanınmış şəxsiyyətlər aşağılanır, insanlar böhtanlar əsasında virtual aləmdə birtərəfli qaydada mühakimə olunur və s. Təəssüflə sizin yazınızın məzmun və mahiyyəti onlarla eyndir.

 

Nəhayət etikadan kənar oyunları dayandırmaq məqsədi ilə, mən milli fəallara çağırış etdim. Lakin iddiaçılardan bir nəfər belə təşrif gətirmədi! Cənab Əzimi əgər yazdığınız məsələlər sizin üçün bu qədər əhəmiyyət kəsb edirsə, nə üçün çağırışa müsbət cavab verib münazirə məqsədi ilə iclasa təşrif buyurmadınız?! Nə üçün vəziyyət az da olsa sakitləşməyə doğru getdiyi bir vaxtda qəflətən ortalığa çıxdınız? Son zamanlar isə fraksiyaya qarşı çıxanlarla içəridəki görüşləriniz bir yana, çöldə də onlarla çox məhəbbətli yazışmalarınız olur. Buyurun bu ziddiyyəti şərh edin.

 

Cənab Əzimi, sizin bu yazınızın heç vaxtı deyildi! Əvvəllər ən azı millətimiz “21 Azər” Hərəkatının ildönümünü sakit keçirməsi üçün müəyyən müddət dözüb, sonra içinizi çölə tökürdünüz. Lakin bu dəfə elə olmadı... .


Hər halda istəyinizə cavab olaraq elan edirəm ki, nəzərdə tutduğunuz münazirə üçün ya siz bir yer təyin edin mən qulluğunuza gəlim, ya da təşrif buyurun Ərdəbilə qulluğunuzda olum. Siz hər kimi məsləhət bilirsiniz, onu da dəvət edə bilərsiniz. Açıq və kamera qarşlısında iddialarınızı sübut edin, suallarınızı soruşun, ünvanlanan  suallara da cavab verin. Lütfən tez bir zamanda harada və nə zaman görüşəcəyimizi ictimaiyyətə elan edin.

 

Ulu tanrı Milli Hərəkatı özündən razılıq, təkəbbür və qısqanclıqdan qorusun. Bunlar olmasa düşmənlə baş etmək çox rahatdır”- deyə açıqlamanın bir hissəsində qeyd olunub.

 

GünAz TV kollektivi isə adı çəkilən hər iki fəala sayqı duyaraq Azərbaycan Milli Hərəkatının öncüllərini səbirli və bu kimi işlərdən uzaq olmağa çağırır. Ona görə ki, düşmən belə hadisələrdən yararlanaraq Milli Hərəkata zərbələr vura bilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar