SON XƏBƏRLƏR

Abbas Lisaninin ailəsinə qarşı təzyiqlər davam edir- Oğlunun mağazası plomblanıb

2021.10.20, 07:36
Abbas Lisaninin ailəsinə qarşı təzyiqlər davam edir- Oğlunun mağazası plomblanıb

Gunaz.tv

GünAz TV: Bu gün Ərdəbil əyalətinin İctimai Məkanlara Nəzarət İdarəsi tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin oğlu Əli Lisaniyə məxsus mağazanı plomblayıb.

 

Əli Lisaninin qazanc yeri olan mağazanın şüşəsinə yapışdırılmış yazıda bildirilir: “Bu mağaza elan edilmiş qayda və prinsiplərə əməl etmədiyinə görə, növbəti qərar verilənə qədər plomblanıb.”

 

 

Xatırladaq ki, 2018-ci ilin dekabr ayının 8-də sözügedən İdarə Əli Lisaniya xəbərdarlıq məktubu göndərərək, onun qızıl məmulatlarının təmiri mağazasının bağlanacağını bildirmişdi.

 

Abbas Lisani o vaxt media orqanları ilə müsahibəsində qeyd etmişdi ki, bu qərar təhlükəsizlik orqanlarının ona və ailəsinə təzyiq göstərmək üçün atdıqları addımların bir hissəsidir.

 

O, həmçinin Məhəmmədbağır Universitetində podratçı kimi çalışan damadı Musa Qasımi ilə müqavilənin ləğv olunduğunu və onu layihədən uzaqlaşdırıldığını demişdi. Universitet Musa Qasıminin niyə layihədən uzaqlaşdırılması ilə bağlı sorğusuna cava olaraq “biz separatçılarla işləmirik” deyib.

 

Əli Lisani iki il bundan öncə qızıl məmulatlarının təmiri ilə məşğul olan mağaza açıb. O, bunun üçün lisenziya almağa da çalışıb və aidiyyatı orqanlara müraciət edib. Ona mağazanın plomblanacağı ilə bağlı ilk xəbərdarlıq göndərildikdən sonra Əli Lisani bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqının rəhbəri ilə görüşüb, onunla məsələni aydınlaşdırmağa çalışmışdı. İttifaqın rəhbəri Ə.Lisaniyə bu qərarın ETTELAAT-ın Ərdəbil şöbəsinin göstərdiyi həddindən artıq təzyiqlər səbəbindən qəbul edildiyini bildirmişdi.

 

 

Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir. O, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, uzun illər həbs edilib və daha bir çox təzyiqlərə məruz qalıb. Milli-mədəni fəal hazırda həbsxanadadır. Abbas Lisani cari ilin iyul ayının əvvəllərində saxta ittihamlarla 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar