SON XƏBƏRLƏR

Abbas Lisaninin ailəsinə təzyiqlər davam edir, fəalın oğluna iş yerinin möhürlənəcəyi barədə xəbərdarlıq edilib

2021.10.20, 07:36
Abbas Lisaninin ailəsinə təzyiqlər davam edir, fəalın oğluna iş yerinin möhürlənəcəyi barədə xəbərdarlıq edilib

Gunaz.tv

GünAz TV: Ettelaat Nazirliyinin Ərdəbil Şöbəsi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailə üzvlərinə təzyiqləri davam etdirir.

 

Son məlumata görə, Ərdəbil Əsnaflar Palatası (Ticarət Palatası) hazırda Ərdəbil zindanında saxlanılan Abbas Lisaninin oğluna iş yerinin 72 saat ərzində möhürlənəcəyi barədə xəbərdarlıq edib.

 

Xəbərdarlıq vərəqəsi aprelin 7-də Əli Lisaniyə göndərilib. Vərəqədə bildirilib ki, hökm icra olduğu zaman problem yaranmaması üçün pozula bilən əşyalar və lazımlı sənədlər təyin olunmuş müddətdə mağazadan yığışdırılmalıdır.

 

Əli Lisaninin qızıl məmulatları təmiri mağazasının möhürlənəcəyi ilə bağlı son aylarda bir neçə dəfə xəbərdarlıq edilib. Ötən il avqust ayında Ərdəbil Polis İdarəsinin Cinayət-Axtarış Bölməsi (Aqahi İdarəsi) Əli Lisaniyə iqtisadi fəaliyyət göstərməsi üçün həmin idarə ilə əməkdaşlıq etməsini təklif edib, lakin edilən təklif tanınmış fəalın oğlu tərəfindən kəskin şəkildə rədd edilib.

 

2018-ci il dekabrın 8-də də Əli Lisani mağazasının Əsnaflar Palatası tərəfindən möhürlənəcəyi ilə təhdid edilib. O bundan bir gün sonra dekabrın 9-da Əsnaflar Palatasına müraciət edərək göndərilən vərəqə və iş yerinə lisenziya verilməsi ilə əlaqədar yaranan problemin səbəbini soruşub. Ona bildirilib ki, Əsnaflar Palatasına görə mağazanın fəaliyyəti üçün lisenziya verilməsinə heç bir maneə yoxdur. Lakin bu məsələ ilə bağlı Ümumi Məkanlara Nəzarət İdarəsinə (“Əmakin”) müraciət olunmalıdır. Bundan sonra Əli Lisani deyilən idarəyə müraciət edib və problemi anlatdıqdan sonra lisenziyanın verilməməsinə dair səbəblərin yazılı şəkildə açıqlanmasını istəyib. Lakin idarənin rəisi ona rəsmi şəkildə cavab verməkdən imtina edərək mağazanın möhürlənməsi ilə bağlı göstəriş olduğunu bildirib.

 

Həmçinin 2019-cu il martın 11-də tanınmış fəalın oğluna bir SMS göndərilərək ona iş yerinin möhürlənəcəyi barədə xəbərdarlıq edilib.

 

Əli Lisani bundan əvvəlki təzyiqləri də nəzərə alaraq peşə fəaliyyəti ilə əlaqədar yaranan problemin Ettelaat İdarəsindən qaynaqlandığı qənaətinə gəlib.

 

Əlinin atası Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir, o Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi olaraq çıxarılan məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Etteelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin zindanınına aparılıb. O hazırda Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar