SON XƏBƏRLƏR

Abbas Musəvidən tanker partlayışına münasibət: “Təxribatçı addımı atanlarla bağlı araşdırmalar başladılıb”

2021.10.20, 07:36
Abbas Musəvidən tanker partlayışına münasibət: “Təxribatçı addımı atanlarla bağlı araşdırmalar başladılıb”

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün səhər saatlarında, Qırmızı dənizdə bu ölkəyə məxsus “Sanitized” adlı tankerdə baş vermiş partlayışa münasibət bildirib.

 

Hadisəni “təxribatçı addım” adlandıran sözçü bunu törədənlərin kimliyinin müəyyən edilməsi üçün araşdırmaların başladığını deyib.

 

O, partlayışın tankerə dəymiş raket nəticəsində baş verdiyini iddia edib.

 

Lakin Müsəvi özünün iddia etdiyi kimi, “təxribatçı hücumun” hansı ölkə tərəfindən törədilməsi ehtimalı ilə bağlı heç bir açıqlama verməyib.

 

Səhər saatlarında partlayışla bağlı xəbərlərin yayılmasından sonra İran media orqanları “mütəxəssislərə” istinadən tankerin raket hücumuna məruz qalması ehtimalı barədə məlumatlar dərc etmişdilər.

 

Lakin bir neçə saat sonra beynəlxalq dəniz naviqasiyası sahəsində fəaliyyət göstərən “Tanker Trackers” saytı partlayış baş vermiş İran gəmisinin hazırda körfəz istiqamətində üzdüyü barədə məlumat yaymışdı. Sayt həmçinin qeyd edirdi ki, araşdırmalar nəticəsində İran gəmisindən nə alov, nə də tüstü çıxdığı, eləcə də dənizə neft sızması halı müşahidə edilməyib.

 

Abbas Musəvi açıqlamasında həmçinin son aylar ərzində İranın neft tankerlərinə qarşı bir neçə dəfə hücum həyata keçirildiyini və onları törədənlər barədə araşdırmaların davam etdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, XİN-in sözçüsü bu fikri ilə Ərəbistan yaxınlığında İrana məxsus 2 gəmidə texniki nasazlıq səbəbindən baş vermiş qəzalara diqqət çəkir.

 

Bir neçə ay öncə “Happiness 1” və “Helm” adlı həmin 2 tankerin ayrı-ayrı vaxtlarda Qırmızı dənizdə texniki nasazlıq səbəbindən qəzaya uğramasından sonra İran araşdırmaların aparıldığını bəyan etmişdi. Lakin sonralar araşdırmaların nəticəsilə bağlı heç bir məlumat verilməmişdi.

 

Bu gün baş verən partlayışdan sonra İran XİN ilk dəfə olaraq öz gəmilərinin qəzaya uğramasıyla bağlı “təxribatçı hücum” ifadəsindən istifadə edir.

 

Bu gün İranın ingilis dilində fəaliyyət göstərən “Press TV” kanalı ölkənin diplomatik dairələrindəki “etibarlı mənbə”yə istinadən tankerdə partlayışın Səudiyyə Ərəbistanından atılmış raket nəticəsində baş verdiyilə bağlı xəbər yaymışdı. Lakin İran Milli Tanker Şirkəti bu iddianı rəsmən təkzib etmişdi. Bu isə göstərir ki, İran son dövrlər münasibətlərinin kəskin olduğu Ərəbistanla ziddiyyətləri daha da dərinləşdirməkdən çəkinməyə cəhd göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar