SON XƏBƏRLƏR

Abbas Lisaninin apellyasiya məhkəməsi keçirilib, fəal türk dilində yazdığı açıq məktubu oxuyub

2021.10.20, 07:36
Abbas Lisaninin apellyasiya məhkəməsi keçirilib, fəal türk dilində yazdığı açıq məktubu oxuyub

Gunaz.tv

GünAz TV: Sentyabrın 16-da Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib.

 

Apelyasiya Məhkəməsində Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən fəal barəsində çıxarılan 8 illik həbs cəzasına baxılıb.

 

Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi Nasir Ətəbatidir. O ötən aylarda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi tərəfindən bu şöbənin rəisi və Ərdəbil Əyaləti Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub.

Nasir Ətəbati bundan əvvəl Ərdəbilin prokuroru olub. Abbas Lisaninin sözügedən dosyesinin iddinaməsi də Nasir Ətəbati tərəfindən hazırlanıb.

 

Məhkəmənin katibləri Bilal Müzəffəri və Mərhəmət Şahbazzadə tərəfindən idarə olunan 4 saatlıq məhkmə iclasında Abbas Lisani və onun vəkili Məhəmmədraz Fəqihi Ərdəbil İnqilab Məhkəməsinin hökmünə etiraz olaraq öz dəlillərini təqdim ediblər.

 

Adı çəkilən məhkəmə katiblərinin dediyinə görə, Ərdəbilin yeni prokuroru Abdulla Təbatəbayi də Abbas Lisanidən şikayət edərək onun barəsində çıxarılan məhkəmə hökmünə yenidən baxılmasını tələb edib.

 

Məhkəmə iclası zamanı Abbas Lisani özünümüdafiə ilə bağlı önəmli məsələlərə toxunub.

“Məhkəmə prosesi başlandığı gündən dindirilmə zamanı Ettelaat əməkdaşlarının təfərrüatını dilə gətirdiyi bir ssenari təqib olunub. Mən onlara dedim, sizə də deyirəm: Hökm edam və ya ömürlük həbsdən ibarət olsa da, bir addım belə geri oturmayacam. Mənim bədənimdən təkcə bir hüceyrə belə qalarsa, o hüceyrə vətənim Azərbaycan və millətimin yolunda mübarizə aparacaq.”- deyə o vurğulayıb.

 

Abbas Lisani məhkəmə iclasının sonunda türk dilində hazırladığı açıq məktubu oxuyub.

Məktubda qısa olaraq bildirilib: “Özünüzə güvənirsinizsə, məhkəmə prosesini açıq keçirin, qoyun bütün millət və dünya ictimaiyyəti şahid olsun.

Azərbaycan Milli Hərəkatı türk millətinə edilən zülmlər nəticəsində ortaya çıxıb. Ona görə də hər bir normal Azərbaycan türkü öz dili, kimliyi, torpağı və digər hüquqlarını qorumaq üçün dinc mübarizəyə başlayıb. Bu mübarizəni kimsə dayandırıb və ya başqa istiqamətə yönəldə bilməyəcək.

Siz sağlam və dinc mübarizə aparan azərbaycanlı fəallara qara yaxıb onların kiməsə bağlı olduğunu deyə bilməzsiniz. Azərbaycan milləti öz haqlı istəyindən əl çəkməyəcək, məsulları ədalətə çağıran fəalları isə müdafiə mövqeyinə çəkmək mümkün olmayacaq.

Azərbaycan milləti “Babək qalası”, 2006-ci il may hadisələri (milli qiyam), “Fitilə” verilişi, idman stadionları və s. kimi etiraz yığıncaqlarında hökumətə çatdırmaq istəyir ki, şovinizm və irqçi siyasəti davam edirəcəksə, bu etirazların səsi dünyanı bürüyəcək. Hökumət isə sonunda sınıb əyilməyə məcburdur.

Eləcə də bu ağır və ədalətsiz hökmlər nə fəalları, nədəki milləti susdurmayacaq. Əksinə onlar öz haqlı yollarında daha da inamla addımlayacaqlar.

Burada sözdə millətçi olan və Milli Hərəkata sızan satqınlara deyirəm. Onlar hərəkatı internetdə yanlış təqdim edərək bu yolla Azərbaycan millətinə zərbə vurmaq istəyirlər. Eləcə də türk adı daşıyıb, lakin gizli və rəsmi güclərin göstərişi ilə yalan ittihamlar əsasında məhkəmə hökmü çıxaranlara səslənirəm: “Siz ədalətsiz hökmlər çıxarmağa davam edin. Yalnız şübhəniz olmasın ki, sizin bu davranışlarınız cavabsız qalmayacaq. Bir gün olacaq ki, millət böyük Allahın izni ilə sizin bu hökmləriniz haqda dəqiq qərar verəcək.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Bütün əsarətdə olan millətlərə azadlıq arzu edən güney azərbaycanlı fəal məktubu aşağıdakı sözlərlə yekunblaşdırıb:

“İnsan gedər, ancaq həqiqət və millətlər qalargıdır -Bizimlə ya bizsiz Azərbaycan azad olacaq.”

Yaşasın ədalət

Yaşasın azadlıq

Yaçasın Azərbaycan

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar